SƏS ömrü... (əvvəli ötən sayımızda)
Moskvadakı
tələbəlik illərini xatırlayan aktrisa Həmidə Ömərovanın
sözlərinə görə, Həsən Əblucun onlara dərs
verməsi ilə bütün eyibləri üzə çıxmışdı. Azərbaycanlı
tələbələr yanıltmaclardakı səsləri düzgün tələffüz
edə bilmirdilər...
"...Qabaq
bunu bizə sübut eləməyə çətinlik çəkən rus
müəlliməmiz çox məmnunuydu. Məşəqqətli günlər
başladı. Eyni şeyi nə qədər təkrar etmək olardı. Dilimizdəki
qüsurları aradan qaldırmaq üçün Həsən müəllim günlər, həftələr,
aylar sərf etdi. Dərsdən sonra tələbə yoldaşımız
təki bizlə mehriban olan, sirdaşımıza çevrilən, dərs zamanı
zərrəcə güzəştə getməyən, sərt, tələbkar
müəllimimizə elə bağlanıb, isnişmişdik... Bir gün tənəffüsdə
özümdə cəsarət tapıb Həsən müəllimə dedim
ki, "inciməyin, siz bizdən elə tələb edirsiz,
guya biz aktyor yox, səhnə danışığı müəllimi olacağıq". Məni
başdan ayağa süzüb dedi: "Aktyorun ən vacib silahı nitq, danışıq mədəniyyətidi.
Sən sabah filmə çəkilsən, amma rolunu başqası səsləndirsə,
bu işə necə baxarsan? Hə, cavab vermirsən? Yaxud, teatrda səhnəyə
çıxanda tamaşaçı sənin nə dediyini başa düşməsə, sən nə
aktrisasan? Başa düş, sən kinoya çəkilə də, çəkilməyə
də bilərsən, buna heç kim zəmanət vermir. Bəlkə,
Allah eləməsin, sabah kino öldü, bağlandı, heç olmadı. Əgər
sənin yaxşı səhnə mədəniyyətin, danışıq tərzin
olsa, o zaman həmişə sənətə lazım olacaqsan, teatrda,
radioda, televiziyada, konsertlərdə və sair tədbirlərdə
çalışacaqsan".
İnstitutu
bitirib vətənə qayıdandan sonra kinostudiyada bir-birinin
ardınca filmlərə çəkilirdim. Bir gün Həsən müəllimlə
dəhlizdə rastlaşdıq. "Görürəm, kinoulduz olmusan"
dedi. Mən də sevinə-sevinə "amma siz biz axırıncı
kursda oxuyanda deyirdiz ki, bu gedişlə gələcəyin işsizləri
olacaqsız. Əlbəttə, bizi cırnatmaq üçün belə söyləyirdiz"
cavabımla ona borclu qalmaq istəmədim. Ona da Həsən Əbluc
deyərdilər. Sözüm ağzımdan çıxıb qurtarmamış bayaqkı cırnatmaq kəlməsini
təkrarladıb "əntiq ifadələr işlədirsən, dil
sarıdan doğrudan da inkişaf var" eyhamıyla məni süzdü. Sonra soruşdu
ki, rollarımı özüm səsləndirirəm. Pərt oldum, bilmədim
nə deyəm. O isə yenə sual verdi:"Səhnə
danışığı müəllimin kim olub?" Yarıhirslə "Siz"- dedim.
Sakitcə mənə baxıb"Gedirəm özümü asmağa",-deyə
pıçıldadı... Daha başqa heç nə söyləmədən Həsən
müəllim getdi. Həmin gecə gündüz baş verənlərə
görə səhərəcən ağladım. Sonra institut dəftərlərimi
qarşıma qoyub, səhnə danışığı dərslərini bir də nəzərdən
keçirdim. İndi düşünürəm ki, nə yaxşı bu görüş baş vermişdi. Onun
sözlərindən nəticə çıxartdım. Həyatım büsbütün dəyişdi.
Rollarımı səsləndirməyi özümə tapşırdılar. Dublyaj işinə
marağım artdı. Əvvəlcə filmlərdə xırda, epizodik,
sonra baş rolları səsləndirməyi rejissorlar mənə həvalə
etdilər. Bütün bunlar unudulmaz müəllimimin xidmətiydi.
Unudulmaz Həsən Əblucun!.."
