Deputatlarımızın Qarabağa səfəri planlaşdırılır

 

Akif Nağı: "Onlar bilməlidirlər ki, bu addımları ilə erməni siyasətinə xidmət edirlər"

 

"Azərbaycan, Ermənistan və Rusiyadan olan deputatların Moskva görüşündə azərbaycanlı deputatların Dağlıq Qarabağa səfəri müzakirə ediləcək". Bu barədə jurnalistlərlə söhbətində görüşdə iştirak edəcək deputat Rövşən Rzayev deyib.

Qeyd edək ki, görüş bu gün Moskvada Dövlət Dumasının binasında keçiriləcək. Dünənsə azərbaycanlı deputatlar Rusiya paytaxtına yola düşüblər. Görüş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə keçirilir.

R.Rzayevin sözlərinə görə, azərbaycanlı deputatların Dağlıq Qarabağa səfərinin reallaşması danışıqların nəticəsindən asılı olacaq. "Dağlıq Qarabağa gedəcək deputatların tərkibi vaxtı ilə bağlı Azərbaycan hakimiyyəti səviyyəsində qərar qəbul olunmalıdır", - Rzayev əlavə edib ("Trend").

"Bütün ölkələr çalışırlar ki, Dağlıq Qarabağın ətrafındakı bir sıra rayonları almaqla, Azərbaycanı bununla kifayətlənməyə məcbur etsinlər. Təəssüflər olsun ki, bu prosesə Azərbaycan hakimiyyəti və ya bəzi deputatlarımız da qoşulublar". Bu sözləri isə Müstəqil İnformasiya Agentliyinə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Azərbaycan, Ermənistan və Rusiyadan olan deputatların Moskva görüşündə bir qrup azərbaycanlı millət vəkillərinin Dağlıq Qarabağa səfəri ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib: "Biz onların bu mövqeyini qətiyyətlə pisləyirik. Deputatlar bu hərəkətləri ilə Azərbaycana qarşı yönəlmiş plana kömək etmiş olurlar. Biz tələb edirik ki, onlar bu mövqelərindən geri çəkilsinlər".

QAT sədri bildirib ki, deputatlar Dağlıq Qarabağa nəzərdə tutulan səfərlə bağlı mövqelərindən geri çəkilməsələr, onlar tərəfindən təzyiqə məruz qalacaqlar: "Onlar bilməlidirlər ki, erməni siyasətinə xidmət edirlər. Hələki danışıqlar gedir. Lakin hadisələrin gedişatına uyğun olaraq, hərəkətlərimiz olacaq".

 

 

Ekspress.- 2009.- 22 oktyabr.- S. 12.