SƏS ömrü...
Onu ilk dəfə yaxından uşaq vaxtı
görmüşdüm. Yaşadığımız evin həndəvərindəki bazara gəlmişdi.
Əlində zənbil, sakit, fağır görkəmdə sıradan biri kimi
növbəyə dayanmışdı... İllər sonra biz şəxsən tanış
olduq. İlk görüşdəcə anlaşdıq, bir-birimizə isnişdik. Sonra
görüşlərimiz mütamadi oldu: teatrda, institutda, tədbirlərdə,
yolda" Arada üz-üzə gəlməyə vaxt tapmayanda telefon
dadımıza çatırdı...
Həsən Əbluc xəyallar
dünyasının sakini, bu dünyanın biçarə sərnişini idi. Aramızdan getsə
də, yaradıcılığı, yaddaşımıza həkk olunmuş ecazkar SƏS-i bizimlə
qaldı...
1992-ci ildə "Bilik" cəmiyyətinin
binasında İran filmlərini dublyaj edən özəl studiya açılmışdı. Həsən
müəllim qardaşı Ənvərlə orada bir neçə filmi səsləndirmişdi.
Onların arasında "Gözəl" adlı film maraqlı ekran əsəri
idi. Bu barədə "Kino" qəzetində "Gözəl",
Əbluc qardaşları və İran kinosu" başlığıyla yazım çıxmışdı. Bundan
sonra harda görüşürdük "Elsevərə gözəl Əbluc
qardaşlarından salam" deyirdi...
1993-cü ilin yaz qabağıydı. Məktəblərin
birində Şəhriyarın xatirəsinə ədəbi-bədii
kompozisiya hazırlayırdım. Şagirdlərlə güclə dil tapıb, nəsə
ərsəyə gətirmişdim. Əminlik üçün bir gün Həsən
müəllimdən kompozisiyaya baxmağı xahiş etdim. Məktəb Ənvər
müəllimgilin evlərinə yaxınıydı. Onu da özümüzlə apardıq.
Direktor, müəllim kollektivi çox sevindi. Həsən müəllim
uşaqların ifasına baxdı, məni xüsusi təqdimatla toplaşanlara tanıdıb,
o qədər təriflədi ki, utandığımdan qızardım. Tövsiyə və
iradlarınısa sonraya - Ənvər müəllimgildə Novruz
şirniyyatlarından dadan vaxtımıza saxlamışdı.
Azərbaycanda nadir olan soyadını məşhurlaşdırmışdı.
1942-ci ilin aprelin 22-də Təbrizdə doğulmuş və Güney Azərbaycan
Milli Hökuməti qana bələndikdən sonra, 1946-cı ilin sonunda
atası Abbasqulu kişi ailəsiylə Arazın bu tayına pənah gətirmişdi.
Qəribədi, Həsən bu tayda, öz vətənində
ömrünün sonunacan siyasi mühacir kimi yaşadı.
Beş qardaş idilər. Üçü ondan böyük, biri
balaca. Yaşa dolmuş atasının keçmiş peşəsi şirniyyatçıydı, Rübabə ana
isə evdar qadın.
Məktəbi bitirən ili Həsən
politexnik institutuna qəbul oldu. Bir il sonrasa artıq teatr institutunun
tələbəsiydi. Ustad Rza Təhmasibdən sənətin
sirlərini öyrənirdi. Və o vədələr ağlına da gətirməzdi
ki, istedadının müqabilində hansı cəfaları çəkəcəkdi.
İlk səhnə uğurunu qazandığı Akademik Milli Dram Teatrından Gənc
Tamaşaçılara keçəcəkdi, aktyorluq təhsilini az bilib rejissorluq
eşqinə düşəndə yenidən parta arxasında, Tofiq Kazımovun
qarşısında oturacaqdı, sonra bir daha "Azdrama"ya qayıdacaqdı,
buradasa onu rejissorluğuna şübhəylə yanaşıb kiçik səhnəyə
qısnayacaqdılar və bütün bu illər ərzində institutda dərs
deyəcək, hər gün radiodan girib, televiziyadan, kinostudiyadan
çıxacaqdı.