Qırx
illik dublyaj ustası Arif Həbibi dostu və həmkarını belə
xatırlayır:"Həsəndən qabaq rəhmətlik qardaşı Heydərlə
dostuydum. Tale elə gətirdi ki, biz uzun illər bir yerdə
çalışdıq. İnanın, Həsənin dublyajı başqa aləmiydi. Əvvala,
o çox savadlıydı, söz ehtiyatı əlaydı. Sonrasına gəlincə, səsindən
istədiyi kimi istifadə etməyi bacarırdı. Onun xəmiri
halallıqla yoğrulmuşdu. Qəribəydi, özünəməxsus aktyorluğu
olsa da, rejissorlar demək olar filmə çəkmirdilər. Ona görə
Həsənin əlavə qazancı qiraətdən, dublyajdan
çıxırdı. Aktyorluq demişkən, "Yaramaz" filmində Mamukanın
baş qəhrəmanını o necə səsləndirib. Daha doğrusu səsləndirməyib
ey, həmin obrazı yaşayıb. İstər Azərbaycan, istərsə də
rus dilində elə danışıb, sadəcə vurulursan. Bu rol özünə
də xoş gəlirdi.
Ən
əsası kişi adamıydı. Mərd, əlaçıq, dostcanlı. Bir misal deyim. 1991-ci
ilin axırlarında SSRİ dağıldığından Moskvayla əlaqə pozuldu, filmlər
verilmədi, vəsait ayrılmadı və sair. Üzr istəyirəm,
qaldıq avara. İş yox, dolanışıq yox... Bir gün Həsən məni özüylə
Respublika İncəsənət Gimnaziyasının direktoru Oqtay Rəcəbovun
yanına apardı. Dedi ki, Oqtay müəllim mənim işlərim çoxdu,
çatdırammıram, mümkünsə dərslərimi Arifə verin. Oqtay müəllim
razılaşdı. Biz bir müddət sonra başa düşdük ki, Həsən mənim
işsiz qalmamağım üçün bu addımı atıb. Əslində maddi sarıdan öz vəziyyəti
sən deyən yaxşı da deyildi. Bax, Həsən belə xeyirxah,
nəcib insanıydı..."
Tanınmış telerejissor Ramiz Həsənoğlu
Həsən Əblucla bir neçə tamaşada işləyib. Onun
istedadını, yaradıcı imkanlarını xüsusi qeyd edən Ramiz müəllimin
fikrincə, televiziya və teatr tamaşalarında, filmlərdə yetərincə
rol almamasının, aktyor kimi parlamamasının səbəbi bəlkə də
xasiyyətindən irəli gəlirdi:"Bilirsiniz, rəhmətlik
Həsənin çoxşaxəli istedadı vardı. Allah ona gözəl səs,
ürək vermişdi. Qiraətçilik, müəllimlik, dublyaj ustalığı sanki əyninə
biçilmişdi. Dərin savadı, yazmaq qabiliyyəti, rejissor fantaziyası,
aktyorluq məharəti də öz yerində. Sadəcə bir şey
vardı ki, o, həm özünə, həm də onunla çalışanlara qarşı hədsiz
tələbkarıydı. Və açıq deyək, bu çoxlarına xoş gəlmirdi.
Həsəndən çəkinənlər az deyildi. Qısqanclıq da
varıydı ona qarşı. Üstəlik, əsəbiliyi, sözü üzə şax deməyi,
dönməzliyi də ona problemlər yaradırdı. Bununla belə, onu sənət
aləmində, cəmiyyətdə sevənlər yetərincəydi.
Həsən müəllim mənim xatirimdə işıqlı bir insan, sənətkar
kimi yaşayır".
"Qatarda" teletamaşasını xatırlayıram.
Sabit Mirzə. Həsən Əblucun "Qatarda"kı qəhrəmanının
adıdır. O, aktyordu, tanınır, sevilir, amma sadədi, məşhurluğundan
sui-istifadə eləmir. Səhnədə göstərdiyi hünərə
rəğmən, həyatda artistlik iddiasından uzaqdı Sabit Mirzə.
