Gəncə tarixinin 18 şahidi

Cümə məscidində olan minarənin biri Suriyadadır  

 

Gəncə öz qədimliyi, tarixi abidələri, dini ziyarətgahları, bir sözlə, mədəniyyəti ilə həmişə seçilib. Əgər tarixə nəzər salsaq, görərik ki, Gəncə şəhəri həm dini ocaqları ilə fərqlənib. Heç təsadüfi deyil ki, bu şəhərdə 18 məscid tikilərək istifadəyə verilib.

   Yaxın günlərdə Gəncədə olmaq imkanı əldə etdik. Fürsətdən istifadə edib oradakı məscidləri ziyarət etdik. Bu şəhərdə vaxtilə Qazaxlar məscidi (1880), Bala Bağman məscidi (1884), Qırıxlı məscidi (1880), Şahsevənlər məscidi (1882), Qızıl Hacılı (1877), Zərrabi məscidi (XVII əsr), Ozan məscidi (1884), Xəlfəli məscidi (1884), Hüseyniyyə məscidi (1825), Şərəfxanlı məscidi (XIX əsr), Molla Cəlilli (İmamlı) məscidi (XIX əsr), 7 sütunlu alban məbədi (XVIII əsr), lüteran kilsəsi (1885) Aleksandr Nevski kilsəsi (XIX əsr), rus-provaslav kilsəsi (1887), erməni kilsəsi (XIX) inşa edilib. Böyük Bağmanlar məhəlləsində "Həzrəti Zeynəb" məscidinin tikintisi isə 2006-cı ildə Heydər Əliyev fondunun dəstəyi ilə başa çatdırılıb.

   Onu da qeyd edək ki, Gəncədə ən çox tanınan məscid Cümə məscididir. Ona el arasında Şah Abbas məscidi deyirlər. Məscidin çox qədim tarixi var. Tikili 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir. Məscidin qarşısındakı qoşa minarə XVIII əsrin sonlarında inşa edilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qarışığından qırmızı kərpicdən istifadə edilib. Binaya əlavə olaraq qoşa minarə tikilib. 1920-ci ildə rus bolşevikləri tərəfindən şəhərə ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyildiyindən həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılıb. Ş.İ.Xətai prospekti Gəncə küçələrinin kəsişməsində yerləşən bu bina hazırda məscid kimi fəaliyyət göstərir. Şah Abbas məscidinin salonu öz dövrünə görə ən iri ibadət məkanlarından olub. Məscidin salonunda möhkəm palıddan hazırlanmış bir minbər var. Özlüyündə unikal bir incəsənət əsəri olan şəbəkə üsulu ilə bircə mismar belə işlədilmədən hazırlanmış minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eyni olan, müxtəlif vaxtlardakı düşmən hücümları zamanı xəsarət görmüş bu minbəri 1897-ci ildə Gəncə hakimi Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar təmir etdirib. Şücaəti ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilmiş Cavad xanın məqbərəsi Şah Abbas məscidinin yaxınlığındadır. Ümumiyyətlə, Ziyadoğlu nəslindən olan digər xanların da qəbirləri bu ərazidə olub. Sovet dövründə aparılan rekonstruksiya işləri nəticəsində onlar ləğv edilib. Amma Şah Abbas məscidi ətrafında tarixini hələ çoxlarının bilmədiyi başqa məzarlar da mövcüd olub.

   Orada olarkən bizimlə həmsöhbət olan Gəncə sakini Anar İsmayılov bildirdi ki, məscidin içərisində 12 hücrə var: "Həmin hücrələr 12 imamın adı ilə bağlıdır. Məscidin 2 minarəsi var. Belə minarə dünyada 2 yerdə, biri Suriyada Maviyədə, ikincisi isə Gəncədə Cümə məscidindədir. Peyğəmbərimiz hücrələri müsafirlər üçün buyurub".

   Məscidin həyətindəki xan çinarın yaşının 400 il olduğu söylənilir. Onu da öyrəndik ki, el arasında Şah Abbas məscidi kimi tanınan Cümə məscidinin həyəti əvvəllər qəbiristanlıq olub. Lakin sonralar həmin ərazi köçürülərək səliqəyə salınıb. İmamın yeddisi günü orada ibadət edənlərin sayının çox olduğunun da şahidi olduq.

   Məscidin bir tərəfində hörgüdə bir kobud daşın olduğunu da müşahidə etdik. Dindarlar söylədilər ki, həmin daşın yeri əvvəllər boş olub. Günün şüası vaxt oraya düşərmişsə, azan o zaman verilərmiş. Bununla da azan vaxtının vaxt yetişdiyini bilər, o zaman namaza hazırlıq görərlərmiş. Hazırda həmin yer qapanıb.

   Məsciddə olarkən divarda bir yazının da şahidi olduq. Söylənilənlərə görə, bu yazı məscid tikiləndən burada yazılıb. Deyirlər ki, burada kiminsə qəbri yerləşir.

 

Pərvin İsmayılova

Həftə içi.- 2010.- 30 dekabr.- S.6.