"Gözəlliyim başıma bəla olub"

 

Şərafət Dağıstanlı: "2000-dən artıq şeirim başqaları tərəfindən oğurlanıb"

 

Elə mahnılarımız var ki, onların sözlərinin müəllifi bilinmir. Bir xalq mahnısı kimi gəlib bizə çatıb. Belə mahnıların söz sahiblərindən biri də Şərafət Dagıstanlıdır. Amma onun sözlərinə yazılmış "Yaralama", "Sənsiz", "Getdim səndən xəbərsiz", "Zəminə", "Səndən yaman incimişəm" və bu kimi 60-dan çox mahnı Xan əmi, Rübabə Muradova, Arif Babayev, Nəzakət Teymurova, Könül Xasıyeva, Mənsum İbrahimov, eləcə də digər məşhur sənətkarlarımız tərəfindən sevilə-sevilə ifa edilib. Həmin mahnılar bu gün də gündəmdədir.

Paytaxtda sorğu apardıq. Heç kəs Şərafət Dağıstanlını tanımadı. Belə bir şairənin adını eşitmədiklərini söylədilər, yalnız bir neçə nəfərdən başqa. Amma sözlərinə yazılmış mahnıları əzbərdən bilir, hətta onu ifa edən müğənnilərin adlarını da çəkdilər. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair olsam da, düzü, mən də 71 yaşlı Şərafət xanımın nə adını eşitmişdim, nə də üzünü görmüşdüm. Bu cür qocaman, el şairinin indiyə kimi üzə çıxmamasının səbəbkarı, görəsən, kimlərdir?

Ş.Dağıstanlı acı taleyini xatırladıqca gözlərindən axan yaş sifətində ağ cığır aça-aça süzülürdü. Şeirləri kimi özü də çox kövrək idi.

Müsahibimiz bildirdi ki, 1939-cu ildə Dağıstan vilayətinin Rutul rayonunun Cilixor kəndində ziyalı ailəsində doğulub: "Ailəmiz hərbçi olub. Atam Abdulla Cəlil və 5 qardaşı II Dünya müharibəsindən qayıtmadı. 5 yaşım olarkən anam Samur çayında boğulub. İki qardaşım və mən yetim qalmışıq. Dayım Kazım kişi müharibədən qayıdandan sonra bizi Qax rayonuna apardı. 1950-ci ildə isə xalam məni Bakı şəhərinə - öz evinə gətirdi. Onun yanında böyümüşəm. Uşaqlıq illərindən şeir yazmağa başlamışam. Təxminən 10 yaşım olanda mənə yuxuda şeir yazmaq üçün vergi verildi. Elə o ildən də yaradıcılığa başladım. 16 yaşımdan şeirlərim "Azərbaycan müəllimi", "Bakı", "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" və digər qəzetlərdə çap edilib. İlk şerim "Mən durna olaydım" oldu. Elə həmin şeirlə də ədəbiyyata gəldim".

- Sizi SSRİ dönəmindəki əksər yazıçı və şairlər tanıyırdı. Nə əcəb bu cür istedad sahibi olan şəxs cəmiyyətdə və xalq arasında məşhurlaşmadı?  

- Günah özümdədir. Akademik, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədovla çox yaxınam. Bir gün o mənə dedi ki, bütün günahlar sənin özündədir. Özünə qarşı laqeyd olmusan. İki misrası olanlar artıq prezident təqaüdçüsüdür. Amma sən hələ də susub oturmusan. Gərək haqqını özün tələb edəsən.   

- Bəs nəyə görə bu günə qədər susmusunuz?

- Çünki elə insanlar var ki, onların üzündə laqeydlik, biganəlik gördüm. Hara gedirdimsə göz yaşları içində geri qayıdırdım. Vaxtilə çox gözəl idim. O gözəllik isə başıma bəla olub. Gözəlliyim hətta həyatımı da uğursuz etdi. 16 yaş özümdən böyük olan bir kişi ilə ailə qurdum. Bu sevinc çox uzun çəkmədi. Qızım 2 yaşında olarkən həyat yoldaşım dünyasını dəyişdi. Ömrümü qızım Günaya bağışlamışam. 

- Haqqınızda böhtan və xoşagəlməz sözlər işlədənlər olub. Onlara nə cavab verərdiniz?  

- Özüm də bilmirəm. Belə bir məsəl var: pişiyin ağzı ətə çatmayanda deyər ki, iylənib. O kəslər ki mənə xoşəgəlməz təkliflər vermişdilər, mən qəbul etməmişdim, ailə qurandan sonra da haqqımda müxtəlif şayiələr yaydılar. Bu kimi haqsızlıqlar ömrümü zərrə-zərrə əritdi. Mən namusumu hər şeydən üstün bilib abrıma qısıldım. Çünki evdə qız uşağı da böyüdürdüm. Bu səbəbdən də məni artıq heç kəs tanımır. 20 ildən çox AYB-yə gedib-gələ bilmədim. Uzun müddət mətbuatdan uzaq düşdüm. Çox acı taleyim olub. Ehtiyac məngənəsində sıxıldım. Qardaşlarımı vaxtsız itirdim. Tanrı qardaşlarımı da mənə çox gördü. Elə bil həyatın sərt sınağına çəkirmiş məni... Çox şeirlərimi oğurladılar. Ehtiyac üzündən 3 dəfə evimi dəyişdim. Nəzarətsizlikdən nəyim vardısa, hamısını itirdim.   

