"Azad mətbuatın
inkişafı üçün dövlət
bütün hüquqi
və maddi şərait yaradıb"
Azərbaycan Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək
milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə
bağlı "Trend"ə müsahibəsi
- 135 illik tarixi olan Azərbaycan mətbuatının
keçdiyi yolu və bugünkü durumunu necə dəyərləndirirsiniz?
- Əlbəttə,
müstəqillik illərində Azərbaycan mətbuatı
müəyyən uğurlara nail olub. İlk növbədə,
bildiyiniz kimi, 1998-ci ildə Azərbaycan Prezidenti, ümummilli
lider Heydər Əliyev tərəfindən mətbuat üzərində
dövlət tənzimlənməsini nəzərdə tutan
bütün mexanizmlər, o cümlədən senzura ləğv
olunub. Azad mətbuatın inkişafı üçün
dövlət bütün hüquqi və maddi şərait
yaradıb. Mətbuat təsis etmək üçün
bütün dövlət icazəvermə mexanizmləri ləğv
olunub, mətbuat haqqında qanun tam
liberallaşdırılıb, Avropa standartlarına
uyğunlaşdırılıb. Mətbuat vasitələri və
çap mediası dövlət vergilərindən azad olunub. Mətbuatın
inkişafına dövlət qayğısını təmin edən
bir neçə sərəncam imzalanıb, o cümlədən
Azərbaycan mətbuatının dövlət nəşriyyatına
olan borcları əvvəlcə üç il donduruldu, sonra
isə ləğv olundu və bu borcların qiyməti təxminən
yarım milyon dollardan artıq idi. Bundan başqa, mətbuata
güzəştli kreditlər ayrıldı. Beş il müddətinə
güzəştli kreditlərin verilməsi ilə
bağlı 5 milyon dollardan artıq pul ayrıldı. Jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə
dəfələrlə Prezident fərmanı və sərəncamı
ilə onların maddi vəziyyətinin
yaxşılaşdırılması tədbirləri
görülüb. Qəzetlər, redaksiyalara birdəfəlik
yardımlar göstərilib. Dövlətimiz
çalışır ki, getdikcə bazarın
liberallaşdırılması yolu ilə mətbuatın
maddi-texniki bazasını, o cümlədən reklam
bazarını genişləndirsin. Əlbəttə, bundan
istifadə edən mətbuat orqanları da olub, onları Azərbaycan
mediasının inkişafına aid etmək olar. Bundan
sui-istifadə edərək qeyri-sivil yol tutan mətbuat
orqanları da olub. Bunların bəziləri bağlanıb, bəziləri
də bu gün reketçilik yolu tutub və onlarla mətbuat
ictimaiyyəti arasında ciddi ziddiyyətlər yaşanır.
Mediamızın bu
gün yeganə problemi, belə demək mümkünsə,
bir tərəfdən qəzetlərin reklam gəlirlərinin
aşağı olması və iqtisadi vəziyyətinin
müstəqil inkişaf etməsi üçün yetərli
olmaması, digər tərəfdən jurnalist peşəkarlığının
aşağı olmasıdır.
Bundan başqa, media
azadlığı, jurnalist sərbəstliyi getdikcə cəmiyyət
tərəfindən qəbul olunduqca jurnalistlərin iş
mühiti də yaxşılaşır. Jurnalistlərin azad
şəkildə informasiya toplamaq, onu sərbəst şəkildə
işləmək, azad şəkildə yaymaq, cəmiyyətdə
baş verən hadisələr haqqında sərbəst fikir
mübadiləsi aparmaq, istənilən sahələr üzrə
tənqidi yazılar yazmaq, istənilən obyekti tənqid etmək,
ictimai əhəmiyyət kəsb edən məsələləri
ictimai müzakirəyə çıxartmaq və onlar ətrafında
sərbəst fikir mübadiləsi aparmaq imkanları
yaradılıb. Bütün bunları götürəndə,
əlbəttə, medianın inkişafını qənaətbəxş
hesab etmək olar. Lakin Azərbaycan mediasında bəzi problemlər
də yaşanır ki, biz 135 illik yubileyi ərəfəsində
onların bəzilərini mətbuat ictimaiyyəti ilə, bəzilərini
dövlət xətti ilə, digər bir qismini isə
jurnalistlərin özlərinin iştirakı ilə aradan
qaldırmağa çalışırıq.
Son üç ildə
medianın inkişafı ilə bağlı dövlət
xüsusi bir təşəbbüslə çıxış
edib, medianın inkişafını şərtləndirən
xüsusi bir dövlət proqramı qəbul olunub. Bundan
başqa, Azərbaycan Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradılıb. Bu quruma müəyyən səlahiyyətlər
verilib, büdcəsinə vəsait ayrılıb və onun
vasitəsilə medianın işini stimullaşdırmaq,
dövlətin bu sahəyə qayğısını mərkəzləşdirmiş
şəkildə təmin etmək məqsədilə müəyyən
tədbirlər həyata keçirilir. 135 illik yubiley ərəfəsində
yenə respublika səviyyəsində bəzi tədbirlər
nəzərdə tutulub və biz bu günlərdə həmin
tədbirlərin keçirilməsi ilə bağlı
addımlar atacağıq.
