Mən sənətimin "Leyli"siyəm

 

Nəzakət Teymurova: ""Qarabağ şikəstəsi"ni unutmaq Qarabağın özünü unutmaq deməkdir"

 

Musiqi beşiyimiz Qarabağ sənətkarlar diyarı olub. Elə onun havası da, suyu da musiqi üstündə köklənib. O musiqi ki insanların ciyərlərinə hopub, boğazlarında hələ də sirləri məlum olmayan ecazkar səsə çevrilib. Xalq artisti Nəzakət Teymurovanın səsi kimi. O, öz məlahətli səsi ilə zamanın xəlbirindən, süzgəcindən keçən sənətçilərimizdəndir.  

Ağdam rayonunun Kolanı elində, Əlimədədli kəndində el ağsaqqalı Xosrov kişinin evində dünyaya göz açıb. Aidə bulağının saf suyundan içə-içə, Xaçın çayının axarlı-baxarlı sularında tumarlana-tumarlana, durula-durula, əlçatmaz dağların təmiz havasını ciyərlərinə çəkə-çəkə böyüyüb- ərsəyə gəlib. Nəzakət xanımgilin evləri kəndin qurtaracağında yerləşirdi. O, qeyri-adiliyi ilə seçilərdi. Böyük iydə bağları var idi. Bağın kənarı ilə suları iti sürətlə axan dərin bir arx keçirdi. Hərdən arxın üstünə gələr və onun şəffaf sularına baxa-baxa zümzümə edərdi. Hamını riqqətə gətirərdi, o həzin, yanğılı səs sanki qeybdən gəlirdi, əsl Tanrı vergisi idi. Hər adama da Tanrı o səsi vermir. O adama verir ki, o, yaradanına yaxın olur, onun sevimli bəndəsinə çevrilir. Tanrı payına, Tanrı nemətinə xəyanət etmir, onu xalqına çatdırır. Nəzakət xanım oxumağa kiçik yaşlarından, hələ orta məktəb illərindən gəlib. 1981-ci ildə Ağdamda "Pioner evi"nin nəzdində fəaliyyət göstərən və Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ bülbülləri" ansamblına üzv yazılır. Bir müddət orada çalışır, getdikcə püxtələşir. Nəzakət xanım sənətə gəldiyi günləri belə xatırlayır: "1989-cu ildə Bakı Energetika Texnikumunda təhsil alırdım. Və texnikumun öz fəaliyyət ansamblında çıxış edirdim. O vaxtlar səs üzrə texnikum və institutlararası müsabiqələr keçirilərdi. Mən də həmin müsabiqələrə qatılaraq 1-ci yerə çıxdığıma görə məsləhət bildilər ki, musiqi təhsili alım. O zaman səsim iştirakçıların da çox xoşuna gəlmişdi və 1991-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə xanəndə fakültəsinə daxil oldum. Oranı bitirib Musiqi Akademiyasında təhsilimi davam etdirməklə yanaşı, Opera və Balet Teatrında fəaliyyətə başladım. İlk dəfə səhnəyə "Ana Kür", "Qarabağ" mahnısı ilə çıxdım. Operada rejissor Hafiz Quliyevdən səhnə davranışını, rolda oynamağın yollarını öyrəndim.

İlk rolum "Leyli Məcnun" operasında Leyli olub. Bu rolun üzərində 7 ay çalışmışam. Bunu ifa edərkən böyük məsuliyyət hiss etmişəm. Böyük sənətçilər qarşısında sanki imtahan verirdim. Hər dəfə məşqə gələndə böyük həyəcan keçirirdim. Tərəf müqabilim xalq artisti Mənsum İbrahimov idi. Bu rol mənə uğur gətirdi. Sonradan "Aşıq Qərib" operasında Şahsənəm, "Gəlin qayası"nda Gülbahar, "Koroğlu"da Xanəndə qız, "Vaqif" operasında Xanəndə qız, Vasif Adıgözəlovun "Natəvan" operasında Xanəndə qız bu kimi rollarda çıxış etmişəm. 2000-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artsiti adına layiq görülmüşəm".

- Bəzi sənətçilərimiz deyir ki, əgər ermənilər Qarabağda kök atıblarsa, muğam oxusunlar. Bəlkə ermənilərdən muğam oxuyan çıxdı. Onda necə?

- Muğam irsən canımıza, qanımıza hopub, onun incilərini ancaq azərbaycanlılar bilir. Ermənilər hər hansı bir muğamı musiqi alətlərində ifa edə bilərlər. Amma onların muğam oxumağa boğazları ola bilməz. Tanrı bu incəliyi bir sirr kimi bizim xalqımıza nəsib edib.

- Bəzi ağzı göyçəklər deyirlər ki, Qarabağ bizdə deyil, bəs "Qarabağ şikəstəsi"ni niyə oxuyurlar? Buna münasibətiniz?

- Qarabağ hər birimizin ağrılı yerimizdir. Ona görə o, həm siyasət, həm musiqi şəklində təmsil olunmalıdır. "Qarabağ şikəstəsi" hər vaxt təbliğ olunmalıdır. "Qarabağ şikəstəsi"ni unutmaq elə Qarabağın özünü unutmaq deməkdir.

- Bir çox xarici ölkələrdə səfərdə olmusunuz. Olduğunuz ölkə xalqlarının Azərbaycan, Qarabağ haqqında təsəvvürləri varmı?

- ABŞ, Fransa, Almaniya, Macarıstan, Yaponiya, Koreya, Türkiyə, Ərəb Əmirlikləri, İran, Rusiya, İsrail, onlarca xarici ölkədə olmuşuq. Orada xalq musiqimizi, muğamlarımızı, milli adət-ənənələrimizi yetərincə təbliğ etmişik. Qarabağ, Azərbaycan haqqında kifayət qədər onların məlumatları var. Biz bacardığımızı təbliğ edirdik.

