Unudulmuş Fatma Mehralıyeva
Onun lent yazıları niyə səsləndirilmir?
Son 30 ilə yaxındır səsi telekanallardan və radio dalğalarından
gəlməsə də,
hələ də qəlbimizdədir Fatma Mehralıyeva. Onun "Kəsmə şikəstəsi" qulaqlarımızdan
getməyib, ürəyimizi
parça-parça edir,
bizi yandırır və yandıra-yandıra
saflaşdırır.
Fatma xanım hələ sağlığında da
təbliğatı xoşlamayıb. Səsinə, sənətinə, gözəl
ifaçılıq tərzinə
görə xalqımızın
hörmətini, dərin
məhəbbətini qazanıb.
Bu gün aramızda
olmasa da, xalqımızın qəlbində
onun əziz xatirəsi daim yad edilir.
Yaxşı yadımdadır:
həyatı dərk etdiyim, ağı-qaradan seçdiyim vaxtlarım idi. O dövrdə evimizdə qramafon və bir də
"batareya" ilə
işləyən radio vardı.
Ona el arasında "pryomnik"
deyirdilər. Babam
Behbud kişi böyük sənətçilərimiz
Cabbar Qaryağdıoğlu,
Bülbül, Xan əmi, Seyid Şuşinski, Mütəllim
Mütəllimovun səsi
yazılmış valların
arasında Fatma xanımın da valını qramafonda səsləndirərdi.
F.Mehralıyevanın səsi yanğılı idi, mahnıları da ürəkdən oxuyardı. Bəlkə də bu yanğı, bu sızıltı onun dərd-qəmi və bəlkə də neçə-neçə əsrlərdən
bəri xalqımızın
başına açılmış
müsibətlər, ağrılar
idi. Fatma xanımın səsi
İlahi qüdrətdən
yaranmışdı.
Onun ifa etdiyi mahnılar adamın ürəyinə
yağ kimi
yayılar, qəlbinə,
ruhuna hopardı. Hətta ağlayan körpəni də kiridərdi. Böyük sənətkarların böyüklüyü
ondadır ki, çox sadə, kövrək olur, ifa etdikləri muğam və mahnılara da möhürlərini vururlar.
Məsələn, Yaqub Məmmədov
"Heratı"ya, Rübabə
Muradova "Qara gilə"yə, Şahmalı
Kürdoğlu "Rast"a,
Qədir Rüstəmov
"Sona bülbüllər"ə
möhürlərini vurduqları
kimi, Fatma Mehralıyeva da "Kəsmə şikəstəsi"
ilə yaddaşımızda
qaldı.
Bu gün sənətçilər
çoxdur. Bunların arasında özlərini
"ulduz" adlandıranlar,
hər gün telekanallarda özlərini
reklam etdirənlər
də var. Təbliğat
kampaniyaları nə qədər güclü olsa da, özlərini
xalqın qəlbinə
sırısalar da, lakin xalq onları
qəbul etmir. Xan Şuşinski, Mütəllim
Mütəllimov, Səxavət
Məmmədov, Fatma Mehralıyeva kimi sənətkarlara isə sənətkar adını
xalq verib. Xalqın verdiyi ad isə əbədiyyət qazanır.
Fəqət bizi ağrıdan
odur ki Fatma
Mehralıyeva kimi sənətkarlarımız bir
sıra dairələrdə,
nədənsə, unudulub.
Təəssüflər olsun ki, o bir sənətkar kimi yad edilmir.
İmzalar içində imzası
görünmür. Artıq radio və telekanallardan da bayağı səslərə qulaq asmaqdan bezmişik. Yaxşı olar ki, axşamdan səhərə qədər
bütün gün musiqi verən özəl telekanallar heç olmasa bir dəfə də Fatma xanımın
ifasında "Kəsmə
şikəstə"ni
səsləndirsinlər.
Deyək ki, özəllər şəxsi kanallardır və bu onların
şəxsi işidir. Lakin "İTV", "AzTV" isə həm xalqın, həm də dövlətindir. Həmin telekanallara
da bizim rəğbətimiz var. Böyük
sənətkarlarımız haqqında verilişlər
verilir, ifaları səsləndirilir. Amma Fatma
Mehralıyevanın ifasına
rast gələ bilmirik. Əgər bu gün F.Mehralıyeva
kimi sənətçilərimiz
unudulursa, sabah
digərləri də
unudulacaq.
Qulağıma qeybdən bir səs gəldi - bu səs F.Mehralıyevanın
"Kəsmə şikəstəsi"
idi. Görünür, bu səs də Qarabağ kimi əsirlikdədir.
Çox
heyf ki bizlər
Qarabağdan, Fatma xanımın "Kəsmə
şikəstə"si isə
qulaqlarımızdan uzaq
düşüb.
Qələndər Xaçınçaylı
Həftə içi.-
2010.- 15 dekabr.- S.7.