Dünya tarixinin İstanbul əzəməti

 

Böyük günahın möhtəşəm yadigarı - Sultan Əhməd məscidi

  

   Səfərin ilk günündə İstanbulun tarixi yerlərinə tanışlığımız davam etdi. Möhtəşəm Ayasofya abidəsindən sonra elə həmin ərazidə yerləşən Sultan Əhməd məscidində olduq. Məscidin inşa olunmasının maraqlı tarixçəsi var. Konstantinopolun türklər tərəfindən tutulmasından sonra Osmanlı imperiyasının əsas müsəlman məbədi uzun illər "Müqəddəs Sofiya" məscidi hesab olunurdu. Yalnız XVII əsrin əvvəllərində Sultan I Əhməd öz monumentallığına görə Bizans imperatorlarının məbədindən geri qalmayan məscid tikdirməyi əmr edir. Məscidin tikintisi 1609-cu ildə Sultan I Əhməd 19 yaşında olarkən başlayır. Rəvayətə görə, o, gəncliyində törətdiyi hansısa günahını yumaq üçün məscid tikdirmək istəyir ki, Allah tərəfindən bağışlansın. Başqa fərziyyəyə görə isə Sultan Əhməd həmin illərdə Avstriya imperatoru ilə müqavilə bağlamışdı, türk sultanlarının uzunəsrlik ənənəsinin əksinə olaraq "kafirlərin hökmdarını" "möminlərin hökmdarı" ilə bərabər tutmuşdu. Bu müqavilə İstanbulda böyük narazılıqla qarşılanıb. Buna görə də Sultan öz "səhvini" İstanbulda möhtəşəm məscid tikdirməklə düzəltməli olub.

   Məscidin memarı Mehmet ağa olub və bu müsəlman memarlığının incisini 7 il ərzində tikərək 1616-cı ildə təhvil verib. Rəsmi olaraq tikili Sultan Əhməd məscidi adlansa da, xalq arasında başqa adla tanınır: Göy məscid. Buna səbəb məscidin daxilinin İzmir şəhərindən gətirilmiş göy rəngli kaşılarla tərtib olunmasıdır. 200 mindən çox göy kaşı lövhəsi məscidin divarlarını başdan ayağa örtür. Göy məscidin binası ümumilikdə müsəlman memarlığı üçün ənənəvi formadadır. Nümunə olaraq Ayasofya məbədindən istifadə ounub, yuxarıya doğru uzanan günbəz hissələri bunun əyani sübutudur. Minarələrin sayında qeyri-adilik mövcuddur: 6 minarə. Minarələrdən 4-ü məscidin künclərindədir, 2-si isə daxili həyət künclərində yerləşdirilib. Göy məscid dünyada yeganə 6 minarəli məsciddir. Rəvayətə görə, Sultan Əhməd imanını sübut etmək üçün 6 minarəli məscid inşa etdirməklə "həddini aşmışdı": Məkkənin ortadoksal ağsaqqalları 6 minarəli məscidi görəndə çox qəzəblənmişdilər. Deyilənə görə, Sultan Allahın qəzəbinə tuş gəlir və yeni məscid tikdirəndən az sonra, 1627-ci ildə 27 yaşında ikən vəba xəstəliyindən dünyasını dəyişir.

   Bütün camelərdə olduğu kimi, burada da yer xalılarla döşənib. Amma məscidin ilk xalılarının hazırda Türkiyənin bir neçə muzeyində saxlanıldığı deyilir. Deyilənə görə, məscidin təmirinə kifayət qədər vəsait olmadığı üçün həmin xalılar muzeylərə satılıb. Hazırda isə ilk xalıların orijinal variantda olanı kimi yeni xalılar toxunur ki, bu da yaxın illərdə məscidi bəzəyəcək.

  

   İstanbulda Misir abidəsi

  

   Sultan Əhməd meydanındakı növbəti abidə caminin qarşısındakı "Alman çeşməsi"dir. Çeşmə alman imperatoru Vilhelmin İstanbulu ziyarəti zamanı 1901-ci ildə alman hökuməti tərəfindən hədiyyə edilib. Onun bütün parçaları da Almaniyada emal edildiyi üçün "Alman çeşməsi" adlandırılır. Çeşmənin üzərində hündür qübbənin içərisi tamamilə qızıldan hazırlanıb.

