Qız qalasının
açılmayan sirləri
(əvvəli ötən
saylarımızda)
V hissə
Qız qalasının dənizin
içərisində qaya (daş) üzərində tikilməsinin
mühüm şərtlərindən biri də ondan mayak kimi
istifadə edilməsidir. Maraqlıdır ki, bu qalanın
üstündəki işarə Şərqdən baxanda 9 rəqəmini,
Qərbdən baxanda 6 rəqəmini göstərir. Bu da
günün çıxması və batmasının rəmzidir.
Qabıssan qaya rəsmlərində də belə bir
maraqlı rəsm var ki, Şaman başında papaq çəkilib.
Papağın bir tərəfində 6 xətt, digər tərəfində
7 xətt var. Bunların da rəmzi mənası, yəni 6 xətt
dünyanın Allah tərəfindən altı günə
yaranmasını, 7 xətt isə göyün yeddi
qatının qüdrətindən yeddi qat yerin
yaranmasının və maddi həyatı hərəkətə
gətirən 7 planet nəzərədə tutulmuşdur. Mən
23.11.2010-cu il tarixində Qız qalasına baxış
keçirərkən qalanın işçisi Yaqut xanımla
söhbət zamanı o, böyük bir xeyirxahlıq edib mənə
yuxarı tavanı göstərdi və ona baxmağı
işarə etdi. Mən tavana baxanda dərhal
Şamaxının yeddi günbəzi yadıma
düşdü. Bu tavanlar isə hər mərtəbədə
günbəz şəklində var idi. Demək, qalanın 8 mərbətəsi
günbəz ilə göyün mələklərə qədər
olan 8 qatının rəmzi kimi verilmiş, yuxarı isə 6
- 8 - 9 rəqəmləri ilə dünyanın 6 gündə
yaranmasının, yaxud N.Gəncəvinin dediyi kimi:
Altıbucaqlı
taxtı devir, yıx əməlinlə.
Altı bucaq - altı cəhət,
yəni yuxarı-aşağı, ön-arxa, sağ və sol
tərəflər nəzərdə tutulur.
Səkkiz:
İşıq sürətindən milyon dəfə
çox,
Xəbər
çatdırmaqçun öz çaparı var.
(Bilal Şirvani)
Yəni 8-ci qatdakı mələklərlə
bağlı göyün səkkizinci qatına işarədir.
Doqquz isə N.Gəncəviyə
görə:
Doqquz mıxlı çadırın həngaməsi,
oyunu,
Zırnıqlı gəlinciyin hoqqasıdır, bil
bunu.
Doqquz mıxlı
çadır - göy, zırnıqlı gəlincik isə
sarı, al rəngli günəş nəzərdə tutulur.
Beləliklə, bu
işarələrin dini rəmzi özündə əks etdirməsi
ilə yanaşı, Qız qalasından həm təyinetmə,
proqnozlaşdırma vasitəsi kimi, həm də mayak kimi
istifadə edilmişdir. Qız qalasının ətrafındakı
alçaq tikililər sanki halqa və ya kəmər kimi
tikilmişdir. Bu tikililər isə ümumilikdə 8 - 9 ədəd
kiçik qalacıqlar şəklində covza (əkiz
qardaş) rolunu oynayan kəmər funksiyasını yerinə
yetirir ki, bu da bürclərin dövriyyəsində olan ay və
günəşi əhatə edən kəmər kimi təsvir
edilmişdir. Qalanın özündə olan 8 pəncərə
və ətrafında olan kiçik otaqlarda olan pəncərələr
isə göstərir ki, bu pəncərələrdən
astronomik cihazlarla (qədim) ulduzlar dörd tərəfdən
müşahidə edilmişdir.
