Milli kitabxanamızdan
təəssüratlar
Mütaliə etmək istəyənlərə burada
kifayət qədər şərait var
Kitab elm mənbəyidir. Bu
hikmətli sözlər hər bir ziyalının
yaddaşında iz qoyan kəlmələrdir. Bəs elm əldə
etmək üçün kifayət qədər dəyərli
kitablar və kitabxanalar varmı? Yaxud yetərincədirmi? Bu
suallara cavab tapmaq məqsədi ilə yolumuzu ölkənin
ən öndəgedən kitabxanası sayılan M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasından saldıq.
Xatırladaq ki mayın sonları kitabxananın
yarandığı tarix kimi qeyd edildiyindən onun tarixinə
qısa nəzər salmaq heç də pis olmaz.
Azərbaycanın
baş kitabxanasının yaranması tarixi 1922-ci ilə
təsadüf etsə də, kitabxananın rəsmi
açılışı 1923-cü il mayın 23-də
baş tutub. Kitabxana yaradılan zaman fondunda 5000
nüsxə kitab olub. Bu günsə bu rəqəm 4 milyon 513
min təşkil edir. İlk zamanlar oxucuların sayı 3183
nəfər təşkil edib. Bunların da 2957-si
kişilərin, 226-sı isə qadınıarın payına
düşüb. Həmin vaxtla müqayisədə bu gün
il ərzində kitabxananın oxucularının sayı 34.000
nəfərə çatır.
Kitabxana
fəaliyyətə başlayan zaman ilk direktoru
səlahiyyətində 13 nəfər işçisi ilə
M.Səlimov olub. Onlar fəalliyyətə
başlayarkən kitabxana Milli Elmlər Akademiyasının
binasında yerləşirdi. 1939-cu ildən isə kitabxana
böyük dramaturq M.F.Axundovun adını daşıyır.
Kitabxananın tarixində iz qoyan hadisələrdən biri
də 1961-ci ildə hazırkı əzəmətli binaya
köçürülməsi olub. Binanın layihəsinin
müəllifi Mikayıl Hüseynovdur.
Bəs
görəsən, milli kitabxanamızda vəziyyət nə
yerdədədir? Kitabxana öz üzərinə
düşən vəzifənin öhdəsindən
layiqincə gələ bilirmi? Bu suallara cavabı isə ilk
növbədə kitabxana işçilərinin,
oxucularının dilindən öyrənməyə
çalışdıq. Kitabxananın qapısından
içəri keçərkən öncə oxucuları
qarşılayan nəzarətçi qadınlar olur. Onlara,
sadəcə, oxucu biletini göstərib zala keçmək
kifayətdir. Kitabxanaya daxil olduğum anda səliqə-sahmanın
mövcudluğu diqqətimi cəlb etdi. Təbii ki, bir
jurnalist kimi məni öncə maraqlandıran
məsələlərdən biri dövri mətbuat
zalının hansı şəraitdə və oxuculara
necə xidmət göstərdiyini öyrənmək oldu. Bu
zal 67 nəfər oxucu üçün nəzərdə
tutulub. Zalda 4 illik jurnal və 5 illik qəzetlər
saxlanılır. Həmçinin kimliyindən asılı
olmayaraq hər bir kəs üçün açıqdır.
Daha dəqiq məlumatları əldə etmək
üçün zalın müdiri Fəridə Hacıyevayla
qısa sorğu keçirməyi qərara aldım.
- Gənclərin mətbuata marağı nə
dərəcədədir?
- Bizim
oxucularımızın böyük hissəsini orta yaş
və nisbətən yaşlı nəslin
nümayəndələri təşkil etsələr də,
gənc tələbələrin də mətbuat zalına
tez-tez müraciətinə rast gəlinir. Biz də
böyük həvəslə onlara yardımımızı
göstəririk.
- Müasir mətbuatdan ən çox oxunan qəzet
nümunələri hansılardır?
