"Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu"

 

Polad Bülbüloğlu yeni diskini Bakıda təqdim etdi

 

Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu Bakıda Bülbül Fondunda yeni diskinin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, "Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu" adı altında işıq üzü görən diskdə Azərbaycan xalq mahnıları toplanıb. Bu xalq mahnıları Bülbülün ifa etdiyi, indi isə onun oğlu Polad Bülbüloğlunun ifasında hazırlanmış musiqilərdir.

Polad Bülbüloğlu tədbirə gələnlərə təşəkkürünü bildirib. Xalq artisti çıxışında səhnə üçün çox darıxdığını deyib, "Bağçada güllər", "Gülə-gülə", "Girdim yarın bağçasına" və daha bir neçə xalq mahnısını ifa edib.

Onu xalq artisti, bəstəkar Siyavuş Kərimi, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov müşayiət ediblər.

Polad Bülbüloğlu onu alqışlarla qarşılayan iştirakçılara "deyəsən yaman darıxmısınız, burda olanda, heç mənim qədrimi bilmirdiniz" deyib.

Polad Bülbüloğlu bildirib ki, diskdə toplanan mahnıları Siyavuş Kərimi ilə birgə hazırlayıb: "Diskdə yer alan 12 mahnını Siyavuşla birgə, iki mahnını isə Moskvada yazdırmışam. Bu disk satılmaq üçün deyil, ancaq dostlara hədiyyədir. Diskin pirat versiyasının hazırlanmasından çox narahatam. Bu disk satışda olmayacaq. Diski satışda görsəniz bilin ki, əsl variantı yox, piratdır. Diski əldə etmək istəyənlər üçün isə onu şəxsi veb-saytımda yerləşdirəcəyəm. Hesab edirəm ki, bu mahnılar Azərbaycan musiqisinin inciləridir".

P.Bülbüloğlu çıxışında diskin sonunda "Xarı Bülbül" haqqında kiçik məqalə yazıldığını qeyd edib.

O, diskin İstanbulda, daha sonra isə Moskvada təqdimatını keçirməyi düşündüyünü də bildirib.

Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də çıxış edib: "Bu gün çox gözəl bir gündür. Böyük Bülbülün varisi və davamçısı olan hörmətli dostumuz Polad müəllim tərəfindən hazırlanmış xüsusi bir layihə təqdim olunur. Azərbaycan xalq mahnıları Bülbülün ifasında hər birimiz üçün bir zirvədir. Polad müəllim böyük cəsarət nümayiş etdirərək böyük Bülbülün yanında öz istedadını nümayiş etdirmək qərarına gəlib".

Xalq artisti Arif Babayev Polad Bülbüloğlunun xalq mahnılarını çox düzgün ifa etməsindən məmnunluq duyduğunu deyib: "Bu tarixdə qalacaq bir layihədir. Bunu yığmaq, hazırlamaq böyük cəsarət tələb edir".

Təqdimat mərasiminə qatılan SSRİ xalq artisti Zeynəb Xanlarova Polad Bülbüloğlunun yeni layihəsi ilə bağlı "görünən dağa nə bələdçi?" deməklə kifayətlənib.

"Mənim üçün solo konsert bağlanmış kitabdır. Ancaq hərdənbir dostlarımız üçün, hər hansısa yubileydə kiçik çıxışlar edirəm. Artıq o qədər gənc, yeni ifaçılar var ki, mənə ehtiyac qalmayıb", -bu sözləri P.Bülbüloğlu deyib.

Xalq artisti dərs vermədiyini bildirərək tələbələrinin olmadığının da səbəblərini açıqlayıb: "İnzibati işlərlə əlaqədar, eyni zamanda, Moskvada olduğum üçün dərs demək imkanım yoxdur. Bu səbəbdən tələbəm yoxdur. Ancaq konsert verməməyim, dərs deməməyim o demək deyil ki, yaradıcılıqdan uzaqlaşmışam. Hazırda simfonik orkestrlər üçün layihə hazırlayıram. Artıq belə əsərlərdən yeddisi hazırdır. Bunların arasında "İnnabı", "Kəklik", "Qara tellər", "Qaçaq Nəbi" kimi əsərlər var. Onların sayını 12-yə çatdırıb bir disk hazırlamağı düşünürəm. Bu isə "Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu-2" olacaq".

P.Bülbüloğlu yeni klip çəkdirmək istəyini gizlətməyib, ancaq bunun üçün ona vaxt lazım olduğunu dilə gətirib.

Xalq artisti artıq "Qorxma mən səninləyəm-2" filminin ssenarisinin hazır olduğunu da qeyd edib: "Yuli Qusman filmlə bağlı artıq işlərə başlayıb. Hətta filmin ssenarisi artıq hazırdır. Bir bəstəkar rolların birinin ifaçısı kimi mütləq bu filmdə iştirak edəcəyəm".

P.Bülbüloğlu sonda bütün qonaqlara imzalı diskini hədiyyə edib.

Qeyd edək ki, "Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu" adlanan diskdə P.Bülbüloğlunun ifasında "Həştərxan", "Girdim yarın bağçasına", "Evləri var xana-xana", "Bağçada güllər", "Gülə-gülə", "Xumar oldum", "Seygah təsnifi", "Şur təsnifi" kimi musiqilər yer alıb.

 

 

Ekspress.- 2009.- 29 sentyabr.- S. 10; 14.