Prezident İlham Əliyev: "İqtisadiyyatımız
uğurla inkişaf edir
Türkiyə ilə tranzit problemi Azərbaycan
qazının Avropaya tam gücü ilə nəqlinə mane olur
Azərbaycan prezidenti İlham Əliyevin
sədrliyi ilə oktyabrın 16-da Nazirlər Kabinetinin 2009-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası
keçirilib.
Dövlət
başçısı bildirib ki, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı uğurla
inkişaf edib. Dünyada maliyyə böhranının, ölkələrin əksəriyyətində
iqtisadi tənəzzülün yaşandığı bir vaxtda Azərbaycan
iqtisadiyyatında müsbət meyllər müşahidə olunmaqda davam edir. Prezident
vurğulayıb ki, Azərbaycan öz iqtisadi siyasətini apararkən
"daxili resurslarına əsaslanır" və belə olan halda Azərbaycan
iqtisadiyyatı istənilən vəziyyətdən çıxa bilər.
Bu
ilin 9 ayında ölkədə ÜDM 6,1 faiz, sənaye istehsalı 5 faiz
artıb. Kənd təsərrüfatında da 3 faiz artım qeydə alınıb, bu
il ilk dəfə Azərbaycanda rekord səviyyədə - 3
milyon ton taxıl istehsal edilib (AzərTAc).
Ölkədə
makroiqtisadi vəziyyət sabit qalıb, inflyasiya 2,1 faiz təşkil
edib. Bu da onu göstərir ki, qlobal maliyyə böhranının Azərbaycan
vətəndaşlarının həyatına təsiri minimal olub. Manat öz
sabitliyini qoruyub, 9 ayda əhalinin pul gəlirləri təxminən
10 faiz, orta aylıq əmək haqqı 15 faiz artıb. İndi Azərbaycanın
valyuta ehtiyatları 19 milyard dollardır. Hazırda 50 min ailə ünvanlı
sosial yardım alır və bu proqram ümumilikdə 700 min insanı əhatə
edir.
"Biz
tam əminik ki, yürütdüyümüz siyasət Azərbaycan xalqının mənafeyinə
xidmət edir", - deyə prezident bəyan edib və bunun ən
gözəl örnəyinin 9 ayın yekunlarında da əks olunduğunu bildirib. Dövlət başçısı Azərbaycanda
neft gəlirlərinin
qeyri-neft sektorunun inkişafına yönəldildiyini
diqqətə çatdıraraq deyib ki, görülən tədbirlər sayəsində
ölkədə yoxsulluğun səviyyəsi
aşağı düşüb. 2003-cü ildən bəri Azərbaycanda 824 min yeni iş
yeri açılıb.
Daha
sonra iclasda iqtisadi inkişaf, təhsil, nəqliyyat, sənaye və
energetika naziri çıxış ediblər.
Prezident
İlham Əliyev yekun nitqində bildirib ki, iqtisadi inkişaf tempi
saxlanılmalıdır. 2003-2008-ci illərdəki
iqtisadi inkişafın gələcək üçün gözəl zəmin yaratdığını
deyən dövlət başçısı əmin olduğunu bildirib ki, uğurlu
iqtisadi göstəricilər
2010-cu ildə də davamlı xarakterini saxlayacaq. "Bizim fəaliyyətimiz beynəlxalq
təşkilatlar tərəfindən də qiymətləndirilir.
Belə olmasaydı, Dünya Bankı
Azərbaycanı 2008-ci ildə ən islahatçı
ölkə kimi tanımazdı", - deyən prezident Dünya İqtisadi Forumunun ölkəmizi rəqabət
qabiliyyətliliyinə görə dünyada 51-ci,
MDB-də isə 1-ci ölkə elan etdiyini diqqətə
çatdırıb.
Dövlət
başçısı qeyd edib ki, gələn ilin dövlət büdcəsi
balanslaşdırılmış səviyyədə tərtib olunub, neftin 1
barelinin qiyməti büdcədə 45 dollar müəyyən edilib. Prezident vurğulayıb
ki, indi Azərbaycan özünü enerji ilə tam təchiz etməklə bərabər artıq
digər ölkələrə də elektrik enerjisi ixrac edir. Gələn ilin əvvəlindən isə alternativ
enerji mənbələrinin
yaradılması diqqətdə saxlanılacaq.
Azərbaycan
qazının enerji təhlükəsizliyi məsələlərində
daha mühüm rol oynayacağını, bölgə ölkələrinin Azərbaycanın
enerji resurslarına ehtiyacının olduğunu bildirən dövlət başçısı qeyd
edib ki, Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin
hələ də həll edilməməsi Azərbaycan qazının
Avropaya tam gücü ilə nəqlinə mane olur: "Gələn
ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcək və
perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər".
Dövlət
başçısı 9 ayın yekunlarından razı qaldığını və xalqın milli maraqlarının təmin
olunması üçün işlərin gələcəkdə də davam etdirilməsinin
vacibliyini vurğulayıb. Müşavirədə prezident 2010-cu ilin
ölkəmizdə "Ekologiya ili" elan edilməsi təşəbbüsü
ilə çıxış edib.
A.Xəlil
Ekspress.- 2009.- 17-19 oktyabr.- S. 3.