Qərb klassikasına azərbaycansayağı baxış

Rejissorun bu romanın səhnə variantını hazırlamaq qərarını anlamaq olmadı

 

Qaranlıq səhnə. İşıqlar yanır, stop kadrla bütün qəhrəmanlar qarşımızda görünür. İşıqların təkrar yanıb-sönməsi ilə qəhrəmanlar hərəkətə başlayır. Dünyaca ünlü ingilis yazarı Çarlz Dikkensin "Oliver Tvistin macəraları" romanı əsasında hazırlanmış eyniadlı tamaşada hər bir qəhrəman öz çıxışı, öz monoloqu, öz obrazı ilə canlanırg   

   Məlumat üçün deyək ki, Çarlz Dikkensin yaradıcılığına müraciət Azərbaycan teatr tarixində ilk dəfədir. Təşəbbüs Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gəlib. Gənc Tamaşaçılar Teatrında bunu reallaşdıran isə respublikanın xalq artisti, rejissor Vaqif Əsədov olub. Bu, ilk addım olaraq təqdirəlayiq, hətta müəyyən qədər cəsarətli də sayıla bilər. Lakin istənilən cəsarətin arxasında konkret bir səbəb, konkret bir məntiqi əsas da dayanmalıdır. Bu olmadıqda isəg

   Vaqif Əsədov hər hansı bir tamaşanı hazırlamazdan öncə mövzunu illərdir öz daxilində "bişirən" rejissorlardandır. Bəlkə də elə bu hazırlığın nəticəsidir ki, rejissorun əksər quruluşları uğurla nəticələnib. Elə həmin uğurun təzahürlərindən biri kimi 2002-ci ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırladığı "Məhv olmuş gündəliklər" tamaşasını misal çəkmək olardı. Son tamaşa - "Oliver Tvistin macəraları"nın seyrinə də rejissorun maraqlı yozumunu görmək inamı ilə yollandıq.

   Belə bir ağır romanın səhnə variantını görmək əsərə maraqdan başqa, həm də bir qədər təəccübdən - Azərbaycan teatrında yerli aktyorlarımızın potensial imkanları ilə bunu reallaşdırmağın mümkünlüyünə yaranmış şübhələr idi. Üstəlik, bir tamaşanın hazırlığına illərini sərf edən bir rejissora cəmi bir neçə aya əsər ərsəyə gətirmək necə mümkün olub? Bütün bu sualların cavabını ancaq tamaşaya baxmaqla bilmək olardı. Özü də hər iki heyətin, yəni dublyorların da iştirakı ilə olan oyuna da.

   Diqqəti ilk çəkən səhnə tərtibatı oldu. Meyxanə istisna olmaqla digər hadisələrin cərəyan etdiyi konkret bir məkan yoxdur. Əvəzində hər tərəfdən pilləkənlərdə çarpazlanmış müxtəlif məkanları xatırladan içiboş, dəmir dördbucaqlar vardı. Hər hansı bir məkana və ya ideyaya yönəlik konkretlik olmasa da, klassik və şablon da sayılmazdı. Ən önəmlisi isə bu tərtibat - mizanların qurulmasında, özəlliklə də kütləvi səhnələrdə rejissorun işini asanlaşdırmağa kömək də edirdi. Hətta belə demək caizsə, tərtibat bütünlüklə mizanlara köklənmişdi. Qısası, səhnəqrafiya həm görüntü, həm də düşüncə etibarilə qəbul oluna bilərdi. Ev, məhəllə, xarabalıq, dustaqxanag kimi bütün funksiyaları yerinə yetirən dəmir dördbucaqlı tərtibatın istənilən formada yozumu isə seyrçi təxəyyülünə buraxılıb.

   Azərbaycan aktyorlarına xarakterik xüsusiyyətlərdən biri də nə dərəcədə "məharətli" olduğunu göstərməsidir. Bunun üçünsə artıq daşlaşmış "ənənə"yə çevrilən və aktyorlarımızın heç bir vəchlə qurtula bilmədikləri və yaxud da qurtulmaq istəmədikləri hay-həşirləridir. Normal, sakit tərzdə deyiləsi sözü aktyorlarımızın mütləq şəkildə qışqırıqla, yersiz emosiyalar qatmaqla, qulaq dələn səslərlə və ifrat dərəcədə əl qol-atmaqla çalışırlar ki, seyrçilər onların "varlığını" görsünlər, hiss etsinlər. Və ən dəhşətlisi bu, sənətkarlığın ən pik nöqtəsi, əksi isə zəif aktyorluq bacarığının göstəricisi sayılır. Əksər tamaşalarda olduğu kimi, aktyorlarımız "Oliver Tvistin macəraları"nda da bu ənənələrindən qalmadılar. İlk heyətdə Mister Bambl rolunda çıxış edən Elşən Şirəliyev (Çarhanlı) monoloquna hay-küy qatmaqla tamaşaya azərbaycansayağı ab-hava gətirdi. Rolda tələb olunan qərbli görüntüsündən kiçk sezilti belə yox idi. Eyni rolun ikinci heyətdən olan ifaçısı, xalq artisti Yasin Qarayev isə, ümumiyyətlə, rolundan bixəbər təsiri bağışlayırdı. Ancaq hansı sözü kimə və nə üçün deməsi isə nəinki seyrçiyə, heç özünə də aydın deyildi. Mister Bambl obrazının nə mahiyyətini, nə xarakterini dərk etməmişdi. Nəticə etibarilə nə oyunu, nə dediyi sözlərinin təsir qüvvəsi vardı.

