Emin Mahmudov ürəyini “Sport-Ekspress”ə boşaltdı

“Fəxr edirəm ki, Azərbaycanın belə böyük komandasının kapitanı vəzifəsini mənə etibar ediblər”

Millinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın məşhur “Sport-Ekspress” nəşrinə geniş müsahibə verib. Həmin müsahibəni müəyyən ixtisarla təqdim edirik.

- Sənin böyük futbola yolunu açan “Saturn”da cəmi bir mövsüm keçirdin və bundan sonra klub müflis oldu. Ramenskoeni yada salanda birinci ağlına nə gəlir?

- Rusiyada bu ən yaxşı dönəm idi. Komandada özümü çox yaxşı hiss edirdim, daim oynayırdım. Baza isə ölkədə ən yaxşılardan idi.

- O illərdən yadında qalan ən maraqlı hadisə?

- “Dinamo” ilə debüt oyunumdan öncə çoxlu makaron yemişdim. Açığı, adım ilk dəfə iştirak ərizəsinə daxil edildiyindən meydana çıxacağımı gözləmirdim. Hətta zarafatla mənə “sən deyəsən, bu gün oynamaq istəmirsən” demişdilər. Mən isə “xeyr, hələ tezdi” cavabını vermişdim. Ancaq həmin görüşdə meydana çıxdım.

- “Saturn”da Loskov, Yevseyev, Karyaka kimi tanınmış futbolçularla birgə çıxış etmisən. Onlardan hansı sənə yaxın olub, komandada möhkəmlənməyinə yardım edib?

- Demək olar ki, hamısı. Həm futbolçular, həm də baş məşqçi Andrey Lvoviç Qordeyev. Ona çox minnətdaram. Məhz onun sayəsində tez-tez oynayırdım. O mənə inanırdı. Təcrübəlilər də daim yanımda olublar, əllərindən gələn köməyi göstəriblər.

- Böyük futbolda vurduğun ilk qolu xatırlayırsan?

- Əlbəttə. Çox müsbət emosiyalar yaşamışdım. Bu qol həm də komandanın elitada yerini qorumasına imkan vermişdi. “Anji” ilə oyun ərəfəsində böyük ajiotaj yaşanırdı. Həmin qolu ömrümün sonuna kimi xatırlayacam. Təəssüf ki, klub müflis olduğuna görə premyer-liqada fəaliyyətini dayandırdı.

- “Saturn” sənin də borcunu tam ödəmədi?

- Bəli. Klub müflis olduğuna görə hamıya borclu qaldı. Əvəzedici heyətin oyunçusu olduğum üçün məndə bu məbləğ əsas komanda üzvləri ilə müqayisədə az idi. Bunu heç xatırlamıram da. Çünki “Saturn” mənə çox şey verib. Bu xatırlanası məbləğ də deyil.

- Söhbət hansı məbləğdən gedir?

- Bu haqda danışmayaq. Məbləği açıqlamayacam.

- İllər keçəndən sonra “Saturn”da birgə oynadığın hansı futbolçularla əlaqə saxlayırsan?

- Arada ümumi tanışlarımız vasitəsilə Yevseyevlə bir-birimizə salam göndəririk. “Spartak”da yolumuz kəsişən Artyom Rebrovla bəzən yazışırıq.

- “Saturn”dakı durumu nəzərə alıb, dərhal “Spartak” barədə xəyal edirdin?

- O vaxt klubun dağılacağını düşünmürdüm. Sonadək inanırdım ki, “Saturn” yaşayacaq. Hər şey rəsmiləşəndən sonra müxtəlif təkliflər aldım və “Spartak”ı seçdim.

- Üstündən xeyli müddət keçib. İndi təklif göndərən başqa klubların adlarını açıqlaya bilərsən?

- “Dinamo” və “Lokomotiv”. Premyer-liqanın bir neçə kiçik klubu da var idi.

- Başa düşəndə ki, “Spartak”da ola bilərsən, o dəqiqə razılaşdın?

- Yox, o dəqiqə “hə” demədim. Danışıqlar apardıq, bir neçə görüş oldu.

- Həmin görüşdə Valeri Karpin də iştirak edib. Onunla bağlı ilk təəssüratın necə oldu?

- Çox sadə. Məndən nə istədiyini, niyə komandaya dəvət etdiyini başa düşdüm.

- Qordeyevdən onun fərqi nədə idi?

- Karpindən fərqli, Qordeyev daha yumşaq xarakterə malik idi. Bu da başadüşüləndi. “Spartak” böyük klubdu. Orda gözləmirlər ki, sən hansısa səhvi düzəldəsən. Bir dəfə pis oynadın, səhv etdin, vəssalam. O dəqiqə heyətdə yerini itirirsən. Ancaq “Saturn”da manevr imkanı geniş idi. Mən bir oyunda pis oynayıb, növbəti görüşdə özümü yaxşı tərəfdən göstərə bilərdim. Ramenskoe klubunda səhv etmək imkanın var idi. Lakin “Spartak”da bunu sənə bağışlamırlar. Bu da başadüşüləndi. Çünki komanda daim çempionluq uğrunda mübarizə aparır.

