Brilliant Dadaşova
50 yaşını qeyd etdi
"Mənim ən sevdiyim mövsüm payızdır, çünki bu mövsümdə doğulmuşam. Mən tamamilə işə
bağlı insanam. Hətta öz ad günümdə belə işlə məşğul oluram. Bu gün səsyazma
studiyasında aranjmançı və bəstəkarlarla görüşəcəyəm. Sonra qızlar
Ruxa, Cəmilə və mənimlə bir gündə doğulmuş türkiyəli mətbuat katibimlə birgə evdə ad günümüzü qeyd edəcəyik.
Cəmilə bu gün dadlı plov hazırlayacağına
söz verib. Bu gün idman və pəhrizi unudub, doyunca plov yeyəcəyəm".
APA-nın
məlumatına görə, bunu yaydığı açıqlamada
dünən 50 yaşını qeyd edən xalq artisti Brilliant Dadaşova deyib.
Hazırda Türkiyədə
olan və elə ad gününü də qardaş ölkədə qeyd edən xalq artisti ad günündə çox kövrəldiyini də qeyd edib:
"Mənim doğum günüm özüm və
ailə üzvlərim üçün adi gün
deyil. Ancaq ənənəvi olaraq bu günü
adi qaydada qeyd edirəm. Bu zamana kimi geniş və təntənəli
ad günü keçirməmişəm.
Bu da onunla
bağlıdır ki, mən hələ öz yaradıcılığımı tam açmamışam. İşləmək, yeni nəğmələr
yazmaq, kliplər çəkdirmək hissi məni heç zaman
tərk etmir. Bəlkə hansısa bir gün
böyük təntənəli
ad günü keçirəcəyəm,
ancaq o bu gün deyil. Həmin gün, mən sizi
əmin edirəm ki, çox möhtəşəm
bayram olacaq. Planlaşdırıram ki, belə bir
ad gününü oğlum universiteti bitirəndən
sonra qeyd edim. Ad günümdə
həmişə kədərlənirəm.
Mən çox erkən yaşlarımda anamı itirmişəm, hər ad günümdə onu gözləmişəm. Hamı
mənə deyirdi ki, anan Moskvadadır
və bu yaxınlarda qayıdacaq... Atamın mənə verdiyi hədiyyələrə gəldikdə,
üzərində allı-güllü
hərflər yazılmış ləçəyi xatırlayıram.
Həmin hədiyyəni
təqdim edəndə,
atam mənə dedi: "Qızım, sənin bacılarına üzərində güllər əks olunmuş ləçəklər verdim, sənə isə məhz üzərində hərflər olanı verirəm. Bunu təsadüfən etmirəm,
mən bilirəm ki, sən ağıllısan
və mən səninlə fəxr edəcəyəm". Bu sözləri mən heç zaman unutmaram".
B.Dadaşova bu
gün tanımadığı adamlardan 100-lərlə təbrik
ismarıcları aldığını da əlavə edib: "Siz təsəvvür etməzsiniz
bu nə qədər xoş haldır. Mən Türkiyə vaxtı
ilə səhər saat 10-dan təbriklər almağa başlamışam. Bakıda artıq saat 12 idi.
Bilirsiniz,
biri var səni tanıdığın insan təbrik edə, biri var heç zaman
görmədiyin, tanımadığın
insanlar sənə ürək sözlərini yazıb təbrik etsinlər. Bu çox şeydən xəbər verir, ilk növbədə mənim yaradıcılığıma olan məhəbbətdən. Bu,
məhəbbətdən də
böyük bir şeydir. Bu insanlar
mənim musiqimlə, yaradıcılığımla yaşayır və onların məhəbbəti onlar üçün yaratmağa mənə böyük qüvvə verir, onların məhəbbəti məni qanadlandırır. Səmimi təbrik və məhəbbətə görə
hamıya təşəkkür edirəm".
Ayxan
Ekspress.- 2009.- 16 sentyabr.- S. 10.