Naftalan neftinin
möcüzəsi
Bu vasitə ilə
70 xəstəliyin müalicəsi
mümkündür
Hələ sovet dönəmində
müalicəvi istirahət üçün
çoxlarının üz tutduğu bir məkan var idi -
Naftalan. Lakin 90-cı illərdə erməni hücumları ilə
başlanan qaçqın və məcburi köçkün
axını kurort şəhəri olan Naftalanın da vəziyyətindən
yan keçmədi. Burada yerləşən bütün
sanatoriya və pansionatların bir çoxunda məcburi
köçkünlər məskunlaşdı. Digərləri
isə fəaliyyətini məhdudlaşdırmalı və
birdəfəlik dayandırmalı oldu. Belə vəziyyət
bura üz tutanların sayının ilbəil azalması ilə
nəticələndi. Lakin son 5-6 ildir ki, yenidən bu şəhərdə
canlanma başlayıb və yeni naftalanla müalicə mərkəzləri
istifadəyə verilib ki, bu da əhalinin ora getməsinə
müsbət təsir göstərib. Xüsusən yay
aylarında Naftalanda nəinki Azərbaycanın digər
bölgələrindən, eləcə də bir çox
xarici ölkələrdən gələnləri görmək
olar. Bura ənənəvi olaraq daha çox Rusiya, Polşa,
Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa
ölkələrdən şəfa tapmağa gələnlər
var. Bu insanları bura gətirən isə təbii ki, Naftalan
neftinin dünya şöhrətli müalicəvi əhəmiyyətidir.
Naftalan nefti dünyada analoqu olmayan unikal müalicə vasitəsi
sayılır və bu sərvət yalnız Azərbaycana məxsusdur.
Bura gələnlər də Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir.
Dünya şöhrətli şəfa ocağı
Naftalan şəhəri eyniadlı
kiçik kəndin yerində salınıb. Bu adın əsasını
təşkil edən "nafta" sözü isə Azərbaycan
ərazisindəki qədim dövlət qurumlarından biri
olmuş Midiya dilində "axan, süzülən" deməkdir.
Burada müalicə almaq ona görə önəmli
sayılır ki, buranın təkcə naftalanı deyil, həmçinin
havası da şəfa tapmaq üçün gərəklidir.
Bura gələn bir neçə nəfərlə söhbət
zamanı da öyrəndik ki, bundan əvvəl digər
bölgələrdəki naftalanla müalicə mərkəzlərində
kurs keçsələr də, nəticə istənilən
olmayıb. Mütəxəssis məsləhətinə
görə, naftalanla müalicədən yüksək effekt
almaq üçün məhz Naftalanın özündə
müalicə olunmaq daha məqbuldur.
Qeyd edək ki, Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə
bərabər, naftalandan da istifadə etməyi bacarırdılar.
Orta əsrlərin
məşhur səyyahı Marko Polo Naftalan neftini
"dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm"
kimi təsvir edib.
1887-ci ildə Yeger familiyalı bir alman mühəndisi Almaniyada "Naftalan" məlhəmini
istehsal etməyə başlayıb və bu məlhəm dünyanın bir
sıra ölkələrinə ixrac
edilirdi. Rus-Yapon
müharibəsi dövründə yapon əsgərlərinin
çantalarında içərisində naftalan
məlhəmi olan kiçik
qablar olurdu. Həmin
qabların üzərində qısa, lakin
çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir
yaradan qorxmasın". İndi
isə artıq tibb elmi
də təsdiq edib ki,
naftalan neftinin tətbiqi
70-dən çox xəstəliyyin uğurlu müalicəsinə imkan
verir.
Şəhərdə abadlıq
işləri aparılır
Dünyada məşhur olan Naftalan neftinin əhəmiyyətini görmək
üçün ora yollandıq. Şəhərə
daxil olarkən ilk baxışdanca buranın
neçə illərdir
ki, gözdən-könüldən
uzaq olduğu hiss olunur və sovet illərində tikilən sağlamlıq mərkəzləri, salınmış
parkların artıq öz ömrünü baş vurduğu diqqətdən yayınmır.
Vaxtilə bura üz tutanların böyük həvəslə
çəkdirdiyi şəkillərdə
gördüyümüz həmin
pansionatlar və parklar indi baxımsız
haldadır. Amma gördüyümüz bu
mənzərənin ömrü
o qədər də uzun olmadı. Şəhərin mərkəzinə
doğru irəlilədikcə
gördüklərimiz təəssüflərimizi
nə yaxşı ki alt-üst etdi. Şəhər demək olar ki, təzədən tikilir, bütün küçə və meydanlarda, park və xiyabanlarda, hətta hər bir ictimai
və yaşayış
binasında əsaslı
təmir, bərpa və yenidənqurma işləri aparılır.
Yaşayış binalarının istilik sistemi yenilənir,
binaların yararsız hala düşmüş hissələri
yenidən təmir olunur. Rayon ərazisində bu ilin sonunadək
daha 3 böyük naftalanla müalicə mərkəzinin
istifadəyə verilməsi gözlənilir. Həmin mərkəzlərin
bir neçəsinin binası artıq tam tikilib qurtarıb, həyətyanı
sahələrində abadlıq işləri aparılır.
