Fövqəladə Hallar Nazirliyi 5 ildə böyük uğurlar əldə edib

 

Dünən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 5-ci ildönümü münasibəti ilə nazirlikdə tədbir keçirilib. Tədbirdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Qazaxıstan və Rusiyadan olan nümayəndə heyətləri iştirak ediblər. İştirakçılara FHN-in fəaliyyətinə həsr olunan videorolik nümayiş olunub.

Sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tədbirdə hesabat xarakterli çıxış edib. Nazir 5 ildə FHN-in böyük inkişaf yolu keçdiyini, maddi-texniki bazasının gücləndirildiyini deyib: "Ötən dövrdə Bakıda 2973 obyektdə yoxlamalar aparılıb. Yanacaqdoldurma məntəqələri və partlayıcı maddələr olan anbarlara baxış keçirilib. Son 5 ildə hər il ümumilikdə orta hesabla 70 mindən artıq obyektdə diqqətli, 50 mindən çox obyektdə isə nəzəri yoxlamalar aparılıb. Bu obyektlərə 300 mindən çox tapşırıq verilib. Tapşırıqların 140 mininin yerinə yetirilməsinə nail olunub. 20 mindən çox müəssisədə, 125 mindən çox evdə qaz təsərrüfatlarına baxış keçirilib, 25435 təbii və texnogen xarakterli yanğın söndürülüb, 150 min hektara yaxın taxıl sahəsi, 12 min hektara yaxın meşə sahəsi yanğından qorunub. Yanğınlarda 373 nəfər xəsarət alıb, 224 nəfər həlak olub. Yanğınlar nəticəsində Azərbaycana 28 milyon 563 min manat ziyan dəyib".

K.Heydərov FHN-in şəxsi heyətinin Azərbaycanda sel fəlakətlərinin aradan qaldırılmasında iştirak etdiyini də xatırladıb. Nazir yaxın günlərdə təbii fəlakətlərdən ziyan çəkənlərə kompensasiyaların ödənməsinə başlanacağını da bildirib: "Bu günədək Azərbaycanda təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş 7 min əhaliyə 6 milyon 410 min 639 manat məbləğində yardım edilib. Hazırda təqdim olunmuş aktlara əsasən, yüzlərcə ailəyə veriləcək yardımların miqdarı hesablanır və yaxın günlərdə kompensasiyaların ödənməsi nəzərdə tutulur".

 

Kəmaləddin Heydərov medalla təltif olunub

 

Tədbirdə iştirak edən Rusiya nümayəndə heyəti nazir K.Heydərovu "Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı" ilə təltif edib. Qeyd olunub ki, Rusiyada baş verən yanğının söndürülməsində iştirak edən FHN-in Aviasiya Dəstəsinin komandiri, polkovnik Əşrəf Qasımov və fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyev Rusiya prezidentinin fərmanı ilə ordenlərlə təltif olunublar. Ordenlər adıçəkilən şəxslərə təqdim edilib. Daha sonra Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək çıxış edib. O, yubiley münasibəti ilə nazir K.Heydərovu və nazirlik əməkdaşlarını təbrik edib. C.Çiçək Türkiyə - Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.

Tədbirdə Belarus və Qazaxıstan Fövqəladə Hallar nazirlikləri adından xatirə hədiyyələri təqdim olunub. Sonra xidmətdə fərqlənən nazirlik əməkdaşları nazir K.Heydərovun əmri ilə təltif olunublar.

 

FHN-in maddi-texniki bazası yüksək səviyyədədir

 

FHN-in yaradılmasının 5 illiyinə dair keçirilən tədbirdə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən və görülməsi nəzərdə tutulan bir sıra məsələrlə bağlı da açıqlama verib: "Azərbaycan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası 5 il ərzində dünyanın aparıcı qurumlarının səviyyəsinə çatıb. Ötən dövr ərzində əsasən Fransa və Almaniya istehsalı olan 279 ədəd yanğınsöndürən avtomobil, Finlandiya istehsalı olan 2 ədəd hündürlük nərdivanı, yanğınların söndürülməsi zamanı istifadə olunan 6 min ədəd xüsusi geyim və mühafizə avadanlığı, 2 ədəd xüsusi təyinatlı avtomobil, 46 ədəd qəza xilasetmə avtomobili, 40 ədəd motopompa, xilasetmə əməliyyatlarında istifadə olunan müxtəlif adda 200-dən çox xüsusi texnika alınıb. Həmçinin Almaniya istehsalı olan 50 ədəd motosiklet, 24 ədəd bomba zərərsizləşdirici sistem, 4 ədəd yüksəksürətli və çoxfunksiyalı kater, sularda xilasetmə işlərini həyata keçirmək üçün 50 ədəd müxtəlifölçülü kater, 6 ədəd helikopter, 1 ədəd "BE-200" amfibiya təyyarəsi, 2 ədəd səyyar hospital və digər zəruri texnikalar alınaraq Azərbaycana gətirilib. Hesabat dövründə FHN-in müxtəlif strukturları və regional mərkəzləri üçün binalar tikilərək istifadəyə verilib. Hazırda isə nazirliyin Mülki Müdafiə Qoşunlarının Gəncə briqadasında, Qəbələ, Lənkəran, Türkan və Səngəçal alaylarında, Aviasiya Dəstəsinin Səngəçalda yerləşən bazasında, Dövlət Material Ehtiyatları Agentliyinin Gəncə Elevatorunda, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında, o cümlədən bir sıra strukturların binalarında kompleks tikinti işləri aparılır".

 

FHN-in genişmiqyaslı taktiki təlimi başlayıb

 

Onu da deyək ki, dünən Bakının Şıx qəsəbəsi yaxınlığında Fövqəladə Hallar Nazirliyinin genişmiqyaslı taktiki təlimi başlayıb.

FHN-in bütün qüvvə və vasitələri təlimə cəlb olunub. Təlimi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, müdafiə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və digər qurumların rəhbərliyi, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan Fövqəladə Hallar nazirliklərinin yüksəkrütbəli əməkdaşları izləyiblər. Təlim şərti zəlzələnin baş verməsi, qurudakı neft emalı zavodu, dənizdəki neft platformasında partlayışla müşaiyət olunan yanğınların yaranması ssenarisinə uyğun keçirilib. FHN-in Aviasiya Dəstəsinin helikopter və təyyarəsi, yanğınsöndürən gəmilər və katerlər, yanğınsöndürən maşınlar və digər texnikalar təlimə cəlb olunub.

 

 

Mirvari

 

Həftə içi.- 2010.- 17 dekabr.- S. 7.