Mərhəmət və məhəbbət pərvanəsi

 

26 avqust ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın millət vəkili Mehriban xanım Əliyevanın doğum günüdür

 

"Qadınlar bəşəriyyətin tərbiyəsinə filosoflardan daha çox xidmət göstərmişlər".

 

Tofiq Fikrət, tanınmş türk şairi

 

Ölkəmizin birinci xanımı, dövlət başçımızın sevimli ömür-gün yoldaşı Mehriban xanımın milli-mənəvi dəyərlərimizin, azərbaycançılığımızın hərtərəfli yüksəlişi naminə göstərdiyi mütərəqqi xidmətlərinin, nail olduğu çoxsaylı uğurlarının şahidi olduqca iki əziz insanın həzin xatirəsi tez-tez yaddaşımda canlanır. Ürəklərdə əbədiyaşar bu insanlar, könüllərdə həmişəlik məhəbbət çırağı yandıran, yüzlərcə xəstənin gözünə və həyatına nur bəxş edən, xalqımızın alim qızı, akademik Zərifə xanım Əliyeva və milli liderimiz, müsəlman-türk dünyasının qürur mənbəyi olan Heydər Əliyev...

Zərifə xanım xalqını canından artıq sevib ömrünün son günlərinədək ona qayğısını, mərhəmətini əsirgəmədiyi kimi, rəfiqələrinə, həmkarlarına da ülvi münasibət bəsləyərdi. Keçmiş ittifaqın istər tanınmış qadın oftalmoloq-alimləri, istərsə də müxtəlif peşə sahibləri olan ziyalı xanımlarla sıx ünsiyyət saxlayardı. Onlarla məktublaşar, ailələrindən hal-əhval tutar, pak, səmimi duyğularını, xoş arzularını paylaşar, lazım gəldikdə bu insanlara hər sahədə məsləhət və tövsiyələrini bildirərdi.

Moskvada yaşayan həmkarı professor O.P.Dobromislovaya yazdığı cavab məktublarındakı tarixə dönmüş bu sətirləri kövrələ-kövrələ xatırlayıram: "... İlham böyüdükcə ciddiləşir. Hələlik onun bəyəndiyi qız yoxdur və bu haqda fikirləşmir..."

Bir neçə il sonra: "... Ailəmizdə sevindirici bir hadisə baş verib - oğlumu evləndiririk. Gəlinimiz Tibb İnstitutunun ikinci kursunda oxuyur..."

Əsrimizin ən güclü dövlət və siyasi xadimlərindən biri - Heydər Əliyevin Türkiyə jurnalisti İrfan Ülküyə verdiyi müsahibəsindəki Moskva həyatından bəzi məqamlar:

"....Həyat yoldaşım məni başa düşən yüksəkmənəviyyatlı bir adam idi. Onu çox sevirdim... Mənim həyatda ən böyük, ən ağıllı arxam idi. 1985-ci ildə Moskvada öldü... Onun vəfatından sonra infarkt keçirib uzun müddət xəstəxanada yatdım. Zərifə ölməmişdən bir az əvvəl uşaqları evləndirməkdə çox təkid edirdi:

"Tez olsun bu iş" deyirdi, sanki öləcəyini hiss etmişdi. Oğlumuz İlhamı hələ 22 yaşı olanda evləndirdik. Gəlinimizi də özü bəyəndi. Ölməmişdən bir az əvvəl Bakıya gedib İlhamın indiki həyat yoldaşını gördü, toyunu Moskvada etdik..."

Sonralar müxbirlərdən birinin "Ərinizlə necə tanış olmusunuz?" sualına Mehriban xanım cavab verir: "Respublika sarayında (indiki Heydər Əliyev adına saray) bolqar müğənnisi Lili İvanovanın qastrol konsertləri gedirdi. Həmin konsertdə tanış olmuşuq..."

