Türk xalqlarının
malik olduğu mədəniyyət bütün
dünyanı heyrətə
salır
Azərbaycan paytaxtındakı Muzey Mərkəzində "Türkdilli
xalqların musiqi alətləri" mövzusunda
beynəlxalq simpoziumun
açılışı olub. Tədbir Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi tərəfindən
birgə təşkil
olunub. Açılış
mərasimində çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib ki, simpoziumun əsas vəzifələri
türkdilli xalqların
musiqi alətlərinin
ümumi və fərqli əlamətlərinin
müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması,
bəstəkarlıq yaradıcılığında
ənənəvi musiqi
alətləri, türk
xalqlarının musiqi
alətlərinin kolleksiyalarının
müəyyən edilməsidir.
Nazirin sözlərinə görə,
tədbirdə məqsəd
yeni yanaşmalar və qiymətləndirmələr,
yox olmuş alətlərin bərpası,
mühafizəsi, pedaqogika
və ifaçılıq
məsələlərinin müzakirəsidir.
"Türk xalqları
hər zaman çox böyük və qədim mədəniyyətə malik
olub. Tarixin heç bir
dövründə türk
xalqları kiminsə mədəniyyətini mənimsəməyib,
çünki malik olduğumuz mədəniyyət
bütün dünyanı
heyrətə salır.
Ancaq tarix boyu türk
xalqlarının mədəniyyəti
daim başqaları tərəfindən mənimsənilib,
özününküləşdirilib".
TÜRKSOY-un baş katibi
Düsen Kasinov isə Azərbaycana bu tədbirə ev sahibliyi
etməsi ilə əlaqədar təşəkkürünü
bildirib. Dekabrın
17-də işini davam
etdirəcək simpoziuma
TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosofları qatılıb.
Həftə içi.-
2010.- 17 dekabr.- S.7.