Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Teyyub Qurban ədəbi yaradıcılıq dərnəyinin üzvləri arasında

 

Bağırov və Əli Kərimov

 

Respublika Partiya-Dövlət Nəzarəti orqanlarının yarandığı gündən orada şöbə müdiri vəzifəsində işləmiş Saleh Süleyman oğlu Tahirov "Həyat dastanı" kitabında qeyd edir ki, Partiya-Dövlət Nəzarəti orqanları yaradılanda o, respublika Nazirlər Sovetinin mədəniyyət şöbəsində baş referent işləyirdi.

"Bir gün Əli Kərimov məni yanına çağırıb, həmin komitədə şöbə müdiri vəzifəsini təklif etdi. Mən bir qədər götür-qoy edəndən sonra razılıq verdim. Məni bu işə vadar edən o idi ki, qanunsuzluq, vəzifədən sui-istifadə etmək hallarına qarşı mübarizədə, cəmiyyəti sağlamlaşdırmaq üçün görülən işlərdə iştirak etməkdən boyun qaçırmağı öz vicdanıma sığışdıra bilmirdim. Həm də, doğrusu, Əli Kərimovun iş üsuluna biganə deyildim. Komitənin şöbə müdirlərinin əksəriyyəti 1963-cü il yanvarın 29-da Azərbaycan KP MK-nın bürosunda təsdiq edildi. O cümlədən, mən Komitənin Zəhmətkeş Şikayətləri və Təklifləri Bürosunun müdiri vəzifəsini aparmalı oldum.

Nəzarətdə rəhbər vəzifələrə təsdiq olunan bütün işçiləri səciyyələndirmək mümkün deyildir. Onlardan ancaq bir neçəsinin adını çəkmək istəyirəm.

Partiya-Dövlət Nəzarəti Komitəsinin sədr müavini vəzifəsinə Hacıbaba Əfəndiyev təyin edildi. O, müharibədə yaralanmış, sonralar Mərkəzi Komitədə şöbə müdiri işləmiş, MK katibi vəzifəsinə irəli çəkilmişdi. Yeni nəzarət orqanları təşkil olunana kimi o, Dövlət Nəzarət Komissiyasının sədri idi. Mən onu həm də MK-da işləyən vaxtdan tanıyırdım. Nəzarət Komitəsində isə 30 ilə yaxın bir yerdə işləmişik. Əli Kərimov Bakı Şəhər Partiya Komitəsinin birinci katibi seçiləndən sonra Əfəndiyev XNK-nin sədri təsdiq edildi. O çox nəcib, həlim xasiyyətli, səriştəli, ədalət sahibi olan bir adam idi. Özünün son dərəcə təmizliyi, vicdanlılığı ilə tanınırdı. Bir şəxsin işdən çıxarılması haqda təklif verərkən o deyirdi: "Özünü o adamın yerinə qoy, gör işsiz qalanda ailə nə əzab çəkir. Günahkarın uşaqlarının nə təqsiri var ki, onlar məhrumiyyətlərə düçar olurlar, əgər pozuntu böyük deyilsə, işdən kənarlaşdırmaq düzgün deyildir. Bir də nə bilirsən həmin adamın yerinşə kim gələcək, bəlkə də bir dələduz. Adamla adamda fərq var. Ola bilər ki, pozuntuya məcburiyyət qarşısında, istehsalatın ehtiyacına görə, yaxud bilməyərəkdən yol verib. Eləsi də var ki, ac qurd kimi xalqın malını talan edir, gözü də doymur. Belələrinə aman vermək cinayətdir".

"SALMAN CƏFƏROV mədəniyyət şöbəsinin müdiri təsdiq edilmişdi. Bir qədər keçmiş, o, sədr müavini, sonra isə sədrin birinci müavini oldu. Salman Cəfərov sadə zəhmətkeş bir ailədə böyüyüb tərbiyə almışdı. O, çox savadlı, həm azərbaycanca, həm də rusca mükəmməl qələmi olan bir adamdır. Onun son dərəcə nəcib xasiyyəti var. Bəzən onu sərtlikdə ittiham edirlər. Əslində isə o, talançılara, oğrulara, ortada yeyib qıraqda gəzənlərə, üstü bəzək, altı təzək olanlara qarşı sərt, barışmaz idi. Onun haqqında müxtəlif şayiələr yayanlar da məhz belə adamlar idilər. O həmişə dara düşənlərə əl uzadardı, xəstələrin qayğısına qalar, onlara əlindən gələn köməyi əsirgəməzdi.