Onunla bir kupedə yol gedən Dadaşovsa peşəcə çəkməçi
olmasına baxmayaraq, bəlkə də həyatda birinci və
sonuncu rolunu oynayır. Və əvvəlcə qınaq obyektinə
çevrildiyi Sabit Mirzənin - gerçək aktyorun diqqətini özünə
çəkə bilir. Qəribə mənzərədi, aktyor həvəskarın
peşəkarlıqla "hazırladığı" tamaşaya baxmalı olur. Həsən
Əbluc qəhrəmanının xarakterini açmaq üçün tapdığı sakit, səbrli,
ziyalı insan xüsusiyyətlərini qabardır. Və məhz onun
müdaxiləsindən sonra "tamaşa"nın mahiyyəti açılır. Həsən
müəllim bütün bu məqamları üzdə sakit görünən, daxildəsə
çılğınlıq və ehtirasla müşahidə olunan oyun tərziylə
çatdırır.
Nədənsə mənə elə gəlir
ki, Əblucun özündə də Sabit Mirzənin təbiətindən
gələn xüsusiyyətlər var. Və obrazın uğurlu alınmasında
bu cəhət də özünü göstərib.
Saysız-hesabsız rollar səsləndirmiş sənətkarın
cəmi 5-6 filmə çəkilməsi təəssüf doğurur. Hərçənd
o, daha çox baxımlı ekran qəhramanları yarada bilərdi, əgər
rejissorlar diqqətini əsirgəməsəydi. Amma nə
yaxşı, "Atları yəhərləyin" filmində yalnız bir
epizodda Kəndxuda kimi görünənəndən sonra "Tənha
narın nağılı"nda Sayad müəllim, "Qara gölün cəngavərləri"ndə
Cəmşid Hüseynov, "Pəncərə"də Rövşənin
atası rollarına çəkildi. Sonuncu filmdə o həm də qardaşı Ənvərlə
birgə rejissorluq edirdi. Əslindəsə Ənvər hörmət
xatirinə böyük qardaşı və müəllimi bildiyi Həsəni
rejissor kimi özünə şərik etsə də, ikinci birincinin işinə
müdaxilədən uzaq qaçırdı. Ənvərə inanırdı və ona
nəyisə diqtəni artıq sayırdı. Yalnız, Ənvər müəllim
demişkən, arabir hansısa fikri söyləməyi özünə rəva
bilirdi. O fikri ki, həmişə işin xeyrinə olurdu.
Yaradıcılığının çox hissəsi radioyla bağlı
olan Mailə Muradxanlı Həsən Əblucun həyatdan vaxtsız
gedişinə yanıb-yaxılır: "Axı, imkanlarının hamısını reallaşdırmadı.
Verəcəyi faydanı nəzərə alsaq, bu, bilirsiz nə
deməkdi? O mənim üçün doğma adamıydı. Həsəni hələ
tələbə ikən radioya mən cəlb eləmişdim. Gözəl
şerlər oxuyurdu. Əvvəllər səsini Mehdi Məmmədovla
dəyişik salanlar da olurdu. Bunu bilirdi və eləməyib tənbəllik
bir neçə dəfə "Mehdi Məmmədov" kimi işimizi
aşırmışdı, Şahmar Ələkbərovun dərsdən buraxılıb
radioya gəlməsi üçün telefonda dekanla danışmışdı. Heç yadımdan
çıxmaz, Həsən Gənc Tamaşaçılar Teatrında Romeo rolunu oynayanda
Moskvadaydım. Teleqram vurub təbrik elədim və tezliklə həyatda
da Romeo olmağı arzuladım. Amma bizim aramızda ən gec Həsən ailə
qurdu. Şahmarla mən dara düşəndə ondan borc alardıq. Yadımdadı,
o evlənəndə bir az bikeflədik. Demək, onun qayğıları
artıb, indi bizə kim borc verəcək. Yaman özündən çıxan,
diqqətsizliyə görə inciyən idi. Peşimanıydın ki, teleşirkətin
qapısına buraxılış vərəqini gec çatdıraydın. Onda görürdün hay-küyü
aləmi götürüb. "Bu nə hörmətsizlikdi?!"- onun
hirsli-hikkəli vaxtı ağzından çıxan bu olardı. Beş-on dəqiqə
keçirdi, sakitləşirdi. Nə kin-küdurət, nə acıq. Ürəyi
təmiziydi, xeyirxahıydı. Heyf, Həsəndən, onun böyük
istedadı ölməyə layiq deyildi..."
