Yeni mədəniyyətlərarası dialoq layihəsi. "Kitabi-Dədə Qorqud Nibelunqlar nəğməsi" layihəsi start götürdü

 

"Mədəniyyətlərarası dialoq. Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi" layihəsinə start verilib. APA-nın məlumatına görə, dünən Bakı Slavyan Universitetində (BSU) bu universitetin, Almaniyanın Maynts Universiteti və Osvald fon Volkenştayn Cəmiyyətinin birgə həyata keçirəcəyi "Mədəniyyətlərarası dialoq. Kitabi-Dədə Qorqud və Nibelunqlar nəğməsi" layihəsi çərçivəsində birinci beynəlxalq simpozium işə başlayıb.

BSU-nun rektoru Kamal Abdulla bildirib ki, layihə 5 il davam edəcək.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina universitetlər arasında əməkdaşlığın xüsusi prioritetə malik olduğunu qeyd edib. O Almaniyada çox sayda azərbaycanlı tələbənin təhsil aldığını, amma Azərbaycanla maraqlanan alman tələbələrin sayının çox az olduğunu, belə layihələrin həyata keçməsinin Azərbaycana olan marağı artıracağını vurğulayıb.

"Kitabi-Dədə Qorqud"un hazırda ikinci dəfə alman dilinə tərcümə olunduğunu söyləyən səfir Azərbaycan alimlərindən bu dastanda çayların və bulaqların niyə qırmızı, dağların qara təsvir olunduğunu soruşub.

K.Abdulla diplomatın sualını belə cavablandırıb: "Azərbaycanın suları indi də qırmızı axır, çayların, bulaqların rəngi indi də qanlıdır. Bu Dağlıq Qarabağda şəhid olanların qanıdır. Qara dağlar isə böyük mənasını daşıyır. Bunlar bir metaforadır".

Milli Elmlər Akademiyasının elmi katibi Sərxan Abbasoğlu bu layihəni Şərq və Qərb mədəniyyətlərinin qovşağı adlandırıb.

Təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, bu dastanlar Azərbaycan və alman xalqlarının kimliyini göstərir.

""Kitabi-Dədə Qorqud"u bizim üçün alman xalqı qoruyub", -deyən Elmar Qasımov buna görə Drezden kitabxanasının kollektivinə minnətdarlığını bildirib.

Yuğ Teatrının rəhbəri Vaqif İbrahimoğlu deyib ki, iki ədəbi abidənin mətnlərində bir çox ortaq strukturlar aşkarlanır.

Sonra "Savalan" musiqili-etnik dəstənin ifasında "Kitabi-Dədə Qorqud"dan parçalar ifa edilib.

V.İbrahimov bildirib ki, bu musiqiçilər gələn il "Nibelunqlar nəğməsi"nə müraciət etməyi düşünürlər.

Simpoziumda Almaniyadan gələn 30-a yaxın alim, Azərbaycanın tanınmış alimləri, millət vəkilləri, diplomatları iştirak ediblər.

 

 

Ekspress.- 2009.- 1 oktyabr.- S. 14.