Alimlər və ziyalılar ailəsində doğulub tərbiyə alan Mehriban Arif qızı Paşayeva hələ uşaqlıqdan kitablara, elmə olan marağı və fitri istedadı ilə yaşıdlarından seçilir. 1982-ci ildə Bakıda 23 nömrəli orta məktəbi qızıl medalla bitirib, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur.

Azərbaycan mətbuatının parlaq siması, görkəmli jurnalist Nəsir İmanquliyevin ailəsində dünyaya gəlib boya-başa çatan anası - filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva son dərəcə ağıllı, alicənab, mehriban, səmimi, humanist bir xanım idi. Ərəb ədəbiyyatı üzrə istedadlı mütəxəssis olan bu bacarıqlı, əməksevər, gözəl və cazibədar xanım ömrünün son illərində Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Mehriban xanımın sevimli atası Arif Mir Cəlal oğlu Paşayev dünyaşöhrətli alimdir. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya Akademiyalarının akademiki Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi almış, çoxsaylı beynəlxalq mükafatlar, medallar və diplomlarla təltif olunmuşdur. Arif müəllim hazırda "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Azərbaycan xalqının ən munis və nəcib keyfiyyətlərindən biri kimi uca tutulan ailəyə məhəbbət duyğuları Paşayevlər ocağını da hər zaman rövnəqləndirib. Ailəyə sevgi, ailə üzvlərinə ehtiram münasibətləri daim yüksək qiymətləndirilib. Bu nümunəvi ailə ənənələri yazılmamış ən güclü qanunlar kimi nəsildən-nəslə ötürülüb. Paşayevlər nəslinin başçısı, Mehriban xanımın babası, tanınmış yazıçı, ictimai xadim, professor Mir Cəlal Paşayev deyərdi: "Zəmanəmdə tərəfimdən xəlq olunmuş ən görkəmli əsər - mənim ailəmdir". Genlərlə övladların ruhuna keçən bu müqəddəs ənənə Mehriban xanımın qəlbində də özünə yer tapır: "Ailə mənim üçün hər şeydən əsasdır".

1982-ci ildə Zərifə xanım Mehribanın valideynlərindən oğlu İlhamla Mehribanın izdivacına razılıq alır. Gənclərə xeyir-dua verilir. Adətə görə. şirniyyat süfrəsi açılır. Masa arxasında iki ana, iki əzəmətli qadın yeni qurulacaq ailə barədə şirin-şirin söhbət edir. Zərifə xanım toyun vaxtını uzatmamağı təklif edir. O, sanki ona ayrılmış ömür payının şam kimi əriyib bitməkdə olduğunu bütün duyğuları ilə hiss edir...

Sadə şəkildə, cah-calalsız, təmtəraqsız, yalnız doğmaların əhatəsində keçən toy mərasimi yeni, möhkəm bir ailə ocağının təməlini qurur. Gəlin gəldiyi gündən Mehriban xanım evdə, ailədə, qohumlar, dostlar içində gülərüz bir mələk kimi sevilir. İncə, ləyaqətli davranışı, mehriban ünsiyyəti, xoş, səmimi kəlmələri, diqqətcilliyi, ən müxtəlif mövzularla bağlı obyektiv fikirləri, dərin kamalı ürəklərə xoş ovqat bəxş edir. Burada məşhur atalar sözü yada düşür: "Gəlin ocağa çəkər".