Ailəcanlıydı Həsən. Atasını,
anasını, qardaşlarını, daha sonra xanımını, gözünün ağı-qarası bircə
qızını çox istəyirdi. Onların rahatlığı üçün bütün çətinliklərə
tablaşırdı. Yorulmurdu, usanmırdı. Kim bilir, bəlkə 24 yaşında saçına
birdən-birə qar ələnməsi də bununla bağlıydı. 20
yaşındaykən atasını itirən Həsənin anasını, özündən
beş yaş balaca Ənvəri saxlamaq qayğısı çiyninə düşmüşdü axı. O,
bu vəzifəni layiqincə yerinə yetirirdi. Bakıda Teatr
İnstitutunda aldığı aktyorluq təhsilinin ardından Moskvaya kinorejissorluq
ixtisası üzrə oxumağa gedən Ənvərə qayğı, nəvaziş
dolu məktublardan savayı pul da göndərirdi Həsən. Bu məktublar
yalnız iki nəfərin hal-əhval tutması deyildi, həm də həmin
zamanın mədəni həyatında baş verənlərin qısa icmalıydı
sanki. Ənvər Əblucun bu gün də sevə-sevə qoruyub
saxladığı əmanətlərdən birinə baxmaq məncə
fikirlərimin təsdiqinə yetər:
"Əziz qardaşım, Ənvər! Hər
şeydən əvvəl sənə odlu-alovlu salam, niyə ki, müsəlman-müsalmana
hər şeydən əvvəl salam verər.
Sonra... səninlə dava-dalaş, nə
ağzına su alıb durmusan? İndi mən vaxt tapmıram, başım qarışıq olur, sən
niyə kağız yazmırsan...
Ənvər, doğrudan baş qarışıqdır. İndi
bir-bir səninçün sadalayım. Əvvəla, yaxşı bilirsən ki, iş
adamıyam, institutda dərs və tədris işi, teatrda tamaşa,
kinostudiyada baş qarışıq olur. "Küləklər"i təhvil
verdik. Sabit Rəhmansız. Yazıq premyeranı görmədi...
Ənvər, Adil İsgəndərovun
yanına gedə bilməmişəm. Başı qarışmışdı bayrama hazırlığa. Sonra
da bir az xəstə yatdı. Bir də ki, jurnalı tapa bilmirəm. Bəlkə
sən göndərəsən mənə, aparım onunçün.
Bizim uşaqlar yaxşıdır. Arif Həbibi də
dublyaja başladı. "Mama vışla zamuj" filmini elədi. Pis işləmir.
Pərviz də "Anupama" ( 2 seriyalıdır) filmi ilə məşğuldur.
"Ukladka"nı mən eləmişəm. Tofiq şıdırğı çəkiliş
aparır. Bir az Müslümdən şikayətçidir.
"Yeddi oğul" hamının xoşuna gəlib.
"Şərikli çörək" respublika Dövlət mükafatı aldı.
Fikrət Sultanov "Mastera"nı
başlayır. Şahmar orda məşğul olacaq. Əliheydər İlyasın
"Topxana meşəsi"ni işləyir...
Şahmar "Küləklər"də də
oynadı.
Mən pyes axtarıram. Müstəqil
hazırlamaq üçün. Əlinə macar pyesləri keçsə, tez göndər.
Bu yaxınlarda Tofiqlə birlikdə Bəxtiyarın əsərini
hazırlamağa başlayacağıq. Görək də... Ümidlə yaşayır dünyada
insan...
Özümə inamım çoxdur. İmkan axtarıram böyük
işlər görüm. Arzum budur ki, sən də böyük yaradıcılıq işlərinə
başlayasan. 17.10.1970"
Tələbəlik dövründən
tanıdığım qızı Elnaz on beş illik ayrılıqdan sonra indi-indi kəsdirir ki,
bu itkinin miqyası ölçüyə gəlmir. Ata və sənətkar Həsən
Əbluc evin içində və çölündə elə böyük imiş ki, bu
günkü nöqtədən baxanda əlinə müqayisəlik heç nə
keçmir. Ailəcanlı, mehriban, zəhmətkeş, məğrur və ən
başlıcası sadə, səmimi, istedadlı Əblucun boş yerini doldurmaq
necə çətinmiş.
Ürəyimi boşaltmaq keçmişdi könlümdən.
Yoxsa Həsən müəllimin boşluğunu doldurmağa gücümmü çatardı?..
Seymur
Elsevər
Ekspress.- 2009.- 16
sentyabr.- S. 23.