"Qarabağın işğalı erməni xalqının fəlakətidir"

 

Zərdüşt Əlizadə: "Rusiya münaqişənin formatının dəyişilməsini istəmir"

 

"Problemin həlli ilə bağlı Ermənistanda aparılan siyasət dalana dirənib"

 

 Son vaxtlar ölkə rəhbərliyinin açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların dəstəyi ilə sülh yolu ilə həllinə inamsızlıq hiss olunur. Hətta Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov problemin həllinin birbaşa Azərbaycan ordusu Azərbaycan prezidentinin iradəsindən asılı olduğunu açıq şəkildə bildirib. Bu məsələdə bəzi müşahidəçilər hökumətin rəsmi siyasətində ciddi dəyişikliyin olması barədə şərhlər verirlər. Politoloq Zərdüşt Əlizadə isə bunun ciddi nəticə verməyəcəyini düşünür:

- Azərbaycan hakimiyyəti indiyə kimi Qarabağ probleminin həlli ilə bağlı apardığı uğursuz siyasəti dəyişmək fikrində deyil. Bunun da günahını Qərbdə görürlər. Artıq mümkün deyil ki, bu problemin həll olunmaması üçün məsələn, Xalq Cəbhəsi günahlandırılsın. Sovet hökumətini günahlandırmaq artıq gecdir. Yəni, yeridilən uğursuz siyasəti dəyişmək vaxtıdır. Bunun üçün isə həqiqətin gözünə düz baxmaq lazımdır. Bəli, dünyada ikili standart var bu bir həqiqətdir. Amma bu adi həqiqəti böyük bir kəşf kimi təqdim etmək lazım deyil. Ortaya güc qoymaq lazımdır. Azərbaycanın da gücü neftdə, qazda yox, hakimiyyətlə xalqın birliyindədir. Bu gün isə bizdə bu güc yoxdur. Hansısa ölkənin prezidentinin bizə kömək edəcəyini düşünmək sadəlövhlükdür. Konkret olaraq Rusiya, Amerika Fransa bizə kömək edən deyil. Yalnız Azərbaycanın özü-özünə kömək edə bilər. Dünyada bir çox dinc yolla tənzimlənmiş münaqişələr var, onların təcrübəsini öyrənmək lazımdır. Biz üçün indiyə qədər erməni xalqını bütünlükdə vəhdət halına gətirmişik. Halbuki orada müxtəlif cür düşünən insanlar var. Onlarda da aparılan siyasət dalana dirənib. Qarabağın işğalı erməni xalqının uğuru deyil, onların fəlakətidir. Bunu onlara demək göstərmək lazımdır. Bunun üçün mütləq düşmənçilik yox, normal insan mövqeyindən yanaşmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanı yaşamaq üçün gözəl bir ölkəyə çevirmək lazımdır. üçün pakistanlılar, çinlilər, banqladeşlilər, vyetnamlılar bura gəlir? Deməli, burada qazanmaq imkanı var. Onları heç kim döymür, söymür, "rədd olsun çinlilər, pakistanlılar" demir. Bəlkə biz bu imkanı ermənilərə verək, gəlib burada qazansınlar. Bu ola bilsin ki, haradasa kriminal bir sual kimi görünür. Amma biz çalışmalıyıq ki, ermənilər üçün Azərbaycanı cazibədar bir ölkəyə çevirək. Prezident bir neçə gün əvvəl dedi ki, bu ölkədə 1 milyon 700 min erməni qalıb, qalanları qaçıb gedib. Bəlkə bir hissəsi qaçıb Azərbaycana gəlsinlər, Azərbaycanı sevsinlər. Çünki insanlar heç sərsəm millətçi xəyallarla yaşamır. Belələri millətin içərisində 5-10 nəfər olur. Qalanları təhlükəsiz, yaxşı rifah halında yaşamaq istəyir. Əgər biz onlara bu həyatı təmin etsək, yaxşı olmazmı? Bunun üçün yeridilən siyasəti dəyişmək lazımdır. Yeridilən hazırkı siyasət odur ki, bir ovuc insan multimilyarder olub, qalanları isə əsas hüquqlardan məhrumdur.

- Siz ermənilərin Azərbaycana cəlb olunmasını, burada işləyib Azərbaycanı sevməsini nə qədər real sayırsınız?