- Leyli rolunu ifa edən sənətçilər çox olsa da, ancaq siz öz məharətinizlə "Leyli" obrazına möhür vurmusunuz. Səhnənin "Leyli"si Nəzakət Teymurova həyatda özünü "Leyli" kimi görə bilirmi?

- Mən elə sənətimin "Leyli"siyəm. Həyatda adi bir vətəndaşam. Hər gün öz peşəmlə məşğul oluram. Tələbələrimə sənətimin sirlərini öyrədirəm.

- Hansı opera üzərində işləyirsiniz?

- Milli operamızın əksəriyyətində iştirak edirəm. Ümumilikdə opera mənim ruhuma yaxın olduğundan təklif aldığım bütün operalarda iştirak etməyə çalışıram, lakin bununla yanaşı, xaricə səfərlərim olur. Yaxın günlərdə Avropa ölkələrinə səfərimiz gözlənilir. Bu haqda danışıqlar gedir. Eyni zamanda "Əzizinəm Qarabağ" adlı diskim işıq üzü görüb. Həmçinin ritmik muğamlarla bağlı yeni diskim hazırlanır.

- Xalq artisti Arif Babayev səhnəmizə Leyli kimi Nəzakət xanımı gətirdi, bəs Nəzakət xanım kimləri gətirib?

- İstedadlı tələbələrim çoxdur. Muğam müsabiqəsinin iştirakçısı Vüsalə Musayevanı Leyli kimi səhnəyə gətirmişəm. Onun zahiri görünüşü, səhnə mədəniyyəti səsi buna imkan verir. İnanıram ki, Vüsalə gələcəkdə ümidlərimizi doğruldacaq.

- Xarici ölkələrdə olarkən hansı qəzetlər sizdən müsahibə alıb. Ümumiyyətlə, Nəzakət xanım yerli qəzetlərə müsahibə verirmi?

- Müsahibə verməkdən xoşum gəlmir. Belə çıxır ki, mən özümü tərifləyirəm. Bizim çıxışlarımız barədə istər xarici, istərsə yerli mətbuat yetərincə yazır. O baxımdan çalışıram ki, öz işimdə daha çox uğur əldə edim ki, qəzetlər mənsiz onu yazmağı məsləhət bilsin. İfaçılıq, xanəndəlik mənim sənətimdir, mən onu dərəcə yerinə yetirə bilirəm, onu xalqım bilər. Bu səsi mənə verdiyinə görə Tanrıma, alqışları ilə bu səviyyəyə çatdığıma görə xalqıma minnətdaram.

- Musiqi özü bir silah, onun gülləsi isə səsdir. Hansı günlərdə Nəzakət xanım silahdan çıxan mərmi kimi açılır?

- Səs görünüş baxımından xanəndə həmişə formada olmalıdır. Ola bilər ki, ifaçı hər dəfə yaxşı oxumasın. Yaxşı ifa etmək bizim ovqatımızdan, xoş əhvali-ruhiyyəmizdən asılıdır. Tamaşaçılar qarşısında çıxış edərkən həm səhnə mədəniyyətin, həm səsin yerində olmalıdır.

- Bəzi sənətkarlar televiziya kanallarından gileylənib deyirlər ki, pulumuz olmadığına görə efirə dəvət oluna bilmirik. Efirə çıxmaq üçün gərək onların hesabına müəyyən məbləğdə pul köçürəsən. Sizdə belə hallar olubmu?

- Sənəti olan adamı həmişə efirə çağırıblar. Bir sözlə, xalq tərəfindən sevilən tanınan efirə dəvət olunur hər efirə çıxanda tamaşaçı onu yüksək səviyyədə qəbul edə bilir. Mən dövlət sənətçisiyəm, xalq artistiyəm, bizdə bu günə kimi pul haqq-hesabı olmayıb. Görünür, problem sənətçinin özündədir.

- Nəzakət xanım "şou-biznes"ə necə baxır? Sizin arxanızca danışan sənətçilər, dedi-qodu edənlər varmı?

- Mən özümü orada görmədiyim üçün onlar haqqında hər hansı bir fikir söyləyə bilmərəm.

- Bir tamaşaçı kimi xalq artisti Nəzakət Teymurovanın xarakteri, səhnə mədəniyyəti dərəcədə sizi qane edir?

- Özüm haqqında söz deməyi xoşlamıram, onu tamaşaçı deyə bilər.

- Əgər həyatınızı 2-ci dəfə yaşasanız hansı peşəni seçərdiniz?

- Yenə sənətimi.

- Nəzakət xanım toylara gedirmi?

- Gəlin səhnədən söhbət açaq.

- Siz özünüzü xoşbəxt sayırsınız? Bir sözlə, xoşbəxtliyi nədə görürsünüz?

- Xoşbəxtlik böyük bir anlamdır. Qoynunda doğulub boy atdığım doğma yurd yerimiz, Qarabağımız, Ağdamımız əgər yağı düşmən tapdağından azad edilirsə gedib ata yurdumu ziyarət edərəmsə, onda özümü xoşbəxt sanaram.

- Gələcək planlarınız barədə deyə bilərsiniz?

- Bütün muğamlarımızı lentə alacağıq. Yeni proqramlar üzərində çalışırıq. Planımızda var ki, üzümüzə gələn ildə solokonsert verək. Artıq bununla bağlı hazırlıq işləri görürük.

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2010.- 4-6 dekabr.- S. 14.