- Azərbaycan mətbuatının
regiona və Avropaya inteqrasiyası prosesi sizi qane
edirmi?
- Əlbəttə, bu gün birmənalı söyləmək olmaz ki, Azərbaycan mediası özünü
tam Avropa, dünya standartlarına uyğunlaşdırıb
və bu media dünya informasiya məkanında, dünya ictimai rəyində hər hansı bir rol oynayır. Bunu bütün
qəzetlərə də
aid etmək olar.
Azərbaycanın bəzi
media orqanları, xüsusən
onun internet versiyaları
xarici ölkələrdə
oxunur - Rusiyanın ictimai dairələrində,
türkdilli mətbuat
nümunələri Türkiyədə,
müəyyən qisim
verilişlərimiz, o cümlədən
mətbuat orqanları
ingilis dilində çıxır ki, onları da səfirliklərdə və
onların vasitəsilə
ingilisdilli ölkələrdə,
ərəb dilində
yazılar buraxmağa
təşəbbüs göstərən
bəzi mətbuat orqanları və yaxud onların internet saytları ərəbdilli
ölkələrdə yeni-yeni
oxunmaqdadır. Amma açıq
deyim ki, bu gün Avropa
və dünya informasiya məkanında Azərbaycan mediası hələ ki ictimai rəy formalaşdırmaq qüdrətində,
gücündə deyil.
Azərbaycan dövlətinin, xalqının milli-mənəvi
dəyərlərinin, o cümlədən
Azərbaycanın problemlərinin
təbliğatı məqsədilə
biz yerli mətbuatın
imkanlarından nə qədər istifadə etməyə çalışsaq
da, lazımi effekti ala bilmirik.
Azərbaycan problemləri
deyəndə məhz ilk növbədə Dağlıq
Qarabağ problemi, Azərbaycan torpaqlarının işğal
olunması, qaçqın-köçkün problemi, ermənilərin
Qafqazda yürütdüyü işğalçılıq
siyasəti və Azərbaycanın bu
işğalçılığa məruz qalmasını nəzərdə
tuturam. Hələ ki bunların dünya mətbuatında
işıqlandırılması biz istədiyimiz səviyyədə
deyil. Amma yox dərəcəsində də deyil. Son 5 ildə
bu sahə üzrə bəzi ciddi mexanizmlər qurulub, bu sahəyə
ciddi maliyyə vəsaitləri ayrılıb. Lakin yenə təkrar
edirəm: bu, yetərli deyil. Biz hələ dünya ictimai rəyini
formalaşdırmaq iqtidarında deyilik. Xüsusilə yerli
medianın köməyi ilə bu funksiyanı tam
reallaşdıra bilmirik.
Odur ki biz bəzən bu
məqsədlə transmilli media nümunələrinə
müraciət etməli oluruq. Onlarda reklam və digər
hüquqlarla Azərbaycanın maraqlarını təbliğ
edən yazıların, verilişlərin və bu tipli
materialların hazırlanması məqsədilə fəaliyyət
göstəririk. Zaman keçdikcə Azərbaycan mediası
bizi əhatə edən postsovet və Avrasiya məkanında
müəyyən mexanizmlərə yiyələnməlidir və
biz bunun üçün dövlət olaraq maraqlıyıq və
buna çalışırıq.
- Azərbaycan jurnalistikasında peşəkarlığın
artırılması üçün hansı tədbirlər
görülməlidir?
- Mən dəfələrlə
bu mövzuya toxunmuşam və bəzən mən Azərbaycanda
jurnalistikanın əsas problemi - peşəkarlığın
çatışmazlığını deyəndə Azərbaycanın
peşəkar jurnalistləri inciyir. Amma mənim əslində
bu fikrim o demək deyil ki Azərbaycanda peşəkar jurnalist
yoxdur. Mənim dediyimdən o çıxır ki, Azərbaycanda
media sahəsində çalışan və jurnalist
adını daşıyan insanların çoxu qeyri-peşəkardır.