Beləliklə,
ümumiləşdirərək belə qənaətə gəlmək
olar ki, Qız qalası atəşpərəstlərin
tarixini, onların dini və elmi rəmzlərini özündə
əks etdirən bir qaladır. Bununla bağlı şair Qələndər
Xaçınçaylının kiçik bir şeirinə nəzər
yetirək:
Çıxıb əsrlərin daş
sınağından,
Baxan heyrətlənir Qız qalasına.
Günəş də boylanır öz
yatağından,
Tanrı göydən baxır öz balasına.
Ondan ibrət alır hər qız, hər ana,
Silinməz tarixim, o yaddaşımdır.
Yalanlar, böhtanlar atmayın ona,
Namusum, qeyrətim qız-qardaşımdır.
Təbii ki, bu qala orta əsrlər
(XII-XV) dövrünün memarlıq üsulu ilə tikilən
bir memarlıq abidəsidir. Adı isə günəş və
ya bürclərin rəmzi kimi "Qız qala" (sı)
adı ilə bağlanmışdır. Həmin dövrün
tikili abidələrindən biri də 1402 ildə tikilmiş
(Mərəzədə) Dədə Qorqud dastanında qeyd edilən
"Ərquzu dağı" əslində Ərvah"
dağı yəni "ruhlar" olan yerdə tikilmiş
"Diri baba" (muğamatlardan birinin adı "Ruh-Ərvah"dır)
türbəsidir. Həmin abidə də Qız qalası
memarlıq üslubunda tikilmişdir. Bu şəkilləri, əziz
oxucular, sizə kompleks şəkildə ilk dəfə olaraq təqdim
edirəm. Akademik A.Salamzadə (memar alim) tərəfindən
1948-ci ildə çəkilmişdir. Həmin abidə indi də
qalmaqdadır. Ən qədim məskəndə tikilmişdir
bu abidə. Qazan xan oğlu Uruzun dalınca atla məhz bu abidənin
yanından keçib Dərbəndə getmişdir (əsaslar
var). Dastanda bu yer
müqəddəs yer kimi göstərilmişdir.
Şirvanşah da bu türbəni müqəddəslər
üçün tikdirmişdir. Ona görə də "Diri
baba", yəni ölməzlər adı altında bu
türbə tikilmişdir. Bunun digər bir adı Qubada
Xıdırzində kimi adlanır.
Zində - əbədi,
ölməz mənasındadır. Bu abidələrlə
bağlı sonda dövlət rəhbərlərindən,
aidiyyəti təşkilatlardan acizanə bir xahişim var. Abidələrimizi
təmir və bərpa edərək əcnəbi iş
adamlarına verməsinlər, əgər mümkünsə.
Azərbaycanın özünün gözəl memarları, sənətkarları
olduğu halda niyə də özümüzdə bərpaçılar
təşkil olunmasın. Deminski Dorin kimi əcnəbi
nümayəndələr "Diri baba" türbəsini nəzərdən
keçirdikdən sonra qeybə çəkilmiş, itmiş
müqəddəs Semionu bura ilə bağlamağa can
atdılar. Mən özüm 2010-cu ilin yayında idin qəbirlərində
ermənilərin abidələrimizi necə
saxtalaşdırmağını üzə
çıxarıb oradakı insanlara göstərdim, hamı
bunları görüb heyrətləndilər. Hansı ki o
saxtakarlıqlar yüz ildən sonra başımıza bəla
açacaqlar. Bunun bariz nümunəsi kimi 1963-cü ildə
"Diri baba" türbəsinin
saxtalaşdırıldığını sizə təqdim
edirəm ki, nəticə çıxarasınız.
İnanıram ki, nəsillər
"Qız qalası"nın yazılmayan səhifələrini
araşdırıb üzə çıxaracaqlar.
Sahillər dənizin sonu deyil ki
Sahillər dənizin limanlarıdır.
Limanlar dənizin sonu deyil ki
Limanlar dənizin sahilləridir.
(Nizami Gəncəvi)
Şakir Qabissanlı
Həftə içi.- 2010.- 2 dekabr.- S. 7.