   Oliver Tvist rolunu aktrisa Roza İbadova oynayırdı. Bəstəboyluğu, çöhrəsindəki uşaq saflığı ilə həmkarlarından seçilən bu aktrisa Oliver Tvist obrazı üçün ideal seçim idi. Təbii ki, əsasən görünüş etibarilə. İfasında arabir yol verdiyi pafoslu nitqlər uğurlu sayıla biləcək oyununa kölgə salırdı. Rejissor, valideynləri tərəfindən atılmış, London küçələrində cibgir dəstəsi ilə qoca yəhudi Fecinlə tanışlığı, onu öz komandasına gətirməsi, Mister Braunlou ilə tanışlığıg daha bir sıra səhnələr arasındakı əlaqəni, məsələn, Oliverin həyatındakı dəyişmələri, aşağı sosial təbəqədən yüksək kübar ailəyə mənsubluğu arasındakı keçidi, keçmişlə gələcəyə aparan səbəbləri göstərə bilməmişdi. Tamaşa bütövlükdə ayrı-ayrı parçaların toplusundan ibarət idi. Səhnələr arasında əlaqənin, keçidlərin verilməməsi nəticə etibarilə tamaşanın konfliktini də yox dərəcəsinə endirmişdi.

   Əsas rollardan biri olan oğru dəstəsinin üzvü və fahişə - Nensi obrazında Günel Məmmədova (I heyətdə) və Zülfiyyə Alhüseynova (II heyətdə) oynayırdılar. Hər ikisinin oyunu arasında gözəçarpacaq dərəcədə fərqlər vardı. Yaşının və təcrübəsinin imkan verdiyi çərçivədə müxtəlif rollar oynayan gənc aktrisa Günel Məmmədova üçün bu rol sözün həqiqi mənasında yenilik oldu. O baxımdan ki, aktrisa Nensi obrazı ilə özünün daha geniş potensial imkanlara sahib olduğunu göstərdi. İstər rolunun, istərsə də quruluşun tələb etdiyi ən kiçik jestində, ən bəsit kəlməsində belə dəqiq vurğusu, rəqslərdəki sinxronluq, plastikası, emosionallığın yerində və həddində olmasını qeyd etməmək haqsızlıq olardı. Çox təəssüf ki, eyni fikirləri Zülfiyyə Alhüseynova haqqında da demək qeyri-mümkündür, nə qədər yumşaq olmağa çalışsan belə. Obrazına uyğun gələn yeganə nəsnə qıvrım, gur saçları idi ki, onu da yerli-yersiz sağa-sola oynatmaqdan başqa bir işə yaramadı.

   Cek Daukins - cüvəllağı obrazında Rasim Cəfərov (I heyətdə) və Vüsal Mehrəliyev (II heyətdə) oynayırdılar. Rasim Cəfərovun həm oyunu, həm də cüvəllağıya bənzər tipajı arasında ideal dərəcədə uyğunluq, ahənglik vardı. Qəhrəmanının xarakterik cizgilərini seyrçiyə ötürmək üçün Rasim Cəfərov həm fiziki, həm də ruhsal gücünü ortaya qoya bilib. Obraz heç bir söz demədən, sadəcə, dinləmə mövqeyində olanda belə Rasimin mimikaları, yerində işlətdiyi jestləri işə düşür. Sakit duruşunda, baxışında, hətta energetikasında belə müəyyən bir fikir oxunur.

   Eyni rolda oynayan Vüsal Mehrəliyevin Cek - cüvəllağısı isə, əksinə, bir qədər qüsurlu idi. O baxımdan ki, həm oyun, həm də diksiya probleminin qabarıq şəkildə üzə verilməsi, dediyi kəlmələrin anlaşılmaması obrazın mahiyyətinin, xarakterinin seyrçiyə çatdırılmasına mane olurdu.

   Ficin rolunda oynayan iki aktyor - Qurban İsmayılov və xalq artisti Ağaxan Salmanlı. Hər iki aktyor obrazı fərqli, eyni zamanda maraqlı tərzdə çalarlı yarada bilmişdi. Xüsusilə vurğulamaq gərəkdir ki, zəifliyi ilə yadda qalan ikinci heyətin az-çox uğuru vardısa, o da məhz Ağaxan Salmanlının əməyinə bağlıdır. Aktyor tamaşanın maraqlı alınması üçün, demək olar ki, bütün ağırlığı çiynində çəkirdi.

   Qurban İsmayılov isə, həmişəki kimi, aydın, səlis diksiyası, canlı oyunu ilə Gənc Tamaşaçılar, Kamera və Gənclər Teatrının aktyorları arasındakı fərqi göstərmiş oldu.

   Ümumiyyətlə, hər iki heyətin oyununda fərqlər çox qabarıq şəkildə büruzə verilir. İlk heyətdə oynayan aktyorların ikinci heyətə dublyor qismində transfer olunması belə tamaşanı xilas edə bilmədi. Əksinə, ikinci heyətin zəif oyununun birinciyə də sirayət olunması nəticəsində aktyor ansamblı pozulur. 2 saatdan artıq keçən zaman ərzində isə yalnız bir sual beyni tərk eləmir: görəsən, bu qədər uğursuzluqla ikinci heyətin iştirakı ümumiyyətlə lazımdırmı?! Tamaşaçının vaxtını, pulunu heçliyə xərclətməyə dəyərdimi?! Ümumiyyətlə, rejissor Vaqif Əsədovun bu romanın səhnə variantını hazırlamaq qərarını da anlamaq olmur. Ancaq ona görə ki, nazirliyin sifarişi idi?! Bir sözlə, səbəb, məqsəd, məram və nəticə bəlli olmadı.

  

  

Sevda Babayeva, teatrşünas 

Həftə içi.- 2010.- 24 dekabr.- S.7.