"Abrıma qısılıb oturmuşam"

Rübabə Muradovanın bacısı Tahirə Muradova rəsmi qurumlardan narazıdır

 

Mərhum Rübabə Muradovanın bacısı, tanınmış müğənni Tahirə Muradova ilə təsadüfən şəhərdə görüşdük. Görüşümüzə özü də sevindi. Müsahibə almaq istəyimizi bildirdik. Əvvəlcə razılaşmadı. Amma birtəhər dilə tutub redaksiyamıza dəvət etdik və söhbətimiz də pis alınmadı.  

   T.Muradovanın valideynləri Ərdəbil şəhərinin Dərbənd küçəsində yaşayıblar. Onun sözlərinə görə, atası Mirzə Xəlil Şiraqinin sözü həmişə kəsərli olub: "O, gözəl həkim olmaqla yanaşı, həm də din xadimi idi. Atamın məscidləri, çoxlu sayda müəssisə və şirkəti olub. Pişəvəri və Əli Tudə partiyasının üzü olduğuna görə 1946-cı ildə mühacirət edib. 5 bacı, 2 qardaş olmuşuq. Bacılarım Rübabə, Mahrux, Pəri və qardaşlarım Ənvər və Əşrəf dünyasını dəyişiblər. Ruhəngizlə tək qalmışam. Pərvanə və mən Salyan rayonunda, qalan ailə üzvlərimiz isə Ərdəbildə doğulub. Böyük bacım Rübabə 1946-cı ildə İrandan qaçıb gələndə təxminən 14-15 yaşı olardı. Elə onun yanğılı oxumasının səbəbi də vətən həsrəti idi. Hər gün vətən həsrəti ilə ağlayardı, doğulduğu yurd yerləri yadına düşdükcə qəlbi şan-şan olardı, içindən sızlayar, qovrulub yanardı. Bir çox ağzıgöyçək, Rübabəni gözügötürməyənlər şayiə yayırdılar ki, guya onun sevgilisi İranda qaldığından fikir eləyir. Bu ona yaxılan qara ləkə və atılan şər-böhtan idi. Rübabə kimi vətənpərvər insan görməmişdim. O, dərddən xəstələndi və vətən dərdi çəkə-çəkə öldü. Heç kəsə də ixtiyar verilmir ki, bacıma şər atsın. Dünyaya o cür məlahətli səsə malik ikinci bir sənətkar gəlməyib və gəlməyəcək də. Rübabənin səsi Tanrıdan gələn səs idi".

      - İrandakı qohumlarınızla əlaqələrinz varmı?  

   - Arazın o tayında qohumlarımız çoxdur. Dayım uşaqları, anamın qohumları - hamısı Ərdəbildə yaşayır. 1995-ci ildə ilk dəfə İrana getdim. Məqsədim bacım Rübabənin vəsiyyətini yerinə yetirmək idi. Rübabə öləndə vəsiyyət etdi ki, Ərdəbilə gedim və oradakı evimizi, ata mülkümüzü ziyarət edim. Evimizin həyətindən bir kisə torpaq gətirib onun qəbrinin üstünə töküm. Bəlkə məzarda ruhu rahatlıq tapdı. Rübabənin arzusu İrana getmək idi. Çox çalışdı, amma istəyinə nail ola bilmədi. Qohumlarımın hamısı ziyalıdır. Dayım oğlu Suquş buradan qız almaq istəyir ki, gələcəkdə əlaqələrimiz kəsilməsin.

   3 ay bundan öncə ikinci dəfə Ərdəbildə oldum, ata yurdunu ziyarət etdim. Qohumlarımı gördüm. Məni böyük məhəbbətlə qarşıladılar. Rübabənin və anamın ətrini məndən alırdılar. İranda gözəl mədəniyyət var. Orada qadına ilahi gözlə baxırlar, onu ana kimi bilirlər. Bir sözlə, kişilər qadınlara çox böyük hörmətlə yanaşırlar. Oradan xoş əhvali-ruhiyyə ilə gəldim. Çünki İran camaatında birlik, vəhdət var. Birlik olan yerdə isə ruzi-bərəkət də olur.  

