Muğama sevgi Allaha olan sevgidir
Dünya musiqisinin əcdadı barədə
düşüncələr
Hələ də sirləri
bu günə kimi məlum olmayan "Muğam"ı dinlədikcə
adamın qəlbində bir yanğı, bir ağrı baş
qaldırır. Bizi mənən saflaşdırır, öz
sehrinə alıb çox-çox uzaqlara aparır. O uzaqlara
ki, müqəddəslərin ruhu orada uyuyur. Bizim içimizdə
bir sevgiyə, məhəbbətə çevrilir. O da bizə
işıqlı dünyanı, qalaktikanı bəxş edən
Allah sevgisidir...
Muğam haqqında
böyük sənətkarlarmızın müxtəlif fikirləri
var. Amma onlardan fərqli olaraq Şakir Qabıssanlı
"Muğam" sənətinə başqa prizmadan
yanaşır. Ş.Qabıssanlı ilə söhbət əsnasında
bunları söylədi: "Dünyanın ilk dini kitabı və
atəşpərəstlərin müqəddəs kitabı
olan "Zənd Əvəsta"da dünyanın əvvəli
və sonuna xitabən yazılıb: "İki dünya iki
gövhərdir". 1-ci gövhəri bu dünyada elə
cilala ki, onu o biri dünyada boynundan asa biləsən. Bəli,
1-ci gövhərin cilalanması mənəvi dünyamıza,
ruhu dünyamıza olan hesabatımızdır. Yadda
saxlamalıyıq ki, bizim dünyamızı Allah-Təala bizə
bəxşeyiş edib.
Dünyamızı və
biz insanları müqəddəs Allah yekbədən edib. Yəni
zərrələr birləşib yekbədənə
çevrilir və sonda Yeksanla qovuşur. Belə ki, tozdan, torpaqdan
yaranan dünya da, insan da
sonda ona qovuşur. Budur ömür karvanının
keçdiyi yollar.
Yaranan hər bir canlıya
ömür bəxş
edilib, lakin dünyanın şərəfi,
mənalı incisi insan bu canlılardan
fərqlənir. Allahın ən
sevimli bəndələridir
yaşadan insanlar.
Bəli,
o insanlar yaşayırlar
ki, onlar bəşəri xidmətlər
göstərirlər. Bunlara deyirlər Allahın sevimli bəndəsi.
Bu zirvəyə, Rəbbin özünün
dediyi kimi, minlərdən 1-i sahib olur.
Həqiqi mənada Allahın
xoşbəxt, əlçatmaz
bir bəndəsinə
çevrilir".
- Şakir müəllim, bəs nədir bu əlçatmaz
duyğulara malik olan iş, əməl?
- Bu əməl
dünya mədəniyyəti
sahəsində özünə
xüsusi yer tutan "Muğam"dır.
Ona görə ki, "Muğam" dünya musiqisinin əcdadı, əcdadlarımızın yaratdığı,
sonu ərşi fələkdə mələklərə
qovuşan musiqi dünyasıdır. Mənbələrə əsasən, muğam hələ 8 - 9-cu minilliklərdən
dünyanın, cümlə
bəşəriyyətin fəlsəfi
baxımdan yaranmasının
avazda ifadəsidir.
- Bəs nə üçün dünyanın
ilkin mənəvi aləminin təcəssümü
olan dünyəvi abidəsi yaradılmayıb?
- Deməli,
bu müqəddəsliyi
Allah sevdiyi insana bəxş edəcəyini
gözləyirdi. Bəli, yetişdi
gəldi o zaman. Bu insan Allahın
sevimli bəndəsi Mehriban xanım oldu. Ona qədər çox
insanların maddi imkanı var idi bu abidəni
ucaltmağa. Ancaq ucaltmadılar.
Ona görə ki, Allah belə bir əvəzsiz
qüdrəti, gücü,
milyonlardan birinə, sevdiyi bəndəsinə verir. Tarixi mənbələrə görə, "Muğam"ın
ilkin sədaları ərşi fələyə
7 - 9 min illər bundan
əvvəl yol alıb. Bu sədaların
ilkin ocaqları Ümbakı və Bakı oldu. ( Bakı - "ağlayan", "ağı
deyilən", "ələm",
"hüzn yeri" deməkdir. Ümbakı isə "Ana Bakı"
deməkdir). Zamanında bütün
dünyadan bu yerlərə ziyarətə
gələrdilər. Dahi
şairimiz N.Gəncəvinin
dili ilə desək ("İsgəndərnamə"):
Nilin mənbəyindən
ta Gərdə qədər,
Çin dənizindən
ta Zəndə qədər.