Açığını deyim ki, qəbul olunmuş qaydaya görə, nitq mədəniyyətində sözün hüquqi və mənəvi çəkisinə, dərinliyinə yüksək qiymət vermək, təkrarçılığa yol vermədən qısa, lakonik ifadələrlə böyük fikirlər təcəssüm etdirmək hər natiqə xas olan bacarıq deyil. Bu keyfiyyətlərin hamısı Mehriban xanımda əksini tapıb. Fikir söyləyərkən az kəlmələrlə böyük hədəflərə toxunmaq, verilən suallara həm də diplomat çevikliyi ilə hazırlıqlı şəkildə cavab vermək xanım Əliyevanın Azərbaycan dilinin zəngin söz xəzinəsindən məharətlə, həm də yerli-yerində istifadə etmək qabiliyyətini də üzə çıxarır. Təbii ki, bu, asanlıqla qazanılmır. Saysız-hesabsız mütaliələrə, dünya mədəniyyəti və ədəbiyyatı ilə mütəmadi tanış olub daim yenilikləri mənimsəməyə söykənən bu bacarıq və istedad Mehriban xanımın öz fədakar əməyi ilə qazanılıb.

Ailə qurub Moskvaya köçməyi ilə əlaqədar Mehriban xanım təhsilini M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunda davam etdirir. 1988-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirir. 1988 - 92-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyir.

1985-ci ildə Əliyevlərin nəvəsi -füsunkar Leyla dünyaya gəlir. Baba və nənələr bu qaraqaş-qaragöz qızcığazı çox sevirlər. Körpəyə ulu nənəsi, Zərifə xanımın anası, İrəvan xanlarının nəslindən olan Leyla xanımın adı verilir. Balaca Leyla böyüyəndən sonra babasına gözəl şeirlər ithaf edir.

1987-ci ilin oktyabrında SSRİ rəhbərliyində olan Heydər Əliyev müsəlman-türk dünyasına qənim kəsilən Qorbaçovla işləməkdən imtina etməyə məcbur olur. Həmin vaxtdan ailənin çətin dövrü başlayır.

Mehriban Əliyeva: "1987-ci ildən sonrakı dövr həqiqətən də bizim ailəmiz üçün ən ağır dövr idi. İlham özünü itirmədi və ailəsi ilə uşaqlarının çətinlikləri hiss etməmələri naminə əlindən gələni əsirgəmədi. O zamanlar kifayət qədər böyük problemlərimiz var idi və bizə demək olar ki, heç kim kömək etmirdi. Yalnız onun sayəsində biz əziyyət çəkmədikg"

- Çox ağır idi? - deyə bir neçə il əvvəl "Günay" qəzetinin müxbiri İlham Əliyevdən soruşur.

- Ağır idi! - deyə İlham Heydər oğlu tam səmimiyyətlə cavab verir. Mən nəzarət altında yaşayırdım və nə zamansa Bakıya qayıdacağımı təsəvvürümə belə gətirə bilməzdim. Beləliklə, mən bizneslə məşğul olmağa başladım

Amma hər şeyə rəğmən o, yenə də Moskvanı tərk etməli olur. Lakin haraya? "Azərbaycana qayıtmaq mümkün deyildi. Çünki Bakıdan hədə-qorxu nidaları eşidilirdi. O zaman mən Türkiyəyə yollandım. Məhz oradan da Moskvadakı şirkətlərimə rəhbərlik etməyə başladım..."

Tanrı öz hökmünü illərə diktə edir. İlham Heydər oğlu Əliyev Azərbaycanda prezident zirvəsinə ucalır. Lakin zirvəyə aparan yollar "sıldırımlı aşırımlar"dan asanmı keçir?

Müstəqilliyinə yenicə qovuşmuş, müharibə və keçid dövrünün dəhşətləri, siyasi burulğanlarla çarpışan xalqımızın iqtisadiyyatı kimi, mədəniyyəti də təhlükə qarşısında idi. Bu tənəzzül insanlarımızın əsrlər boyu formalaşmış milli dəyərlərinin məhvinə doğru gedirdi. Adamlar mədəniyyət haqqında düşünmək iqtidarında deyildilər. Ölkə səfalət içində idi. Belə hallarda cəmiyyətin dadına çatan, xalqa doğru yol göstərən mədəniyyətin özünün də yardıma ehtiyacı vardı. Belə bir zamanda Mehriban xanım "Azərbaycan mədəniyyətinin dostları" Fondunu yaratdı. Nəsillərin miras qoyduğu mədəni sərvəti qorumaq, yaşadıb və inkişaf etdirmək, xalqların bir-birindən öyrənmək ənənəsinə sadiq qalaraq onu zənginləşdirmək, dünyanı, cəmiyyəti gözəlləşdirmək kimi nəcib və ali məqsədlərə xidmət göstərən fond və onun rəhbəri bu istiqamətdə xeyli iş həyata keçirdi. "Azərbaycan- İRS" jurnalı da o dövrdə təsis olundu. Jurnal bir neçə dildə yayımlanaraq Azərbaycan mədəniyyətini, irsimizi bütün dünyaya pərvazlandırdı.