   - Sənətə gəlişiniz də maraqlıdır... Bu işdə sizə kimlərin köməyi olub?  

   - 1954-cü ildə Salyan rayonunda doğulmuşam. Uşaqlıq illərindən səsim olub. Çalışmışam ki, bacım Rubabəyə oxşayım, onun kimi oxuyum. Orta məktəb illərində məktəb və rayon tədbirlərinə məni dəvət edərdilər. 14 - 15 yaşlarımda "Respublika festivalı"nda iştirak etmişəm, "Canı yanan ya bir olar, ya da iki", "Kür qırağında" mahnılarını oxudum, festivalda birinci yerə çıxıb qalib oldum. İlk dəfə bacım Rübabə bir sənətkar kimi ifama qulaq asdı, səsim onun çox xoşuna gəldi. Sənətə gəlməkdə ilk xeyir-duanı da mənə Rübabə xanım verib. Bir gün yuxuda gördüm ki, Rübabə öz mikrofonunu mənə verib dedi ki, mən artıq oxuya bilmirəm, bu sənət yolumu ancaq sən davam etdirə bilərsən. O sanki mənə bir vergi verdi. Yuxudan sonra məndə böyük dəyişikliklər yarandı, səsim daha da açıldı. Daha da ruhlanıb həvəslə oxumağa başladım. Xanəndəlik sənətinə marağım birə-beş artdı. Hələ gənc yaşlarımdan məni "Azkonsert" birliyi solist kimi işə götürdü. Böyük sənətçilərimiz Sara Qədimova, Mahrux Muradova, Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə, Şövkət Ələkbərova kimi korifeylərlə çiyin-çiyinə işləmişəm. Sovet dönəmində rayonlara qastrollara gedərdik, boş vaxtımız olmazdı. Kənd zəhmətkeşləri qarşısında konsertlər verərdik. 1992-ci ildə "Azkonsert" birliyi bağlandı. Həmin vaxtdan bu günə kimi işsizəm.  

   - Səfərləriniz barədə nə deyə bilərsiniz?  

   - Öncə qeyd edim ki, bütün xalq mahnılarını, muğamlarımızı ifa etmişəm. Repertuarımda türk mahnıları da olub. Bir çox xarici ölkədə qastrolda olmuşuq. Orada muğam və xalq mahnılarımızı bacardığımız qədər təbliğ etmişik. Xarici ölkələrdə Azərbaycan xalqına böyük hörmət var. Bizi məhəbbətlə qarşılayıblar. Muğamlarımızı və xalq mahnılarımızı sevirlər. "Qızıl fond"da 20-yə yaxın mahnım var. 1995-ci ildə "İrs" folklor ansamblı ilə qardaş Türkiyədə səfərdə olduq. "Çiyələk" festifalında xalq mahnılarını ifa etdim. Birinci yerə çıxdığım üçün "Atatürk" nişanı ilə təltif olundum. Türklər məni buraxmaq istəmirdilər. Məsləhət gördülər, çox təkid etdilər ki, Türkiyədə qalım, sənətimi davam etdirim. Səsim onların çox xoşuna gəlirdi. Uşaqlarım körpə olduğuna görə razılıq vermədim. Həm də doğma vətəndən ayrıla bilməzdim - torpaq adamı özünə çəkir.   

   - Zəhmət olmasa, bir az da Rübabə xanımla keçirdiyiniz xoş günlərdən danışın?  

   - Məni Rübabə böyüdüb, təhsil verib, bu günə gətirib-çıxarıb. Bir sözlə, mənə ana olub. Bu yaxınlarda xalq şairləri və yazıçılar tərəfindən səsimə və ifama görə xalq artisti Rübabə Muradovanın əziz xatirəsini uca tutaraq mənə "Tahirə Rübabi" ləqəbini verdilər. Artıq bu adla xalq arasında çağırılıram. Xalqımın verdiyi ad mənim üçün şərəfdir.  