Elçilər axışdı xərac
verməyə,
Taxtına, tacına alqışlar deyə.
Zənd də, Gərd də (Gərd - gərdişi-dövran, Girdimana
işarə) Azərbaycan
idi. Azərbaycana dünyanın bir
çox şəxsiyyətləri
- İsgəndər, XII Legion, Pompey və başqaları
("Qabıssan qayaları")
ziyarətə gəlmişlər.
Qədim "Zənd
Əvəsta"da yazılır
ki, ("Avesta" - səh. 30) müqəddəs
adam o şəxslər
sayılır ki, 3 əsas prinsipə sahib olsun. Uğurlu düşüncəyə, uğurlu danışığa
və uğurlu əmələ inansın
və onları həyata keçirsin.
Bəli,
"Muğam" ocağında
ona münasibətdən
dünyada yüksək
düşüncə, əməl,
danışıq yoxdur.
Ona görə ki, "Muğam" dünya musiqisinin əvəzsiz əcdadıdır.
- Şakir müəllim,
söhbətinizdən belə
çıxır ki, paytaxtımız Bakı şəhərində bu ocağın ("Muğam"
mərkəzinin) yaradılması
heç də təsadüfi deyil...
- Çox
doğru buyurursunuz. Həqiqətən də dünyada ilk musiqi sədaları məhz Qabıssan qayalarında qaval (Qəbail, Qəbilə) daşı ilə onun ətrafında
dövr etməklə,
əllər yuxarı
qalxmaqla "Yahu"
- ya Allah, Aman Allah, əllər aşağı
salınmaqla "Yarai"
- yəni mənə güc ver, qüvvət
ver ya Allah demək dünyanın ilk
musiqi sədaları olub. Bu sədaların
tarixi hələ 8 -
10 min illər bundan əvvəl başlayır.
Həmin
illərdən də
Ana Qabıssan və Abişirun ("Qobustan",
"Apşeron") dünya
musiqisinin əcdad məkanı sayılmaqla dünya ziyarətgahına
çevrilib. (Qabbısan qayaları və "Qabıssan xalçaları"ndakı işarələr
bunları tam təsdiq
edir). Bəli, bu müqəddəs sözlər Avropa tarixçilərinin "Kabiristan",
"Kabıstan" dediyi
( Qədim Qabıssan) ulu məkanda olub. 1947-ci ildən ulu
məkanın adını
dəyişib "Qobustan"
etdilər. Bu ilk sözlər və səslər məhz bu məkandan dünyaya yayılmışdır.
- Nədir bu avazla səslənən səslər?
- Bu avazlı
səslər İbrahimin
dilindən süzülmüşdür
- "A dad", "Bey dad",
"Yar aman" və s. Mənaları
"Haqqa, ədalətə
gəlin, ey bütpərəstlər, Rəbbimiz
cansız bütlər
yox, ərşi-fələk
dərgahında oturan
Allahdır". "Bey
dad" deməklə İbrahim Günəşə
- Beyzəyə üzünü
tutmaqla haqqa çağırdı insanları.
"Yar aman ("Yar" - Allah, "aman"
- "camaat" deməkdir)
- Rəbbim mənə
güc ver ki, Qövmümü haqqa, paklığa çatdırıb, cəhənnəm
əzabından qurtarım.
Nəhayət, İbrahim oddan
salamat çıxdıqdan
sonra "Daley - daley"
sözləri ucaldı
səmaya. Yəni dəlillərlə
sübut etdi bütpərəstlərə, insanlara
Rəbbinin varlığını.
Bəli,
İbrahimin dilindən
süzülən bu müqəddəs sözlər
bəşər musiqisinin
ilkin sədalarının
əsasıdır. Həmçinin elmin Adəmi olan fəlsəfənin
ilk qızıl kərpicləri
olub. Budur mənim təyin
etdiyim "Muğam fəlsəfəsi", danılmaz
"Muğam tarixi".
Bəli,
"Muğam" musiqi
dünyasının ana
beşiyidirsə, məkanı
Ana Qabıssan - Abişurundur.
Bəli, "Muğam
mərkəzi"nin yaradılması dünyanın
mənəvi incisi, mənəvi möcüzəsi
sayıla bilər.
