Oğuzda e.ə.II minilliyə
aid arxeoloji materiallar aşkarlanıb
Azərbaycanın Oğuz
rayonunun Kərimli kəndində e.ə.II minilliyə aid olan, 250 il davam
etməsi ehtimal edilən, amma adı bu günə
qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkarlanıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun Şəki,
Qax, Oğuz ekspedisiyasının rəisi
Nəsib Muxtarov deyib. Onun sözlərinə görə, həmin kənddə aparılan arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif
sülalələr tərəfindən
idarə edilməsi ehtimalı ortaya çıxıb.
N.Muxtarov deyib ki, Kərimli
kəndindəki kurqanlarda
aparılmış qazıntılar
nəticəsində bu
dövlətin olması
ehtimalına gəlinib. Ekspedisiya
rəisinin bildirdiyinə
görə, Kərimli
kəndində təxminən
3 hektar ərazidə olan, 14 belə kurqanda olduğu yer və hazırda
arxeoloji qazıntıların
aparıldığı ərazi
el arasında "Hökmdar
məzarlığı", rəsmi sənədlərdə
isə "Qazı yeri" adlanır. Bu da elə həmin
ehtimallara əsas verir: "Kərimli kəndindəki 2 saylı
kurqandakı dəfn çalasından çıxan
arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə,
yəni 2 saylı kurqanda dəfn e.ə.II minilliyin I rübünə, yəni orta tunc dövrünə
təsadüf edir. Əgər qızıl öküz başının tapıldığı
1 saylı kurqanı da e.ə.II minilliyin ortalarına aid etsək, onda belə çıxır ki, biz böyük həqiqətlə üz-üzə
dayanmışıq. Ola bilsin
ki, biz tarixdə adını bilmədiyimiz,
amma e.ə.II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud
da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər
üçün nəzərdə
tutulub".
N.Muxtarov deyib ki, bu
yenilik Azərbaycanın
qədim tarixinin deyil, Ön Asiyanın və Qafqaz regionunun tarixini öyrənmək üçün böyük
tarixi əhəmiyyətə
malikdir. Tədqiqatçı hazırda qazıntıların
davam etdiyini də bildirib.
Həftə içi.- 2010.-
31 dekabr.- S.7.