Sərhəddə bir şair yaşayır...

 

Mətləb Misir: "Dərd mənim həyatımın bir hissəsidir..."

 

Bir şair yaşayır Füzuli rayonunun Zobucuq qəsəbəsində. Qarabağın suyundan içən, dağların ab-havasından udan, əlvan çiçəklərindən qoxlayan, təbiətindən ilham alan bu şair ömrünün ən gözəl illərini, nə yazıq ki, məcburi köçkün həyatı yaşayıb.

Başqaları paytaxta gəlib öz gələcəkləri üçün çalışanda o, köçkünlərlə bərabər vaqonlarda ağrılı-acılı günlər keçirib. Bu şair Qarabağ camaatının yaxşı tanıdığı, oxucularımızı daim düşündürən Mətləb Misirdir.

İlk dəfə orta məktəbdə oxuduğum illərdə görmüşdüm onu. Sabirabad rayonunda məcburi köçkün olaraq məskunlaşmışdıq. İlk şeirlərimi Sabirabad rayonunda redaksiyaya təqdim edərkən baş redaktor məsləhət görmüşdü ki, şeirlərimə Mətləb Misirin rəyi lazımdır. Əgər rəy verərsə, o zaman çap etmək olar.

Yaxşı yadımdadır. Elə həmin gün Mətləb Misiri görməyə yollandım. Məni çox səmimi, mehribancasına qarşılayan şair yazılarımı nəzərdən keçirib özündə saxladı və diqqətlə baxacağını söylədi. Onu ikinci dəfə görməyə gedəndə evdən bir xeyli uzaqlığa qədər mənimlə addımladı. Balaca, şəraitsiz vaqonda məskunlaşan şairlə bir qədər söhbət etdik. Yolboyu elə hey düşünürdüm, görəsən, Mətləb Misiri bu qədər ağır vəziyyətdə yaşamağa vadar edən nədir? Bildiyim qədər övladları ali təhsilli və Bakıda müəyyən qədər imkanı olan şəxslər idi. Sualı şairə ünvanlayanda "Mən camaatımı qoyub gedə bilmərəm. Onlar ağır, mənsə yaxşı şəraitdə yaşasam, bunu özümə heç vaxt bağışlaya bilmərəm" kimi cavab aldım. Bu sözlərin nə qədər doğru olacağını isə zamanın axarına buraxdım.

İş fəaliyyətinə başladığım illərdən Mətləb müəllim haqqında bir xeyli məlumatlar ala bildim. Bəli, o Mətləb müəllim ki düz 17 ilə yaxın çadırda camaatın arasında yaşadı. Təbiəti gözəl, rahat yerlərdən ilham alıb yazmaq əvəzinə, illərini, aylarını çadır düşərgəsində əllərini hər yerdən üzmüş, üz-gözlərindən məzlumluq yağan soydaşlarının həyatlarına sərf etdi. İlham alıb yazacağı mövzuların əvəzinə, ağrı, dərdlə yükləndi. Ürək yanğısıyla yazdığı şeirləri ilə ürəklərə yol tapdı.

Bu dəfə onun qonağı olanda məni öz doğma yurdunun bir bölgəsində - Fizuli rayonunun Zobcuq qəsəbəsində, məcburi köçkünlər üçün tikilmiş müvəqqəti məskunlaşdığı evində qarşıladı. Bir qədər yorğun olan şairlə söhbətimə elə ötən illərin xatirələrindən körpü saldım.

- Ötən illər ərzində bir çox şairlər vardı ki, vətən ermənilər tərəfindən alındıqdan sonra paytaxta getdilər. Yazdılar, yaratdılar, rahat şərait qurdular. Mətləb müəllimsə əksinə, məcburi köçkünlərin arasında yaşadı, ömrünü onlara, onların dərdlərinə sərf etdi. Daha da yaxşı yaradıcılıq uğurları əldə edə bilərdi, lakin bu yolu seçmədi. Maraqlıdır, peşman deyil ki?...