   - Nə əcəb bu boyda zəhmətinizin qarşısında indiyə kimi sizə fəxri ad verilməyib?..  

   - Bacım Mahrux Muradovaya da fəxri ad verilmədi. Bu gün onu yada salan da yoxdur. Vallah, səbəbini heç özüm də bilmirəm. Axı Mahrux səhnədə çox olub. Opera və Balet Teatrında çox rollar ifa edib. Bəstəkar Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Gülbahar rolu ilə yaddaşlarda qalıb. Onun səhnə mədəniyyəti, ifa tərzi göz qabağındadır. Xalq tərəfindən sevilən sənətkar idi. İndiki müğənnilər kimi səhnədə fonoqramla oxumazdı. Muğam sənətinin qorunub-saxlanmasında və inkişafında böyük zəhməti, əziyyəti olub. Mahrux sənətini sevən, zəhmətə, əziyyətə qatlaşan sənətkar idi. Onun sənətinə qiymət verilmədiyindən fikirdən şəkər xəstəliyi tapdı. Ölümünə 2 ay qalmış prezident təqaüdü verildi bacıma. Gərək aidiyyəti orqanlar, Mədəniyyət və Turizm Nazirliyi heç omlasa Mahrux Muradovanın sənətinə qiymət verəydi. Özünü "ulduz" adlandıran xalq artistlərindən Mahrux qat-qat yaxşı oxuyurdu. Özüm də həmin dərdləri yaşayıram. Sovetlər dövründə televiziyanın efirindən düşməzdim, radio dalğalarında lent yazılarım səsləndirilərdi. İndi, görəsən, pişik asqırıb... Mən ovaxtkı Tahirə Muradovayam. Görəsən, nə olub ki, bu gün telekanallar üzümüzə bağlanıb. Bəlkə onlar məni tanımır, nəyə görə bizi yada salmırlar. Məni xalqıma tanıtdıran və özümə bu gün də doğma bildiyim "AzTV" yada salardı. Gərək məni xalq artisti, muğam ustası Rübabə Muradovanın yadigarı kimi canlı efirə çağırsınlar, heç olmasa lent yazılarımı səsləndirsinlər. Bizi itirib-axtaran yoxdur.

   "İTV" xalqın televiziyasıdır. Heç olmasa onların yadına düşüm. Məni canlı efirə dəvət etsinlər, problemlərimizlə, dərd-sərimizlə, həyat tərzimizlə maraqlansınlar. Maddi çətinliklər içərisində 5 nəfər ailə üzvümlə yaşayıram. Təmirsiz divarları uçub-tökülən 1 otaqlı mənzildə qalmışam. İşləyənimiz yoxdur. Yenə də sağ olsun köhnə dostlar, bizi axtarıb-arayır, düşəndə məclislərinə dəvət edir, köməklik göstərir, ac qalmağa qoymurlar. Axı bu, yaşamaq deyil, kiminsə əlinə baxmaq, kölgəsinə qısılmaqdır! Zəmanə çox dəyişib. Gərək üzlü olasan. Sifətləri çaylaq daşı kimi sürtülmüş "ulduz"lar kimi... Abrıma qısılıb oturmuşam. Səhnə mədəniyyətim, səsim, zahiri görkəmim göz qabağındadır. Xalqım da məni yaxşı tanıyır. Bu günün özündə də qocalar evinə, internat məktəblərinə tədbirə gedib orada təmənnasız oxuyuram. Mən də istəyirəm ki, sağlığımda sənətim, zəhmətim qiymətləndirilsin, layiq olan adımı alım.

 

Qələndər Xaçınçaylı

Həftə içi.- 2010.- 28 dekabr.- S.7.