Salman Cəfərov iqtisadiyyatı yaxşı bilən bir mütəxəssis idi. Onun yoxlama aparmaqda, məsələləri təhlil etməkdə böyük səriştəsi vardı. O, sənədləri tez oxuyub, düzgün mənalandıra bilirdi. Nəzarət Komitəsi üçün əvəzedilməz bir işçi idi... Gözü tox adamdı, ailəsinə, yaşayış tərzinə mən yaxşı bələddim, "suyu üfürə-üfürə içərdi", heç kəsdən təmənnası yox idi.

Respublika Xalq Nəzarəti Komitəsində mədəniyyət şöbəsinin müdiri işləmiş AĞARƏHİM DADAŞOV da hörmətli, nəcib, ürəyiaçıq, qayğıkeş, öz həkimlik peşəsini sevən, təcrübəli bir şəxs idi. O, mərhum akademik Məmməd Arif Dadaşzadənin qardaşı idi. Müharibədə əvvəldən axıradək iştirak etmiş, zabit rütbəsi ilə vətənə qayıtmışdı... Ağarəhimlə biz həqiqi mənada dost idik. O, ədəbiyyatı, xüsusən klassik şeiri yaxşı bilirdi, zarafatcıl, gülərüz bir adam idi, zəhməti sevirdi, heç bir qara işdən çəkinmirdi, özünü öyürdü ki, yaxşı, dadlı plov bişirə bilir...

Xalq nəzarəti xalqa istinad edən, onun tərəfindən həyata keçirilən nəzarət forması idi. Düzdür, bəzən işdə formalizmə yol verilirdi, səriştəsizlik, ədalətsizlik halları da olurdu. Lakin bunlar səciyyəvi hal olmayıb, təsadüfi, nadir hallar idi.

Rayon komitələrində bir nəfər ştatlı işçi vardı ki, o da sədr idi. Komitənin üzvləri və bütün şöbələr ictimai əsaslarla işləyirdilər. Nəzarət qrupları və postlarının üzvləri də bu cür müftə-məccani fəaliyyət göstərirdilər.

...İndi ölkədə nə qədər siyasi partiya vardır, onların hamısı "xalq, xalq" deyə qışqırır. Ancaq xalqın heç bir dərdinə dərman etmirlər. Elə hesab edirlər ki, xalq ancaq onların hakimiyyət kürsüsünə atılması üçün tramplin rolunu oynamalıdır. Nəzarət orqanı olmayan dövlət öz funksiyalarını tam yerinə yetirə bilməz. Düzdür, prokurorluq, polis, gömrük və başqa orqanlar nəzarətlə məşğuldurlar. Ancaq bunların öz işlərinə də nəzarət etmək lazımdır. Dövlətin, bilavasitə öz strukturuna daxil olan təsirli və səlahiyyətli nəzarət orqanını başqa heç bir qurum əvəz edə bilməz".

Əli Kərimovun rəhbərlik etdiyi Respublika Partiya-Dövlət Nəzarəti Komitəsində 1964-cü ildən məsul vəzifədə çalışmış, hazırda təqaüddə olan alim-aqronom ÇİNGİZ NƏZƏRƏLİYEV deyir:

- 1964-cü ilin iyun ayında Bakı Ali Partiya məktəbini bitirdim. Təyinatımızı Mərkəzi Komitə müəyyənləşdirirdi. Partiya orqanları şöbəsinin müdiri M.Mehdiyev məni Respublika Partiya-Dövlət Komitəsinin sədri Əli Kərimovun qəbuluna göndərdi. Əli Kərimov haqqında çox eşitsəm , üzünü görməmişdim. Qəbul zamanı müavini Hacıbaba Əfəndiyev yanında idi. Elə ilk sualı da mənə o verdi: "Hazırda respublikamızda üzümçülüyü inkişaf etdirmək məsələlərinə bir mütəxəssis kimi necə baxırsınız?" Cavab verdim ki, üzümçülük kənd təsərrüfatının ən gəlirli sahəsidir, ancaq suvarılan torpaqda üzüm bağı salmaq cinayətdir. Üzümlükləri dəmyə dağətəyi sahələrdə salmaq lazımdır, suvarılan torpaqlarda isə taxılçılığı, pambıqçılığı inkişaf etdirmək əlverişlidir. Sədr , müavini cavabımdan razı qaldı. Sonra Əli Kərimov Komitənin Təşkilat işi şöbəsinin müdiri Valentin Qorşkovu yanına çağırıb ona tapşırdı ki, məni kənd təsərrüfatı şöbəsinin fəaliyyətilə tanış etsin gününün axırında birlikdə onun yanında olaq. Həmin gün axşam saat yeddi radələrində qəbulunda olarkən Əli Kərimov gözləmədiyim halda bildirdi: "Çingiz Nəzərəliyev, qərara aldıq ki, səni Komitənin inspektoru vəzifəsinə işə götürək, uğurlar olsun!"

Partiya-Dövlət Nəzarəti Komitəsində çalışarkən, Əli Kərimovun iş üslubuna yaxından bələd oldum və bir daha yəqin etdim ki, bizim sədrimiz sözün əsl mənasında xalqının qeydinə qalan, haqq və ədalətin keşiyində duran bir xadim idi. Cəsarətlə demək olar ki, o dövrün rəhbərləri arasında heç kəs Əli Kərimov qədər bütün xalqın ehtiram rəğbətini qazanmayıb. Yerlipərəstlik, qohumbazlıq onun təbiətinə yad idi. Onun qədər sadə həyat tərzi sürən ikinci bir dövlət xadimi indi yoxdur. Rayonlarda, kəndlərdə olarkən ilk növbədə zəhmətkeşlərin vəziyyəti ilə maraqlanar sadə adamların fikirlərini nəzərə alaraq yerli vəzifə sahiblərinə qiymət verərdi. Yaltaqları, təlxək roluna girənləri, "mənəm, mənəm" deyənləri yaxına buraxmazdı. Onu aldatmaq, ona kələk gəlmək qeyri-mümkündü. Yadımdadır, 1966-cı ildə geridə qalan kolxozların iqtisadiyyatını yüksəltmək məqsədilə hökumətin qərarı ilə təsərrüfatlara əlavə pul vəsaiti ayrılmışdı. Əli Kərimovun tapşırığı ilə biz yerlərdə bu sahədə yoxlama apararkən məlum oldu ki, bir sıra əlaqədar təşkilat rəhbərləri ayrılan məbləğin digər məqsədlərə xərclənməsinə yol vermişlər. Əli Kərimovun qətiyyəti nəticəsində müqəssirlər haqlı cəzasını aldı, mənimsənilən vəsait bərpa olundu.

Əli Kərimov istər Respublika Xalq Nəzarəti Komitəsinin, istərsə də şəhər və rayonların nəzarət orqanlarının başçılarını həmişə şər və böhtanlardan qoruyurdu. Təəssüflər olsun ki, namuslu nəzarət işçilərinə bəzən, necə deyərlər, badalaq vuranlar elə raykom katiblərinin özləri idi. Məsələn, Saatlı rayon xalq nəzarəti komitəsinin sədri Azər Babacan oğlu Babaliyev rayon rəhbərliyində dəyişiklikdən sonra gözümçıxdıya salınmışdı. Ondan dalbadal Əli Kərimovun ünvanına imzasız məktublar gəlirdi. Bu şikayətləri yerində araşdırmaq məqsədilə o zaman mən Saatlıya ezam olundum. Məlum oldu ki, rayon xalq nəzarəti komitəsinin sədrindən bu böhtan dolu məktubları təşkil edən birinci katibin şəxsən özüdür. Bakıya qayıtdıqdan sonra yoxlamanın nəticəsi barədə Əli Kərimova yazılı arayış təqdim etdim. O, məni qəbuluna çağırdı, söhbət etdikdən sonra dəstəyi götürüb raykomun birinci katibi ilə çox sərt danışdı, axırda dedi: "Bir daha belə çirkin işlərə baş qoşsanız, bəxtinizdən küsün!" O gündən Saatlı rayonunun xalq nəzarəti komitəsi sədrindən şikayət almadıq...

