"Aydınlar" qeydiyyata
alındı
Qulamhüseyn Əlibəyli: "Ola bilər
parlament seçkiləri ərəfəsində müxalifətyönlü
partiyalarla blok yaradaq"
Ötən
il prezident seçkiləri ərəfəsində yaradılan Aydınlar
Partiyasının qeydiyyatsızlığına son qoyuldu. Belə ki, bələdiyyə
seçkiləri öncəsi "Aydınlar" qeydiyyata alındı. Bununla da
Azərbaycanda dövlət qeydiyyatına alınmış partiyaların sayı 54-ə
çatdı. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli
"Ekspress"ə müsahibəsində partiyanın bundan sonra
atacağı addımlardan danışıb.
-
Azərbaycanda yeni bir partiyanın dövlət qeydiyyatına alınmasını müsbət
bir addım kimi qiymətləndirirəm. Bu proses təxminən
bir ilə qədər davam etdi. Azərbaycanda partiyaların dövlət
qeydiyyatına alınması təkcə hüquqi yox, həm də siyasi məsələdir.
Hakimiyyət özü müəyyənləşdirir ki, hansı partiyanı
qeydiyyata almaq lazımdır. Bu vaxta qədər olan təcrübə də
bunu göstərir. Bu baxımdan hesab edirəm ki, bu vaxta qədər
hakimiyyət Aydınlar Partiyasının mövqeyini dəqiq müəyyənləşdirməmişdi,
indi görünür belə hesab edirlər ki, bizim partiyanın seçdiyi yol,
qarşısına qoyduğu məqsəddə qeyri-qanuni heç nə yoxdur. Gec
də olsa Azərbaycan hakimiyyəti qəbul olunan qanunların
icrasını həyata keçirdi.
-
Qeydiyyat probleminin həlli partiyanın fəaliyyətində ciddi
dönüş yaradacaqmı? Bundan sonrakı planlarınız nədən ibarətdir?
-
Çalışacağıq ki, birinci növbədə təşkilati işlərimizi başa
çatdıraq. Azərbaycanın əksər hissələrində yerli təşkilatlarımızı
qurmağa çalışacağıq. Növbəti parlament seçkilərinə start verilənə
kimi Azərbaycanın bütün rayonlarını və bütün seçki dairələrini
əhatə edən təşkilati bir struktura malik olmaq niyyətindəyik.
Digər tərəfdən, bələdiyyə seçkiləri ilə
bağlı təbliğat işimiz güclənəcək, partiya olaraq bu işimizi
quracağıq. Baxmayaraq ki, üzvlərimiz namizədliklərini fərdi
qaydada irəli sürüblər, biz bu işi aparacağıq. Bələdiyyəyə
100-ə qədər namizədimiz var. Partiyanın fəalları
rayonlara ezam olunacaqlar və onlar yerlərdə təbliğat işini
aparacaqlar.
-
Qəzetimizə müsahibənizdə bildirmişdiniz ki, bələdiyyə
seçkilərinə kimi partiya qeydiyyata alınsa, o zaman namizədlərinizin
partiya adından irəli sürülməsinə çalışacaqsınız. İndiki halda
bu mümkündürmü?
-
Çox təəssüf ki, artıq qanunla müəyyən olunmuş müddət
başa çatıb, namizədlər də bitərəf kimi qeydə
alınıblar. Artıq onların adlarını seçki bülletenlərinə partiya
adından daxil etmək mümkün deyil. Buna baxmayaraq, biz onların təbliğatını
partiyanın nümayəndəsi kimi aparacağıq.
-
Partiyanın emblemi və digər rəmzləri hazırlanıbmı?
- Artıq partiyanın emblemini qəbul etmişik. Bu, qurultayda həyata
keçirilib. Amma qeydiyyatdan
sonra bəzi texniki məsələlər
var - blank hazırlamaq, möhürün hazırlanması, Nizamnamənin notariusa təsdiq olunub rayon təşkilatlarına göndərilməsi
və digər proseduralar həyata keçiriləcək.
- Sizin partiyanın emblemi necədir və mənası nədir?
- Bizim çox sadə emblemimiz
var. İşıq verən dairə fonunda partiyanın adı yazılıb. Bu, aydınlığa
çıxmaq mənasını verir.