Azərbaycanda bu gün onlarca, yüzlərcə peşəkar
jurnalist varsa, beş yüzlərcə, minlərcə, bəlkə
də on minlərcə jurnalist vəsiqəsini daşıyan
qeyri-peşəkarlar mediaya doluşub və mətbuat sahəsində
fəaliyyət göstərirlər. Ona görə də
qeyri-peşəkarların çox olduğu yerdə peşəkar
jurnalistlər onların arasında itib-batır. Medianın
nüfuzunu, tendensiyasını, gündəlik media ilə
bağlı ictimai rəyi məhz bu qeyri-peşəkar
jurnalistlər formalaşdırır. Bu anlamda həmişə
deyirəm ki, Azərbaycan jurnalistikasının əsas problemi
jurnalist peşəkarlığının aşağı
olmasıdır. Bu istiqamətdə, əlbəttə,
dövlət çox iş görə bilməz. Dövlət
nə edə bilər? Jurnalist təhsili verən jurnalistika
fakültələrinin fəaliyyətini
yaxşıllaşdıra, onların sayını artıra
bilər, jurnalistlərin peşəkarlığını
artıran kurslar təşkil edə bilər, xarici ölkələrdən
mütəxəssislər dəvət edə bilər, beynəlxalq
jurnalist təşkilatları ilə treninq-seminarlar təşkil
edə bilər. Bu sahədə biz neçə illərdir fəaliyyət
göstəririk. Tək dövlət yox, Mətbuat
Şurası, bəzi jurnalist təşkilatlarının
özləri də bu sahədə yetərincə fəaliyyət
göstərirlər. Lakin bu fəaliyyət davamlı
olmalıdır. Bir tərəfdən peşəkar jurnalistlərin
sayını artırmalıyıq, onların peşəkarlıq
səviyyəsini yüksəltməliyik, digər tərəfdən
qeyri-peşəkarların yolunu bağlamalıyıq,
onları media sahəsindən təmizləməliyik.
- Azərbaycan jurnalistlərinin sosial problemlərinin həlli
istiqamətində hansı işlər davam etdirilir?
- Jurnalistlərin sosial
probleminin aradan qaldırılması, sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
dövlətin başladığı tədbirlər bundan
sonra da davam etdiriləcək və getdikcə genişləndiriləcək.
Əlbəttə, onların təfsilatına varmaq istəmirəm,
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu, o cümlədən
cənab prezidentin ayrı-ayrı dövrlərdə bununla
bağlı imzaladığı sərəncamlar, fərmanlar
bunun bəzi istiqamətlərini artıq ortaya qoyub. Lakin qeyd
etmək istərdim ki, bu istiqamətdə büdcə
imkanlarımız, dövlətin maddi vəziyyəti
yaxşılaşdıqca, o cümlədən cəmiyyətimizdə
iqtisadi, biznes və özəl strukturlar getdikcə mediaya
üz çevirərək onlara daha geniş şəkildə
reklam verdikcə bu istiqamətdəki tədbirlər genişləndiriləcək.
- Azərbaycanda söz və informasiya
azadlığının qorunması istiqamətində
görülən işləri qənaətbəxş saymaq
olarmı?
- Hesab edirəm ki, Azərbaycanda
söz, məlumat, informasiya azadlığı sahəsində
beynəlxalq təşkilatları, bizim jurnalistləri narahat
edəcək hər hansı ciddi problem yoxdur. Bu problemlər
olsa da belə, ayrı-ayrı fərdi problemlərdir və
bunlar cəmiyyət həyatının informasiya sahəsinin
tendensiyasını təşkil etmir. Lakin bu o demək deyil ki
Azərbaycanda bu sahədə problem yoxdur, müəyyən
problemlər var, amma problemlər bütövlükdə Azərbaycan
vətəndaşlarının, media ictimaiyyətinin,
jurnalistlərin konstitusiyada təsbit olunmuş azad şəkildə
informasiya toplamaq, onu sərbəst şəkildə yaymaq, cəmiyyəti
maraqlandıran məsələləri ictimai müzakirəyə
çıxarmaq, onlar ətrafında açıq müzakirələr
həyata keçirmək, fikirlərini söyləmək
hüquqlarına qətiyyən toxunmur, onlara mane olmur. Bu
anlamda biz cəmiyyətin fundamental informasiya
azadlığı hüququnu, söz, mətbuat fəaliyyəti
ilə məşğul olmaq hüququnu, azad şəkildə
baş verən hadisələr haqqında informasiya almaq
hüququnu və yaxud jurnalistlərin informasiya toplayıb
yaymaq hüqunu təmin etmişik. Lakin bu informasiya hüququnun
təmin edilməsi bu sahədəki problemlərin tam aradan
qaldırılması demək deyil. Problemlər bütün
postsovet məkanında olduğu kimi, Azərbaycanda da
mövcuddur. Bunların, təkrar edirəm, bir qismi jurnalistlərin
peşəkarlığı, digər qismi azad medianın dairəsinin
hələ bizi qane edəcək səviyyəyə
çatmaması ilə bağlıdırsa,
üçüncü qismi jurnalistikadan müəyyən məqsədlərlə
sui-istifadə edən kifayət qədər jurnalistikaya yad
insanların bu sahəyə doluşması ilə əlaqəlidir.
Digər bir qismi mətbuatın maddi-texniki bazasının
aşağı olması, başqa qisimləri isə media sahəsində
fəaliyyət göstərən insanların özlərindən
asılıdır. Biz zaman-zaman bunları media ictimaiyyəti,
Mətbuat Şurası, jurnalist ictimaiyyəti, aparıcı qəzetlərin
redaktorları ilə müzakirə edirik və onların
aradan qaldırılması yollarını axtarırıq. Bu,
dövlətin siyasətidir, bu siyasət bundan sonra da davam
etdiriləcək.
Əli Həsənov
Həftə içi.- 2010.- 15 iyul.- S. 1,5.