"Mən vətənimi sevirəm"
Şəhidlərimiz Mübariz İbrahimov və Fərid
Əhmədov anılıb
"Müasir
İnkişaf" İctimai Birliyi, Bakı şəhər Gənclər
və İdman baş idarəsi və Azərbaycan Memarlıq
və İnşaat Universitetinin birgə təşkil etdiyi
"Mən vətənimi sevirəm" adlı iki hissədən
ibarət tədbir keçirilib. Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə həsr olunan tədbirdə
çıxış edən Bakı şəhər Gənclər
və İdman baş idarəsinin rəisi Raqif Abbasov torpaq, vətən
uğrunda şəhid olan və hər bir azərbaycanlıya
nümunə olan Milli Qəhrəmanımız Mübariz
İbrahimovun və Fərid Əhmədovun əziz xatirələrinin
yad edilməsindən məmnunluq hissi duyduğunu bildirib. O qeyd
edib ki, Azərbaycan gəncliyi əhalinin əksəriyyətini
təşkil edir: "Gənclərimiz ali təhsil
ocaqlarında, müxtəlif dövlət və qeyri-hökumət
təşkilatlarında, ölkəmizin hüdudlarından kənarda
azərbaycançılığı təbliğ edir,
dövlətimizi dünyada tanıtmağa
çalışırlar. Dövlətimiz
tolerantlığı, dözümlülüyü, azərbaycançılıq
ideyasının təbliği ilə yanaşı, iqtisadi və
digər sahələrdə əldə etdiyi nailiyyətləri
ilə tanınır. Bütün görülən işlər
yalnız gələcək nəsillərin firəvan
yaşamasına, ölkəmizin daha da güclənməsinə
yönəlib".
Raqif Abbasov deyib ki,
Xocalı, Ağdam, Şuşa, Laçın və digər
işğal altında olan torpaqlarımız azad edilənə
qədər mübarizə aparmalıyıq. Yalnız belə
olan halda biz öz torpaqlarımıza qayıda biləcəyik.
Azərbaycan gəncliyinin böyük qüvvə olduğunu
vurğulayan natiq onu da qeyd edib ki, Azərbaycan bayrağı
daim Qarabağda dalğalanmalı və bunun üçün
də gənclərimiz əllərindən gələni etməlidirlər.
Hamımızın vətəndaş olaraq borcumuzdur ki, şəhidlərimizi
yad edək.
"Müasir
İnkişaf" İctimai Birliyinin sədri Mübariz
Aşırlı bu kimi tədbirlərin keçrilməsinin
vacib olduğunu vurğulayıb. M.Aşırlı onu da qeyd
edib ki, biz çalışmalıyıq ki, hünərli
oğul və qızlarımızın göstərdikləri
qəhrəmanlıqlar unudulmasın: "Ümumiyyətlə,
Azərbaycan Respublikası vətəndaşlarının vətənpərvər
ruhda böyüməsinə, onların birmənalı şəkildə
vətənpərvər olaraq yetişməsinə
çalışmalıyıq".
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin Tələbə Gənclər
Təşkilatının sədri Səadət İmanova
bildirib ki, tədbirin keçrilməsində əsas məqsəd
gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə
xidmət etməkdir: "Belə tədbirlərimiz
mümkün qədər çox olmalıdır. Vətən
hamınındır və hər kəs vətənini sevməlidir".
Sonda tədbirin bədii
hissəsi başlayıb. Vətənpərvər
mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı,
əməkdar artist Nuriyyə Hüseynova, "Savalan"
qrupunun solisti Novruz Novruzlu, şair Xəyal Rza və sairə sənətçilər
vətənpərvər ruhda musiqi nömrələrini səsləndiriblər.
Pərvin İsmayılova
Həftə içi.- 2010.- 17 dekabr.- S. 7.