- Mənim sonuncu kitabım var. O kitaba ön sözü Fikrət Qoca yazıb. İlk olaraq mən sizdən və oxucularımdan bu sözə görə üzr istəyirəm. Orada Fikrət müəllim məni Qaysin Quliyevlə müqaisə edib. Deməli, türklər Sibirə mühacirətə göndəriləndə Qaysin Quliyevi azad etmək istəyirlər. Lakin o etiraz edib deyir: "Mənim xalqım harda yaşayacaqsa, mən də orada yaşamalıyam". O da xalqı ilə yaşamağa üstünlük verib. Mən çox minnətdaram ki, Fikrət Qoca məni duyub yazıb. Verdiyi bu qiymətə görə ondan çox razıyam. Hər zaman xalqla yaşamaq praktikasını, təcrübəsini sevmişəm. Bunun üçün qətiyyən peşman deyiləm. Xalq necə yaşayırsa, mən də elə yaşayıram. Əvvəl siz də bildiyiniz kimi, çadırda yaşamışam. Mənim belə misralarım var:

 

Yenə də çadıra tərəf,

Qəmə dəyməyə gedirəm.

Dərdlərimə bir dəfə də,

Boyun əyməyə gedirəm.

 

Hər dəfə çadıra tərəf gedəndə, orada yaşayan insanları görəndə bir qədər qocaldığımı hiss etmişəm. Belə ki, o illərdə yazdıqlarım məcburi köçkünlərin həyatını əks etdirən misralar olub. Mənim xalqım çox yaxşı, mərd və dəyanətli xalqdır. Lakin bu illərdə bir məsələdən daim narazı qaldım. Bizim insanları ələbaxan öyrətdilər. Bax bu bizim xalqımıza yaraşmayan xüsusiyyətdir. Hər yardım veriləndə mənə çox pis təsir edirdi. Mənim daha çox bəyəndiyim insanlar zəhmətkeşlərdir. Taxıl biçib, pambıq yığıb ailəsini dolandıran insanlara daha çox hörmətim olub, nəinki... Belə ki, onlar öz zəhmətləri bahasına dolanıblar. Bəzən belə misralar da yazmışam:

 

Çadır yalan süfrəsidir, doymuşam,

Öz ömrümü ağ yalana qıymışam.

 

Hər zaman istəmişəm ki, xalqımız ümidli olsun. Yaxşı yadımdadır, mən əsgərlikdə olanda Xəlil Rza Ulutürklə məktublaşırdım. Yazırdı ki, "ruh düşgünlüyü mənəvi pozğunluqdur". Mən o illərdə bir dəfə də olsun ruh düşgünlüyünə uğramamışam. İnşallah, deyib ümid edə-edə gəlmişəm. Ümid edirəm ki, tezliklə Qarabağımız alınacaq, biz də oraya - öz doğma yurd-yuvamıza dönəcəyik.

- İnsanlarda daha hansı xüsusiyyəti sevmir şair Mətləb Misir?

- Mənəm-mənəmliyi! Vaxt gələr bu mənəm-mənəmlikdən qurtararıq. Məni ən çox narahat edən amillərdən biri də məhz budur. Tarazlıq yoxdur. Məsələn hər hansı bir növbədə bir mayor hər kəsi yarıb keçir. Deyirlər ki, mayordur. Nə olsun ki, mayordur?! Və ya hər hansı bir nazirin sürücüsü, qohumu yol hərəkəti qaydasını pozur. Həmin vaxt heç bir cərimə tətbiq olunmur. İsveç nazirinin sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə bir illik sürücülük vəsiqəsindən azad olunub. Bax əsl demokratiya budur.

- Yaddaşımda həkk olunan misralar çoxdur. Belə ki, hələ orta məktəbdə oxuyarkən sizin kitabınızda yer alan şeirlərin əksəriyyətini oxumuşdum. Şeirlərinizin birində yazmışdınız:

 

Ağrıyır qəmdən ürəyim,

Çək dişimi, çək ay, həkim!

 

Bu misralarda həkimə müraciətlə bərabər, eyni zamanda dərd, qəm, qüssə vardı. Şeir fəlsəfi baxımdan daha zəngin idi. Bu gün Mətləb müəllimin qəlbini ağrıdan, göynədən misralar hansılardır?

- Sevginin özünün də içində bir dərd var. Bu da sevgi nəğməsidir.

 

Siyah tellərini darasa, bəsdir,

Mərhəm ürəklərə yarasa, bəsdir.

Dünyacan qocalıb qarısa, bəsdir,

Haqq dərgahı olsa, dili şeirimin.

 

Dərdin özünün içində də sevgi olmalıdır. Əgər dərdin özünün içərisində sevgi yoxdursa, o dərd deyil! Bizim böyük dərdlərimizin içində böyük sevgi var.