- 2001-ci ildə Qarabağdan 12 nəfər erməni gəlmişdi. Biz onlara necə münasibət göstərdik? Sillələdik, bədnam elədik. Onlar adi vətəndaşlar idi, gəlmişdilər sülh axtarmağa. Onlara qarşı aparılan siyasət hansı səviyyədə idi? Bu təsadüf idi, yoxsa dövlət siyasəti? Onlar boğaza yığılmış insanlar idilər, sülh istəyirdilər. Biz onları ümidli yola salmalı idik. Amma sillə ilə yola saldıq. Hazırda da aparılan siyasət nəticəsində etnik nifrət dalğası yaradılırsa, bu deməkdir? Bu o deməkdir ki, "ay erməni, sən Azərbaycanla barışa bilməzsən, avtomatdan möhkəm yapış". Amma başqa ölkələrdə, hansı ki, o münaqişələr sülh ilə tənzimlənib, orada fərqli siyasət yeridilir. Böyük Britaniya ilə İrlandiya arasında terror müharibəsi gedirdi. Amma irland xalqına qarşı nifrət yox idi. Bu, qanunla qadağan idi. Terrorçulara nifrət etmək olardı, amma irland xalqına yox. Bizdə işğalçı erməni ordusuna, separatçılara nifrət ola bilər, amma millətə qarşı nifrət bizim Konstitusiyada qadağandır. Biz öz Konstitusiyamıza hörmət etmirik.

- Siz Azərbaycan tərəfinin siyasətini dəyişiklik kimi qiymətləndirirsiniz?

- İndi aparılan prosesin nəticəsi yoxdur, ona görə də yeni fikirlər səslənilir.

- Torpaqların azadlığı üçün Azərbaycanın hərbi yolu seçəcəyini düşünürsünüzmü?

- Mən əminəm ki, bu ordu ilə, bu müdafiə naziri ilə indi müharibəyə başlasaq, başımıza 1973-cü ildə Misirin başına gətirilən oyun gələcək. Müharibə elə-belə oyun deyil, ciddi məsələdir. Ordu müharibəyə başlayanda, heç olmasa ona bəraət qazandıran şeylər olmalıdır. Əgər biz erməni tərəfinə hansısa müfəssəl sülh təklifi verməmişiksə, o zaman hansı əsasdan danışmaq olar. Əgər irəli sürülən təklifdə deyiləcəksə ki, "sizə insan hüquqları veririk", o zaman cavab verəcəklər ki, "gedin, azərbaycanlılara insan hüquqları verin, sonra müzakirə edək". Yəni, bu, acı bir həqiqətdir.

- Gözləntiləriniz nədən ibarətdir?

- Mən əminəm ki, müharibə olmayacaq. Müharibə olsa, müsbət heç bir nəticə olmayacaq. Göz qabağında acı nəticələri olan təcrübələr var.

- Problemin siyasi yolla həlli üçün variantlar qalıbmı?

- Əlbəttə qalıb. Amma bu günə qədər yürüdülən siyasət davam etsə, bu öz həllini tapmayacaq. Siyasəti dəyişmək lazımdır. Dünya münaqişələrinə baxın, hansıları dinc yolla tənzimlənir? Baxaq "Aland modeli"nə, Şimali İrlandiya modelinə, baxın Korsika modelinə.

- Azərbaycanın vitse-spikeri Ziyafət Əsgərov bu problemin həllində din faktorunun böyük önəm daşıdığını bildirir...

- Bizim millət din məsələsində yalnız mədəniyyət baxımından müsəlmandır. Əksəriyyət oruc tutmur, namaz qılmır lazım gələndə "vurur" da. Yəni, burada din faktorunun əhəmiyyəti yoxdur. Burada geosiyasət iqtisadi maraqlar məsələsinin rolu, tələsi var. Din məsələsini demək lazım deyil.

- İlham Əliyev və Serj Sərkisyanın Münhen görüşündən dərhal sonra Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Bakıya gəldi və bunun ertəsi günü Azərbaycan prezidenti Rusiyaya səfər etdi. Bu səfərlər arasında bağlılıq varmı?

- Məsələ ondadır ki, ortada ciddi bir sövdələşmə var. Rusiya istəyir ki, münaqişənin formatını dəyişsin, yəni, problemi həll etməsin. Əvəzində isə Azərbaycan qazını alsın. avtomatik olaraq Mərkəzi Asiyanın da qazını alsın. Bununla da Avropanın əsas qaz təchizatçısı kimi qalmaq istəyir. Bunun üçün Azərbaycana müəyyən qədər təzyiqlər göstərməyə çalışır.

- Azərbaycan Rusiyanın təklifləri ilə razılaşarsa, o zaman udmaq yoxsa, uduzmaq ehtimalı böyükdür?

- Hər şey sonradan yürüdülən siyasətdən asılıdır. Əgər ermənilər 5 rayonu qaytarsalar, bizim istədiyimiz model prinsipləri əsasında problemin həlli ilə bağlı münaqişələr başlaya bilər. İlham Əliyev bildirib ki, qazın kimə satılmasının bizim üçün fərqi yoxdur. Amma Rusiyaya qaz satılacaqsa, bunun arxasında mütləq Qarabağ məsələsi durmalıdır. Əgər mən öz taleyimi sizə bağlayıramsa, o zaman əmin olmalıyam ki, mənə münasibətiniz yaxşıdır. Buna görə məni narahat edən problemin həllinə müsbət təsir göstərin.

   

 

Asim SƏFƏROV

 

Ekspress.- 2009.- 24 noyabr.- S. 12.