2004-cü ildə xalqına xidmət etmək üçün Mehriban xanımın qarşısında yeni bir yol açıldı: Heydər Əliyev Fondu yaradıldı. Qayınatası - bəşəriyyətin böyük şəxsiyyəti olan Heydər Əlirza oğlu Əliyevi doğma ata kimi sevən Mehriban xanım fondun prezidenti olaraq Heydər Əliyev irsini qoruyub-saxlamaqla yanaşı, öhdəsinə ağlasığmaz işlər götürdü. Minlərlə dağılmış məktəbin, tarixi memarlıq abidələrinin təmiri, yeni məktəb binalarının, sağlamlıq komplekslərinin tikintisi, xəstəxanaların, digər səhiyyə ocaqlarının yenidən qurulması, ehtiyacı olan xəstələrin ölkəmizdə və xaricdə müalicəsi, kimsəsiz uşaqlara qayğı, diabet, talassemiya və digər xəstəliklərə qarşı mübarizə, başqa saysız-hesabsız problemlərin həlli. Nəhayət, çox çəkmir ki, Mehriban xanımın ölkəmizdəki sülhsevər, humanist məramları dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından biri olan YUNESKO-nun diqqətini cəlb edir. Xanım Əliyeva bu təşkilatın xoşməramlı səfiri təyin edilir.

Eramızdan əvvəl yaşamış Çin mütəfəkkiri Konfutsidən soruşurlar ki, dünyada elə bir söz varmı ki, bütün ömrün boyu onu özünə rəhbər tuta biləsən? Konfutsi deyir: "Var, bu söz - mərhəmətdir". Azərbaycan yazıçısı Məhəmməd Tağı Sidqi əbəs yerə söyləməmişdir ki, insan cəmiyyətdə yalnız hər kəsə yaxşılıq etmək, abadlıq işləri görmək, xalqla yaxşı rəftar etməklə yüksəlir. Xanım Əliyeva hər kəsə yaxşılıq etməklə, xalqla yaxşı rəftar etməklə bərabər, genişmiqyaslı abadlıq işləri, yaşıllaşdırma missiyası həyata keçirdi. "Hərəmiz bir ağac əkək" amalını qarşıya vacib bir məqsəd qoyub vətənimizi gülüstana çevirmək yolunda milyonlarla ağac əkdirmək işinə rəhbərlik etdi.

Bir gün yenə bir aqildən soruşurlar ki, dəniz niyə böyükdür? Cavab verir: "Çünki ən kiçicik çayı belə özündən rədd etmir".