Tanınmış yazıçı-jurnalist Nahid Hacızadə Həsən
Əblucla bağlı bir əhvalatı belə xatırlayır: "Böyük Nəsiminin
600 illik yubileyi ərəfəsiydi. Azərbaycan televiziyasında ədəbi-dram
verilişləri baş redaksiyası baş redaktoruydum. Bir gün rəhmətlik
Rəsul Rza məni görmək istədi. Yanına, ensiklopediyaya
getdim. Xoş-beşdən sonra mənə Nəsimiyə həsr
etdiyi "Son gecə" adlı poemanı verib televiziyada nəsə
hazırlamağı xahiş etdi. Poemanı oxudum, məni yaman tutdu. Onun əsasında
televiziyada tamaşa hazırlamağı düşünəndə gözümün qabağına birinci Həsən
Əbluc gəldi. O vaxtlar rəhmətlik Həsənin günü
televiziyada keçirdi. Radio və televiziyada onun aktyor, rejissor, qiraətçi
kimi əvəzi yoxuydu. Gözəl məlahətli səs, mükəmməl
ifa, üstəgəl vicdanla işə yanaşma. Həsənə iş
tapşırıldısa, ürəyin buz kimi olurdu, demək o yan-bu yan söhbətini
unuda bilərsən. Elə beləcə beynimdə götür-qoy edirdim
ki, birdə gördüm Həsən otağın qapısı ağzındadı. Görüşdük,
qabağımdakı poemaya zəndlə baxıb, Əli Vəliyevsayağı xüsusi
ahənglə "Nahid Hacıyev, nə oxuyursan belə" dedi. Mən
də qayıtdım ki, Rəsul Rza Nəsimidən bir poema yazıb, əsl
sənin xörəyindi. Vaxtın, həvəsin varsa, buyur oxu. O,
poemanı ordaca oxudu və "əliyül-əla" söylədi. Və
dərhal lap elə bu gündən işə başlamaq arzusunu bildirdi. "Rəsul
müəllimlə məsləhətləşək" tövsiyəmə
etiraz eləmədi. Səhəri gün Həsən Əbluc
ustadla görüşüb, xeyir-dua aldı. Rejissoru və baş rolun - Nəsiminin
ifaçısı Həsən olacaq "Son gecə"yə start verildi. Bir
müddət keçdi, Rəsul müəllim məşqlərin gedişiylə
maraqlandı, "darıxmayın" cavabını eşitdi. Müəyyən vaxtdan
sonra şair yenə zəng vurub əsərin taleyini xəbər
aldı. Daha bir "darıxmayın" eşidib, səbrini basdı. Həftələr
ötdü, ay dolandı, müəllifdən daha çox mənim hövsələm
daraldı, işi yubadan Həsənə "sən canın nöqtəni
qoy, ta bilmirəm Rəsul müəllimin üzünə necə
çıxım" deyəndə iki həftəlik möhlət istədi. Ömründə
bizi pis vəziyyətə salmayan dostumuz gecikmənin səbəbini
belə izah elədi ki, hələ ürəyim oxumur, cilalamalıyam.
Axı, bu Rəsul Rzadı, qəhrəmanımız da Nəsimi. İkisi də
mənim üçün əlçatmazdı. İllərlə qazandığım hörməti,
inamı bir axşamın içində itirmək istəmirəm.
Bu barədə Rəsul müəllimə
deməyə ehtiyat elədim. Əvəzində yenə şair zəng
vurub nigarançılıqdan üzüldüyünü söylədi. Onu birtəhər toxtatdım
ki, gözləməyinizə dəyər. Həsən sizə məxsusi
hörmətinə görə ürəyinizcə olan tamaşa qoyacaq ortaya.
Bir gün Həsən Əbluc üstündən
ağır yük götürülmüş adam kimi gəldi. Sən demə, axır ki, vaxt-vədə
yetişibmiş. Onun arxayınlıq yağan çöhrəsinə "şairi ürəklə
dəvət edə bilərik" yazılmışdı. Əminlik üçün
diliylə də dedi bu sözləri. Rəsul müəllimə zəng
vurub televiziyaya təşrif gətirməsini istədim. Az sonra Rəsul
Rza, Həsən Əbluc və mən balaca baxış otağında
monitorun qabağında oturmuşduq. Düymə basılanda şair "Ya Allah!"
deyib xeyir-duasını verdi. Əbluc da ondan geri qalmayıb "Ay ulu
yaradan, bizi Rəsul müəllimin yanında utandırma" çağırışını lazım
bildi.
Həqiqətən, Həsən
tamaşaya canını, ürəyini qoymuşdu. Uğurlu ekran həlli üçün hər
şey- rejissor, operator, rəssam işi, aktyor ifası, musiqi tərtibatı,
işıq, hətta titrlər üçün seçilən şriftlər belə yerindəydi.
Əsl harmoniya yaranmışdı. İncə zövq, duyum, ölçü hissi, kadr seçimi
bir məcrada birləşmişdi. Bir sözlə, tamaşa əsl sənətkarlıq
nümunəsiydi.
Rəsul müəllim məmnun baxışlarıyla
bizi süzdüyü vaxtda ekranda Həsən Əblucun - Nəsiminin
monoloqu sanki iti qılınc kimi parladı:
Ölkəni götürüb başına
Rüşvət, iftira, böhtan
Satılır hər şey;
Namus, vicdan"
Kadrda misraları söz-söz, hərf-hərf
mismar kimi ürəyə çalan Həsənin iri planda tarimar
baxışları, yanar dodaqları görünürdü...
Baxış bitdi. Bir-birimizi təbrik elədik.
Hamıdan çox sevinənsə gözləməkdən cana doyan Rəsul
Rzaydı..."
1970-ci illərin əvvəllərində
baş verən bu hadisə akyor, rejissor, qiraətçi kimi tanınan Həsənin
sənətkarlığıyla bağlı dəryadan damla misalında dilə gətirdiyimdi.