- Siz həm də Moskva şəhərində yaşamısınız. Bu, neçənci illərə təsadüf edir?  

- Təxminən 1977-80-ci illərdə Moskvada yaşamışam. Orada Nazim Hikmət, Əziz Şərif, Orxan Kamal, Yaşar Kamal və Əziz Nesin kimi böyük türk şairləri ilə yaxşı yoldaşlığım olub. 1976-78-ci illərdə Xəlil Rza, Mehdi Hüseyn, Çingiz Aytmatov kimi böyük şəxsiyyətlərlə dünya konqreslərində iştirak etmişəm. Təəssüf ki, onlarla çəkdirdiyim xatirə şəkillərimi itirmişəm. Bu gün də Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. Sağ olsun Azərbaycan Qadınlar Şurasının sədri Dünyaxanım Əliyevanı. Bu ilin aprelində doğum günümü keçirdi. Ancaq Azərbaycan Yazıçılar Birliyindən bir nəfər də məni yada salmadı. 1961-ci ildə Səməd Vurğunun heykəlinin açılışı zamanı çıxış etdim. Orada Səməd Vurğuna həsr etdiyim "Ölməz nəğməkar" şeirini oxudum. 1964-cü ildə isə Məhəmməd Füzulinin heykəlinin açılışında çıxış etdim.   

- Bu gün ehtiyac və maddi çətinliklər içərisində yaşayırsınız. Bu barədə kimlərəsə müraciət etmisiniz?  

- Məni AYB-də Anar müəllimin qəbuluna buraxmayaraq dedilər ki, sədr hər adamı qəbul etmir. Çünki fəxri adlar müstəsna xidmətləri olan şəxslərə verilir. Onlara müraciət etdim ki, yaradıcılığımı yoxlayın. Görün bu xidmətə layiqəm, ya yox? Axı şeirlərimə bəstələnmiş mahnıları xalq sevir. Bu yaxınlarda durumumla bağlı aidiyyəti qurumlara müraciət etdim. Hələ cavab almamışam.   

- Eşitdiyimizə görə, şeirlərinizə yazılmış mahnıların müəllif kimi adınız bu gün də hallanmır...

- 60-dan çox şeirimə mahnı yazılıb. 2 il bundan əvvəl 18 mahnının şəhadətnaməsini dövlət tərəfindən almışam. Yerdə qalan mahnılar da oxunur, amma sözləri kimindir, hansı bəstəkarındır, bilinmir, xalq mahnısı kimi səslənir. Yəni mənim müəlliflik hüququm tapdalanıb. Qeyd edim ki, hətta sözlərimə yazılan mahnılar "Qızıl fond"a da düşüb.   

- Siz Xan əminin ailəsi ilə də yaxın olmusunuz. Bu barədə xatirələriniz  

   - Xanın həyat yoldaşı ilə çox yaxın olmuşam. Qabaqcıl işçi olduğuma görə Şuşa sanatoriyasında istirahət edirdim. Xan əmi ilə ilk tanışlığım 1965-ci ildə Şuşa sanatoriyasında baş verib. O, yaradıcılığımla maraqlanıb dedi ki, sən fitri istedada malik şairsən. Həmin vaxt "Olmur" şeirini yazdım. Xan əmi də həmin şeiri mahnı kimi oxudu. Bu gün də xanəndələrin, sənətçilərin dilindən düşmür. Mənim sözlərimə yazılmış mahnılarla çox sənətçi məşhurlaşaraq festivalların qalibi olub. Lakin bircə dəfə də adımı hallandırmayıblar.   

- Hazırda yaradıcılığınız nə yerdədir?  

- Ruhdan düşməmişəm. Bu gün də həvəslə yazıb-yaradıram. Baxmayaraq ki 2000-dən artıq şeirim başqaları tərəfindən oğurlanıb. Məni ağrıdan odur ki bir çox tanınmış sənətçi mənimlə görüşmək belə istəmir. Amma şeirlərimə yazılmış mahnılara xalq vurğundur. Məgər xalq vurğununu da yaralamaq olarmı? Fikrimi 2 bənd şeirimlə tamamlamaq istəyirəm ki, qoy hər kəs bilsin bu əvəzsiz misraların müəllifi mənəm:

   

   Bir bülbüləm, xoşnəfəsli,

   Həmdəmimdir bahar fəsli,

   Xoşlamıram dar qəfəsi,

   Bağban, məni yaralama,

   Bu bağlardan aralama.

  

   Bir çiçəyəm, al qumaşı,

   Üstəki şeh üzük qaşı,

   Sevmirəm boranı, qışı,

   Sellər, məni yaralama,

   Çəmənlərdən aralama.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2010.- 31 dekabr.- S.7.