Qız qalasının açılmayan sirləri

 

(Əvvəli ötən saylarımızda)

 

İlk dəfə bu kəməri İbrahim p.ə. (Zərdüşt) taxmışdır. Baxın Qız qalasının sirli dünyalı işarələrinə, yaxşı baxın. Beləliklə, musiqi aləti dəfdən (qavaldan) danışıb ulduz rəmzini (Günəş və Ay) təsdiq etdik. Kamança arxası üstə Əqrəb bürcü deyilmi? Tütək 8 deşik yuxarıda, biri isə aşağıda ərşi-fələk - göyün qatları deyilmi? Səkkiz - mələklərə qədər olan məsafə, doqquzuncu - Allah dərgahı. Qoşa nağarada böyük dairə Günəşin, kiçik dairə isə Ayın rəmzidir; qoşa nağaranın dairələrinin iplərlə toxunması bürclərin rəmzi deyilmi? Əgər Qız qalasını rezin şəklində 20 - 30 sm-ə qədər sıxsaq, qoşa nağara formasını almazmı? Yaxud iki dairə qalanın yuxarısında, ikisini birləşdirən xətt sıxıldıqda tarın oxşarlığı ilə Tərəzi bürcünü əks etdirmirmi? Bunların sayını, əziz oxucular, istənilən qədər artırmaq olar. Baxın tariximixin sirlərinə, əgər o, sivilizasiya, qara qüvvələrlə qarşılaşmasaydı, inkişaf hara gedib-çıxardı? Təəssüf. Şifahi xalq yaradıcılığı öz həlli prizmasını həsrətlə gözləyir. Heç vaxt itməyəcək bunlar, nə qədər avropalaşsaq da, gen heç vaxt itməz deyərlər.

Qız qalasının bir tərəfində müxtəlif meyilliklə 8 pəncərə qoyulmuşdur ki, bu pəncərələrin hər biri günün saatının tələblərini ödəyir. Qədim astronomlar xüsusi alətlərlə hər pəncərənin öz saatı ilə ulduzları müşahidə edib öz ilkin astronomik biliklərini əldə etmişlər. Doqquz pəncərə də ərşi-fələyin rəmzi olan doqquzluqdur ki, bu da qalanın rəsədxana olmasına işarədir. Bundan əlavə, Qız qalasına aşağıdan-yuxarı baxanda 8 rəqəmi öz təsdiqini tapır. Yəni aşağıdan dərgaha gedən yol, mələklərə qələr bizimlə əlaqəsi olan qatlar. Ondan yuxarı, yəni 9-cu qatla bizim, yerin əlaqəsi kəsilir. Biz yalnız mələklərə bağlanırıq. 9-cu qatın sirlərini ancaq və ancaq bizə mələklər çatdıra bilər. Bizim tərzi-hərəkət qiymətimizi 9-cu qata onlar çatdıra bilər. Beləliklə, mələklər yerlə-göyün müjdəçiləri və ya çaparlarıdır. Bilal Şirvaninin dili ilə desək:

 

Bu doqquz aləmin sahibi Xaqan,

Qurmuş ərşin vaxtın, öz saatı var.

Aləmi-Aləmdən ayırmış memar,

Çəkib-çəpərləmiş, yeddi qatı var.

Dəlilə, sübuta ehtiyac yoxdu,

Yaranmış aləmin öz isbatı var.

İşıq sürətindən milyard dəfə çox,

Xəbər çatdırmaqçün öz çaparı var.

 

Sürəti hesaba gəlməyən çaparlardır Allahın mələkləri. Maraqlıdır ki, Qız qalasına göydən baxanda isə 9 rəqəmi görünür. Demək, qalanın bir rəmzi də 8 və 9 müqəddəs rəqəmini verir. Ümumiyyətlə, hər bir rəqəm müqəddəslik rəmzidir, təkcə 7 rəqəmi yox!

Yek - vahid Allah, dü (iki) - göy və yer (ana, övlad), se (üç) - İbrahimin üç ulduza üzünü tutması, çahar (dörd), dastanlarda deyildiyi kimi:

 

Al cavabını verim danaçı qardaş,

İnsan olan dördcə şeydən hasildi:

Abü, atəş, xakü, baddan xəlq oldu,

O ruhdur ki, dördü beşdən asılıdı.