Bəs onun müəllimliyi? Axı o, gözəl pedaqoq idi. Çoxları inanmasa
belə, həqiqətdi ki, hələ institutu bitirməmişdən,
özü tələbəykən müəllimliyə başlamışdı. Ustadı, rəhmətlik
Müxlis Cənizadənin assistenti kimi. Və qəribədi ki,
uzun illər sonra, o həyatda olmayan ustadına görə bütün ömrünü,
varlığını həsr etdiyi institutdan uzaqlaşmışdı. Bəli, görünür, bu
taleyin ironiyasıydı. Həsən Əbluc öz ölümündən bir qədər
əvvəl Müxlis Cənizadə haqqında hazırlanan televiziya
veilişində "içi mən qarışıq, bu gün Azərbaycanda onun kimi
səhnə danışığı mütəxəssisi yoxdu" fikrinin,
etirafının, əslindəsə təvazökarlığının qurbanına
çevrilmişdi. Veriliş efirə gedəndən sonra çalışdığı
kafedradakılar ondan incimişdilər. Məsələ böyüyüb,
rektoracan çatmışdı. Həmkarlarının namərdliyinə dözməyən
Həsən ərizəsini yazıb, institutla vidalaşmışdı. Küskün, pərişan
bir halətdə. Bu o vaxtlarıydı ki, Akademik Milli Dram Teatrında Cəlil
Məmmədquluzadənin "Anamın kitabı" tamaşasını
hazırlayırdı. Və burda da hər şey rahat, hamar getmirdi. Aktyorların
şıltaqlığı onu əməlli-başlı haldan çıxarırdı. Əsəbi, kəmhövsələ
Əbluc hər şeydən bezirdi" 52 yaşlı insanın tamaşanı təhvil
verib cəbhəyə getmək istəyi çox güman enercisinin,
istedadının, təcrübəsinin həmkarları arasında gərəksizliyindən
usanıb, fayda verəcəyi, mənən rahatlıq tapacağı ünvan
axtarışına bənzəyirdi. Baxmayaraq ki, bir müddət əvvəl
Həsənin başqa arzuları varıyıdı. Doğulduğu, uşaq ikən tərk
etdiyi və taleyin qismətindən bir də əlli yaşında
görüşdüyül Təbrizə vaxtaşırı getmək, orada dərs demək,
aktyorlar yetişdirmək keçmişdi ürəyindən. Və onda ağlına da
gəlməmişdi ki, müəyyən səbəblər üzündən
bu elə də sadə məsələ deyil. 1970-ci illərin
ikinci yarısında Kinematoqrafiya İnstitutunda məşhur Matveyevin kursunda təhsil
alan on beş azərbaycanlı tələbəyə ayda bir dəfə
bir həftə, on gün müddətində səhnə danışığından dərs
demək üçün Moskvaya uçmağını xəyalına gətirmişdi. Və qanı,
canı bir olan Təbrizimizə getməyin də beləcə su
içim kimi asanlığını düşünmüşdü. Moskvadan söhbət salmışkən, o illərin
şahidi Həmidə Ömərovanın söyləyəcəkləri məncə
maraqsız olmaz: "Moskvada oxuyurduq. Təbii ki, rus dilində. Günlərin
birində səhnə danışığı müəllimimiz Alla Dmitryevna sənət
müəllimimiz Matveyevə şikayətləndi ki, biz bu kadrları Azərbaycan
üçün hazırlayırıq. Ona görə yaxşı olar, Bakıdan bir mütəxəssis dəvət
edək, o bu uşaqlara öz dillərini mükəmməl öyrətsin. Təklif
nəzərə alındı, institut rəhbərliyi müəyyən
işləri həyata keçirdilər və az sonra Bakıdan mütəxəssis
gəldi. Bu, üzünü ekranlarda görüb, adamı ovsunlayan səsini radioda
eşidib vurulduğumuz, dümağ saçlı, gözləri çoxbilmiş adamlar kimi parlayan
Həsən Əblucuydu. İlk görüşdə əməllicə
sevindik. Alla Dmitriyevnadan birkərəmlik üzülüşəcəyimizi və
nazımızla oynayacaq müəllimlə ünsiyyətdə olacağımızı zənn
elədik. Demə, kef bundan sonraymış. Əvvəla müəlliməmiz
dedi ki, bu gündən biz bir yerdə dərs deyəcəyik. Bu
bir sürpriz. İkincisi, biz Həsən müəllimin ciddi, zəhmli
adam olduğunu təsəvvür eləməmişdik. Beləliklə, Əblucun
gəlişiylə bütün eyiblərimiz üzə çıxdı. "Ay aşbaz
Abbas, gəl mənə.." yanıltmacını söyləyəndə
birimizin "ş", o birimizin "p", digərimizin
"z" və "s" hərflərini düzgün tələffüz
edə bilməmələri bəlli oldu..."
Seymur
Elsevər
Ekspress.- 2009.- 15 sentyabr.- S. 23.