Əli Həbib oğlu Kərimovun rəhbərliyi dövründə respublikamızda xalq nəzarəti orqanları həqiqətən xalqın ən çox inandığı bir təşkilat idi.

 

Müəllifin xatirə  dəftərindən

 

1962-ci il may ayının 16-da Bakı Şəhər Komsomol Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin birinci katibi vəzifəsindən kənar edildim. Bir neçə ay işsiz qaldım. Nəhayət, 1961-ci il oktyabrın 22-də Bakı Pioner Məktəblilər Sarayının direktoru Əhməd Əliyev məni ədəbi-yaradıcılıq dərnəyinin "pedaqoqu" vəzifəsinə işə qəbul etdi. Dərnək üzvləri arasında hazırda respublikamızın elm sənət aləmində çalışan Mehriban Rzayeva, İradə Əliyeva, Mərahim Fərzəlibəyli, Firudin Qurbansoy, Yavər Eyvazov, Elxan Əzizov, Fikrət Şiriyev, Bəxtiyar Məmmədzadə başqaları vardı. "Pedaqoq" adını doğrultmağa çalışırdım ki... bir gün məşğələdən sonra Əhməd Əliyev məni otağına dəvət etdi. Bildirdi ki, Universitetin rektoru Şəfahət Mehdiyev məni axtarır, onun yanna get. O zaman ADU indiki İstiqlaliyyət küçəsindəki İqtisad Universitetinin binasında yerləşirdi. İkinci mərtəbəyə qalxdım, komsomol komitəsinə baş çəkdim. Birinci katib, etibarlı dostum Yusif Mehdiyev uçot bölməsinin müdiri, xətrini dünyalarca istədiyim Xanım Bağırova məni səmimiyyətlə qarşıladı. Rektorun qəbuluna Yusif Mehdiyevlə birlikdə getdim. İçəri girən kimi Şəfahət müəllim ərklə dedi:

- A kişi, hardasan, dünəndən səni axtarıram... Təcili get KQB-nin binasına...

- Orda nə işim var? - deyə hörmətli rektorun sözünü kəsməli oldum.

Şəfahət müəllim gülümsəyərək:

- O binanın yarısında Partiya-Dövlət Nəzarəti Komitəsi yerləşir. Qəbul dəftərinə adını yazıblar. Çıxırsan ikinci mərtəbəyə, Əli Kərimov yoldaşın yanına, - dedi.

Yarım saatdan sonra "KQB"-nin binasına payi-piyada çatdım, Partiya-Dövlət Nəzarəti Komitəsi sədrinin qəbul otağında çox gözləmədim. Respublika miqyaslı tədbirlərdə üzünü gördüyüm ciddi görkəmli bir insan masa arxasından ayağa qalxaraq əlimi sıxdı, "əyləşin" - dedi. - Sözünə davam etdi: - Şəfahət Fərhadoviç sizi xarakterizə edib. Komitəyə azərbaycanca mükəmməl bilən əməkdaşlar axtarırıq, səni ştatımızdakı tərcüməçi vəzifəsinə götürmək istəyirik. Fikriniz?

- Minnətdaram, yoldaş Kərimov, etimadınızı doğrultmağa söz verirəm.

Əmək kitabçama "ədəbi yaradıcılıq dərnəyinin pedaqoqu" sözündən sonra 1963-cü il dekabrın 19-da bu cümlə yazıldı: Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Partiya-Dövlət Nəzarəti Komitəsinin tərcüməçisi vəzifəsinə işə qəbul edilsin..."

 

 

Teyyub Qurban

 

Ekspress.- 2009.- 17-19 oktyabr.- S. 14.