Mehriban xanımın böyüklüyü həm də ondadır ki, o, ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz, əqli və fiziki cəhətdən qüsurlu olan balalarımızın, vətəndaşlarımızın, dostlarımızın heç birini özündən uzaqlaşdırmır. Əksinə, daha da özünə yaxınlaşdırır, doğmalaşdırır, Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Elə bu səmimiyyətinə və alicənablığına görə Mehriban xanım bu gün xalqımız üçün sevimli el qızı, əziz bacı, etibarlı dost, mərhəmətli xeyriyyəçi, Azərbaycan həqiqətlərini yüksək tribunalardan dünyaya yayan fəal ictimai xadim, qədim və müasir mədəniyyətimizin dəyərli təəssübkeşi, zəhmətkeş millət vəkili, həyatın ağır sınaqlarına tuş gəlib həbsxanalara düşən, lakin etdiyi əməldən peşman olub həqiqət yoluna qayıtmağa hazır olan on minlərlə vətəndaşı doğmalarına qaytaran ən ədalətli hakimdir. YUNESKO-nun sabiq baş direktoru K.Masuura isə Mehriban xanımın xidmətlərini qiymətəgəlməz hesab edib etiraf edir: "O, nəinki Azərbaycanda, nəinki regionda, mən deyərdim ki, qlobal miqyasda uğurlu şəkildə fəaliyyət göstərir". Qlobal miqyasda uğurlu şəkildə fəaliyyət göstərməyin heç də asan olmadığını nəzərə alsaq, Mehriban xanımın istəkli bacısı, əziz rəfiqəsi, tanınmış alim, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevanın dediyi kimi, o, heç zaman çətinliklərə təslim olmur.

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Mir Cəlal Paşayev "Vətən yaraları" adlı əsərində "Çahargah" muğamının qələbəyə necə inam yaratmasından, vətənpərvərlik hisslərini alovlandırmasından və qəhrəmanlığa çağırış kimi səslənməsindən bəhs edərək döyüşən əsgərin dili ilə deyirdi: "... Bir "Çahargah" başla... İnan ki, üstümə yüz topdan güllə yağsa da, mən burada o "Çahargah"ın səsini eşidəcəyəm!.."

Əlbəttə, eyni fikirləri digər muğamlarımız haqqında da söyləmək mümkündür. Nadir sənət nümunələri olan muğamlarımızın hər birində xalqımızın fitri istedadı, tarixlər boyu qoruyub inkişaf etdirdiyi milli mənliyi, ali musiqi təfəkkürü, qüruru, şücaəti, düşmənlərə qarşı apardığı qəhrəmanıq mübarizəsi əks olunmuşdur ki, bu ilahi güc hər xalqa mənsub deyil və dünya bu əzəmətli gücdən heyrətlənməkdə haqlıdır.

Mehriban xanımın sözləridir ki, muğam sənəti, muğam bütün dövrlərdə məmləkətimizdə yaşayıb, səslənib, duyulub və sevilib... Muğam mədəniyyətinin yaşamasında nəsildən-nəslə, ustaddan-tələbəyə, müəllimdən-şagirdə, ağsaqqaldan-gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır. Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub-saxlanılıb və yaşadılıb...

Yeri gəlmişkən, sevindirici hal kimi qeyd etmək istərdim ki, bu günlərdə Kanadada 26 avqust tarixinin Beynəlxalq Azərbaycan Muğam günü elan olunması Mehriban xanımın doğum gününə ən gözəl töhfələrdən biridir.

Çox keçmir ki, Mehriban Əliyevanın məhsuldar əməyi 50-dən artıq müsəlman dövlətinin təmsil olunduğu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı - İSESKO-nun şərəfli məramlarına da öz yüksək töhfəsini bəxş etdiyi üçün xanım bu mötəbər təşkilatın xoşməramlı səfiri təyin olunur. Birinci xanım İSESKO ölkələri ilə Azərbaycanın hərtərəfli əlaqələrinin genişlənməsinə böyük səylə xidmət göstərir. Bu dövlətlərdə xanım Əliyevanı yaxşı tanıyır və hörmət edirlər. Xanıma olan ehtiramın rəmzlərindən biridir ki, Misirin Qalubiyyə vilayətində yeni açılan zəngin məktəbə Mehriban Əliyevanın adı verilmişdir.

Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də bu vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirmiş, ölkə idmanının mənafeyi və inkişafı naminə bacarığını əsirgəməmişdir.

