Rubin Abdullin: "Dünya musiqisi Qara Qarayevsiz
bütöv olmazdı"
Bakıda məşhur bəstəkar
Qara Qarayevin xatirəsinə həsr olunmuş pianoçuların
I beynəlxalq elmi-ifaçılıq
müsabiqəsi və
pianoçuların "Fortepiano Qara Qarayev yaradıcılığında"
I beynəlxalq elmi-ifaçiliq
konfransı öz işinə başlayıb. Pianoçuların I beynəlxalq elmi-ifaçılıq
müsabiqəsində Rusiya,
Gürcüstan, Türkiyə,
Qırğızıstan, Küveyt,
Tatarıstan, Özbəkistan,
Türkmənistan kimi
10-a yaxın ölkədən
olan gənc pianoçular öz istedadlarını nümayiş
etdirəcək. İştirakçıları xalq artisti Fərhad Bədəlbəylinin
rəhbərlik etdiyi
5 nəfərdən ibarət
beynəlxalq tərkibli
münsiflər heyəti
qiymətləndirəcək. Müsabiqənin Üzeyir
Hacibəyli adına
Bakı Musiqi Akademiyasında gerçəkləşən
açılışında Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Moskva Konservatoriyasının
rektoru Aleksandr Bonduryanski və bir çox tanınmış musiqiçilər
iştirak edib. Adıçəkilən musiqiçilər dahi bəstəkar haqqında fikirlərini
"ANS"lə bölüşüblər.
Fərhad
Bədəlbəyli Qara
Qarayevin həmişə
Azərbaycan xalq musiqisindən, muğamlarımızdan
ilhama gələrək
yaratdığını deyir:
"Leyli və Məcnun", "7 gözəl"
simfonik poemaları bu silsilədəndir. Biz fəxr edirik
ki, o, uzun illər Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasının
müdiri olub".
Moskva Konservatoriyasının
rektoru Aleksandr Bonduryanski Qara Qarayev haqqında nümunəvi, məşhur
sovet bəstəkarı
kimi, dünya musiqi mədəniyyətinə
nadir töhfələr bəxş
edən sənətkar
kimi danışa biləcəyini bildirib:
"Onun bütün əsərlərində hüdudsuz
istedad özünü
göstərir. İş ondadır
ki, məşhur bəstəkar kimi Azərbaycan milli musiqisindən bəhrələnərək
qoyduğu yaradıcı
irsi onu böyük zirvəyə
qaldırıb. Bununla bərabər,
Qara Qarayev rus musiqisini də çox yaxşı bilirdi. Yəqin, bilirsiniz ki, o, Rusiyada təhsil alıb. Bu təhsil ocağı hər zaman öz tələbəsinin
xatirəsini əziz tutur və təsadüfi
deyil ki, Moskva Konservatoriyasının
rektorluğu Qara Qarayev adına
I beynəlxalq musiqi festivalı üçün
Moskva Konservatoriyasının
xüsusi mükafatını
təsis edib". Kazan Konservatoriyasının
rektoru Rubin Abdullin də dahi bəstəkar
haqqında fikirlərini
dilə gətirib:
"Qara Qarayevi dünya musiqisinin rəssamı hesab etmək olar. O həm də filosof idi. Musiqinin fəlsəfəsini
çox gözəl bilirdi. O özündən
sonra silinməz iz qoyub. XX əsrin mədəniyyəti
və qısa desək, dünya musiqisi Qara Qarayevsiz
bütöv olmazdı".
Həftə içi.- 2010.- 10 dekabr.-
S.7.