- “Spartak”da ilk oyunların fərqli alındı. “Sibir”lə matçda məhsuldar ötürmə ilə yadda qalsan da, ardınca “Rostov”la görüşdə böyükhesablı məğlubiyyətə üzüldün. Gənc olduğundan qeyri-sabit çıxış edirdin, yoxsa təzyiqdən irəli gəlirdi?

- Təkcə təzyiqlə əlaqələndirməzdim. Oyun belə alındı. “Rostov”la qarşılaşmada heç nə matçın belə hesabla başa çatacağından xəbər vermirdi. Sadəcə, bütün zərbələri “çərçivə”yə daxil oldu. Belə oyunlar olur. Kubok qarşılaşmasında isə hava çox soyuq idi. Həmin matçı da ömrümün sonuna kimi xatırlayacam. Təsəvvür edin, 20 dərəcə şaxtada ilk hissədən sonra ayağımı hiss etmirdim və buna görə də oyunu davam etdirə bilmədim.

- “Qırmızı-ağlar”ın heyətində keçirdiyin ən yaddaqalan oyun hansı olub?

- ÇSKA ilə ölkə kubokunda qarşılaşdığımız və əsas vaxtın 3:3 hesabı ilə bitdiyi matçı qeyd edərdim. Oyunsonrası penalti seriyasında qol vurdum.

- Unay Emeri səni yarımildə cəmi bir neçə dəqiqə meydana buraxsa da, onunla bağlı müsbət fikirlər səsləndirmişdin. Nəyə görə?

- Baş məşqçi hamını eyni vaxtda meydana buraxa bilməz. Həmin vaxt mərkəzdə Braziliya yığmasının üzvü Romula çıxış edirdi. Başa düşürdüm ki, ispan mütəxəssis ona inanır. Mövsümün əvvəlində Emeri mənimlə açıq söhbət etmişdi. Bilirdim ki, belə olacaq. Ancaq mən tanınmış mütəxəssislə işləmək istəyirdim. O çox güclü məşqçidi və zaman da bunu göstərir. Hətta oynamadan özümü çox yaxşı hiss edirdim. Onun dönəmində futbolçu kimi böyüdüm.

- Valeri Karpinin yenidən “Spartak”ın “sükanı arxasına” keçəcəyinə inanırsan?

- Bunu təsəvvür etmək çətindi. Fedunla bir-birilərinin ünvanına səsləndirdikləri fikirləri hələ də xatırlayıram. Buna inanmaq çətindi, lakin həyatda hər şey ola bilər. Ola bilsin, barışıblar.

- “Spartak”dan sonra elitada qalmaq uğrunda mübarizə aparan “Tom”a keçmək necə idi?

- Mənim üçün tam bir fiasko. Düzgün seçim etməmişdim. O komandada 10 dəqiqədən bir topla təmasda olurdum. Hətta oyunların birində 10-cu dəqiqəyə kimi ayağıma top dəyməmişdi.

- Tomskda olduğun bir neçə ayda ən yaddaqalan, parlaq məqam hansı oldu?

- Heç bilmirəm, nə deyim. Məncə, belə məqam olmayıb.

- Bəs səni o vaxt ən məyus edən nə idi?

- Futbol, demək olar ki, yox idi. Fikrimcə, biz oynamırdıq, sadəcə, əzab çəkirdik. Mən o komandaya gəlmişdim ki, 14 tur idi qol vurmurdu.

- “Boavişta”ya keçməmişdən öncə çox düşündün?

- Avropaya getmək istəyirdim. Üstəlik, Azərbaycan yığmasında çıxış etməklə bağlı danışıqlar gedirdi. Mən Rusiyada oynayıb legioner limitinə düşmək istəmirdim. Belə ağır olardı. Bu üzdən “Boavişta”ya keçdim. Özümü orda sınamaq istədim.

- Kiminləsə məsləhətləşdin?

- Xüsusi olaraq yox. Hara keçməklə bağlı qərarları əsasən özüm verirəm.

- Portuqaliyadan hansı təəssüratların qaldı?

- Daha texnikalı futbol gözləyirdim. Amma daha çox mübarizə gördüm. Orda “tiki-taka” oynamırlar. Kiçik komandalar “vur qabağa” prinsipinə üstünlük verir. Portuqaliyada klub tapmaq daha asandı. Orda maaş da Rusiyadan azdı. Ona görə də çempionatı çox sayda futbolçu tərk edir.

- Portuqaliyada oyun planında nəyə məyus oldun?

- Oynamaq üçün nə etməli olduğumu başa düşmürdüm. Bir oyunda meydana çıxdım. Uzun müddət şansımı gözlədim, qol vurdum, oyunun ən yaxşısı seçildim. Həmin görüşdə də qalib gəldik. Sonra üç matç oynamadım. Məşqçinin baxışları fərqli idi. Amma mənə oynamaq lazım idi. Başa düşdüm ki, orda iş futbolda deyil. Yəqin nəsə başqa şeylər var idi. Mən gedəndən bir neçə tur sonra məşqçini də çıxardılar.