Mehriban xanımın gördüyü çoxsaylı işlər bir daha sübut edir ki, o, vətənimizi ürəkdən sevir. Onun hər bir bölgəsi, burada yaşayan xalqların özünəməxsus adət-ənənələri, milli xüsusiyyətləri, yurdumuzun ərazisində zaman-zaman mövcud olmuş dövlət və sivilizasiyalar onu daim maraqlandırır. Odlar yurdumuzun qədim keçmişinə, müasir mədəniyyətinə böyük hörmətlə yanaşan ölkəmizin birinci xanımı fondun zəhməti hesabına başa gələn "Azərbaycan" nəşrinin təqdimat mərasimindəki çıxışında bunu bir daha təsdiq edir: "Azərbaycanın ərazisində əsrlər boyu çox qüdrətli dövlət və sivilizasiyalar mövcud olub. Böyük İpək Yolu bizim ölkəmizdən keçib və əlbəttə, bütün bu mədəniyyətlər, bütün bu sivilizasiyalar ölkəmizdə izini qoyub. Bu izlərlə, bu naxışlarla istər memarlıq abidələrində, istər tarixi və dini abidələrdə tanış olmaq mümkündür. Eyni zamanda son illər Azərbaycanın dünyada misli olmayan inkişafını, onun yeni mənzərələrini, modern binaları, idman və konsert saraylarını, iş və turizm mərkəzlərini, bir sözlə, ölkəmizin müasir simasını da bu kitabda tapmaq mümkündürg"

Onu da qeyd etmək istəyirəm ki, elm yolunda da töhfələrini əsirgəməyən Mehriban xanım mükəmməl araşdırmalara əsasən dövrümüzün ən aktual məsələlərindən biri - evtanaziya problemlərinə dair dissertasiya müdafiə etmiş və fəlsəfə elmləri namizədi adına layiq görülmüşdür.

Diplomatik protokolda göstərildiyi kimi, Azərbaycan prezidentinin yanında - birinci ledinin iştirakı labüddür. "İzvestiya" qəzetinin müxbiri Oleq Sıqanovun Azərbaycanın birinci xanımı ilə müsahibəsindən bəzi məqamları təqdim edirəm:

- Səfərlər zamanı protokola riayət etmək sizin üçün çətinlik yaradırmı?

- Bildiyiniz kimi, maraqlı insanlarla görüşlər bütün bu uçuşları, reqlamenti kompensasiya edir. Bir qayda olaraq prezidentləri görkəmli şəxsiyyətlər əhatə edir. Onlar ölkənin maraqlı tərəflərini nümayiş etdirirlər. Mən belə hesab edirəm ki, səfərə çıxmağın özü də, insanlar və digər xalqların mədəniyyəti ilə tanışlığın özü də böyük xoşbəxtlikdir.

- Prezident həyat yoldaşı ilə birlikdə səfər edir və prezidenti danışıqlar, görüşlər, siyasi tədbirlər gözləyir. Bəs prezidentin həyat yoldaşının necə, xüsusi proqramı olurmu?

- Bəli, elədir ki var. Yalnız görüş mərasimini və digər xüsusi təntənəli məqamları istisna etməklə prezidentin xanımının ayrıca proqramı olur. Birinci şəxsiyyətlərin xanımlarına ən maraqlı məqamları göstərməyə çalışırlar. Bu, paytaxtlarla tanışlıq üçün ən gözəl imkandır. Hər şeyi görmək və dünyanın ən əlamətdar və maraqlı yerlərinə tamaşa etmək bir də Allah bilir nə zaman qismət olacaq? Fiziki baxımdan bu çox dözülməzdir, uçuşlar yorucudur və dəqiqəsinə kimi reqlamentə tabedir. Nə etmək olar? Dözürük. Çünki hər zaman lazımi qaydada olmalı və ölkəmizi ləyaqətlə təmsil etməliyik...