-
Partiyanın siyasi kursu necə olacaq, qeydiyyatdan sonra siyasi kursda dəyişiklik
gözlənilirmi?
-
Biz siyasi kursumuzu elan etmişik ki, fəaliyyətimizin əsas
forması olaraq seçkilərdə iştiraka üstünlük veririk. Digər formalardan - kütləvi aksiyalar və digərlərindən də
imtina etmirik. Bələdiyyə
seçkilərində iştirak
məsələsi yekunlaşandan
sonra növbəti il keçiriləcək
parlament seçkilərində
iştirak etmək formasını müəyyənləşdirəcəyik.
Bu sahədə ilkin olaraq digər
siyasi partiyalarla əməkdaşlığa hazır olduğumuzu bildiririk. Dağlıq Qarabağ problemi ilə bağlı bir sıra tədbirlərdə,
xüsusilə Demokratiya Uğrunda İttifaqın keçirdiyi tədbirlərdə
iştirak edirik. Onlarla faktiki olaraq əməkdaşlıq edirik.
Amma digər siyasi partiyalarla əməkdaşlığımız
yoxdur. Və yaxud biz bloklaşmaya
üstünlük vermirik və bundan imtina edirik. Ola bilsin ki, parlament
seçkiləri ərəfəsində
müxalifətyönlü partiyalarla
hansısa blok
yaradaq və seçkilərdə birgə iştirak edək.
-
DUİ ilə artıq əməkdaşlıq razılaşması olubmu?
-
Qeyd etdiyim kimi, bu, faktiki əməkdaşlıqdır. Yəni, onların tədbirlərinə
qatılırıq, həmçinin qərarların qəbulunda da iştirak edirik.
-
DUİ-yə rəsmi olaraq üzv olmaq fikriniz varmı?
- Hələlik hər hansı birliyə üzv olmaq fikrimiz yoxdur. Biz siyasi
bloklaşma prosesində iştirak etmək istəmirik. İndiki məqamda
biz siyasi qurumlarla ikitərəfli əməkdaşlıq
etməyi əhəmiyyətli
sayırıq. Daha doğrusu, konkret
məsələ ətrafında
əməkdaşlığa üstünlük
veririk.
-
Bloklara üzv olmamağınızın səbəbi nədir?
- Partiyamız hələ təşkilatlanma
mərhələsindədir. Təşkilatlanma işini tam başa
çatdıraq, ondan sonra müəyyənləşdirəcəyik
ki, təkbaşına fəaliyyət göstərəcəyik,
yoxsa hansısa ittifaq daxilində. Sadəcə
olaraq biz partiya maraqlarına görə təkbaşına fəaliyyət
göstərməyə üstünlük
veririk.
-
Partiyanın ölkənin bütün ərazisində təşkilatlarının
olmasına çalışacağınızı bildirirsiniz. Sizcə, indiki şəraitdə
bunu həyata keçirmək nə qədər mümkündür?
-
Azərbaycanda seçkilərin necə keçirildiyi və yaxın gələcəkdə
də necə keçiriləcəyi hamıya bəllidir. Yəni, seçkilərin hamısı tam şəkildə hakimiyyətin
nəzarəti altında keçirilir. Digər siyasi partiyaların
bu prosesdə iştirakı çətindir. Hazırda bələdiyyə seçkiləri
ilə bağlı gedən proseslər də bunu sübut
edir. Hansısa müxalifət partiyasının
1000-dən artıq namizədi
varsa, onun cəmi 100-nü qeydə alırlar. Bir çox partiyalarda bu proses gedir.
Müxalifətçilərə qarşı təqib
və təzyiqlər,
əsassız olaraq qeydə almaqdan imtinanı indiki reallıqda təbii qəbul edirik. Amma partiya olaraq seçkilərdə iştirak variantına üstünlük veririk. Bu baxımdan
da ölkənin bütün ərazisində yerli təşkilatlarımızın olmasını vacib sayırıq.
-
2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı
planlarınız nədən ibarətdir?
- Bütün seçki dairələrini əhatə etməyə çalışacağıq. Ən azından isə
seçki dairələrinin
əksəriyyətindən öz namizədlərimizlə
çıxış etməyə çalışacağıq. Təbliğatımızı da tam olaraq həmin şəxslərin qalib gəlməsi üzərində quracağıq.
Asim Səfərov
Ekspress.- 2009.- 26 noyabr.- S. 12.