- Peşman deyilsən?

- Yox. Şansımı çox gözlədim. Ondan istifadə etdim, amma yenə ehtiyatda qaldım. Bu üzdən getməyə qərar verdim.

- Belə çıxır ki, “Neftçi”yə keçmək üçün çox düşünmədin?

- Bəli, çox düşünmədim. “Neftçi” variantı çıxan kimi dərhal getdim və razılaşdım. Özü də mən gedəndə komandanın ağır dövrü idi. Kömək etmək istədim. Demək olar ki, mən komandaya, komanda da mənə kömək oldu.

- “Neftçi”də yeni olsan da, artıq kapitan sarğısını daşıyırsan…

- Ötən il kubokda da kapitan kimi meydana çıxmışdım. Mənə yaxşı yanaşıb, hörmət edirlər. Amma mən vitse-kapitanam. Bizim kapitan Ruslan Abışov zədələnib və ona görə çempionatın əvvəlindən kapitan sarğısı ilə meydana çıxıram. Fəxr edirəm ki, Azərbaycanın belə böyük komandasının kapitanı vəzifəsini mənə etibar ediblər. Etimadı doğrultmağa çalışıram.

- Yayda Rusiyadan təkliflər almışdın?

- Heç bir təklif gəlməyib. Yalnız birinci dəstədən olub, ona da heç baxmamışam. Çünki biz “Neftçi” ilə Avropa Liqasına hazırlaşırdıq. Mən çoxdan bu turnirdə oynamaq istəyirdim.

- Cari mövsümün 7 oyununda bütün karyeran ərzində vurduğundan çox – 3 qola sevinməyini nə ilə izah edərdin?

- “Spartak”da sırf dayaq yarımmüdafiəçisi kimi oynayırdım. İndi daha hücumameyilli kimi əsasən ön xətdə oynayıram. Bu mövsüm bir oyunda o qədər qol epizodum yarandı ki, bütün karyeram ərzində bu qədər olmamışdı. Hətta üç qol vura bilərdim. “Spartak”da heç bir qol epizodumun da olduğunu xatırlamıram. Yalnız oyunsonrası penalti seriyasında qol vurmuşdum.

- Rusiya çempionatını izləyirsən?

- Xeyr, ümumilikdə baxmıram. İndi uşaqlar... Düzünü desəm, mən heç Azərbaycan çempionatına baxmıram (gülür). Bəzən İngiltərə, İspaniya çempionatları və Çempionlar Liqasına baxıram. Əvvəllər isə bir oyun da buraxmazdım. Bir az da “Yuventus”u izləyirəm. Amma onlar İtaliyada hər şeyi asanlıqla əldə edir.

- Uzun müddət Rusiya və Azərbaycan millilərindən hansında çıxış etməyi müəyyənləşdirə bilmirdin. Seçiminə nə səbəb oldu?

- Avropaya getməyə qərar verdim. Hələ buna qədər Azərbaycan yığmasında oynaya bilərdim. Amma limitə düşməmək üçün imtina edirdim. Razılaşa bilərdim. Amma Rusiyada oynamaq xeyli çətin olacaqdı. Buna görə də Avropaya gedən kimi təklifi qəbul etdim.

- Azərbaycan millisində Robert Prosineçkinin rəhbərliyi altında debüt etdin. Onunla çalışmaqdan hansı təəssüratın qalıb?

- O sanki bir az arxayın idi. Həmişə gərginlik olmadan çalışırdı. Bütün məşqlər yalnız futboldan ibarət idi. Nə isə spesifik bir şey olmurdu. Sadəcə, komanda oynayırdı.

- Yığmada vurulan ilk qol hansı hisslərə səbəb oldu?

- Yoxlama oyunu idi deyə, emosiyalar o qədər çox deyildi. Lakin əlbəttə, yığmada qol vurmaq çox xoşdu.

- Qarşıda Millətlər Liqasının iki oyunu var. Bu turnirə münasibətin necədi?

- Pis yanaşmıram. Azərbaycan kimi yığmalar üçün bu turnir Avropa çempionatına düşmək baxımından şansdı. Bizə ağır olacaq. Kosovonun yaxşı yığması var. Şansımız var, hər iki oyunda qələbə qazanmalıyıq.

- Final mərhələsinin 4 matçının Bakıda keçirilməsi motivasiyanızı artırırmı?

- Bakı AÇ-2020-ni qəbul etməsəydi belə, yarışa düşmək istəyimiz olacaqdı (gülür).

- Şəhərin AÇ-2020-yə hazırlaşdığı hiss olunur?

- Yox, hiss olunmur. Bakı orda turnirin olub-olmamasına baxmayaraq, daim tikilir. 10 il əvvəlki ilə müqayisədə bu tam başqa şəhərdi.

RƏŞAD

Futbol.- 2018.- 6-7 noyabr.- S.8.