2006-cı ilin 30 aprel tarixində Əliyevlər və Ağalarovların həyatında ən əziz və ən unudulmaz bir gün yaşanır. Möhtəşəm "Gülüstan" sarayında iki sevən gəncin xoşbəxtliyi naminə aramsız xeyir-dualar səslənən toy büsatı qurulur. Ağ gəlinlik paltarında daha füsunkar və ecazkar görünən gəlin - Heydər Əliyev Fondunun Moskvada fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi və bu dünyaşöhrətli ali məktəbdə fəaliyyət göstərən Azərbaycan klubunun başçısı sevimli Leyladır. Həmin Leyla ki, SSRİ xalq artisti, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədri İosif Kobzon Heydər Əliyevin adını daşıyan fond haqqında filmə tamaşa edərkən və onun gözəl nəvəsi Leyla xanımın fond haqqında söylədiyi kəlmələri dinləyərkən bəzi nazirlərin təcrübə yığmaq üçün Heydər Əliyev Fonduna göndərilməsinin vacibliyi barəsində düşünür...

Bəy - "Krokus" şirkətinin maliyyə direktoru, Rusiyanın iri sahibkarlarından biri Araz Ağalarovun oğlu, tanınmış şəxsiyyət - Emin Ağalarovdur. Həmin Emin ki, onu haqlı olaraq gənc nəslin ən istedadlı biznesmenlərindən biri hesab edirlər. Mətbuat onu "Ticarət imperiyasının varisi" adlandırır. O, bütün bunlarla yanaşı, istedadlı müsiqiçi və məşhur ifaçıdır. Həmin ifaçı ki, istər xarici, istərsə də Moskva və Bakı səhnələrində nümunəvi parlaq çıxışları ilə milyonların sevimlisinə çevrilmişdir.

Sənət ulduzlarının iştirak etdiyi toy mərasimi sona yetməkdədir. Adətə görə, valideynlər bəylə gəlini cütlük üçün ayrılmış avtomobilə qədər "Vağzalı" müsiqisinin sədaları altında yola salırlar. Ertəsi günün səhəri toy karvanı hava limanına yollanır. Hava limanında yeni ailə qurmuş, bir-birinə son dərəcə yaraşan bu mehriban, gülərüz gəncləri "Boinq" tipli təyyarə gözləyir və o, tezliklə istiqamətini Moskvaya - bəyin ata ocağına doğru yönəldir.

Deyirlər, gedənin ardınca su atmaq yolu aydınlığa aparan el adətidir. Mehriban xanımın yanaqlarından axan büllur göz yaşları da ciyərparası Leylanı ər evinə yola salarkən ən yaxşı xeyir-dua olur. Bu xeyir-dua, müqəddəs ana nəfəsi hələ qarşıda daha iki övladı - Arzunu və Heydəri səadətə qovuşduracaq, onların taleyinə, həyat yollarına nur çiləyəcək.

Artıq Əliyevlərin və Ağalarovların ailə dünyasına bir cüt yeni Tanrı payı qədəm qoyub: Əli və Mikayıl. Bu gözəl balaların - əkiz qardaşların qədəmləri mübarək olsun, xoşbəxt böyüyüb gələcəyimizin layiqli övladları, xalqımızın fəxri olsunlar!

Hələ gənc ikən nənəlik səadətinə qovuşan Mehriban xanım bircə gün bu şirin-şəkər balaların səsini, yenicə dil açan dadlı kəlmələrini eşitməsə, rahatlıq tapmır. Bəli, ona rahatlıq verməyən bir də hələ həyata keçməmiş çoxsaylı layihələr, tədbirlər, görüşlər, səfərlər, xalqımızı və dövlətimizi sabahkı uğurlara, nailiyyətlərə, qələbələrə aparan zəhmət və fədakarlıq dolu yollardır...

 

 

Reyhan Mirzəzadə

 

Həftə içi.- 2010.- 24 avqust.- S. 3.