Azərbaycan filmi Paris festivalını yekunlaşdırıb

 

Dekabrın 8-dən 14-dək Parisdə Qafqaz kinosu festivalı keçirilib. Dünən Azərbaycanın "Qala" filmi festivala yekun vurub. Bu barədə Trend Life-a ssenarist, rəssam, rejissor Jorj Branev məlumat verib. Film Parisdəki latın rayonunda yerləşən kinoteatrda nümayiş etdirilib. Festivalda müxtəlif tarixi, sənədli filmlərin proqramı təqdim olunub ki, orada həm Qafqaz regionu ölkələrinin, həm avropalıların Qafqaz haqqında filmləri nümayiş olunub. Festivalda yeganə Azərbaycan filmi "Qala" olub. "Qala" "Azərbaycanfilm"də çəkilib 83 dəqiqə davam edir. Quruluşçu-rejissor ssenari müəllifi Şamil Nəcəfzadə, baş prodüser Xamis Muradov, prodüserlər Rauf Atamalıbəyov, Timur Vaynşteyn, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yhuliya Perefild, Məmməd Ağa ifa edirlər.

 

 

Həftə içi.- 2010.- 16 dekabr.- S.7.