- Hiss olunur ki, çox narahatsınız...

- Hə, çox narahata münasibətidir, yaltaqlıqdır, yalandır. Başqa məsələlərin düzələcəyindən əminəm. Lakin bu məsələnin düzələcəyinə heç bir ümidim yoxdur. O vaxt rahat olaram ki, insanlar bir-birilərinə qarşı xeyirxah mövqedə dayansınlar. Hazırda hər kəs bir-birini aıldatmaqla məşğuldur. Bir-birini aldada-aldada hara gedir, bu millət?!

- Mətləb Misiri bu illər ərzində qoruyub-saxlayan nə oldu?

- Ruh yüksəkliyi. Heç vaxt narazı qalmağa çalışmadım. Ən ağır anlarımda belə ruhdan düşmədim. O vaxtlar çadır şəhərciyində məktəbdə şagirdlərə xarici dili və ədəbiyyat fənnindən dərs verirdim, hazırda da müəllim işləyirəm. Bu illər ərzində çalışdım ki, heç kimə pisliyim dəyməsin. Yaxşılıq etməyi bacarıramsa, edim, bilmirəmsə, çəkilib kənarda dayanım. Hər zaman yaxşılıq etməyə çalışmışam və istəmişəm ki, bu yaxşılığın da kökü namusdan, şərəfdən, qeyrətdən köklənsin.

- Bu sözlərdən belə nəticə çıxarmaq olarmı ki, Mətləb Misirin şeiriyyat dünyasının bəzəyi namuslu insanlardır?!

- Mütləq mayasında namus olmalıdır. Mənim fikrimcə, tərifli insanı tərifləyib, tərifsizi pisləməlisən. Onda namus da üzə çıxır. Yalan tərifi heç vaxt sevməmişəm. Çünki yalan tərif şəxsiyyətsizlik anlamı daşıyır.

- Yeni salınmış qəsəbəyə köçürüləndən sonra Mətləb Misirin yaradıcılığında hansı dəyişikliklər olub? Yeni yazılar artıbmı?

- Çox məhsuldar işləyib yazmışam. Hazırda "Dərdin rəngləri" adlı kitabımın üzərində işləyirəm. O kitabda da misralarımın mayası dərddən gəlib. Bu müddət ərzində də qəmimin biri o birini üstələdi.

- Dərddən yazan, dərdi vəsf edən, hətta çoxlu sayda kitablarının birinin adını da "Dərd dastanı" qoyan Mətləb Misir üçün dərd nədir?

- Dərd Mətləb Misirin həyatının bir parçasıdır. O dərddir ki, Mətləb onunla doğulub, onunla yaşayıb, onunla öləcək.

- Bu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə onlara rişxənd edənlər də oldu. Bu münasibəti necə qarşıladı Mətləb müəllim?

- Onsuz da bu camaatın, məcburi köçkünlük həyatı yaşayan insanların qəlbləri sınıqdır. Bir daha onu qırmağın, incitməyin nə faydası? Mənim belə bir şerim də var:

 

Qəmim biri o birini üstələdi,

Yuxulayıb yatsa, ağrın nə faydası?

Bir ömür ki, lal həsrəti dəstələdi,

Ümmanlarda batsa, ağrın nə faydası?

 

Düşsən ömrün boş gününə,

bərk gününə,

Sevgi gəlsə yığın-yığın, nə faydası?

Dərd dayansa yolun üstə

boynuburuq,

Tənələyib qınamağın, nə faydası?

 

Fayda umma boş qayqıdan,

boş qılıqdan,

Çəkin, çəkin kortəbii yaxşılıqdan,

Dal dünyanın ağrısına, əzabına,

Dünya özü bir gün verər cavabını!

 

Cavab yenə doğruluqdan, zəhmətdən, ağrıları duymaqdan, yaxşıları qiymətləndirməkdən keçir. Mən belə düşünürəm ki, bizim söhbətimiz elə burada - bu misraların yekununda sonuçlansa, yaxşı olar. Minnətdaram diqqətinizə görə. Sevinirəm ki, gəldiniz, bir az dərdləşdik. Bizim bu saat dərdimizi bölüşməyə çox ehtiyacımız var.

  

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2010.- 4-6 dekabr.- S. 13.