   Sən demə, İstanbulda qədim Misirə aid abidə də varmış. Ayasofyanın yaxınlığında qarşımıza çıxan və Tikilidaş adlandırılan bu abidə Misirdən gətirilib. Yerə möhkəmləndirilməsi üçün aylarla gərgin əmək sərf edilib. Üzərindəki heroqliflərin yalnız XVIII əsrdə oxunduğundan həm Bizans, həm də Osmanlı dönəmlərində bu işarələr pis ruhların qovulması kimi başa düşülürdü. Sonralar abidənin Misir fironu Tutmosa məxsus olduğu məlum olub. Alman çeşməsindən bir qədər aralıda isə Dikilidaş ucalır. Dikilidaşlar Misir memarlıq nümunəsidir və dünyanın bir çox ölkələrində var. Dikilidaşın İstanbula "gəlişi"də maraqlıdır.

  

   Yerin altındakı gözəllik - Yerəbatan sarnıc

  

   İstanbulun görməli yerlərindən biri də Yerəbatan sarnıcdır. Bura həm də əfsanəviliyi ilə diqqəti cəlb edir. Yerəbatan sarnıca enərkən daha soyuq və alaqaranlıq məkana düşürsən. Üzərində sular sızan divarlar parıldayır və hər tərəfdə budanmış meşədəki ağac gövdələri görünən bitib-tükənməyən sütun sıraları görünür. Ayağının altındakı 1 - 2 metrlik suda balıqlar üzür. Su üzərində beton platformalar vasitəsilə sarnıcı gəzmək mümkün olur.

   Şəhərdə ən böyük qapalı və möhtəşəm sarnıc 542-ci ildə Bizans imperatoru Yustinian tərfindən böyük sarayın su ehtiyacını ödəmək üçün inşa edilib.

   İstanbul türklər tərəfindən fəth edildikdən keçən yüz ildə sarnıcın varlığı fərq edilməyib. Sonralar balıq tutan insanlar tərəfindən aşkar edilən sarnıc Osmanlı imperiyası dönəmində də istifadə edilib. Yerabatan sarayı adlandırılan sarnıcın uzunluğu 145 metr, eni 65 metrdir. 12 sıra olmaq etibarilə 336 sütun var. Son bərpa işləri zamanı qupquru olan sarnıca yenidən su buraxılıb. İndi oradakı su 1-2 metr arasındadır. İstanbul Böyük Şəhər Bələdiyyəsi sarnıcdan mədəniyyət tədbirləri zamanı istifadə edir.

   İçində balıqların üzdüyü suyun üzərinə yerləşdirilmiş platformalar sarnıcın ən çox maraq çəkən yerinə, gözlərinin içinə baxanları daşa çevirdiyinə inanılan meduza başlarının yanına aparır. Suların içində üzən balıqların və qulaqları oxşayan ahəngli musiqinin yol yoldaşlığı ilə meduza başını görmək üçün insanlar özləri də bilmədən sütunların arasında gözdən itirlər. Yaxından seyr etdikdə həm də bu qədim türk şəhərində qorunan Roma memarlığının bir parçası ilə tanışlıq imkanı qazanırsan. Meduza başlarının pisliklərdən qorunmaq üçün buraya gətirildiyi bildirilir. Sarnıca əfsanəvilik gətirən detallardan biri "Ağlayan sütun"dur. Üzərində göz yaşları və göz şəkilləri işlənmiş sütunun özəlliyi ondadır ki, digərlərindən fərqli olaraq o, nəmlidir. Əl vurduqda su damcılarını hiss edirsən.

   Əfsanəyə görə, meduza qara gözləri, uzun saçları və gözəl vücudu ilə öyünən bir qız olub. O, Zevsin oğlu Perseusu sevirmiş. Bu arada Atena da Perseusu sevirmiş, meduzanı qısqandığı üçün onun saçlarını ilana çevirib və meduzanın baxdığı hər kəs daşa dönürmüş. Sonra Perseus meduzanın başını kəsib və onun bu gücündən yararlanaraq dah çox düşməni məğlub edib.

 

(əvvəli ötən sayımızda)

 

Naibə Qurbanova

 

Həftə içi.- 2010.- 21 dekabr.- S. 7.