Burada həmçinin sovet dönəmində fəaliyyət
göstərən aeroportun da yenidən təmir-bərpa
olunacağı və ərazisinin genişləndiriləcəyi
bildirilir.
Sakinlərin 3 aylıq qazanc şansı
Naftalanla müalicə mərkəzlərindən
biri də "Sehrli Naftalan" sağlamlıq və istirahət mərkəzidir. Bura ötən il istifadəyə verilib və naftalanı təzə olduğu üçün bura gələnlərin sayı
daha çoxdur. Qeyd edək ki, naftalanın təzə olması onun effektinin yüksək olması deməkdir. Təzə naftalan isə ömrü 5 ildən çox olmayan sayılır. Müasir tələblərə uyğun
tikilən mərkəzdə
müalicə otaqları,
neft vannaları, müasir tibb avadanlıqları və digər xidmətlərin göstərilməsi üçün
kabinetlər mövcuddur.
Bura gələnlər
ilk növbədə baş
həkimin qəbulunda
olur və xəstəlikləri barədə
həkimi məlumatlandırırlar.
Bundan sonra isə baş həkim xəstəni aidiyyəti mütəxəssisin
qəbuluna göndərir,
xəstənin naftalan
vannasına göstəriş
olduğu halda onun müalicəsinə başlanılır. Qeyd edək ki, kəskin
ürək, qan- damar xəstəlikləri
və təzyiqlə bağlı problemi olanların naftalan vannasından istifadəsi əks-göstərişdir. Belə
xəstələr uzaqbaşı
yarım vanna qəbul etməklə bu müalicə üsulundan yararlana bilərlər. Naftalan vannası, naftalan-parafin aplikasiyası, masaj, vibromasaj, iynəsancma və digər müalicə üsulları
ilə yanaşı,
"Sehrli Naftalan"
sağlamlıq mərkəzində
gün ərzində
3 dəfə qidalanmaq
və gecələmək,
mərkəzin bütün
xidmətlərindən istifadə
də daxil olmaqla 15 günlük istirahət 450 manata başa gəlir. Lüks
otaqlar isə bir qədər baha - 750 manatadır. Amma
çoxları bu qədər vəsaiti ödəyə bilmədiyi
üçün yaxınlıqda evlər kirayələməklə
müalicə olunmağa üstünlük verir və bunun bir
qədər ucuz başa gəldiyini düşünürlər.
Belə müalicə olunanlara "kursovka" deyilir və
onlar 15 günlük kirayə üçün mərkəzə
yaxın evlər seçirlər. Qiymətlər isə bir nəfər
üçün hesablanır və adambaşına 40 manatdan
70-80 manatadək yüksəlir. Sanatoriyalara yaxın evlərdə
mövsüm zamanı ev kirayələmək o qədər
asan deyil. Çünki gələnlər çox olduğu
üçün ev sahibi çox vaxt öz evini də kirayə
verməli olur. Söhbətləşdiyimiz bəzi ev sahibləri
təxminən 3 ay ərzində Naftalana gələnlərin
çoxluğunu nəzərə alıb, bu fürsətdən
yararlanmağa çalışırlar. Burada olduğumuz
müddətdə daha bir maraqlı informasiya eşitdik. Qeyri-rəsmi
məlumatlara görə, bütün klinikalar naftalanın bir
tonunu 2000 manata alırlar.
"Sehrli
Naftalan"ın "sehrli" qiymətləri
"Kursovka"lar üçün müalicəyə gəlincə,
burada bir naftalan vannasının qiyməti 6 manatdır. Qaydaya
görə isə xəstənin 10 vanna qəbul etməsi istənilən
effekti verə bilər və bunun üçün 60 manat,
üstəgəl 5 manat xidmət haqqı ödənilir. Bu
minvalla xəstə digər yararlanacağı xidmətlərin
də qiymətlərini kassaya ödəyir və müalicəyə
başlanılır. "Sehrli Naftalan"dakı qiymətlərdən
narazılıq edənlər də var ki, bu da
köçürülən puldan əlavə, onlara xidmət
edən tibb bacıları və həkimlərin əlavə
pul istəmələri ilə bağlıdır. Bir
çoxları özəl klinika olduğu üçün əvvəlcədən
ödəniş edib, sonradan yenidən xidməti personala pul
verilməsinə açıq-aşkar olmasa da, gizlicə
etirazlarını gizlətmirdilər. Bütün
narazılıqlara baxmayaraq, buranın gecəsi
çoxlarına bütün mənfilikləri unutdura bilir.
Gecələr canlı konsert təşkil olunur, xəstələr
gün ərzində müalicədən sonrakı
yorğunluğunu mərkəzin həyətində təşkil
olunan müxtəlif əyləncələrlə
başını qatmaqla və musiqiyə qulaq asmaqla
çıxara bilirlər.
P.S. Naftalan
şəhərində dünyada
yeganə olan bir muzey var:
bu muzeyin eksponatları atılmış
qoltuq ağaclarıdır.
Xəstələr sağaldığı üçün
onlara qoltuq ağacları daha lazım deyil, buna görə də
onlar həmin ağacları Naftalanda qoyub gedirlər.
Bütün xəstələrə isə Naftalandan yalnız
sağlamlığın yadigar qalmasını istərdik.
Naibə Qurbanova
Həftə içi.- 2010.- 5 avqust.- S. 1, 4.