 

(Xak - torpaq, ab - su, atəş - od, bad - külək, yəni varlığın dörd ünsürü). Pənc (beş) - müsəlman günü, beş namaz, şeş (altı) - dünyanın altı gündə yaranması, həft (yeddi) - bəşəriyyətin əsası olan insanın yaranması, 8 - mələklər olan qat, 9 - Allah dərgahı. 10…

 

Əbədi dünyanın məhsuluvur o,

Bilmə qızılgültək aləmlər solur.

Örtülü aləmlər gizli saxlanıb,

Çünki orda abır, həya qorunur.

Bütün yaranmışdan irəli tanı!

Gördün onu əgər, sən ayağa dur.

Sıfır, bir, iki, üç, bir də ki dörd, beş,

Altı, yeddi, səkkiz, doqquz, bir də ki ondur.

İki əl içində onluq yaradan,

Ovucun içində əlini yumur.

 

(Bilal Şirvani)

 

Budur, əziz oxucu, rəqəmlərin müqəddəs rəmzləri ki, bizim varlığımız bu onluqla başlayıb, onunla da sona çatır, ikinci həyata vəsiqə alır.

 

Doxsan doqquz aləm, öz dünyasıyla,

Bu min bir gecədə tam dəstgahı var.

Hər bir o dəstgahın aləm zəvvarı

Qibləsindən gəlir, öz dərgahı var.

Nəzərsiz deyildir dünya Aləmi,

Onda qərar tutmuş öz segahı var.

Gümədir insanın müqəddəs günü,

Əhli müsəlmanın o pənçgahı var.

Hər nə varsa, bil ki, Quran içrədir,

Yazıb o göndərmiş, çün məramı var.

O söz mülkünün gör təxtü-tacında,

Arifi-Şirvantək öz ehkamı var.

 

(Bilal Şirvani)

 

Demək olar ki, Qız qalası Şirvanşahlar dövlətinin başdan-başa ehkamları ilə doludur.

 

Şəmin ocağıdır, isinin burda,

Ocaq Qabıssandı küllüyyatı var.

Özü yaratmışdır bağ-bağatını,

Adın şöləsində əslin zatı var.

Qərarın vermişdir o Pərvərdigar,

Aləmin aləmdə öz həyatı var.

Qasırğa qoparsa, nalə çəkər ah,

Çovğunlu tufanın qiyamatı var.

Yığılıb cəm olun siz o Aləmə,

Dərdimin öz dərdi, muğamatı var.

 

(Bilal Şirvani)

 

Bəli, əziz oxucular, mənim Rəbbdən güc aldığım yaradıcılığım beş ünsürdə öz tamlığını tapır və ya bu beş ünsürə bağlanır: qayaüstü rəsmlər; Qabıssan xalçalarındakı işarələr; folklor; muğamat və bir də mənalarla dolu abidələrimiz. Allah bunları dərk etmək üçün işıqlı bir göz vermişdir mənə.

 

Zühuru günəştək qürub edir hal,

Gör nədi, Yarəb, bu, Şəbi-hicranı var.

Dünya axirətdi, biz də kəcavə,

Bir vaxt gələn köçər, çün karvanı var.

Leyli və Məcnunu yaratmış ki o,

Çün öz qanımızdan, onun qanı var.

Canı o iliydi sümük içində,

O da can yaradır, Yaradanı var.

 

(Bilal Şirvani)

 

Qız qalasının tarixi dövrünə istinadən A.A.Bakıxanov yazır: "Bakıdan türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox məşhurdur" (Axund Əbdülsəlam Axundzadənin "Müqəddəs peyğəmbərlər tarixi" əsərində də bu fikir təsdiqini tapır).

"Şərq sahillərində yaşayan əhali, at belində buraya (Bakıya) çapqına gələrmiş. Bakı şəhəri qarşısında dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın. Yadımdadır, 40 il bundan əvvəl Bakı qalasının divarı iki arşın suyun içində idi, sonralar tədriclə, xüsusən bu dörd-beş ildə dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək, hər halda, qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı tədqiqat və mülahizələrdən asılıdır. İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və s. kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Salyan arasında da, dəniz sahilindən təxminən səkkiz çoğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır" (bax: "Gülüstani-İrəm" əsəri, səh. 36-37).

Yazdıqlarımızdan məntiqi bir nəticə çıxır ki, iki şah arşını suyun aşağı enməsi ehtimal edir ki, Qız qalası yeddi metr suyun içində qaya üstündə olmuşdur. Suyun qabarması və çəkilməsi nəticəsində sonralar bu qala sahildə qalmışdır. Dənizin sahilinə qalanın yaxın olması da buna işarədir.

 

(ardı var)

 

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2010.- 1 dekabr.- S. 7.