"Zənd Əvəsta"da
( "Avesta" - səh. 43) qeyd edilir:
Bu zaman iki gövhər
bir-birinə rast gəldi, dünyada ilk olaraq varlıq və yoxluğun təməlini qoydular. Yoxluq "Muğam"ın
tarixi izlərinin itməsi, varlıq isə "Muğam"ı
dünyaya göstərmək
oldu. Belə xidmətlərin əvəzinin
verilməsi, əlbəttə,
Rəbb tərəfindən
" Zənd Əvəsta"da xüsusi
qiymətləndirilir.
"O zaman
o adamlar vəd edilmiş mükafata çatacaq, Bəhmən
(müqəddəs), Məazın
( Allahın ocağı) behiştin xeyirli sarayında yerləşəcəklər ki,
yaxşı ad qazanmışlar.
Ona görə ki, onlar müqəddəsliyi
yaradanlardır.
- Siz "Muğam
mərkəzi"nin yaradılmasını Allahın
sevgisindən doğulan
zərurət kimi qiymətləndirirsiniz, elədirmi?
- Həqiqətən
də belədir. Fikrimi təsdiq etmək üçün
"Zənd Əvəsta"ya
nəzər yetirək
("Avesta" - səh.
59): "Ey Əhura",
(Ahu - "məaz",
"sığınacaq", "müqəddəs yer")
dünya üçün
ən yaxşı hesab etdiyin işləri
mənim təlimatım
üzrə yerinə yetirən kişi
və qadına doğruluq tərəfdarı
olduqlarına görə
behişt nəsib edilsin".
- Sizin fikrinizdən
belə çıxır
ki, Muğam və onun tarixi
indiyə qədər
açılmayıb, öz
həllini tapmayıb...
- Elədir.
İndiyəqədərki tarixi axtarışlar
və araşdırmalar
bu mənşəyin məkanını müxtəlif
yerlərə şamil
etdiklərindən ortaq
bir məxrəcə gəlməyiblər. Muğam musiqi
dünyasının beşiyi,
əcdadıdırsa, deməli,
sivilizasiyanı da o məkanda axtarmaq lazımdır. Rəssamlığın ilk
cizgiləri Qabıssan
qayalarında çəkilibsə,
mifoloji xalça ipləri diş və dırnaq ilə burada əyrilibsə, İbrahimin
vəsfinə qoşulan
yüzlərcə mahnının
vətəni Qabıssandırsa,
"Muğam"ın ilk sədaları
ağılar, ələmlər,
hüznlərdisə. bunları yaradan muğlar və ya parslar dediyimiz
atəşpərəstlərdirsə, səcdə etdikləri göy aləminin inciləri ulduz, Ay, Günəşdirsə, Yer
məkanında səcdəgah
ocaqları Qabıssan
qayaları, Safi Həmid,
Bibiheybət və Atəşgahdırsa, bundan
arxaya tarix yoxdur axı?! Budur
dünyamızın ilkin mənəvi xəritəsinin mənzərəsi.
Şair Bilal Şirvaninin dili ilə desək:
Adi görünməsin
sənə o "Aləm",
Bir saman çöpünün öz
miqdarı var.
Var tarın,
kamanın gecə əzanı,
Səsi Qabıssandı,
dəf - qabalı var.
Qabıssanın mənəvi, ilkin incisi (həm də dünyanın) qaval (qəbail) daşından qabaq, bu daşla bağlanan
söz, səs, avaz, rəqs olmayıb. Təxminən
10 min ildən sonra siz "Muğam mərkəzi"ni yaratdınız,
bütün muğam dünyasının insanlarını
bu müqəddəs ocağa ziyarətə gətirdiniz, bu gözəl yeri Muğamın ana vətəni Bakıda müqəddəs ocağa
çevirdiniz. Bunları Allaha
sevginiz kimi qiymətləndirirəm. Bütün bunları
dünyaya bəxş
edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım oldu. Bəli, o yaratdı bu mənəvi möcüzəni! Sivilizasiyanın mənəvi zərini 10
min ildən sonra ilk dəfə Mehriban xanım cilaladı.
Möhtəşəm saraylar xarab olacaq,
Yağışdan, küləkdən
hər şey solacaq.
Sən qurdun
"Muğam"dan yüksək
bir bina,
Yağışlar, tufanlar toxunmaz ona.
Bütün səmimiyyətimlə deyirəm
ki, Mehriban xanımın Müqəddəs
Muğam Ocağını
yaratması Allaha olan sevgisi və
o böyük Yaradana hesabatıdır. Bu yaradıcılıq
incisi onun Rəbbə göstərdiyi
sədaqət şəhadətnaməsidir.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2010.-
9 iyul.- S. 4.