- "Azadlıq",
"Ədalət", "Kaspi", "Bizim yol",
"Olaylar", "Həftə içi", "Exo",
"Nedelya" qəzetləri ən çox oxunan
qəzetlər sırasındadır.
Mətbuat zalında
qarşılaşdığım xoş
mənzərələrdən biri də burada 1975-ci ildən
fəaliyyət göstərən qocaman kitabxana
işçisi Abhəyat Rzayeva ilə tanışlıq oldu. Bu
yaşda da oxucularına yorulmadan və həvəslə
xidmət göstərirdi. Buradan çıxıb yollandıq
tələbə gənclərə xidmət zalına. Saat
14:00 olmasına baxmayaraq 280 nəfərlik oxucu
yerlərindən 40 - 50%-i artıq dolu idi. Oxucu qrupları
arasında yenə də üstünlüyü universitet
tələbələri təşkil etsələr də,
ortatəhsillilər də zalda gözə dəyirdi.
Vəziyyətin nə yerdə olduğunu öyrənmək
məqsədi ilə zaldakı oxuculara bir sıra sualla
müraciət etdim. Onu da qeyd edim ki, oxucular arasında
İncəsənət və Mədəniyyət,
Dövlət Pedaqoji, Beynəlxalq universitetlərin
tələbələri daha çoxluq təşkil edirdi. Bunu
həm kitabxana işçilərindən, həm də
özümüzün zalda apardığımız sorğu
zamanı öyrəndik. Müsahibim - Dövlət Pedaqoji
Universitetinin ibtidai metodika fakültəsinin tələbəsi
Afaq Səfərli oldu.
- Sizlər üçün yaradılan
şəraitdən razısınızmı?
- Şərait
normaldır. Mənə lazım olan ədəbiyyatın bir
hissəsini tapsam da, bəzilərini əldə edə
bilmirəm. Kitabxana işçilərinin bizimlə
rəftarı çox gözəldir.
- Bəs çatışmayan
cəhətlər hansılardır?
- Yay vaxtlarında
tələbələr üçün bufetin olmaması bir
qədər bizim üçün çətinliklər
törədir. Bu da normal fəaliyyətimizə mənfi
təsir edir. Həmçinin bəzi vaxtlar oxu zalında
sakitliyə riayət edilməməsi bizə bir qədər
mane olur.
Növbəti - elmi
zallar da humanitar və texniki zallardan ibarət olmaqla 2 yerə
ayrılıb. Humanitar elmlər zalında oxucular
üçün ayrılmış yerlərin sayı
36-dır. Burada yerləşən ədəbiyyat
nümunələrinin sayı 2368 nüsxə təşkil
edir. Ədəbiyyatın böyük qismi rus dilindədir.
Zalda həmçinin əlifba və sistemli kataloqlarından da
istifadə olunur. Oxucuların əksəriyyəti elmi
işçilərdən ibarət idi. Burada oxucuların vaxt
itkisinin qarşısını almaq məqsədi ilə
sifarişlər 5 gün müddətinə zalda saxlanılır.
Dəqiq və texniki
elmlər zalı da kitabxananın 2-ci
mərtəbəsində yerləşir. Oxucu yerinin
sayı 22 nəfərlikdir. Kitabxana nümayəndəsinin
məlumatına görə, fondda 2005 nüsxə
ədəbiyyat toplanıb. Bunların da 332-si Azərbaycan,
1673-ü isə rus dilindədir. Zalda olduğumuz
müddətdə oxucuların əsasən tibb
işçilərindən ibarət olduğunu gördük.
Xarici ədəbiiyat zalı diqqətimizi xüsusi cəlb
etdi. Bu dəfə isə müraciət etdiyimiz şəxs
xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi
şöbəsinin müdiri Zibeydə Məmmədova oldu.
Əvvəlcə söbənin tarixi haqqında bizə
qısa məlumatları çatdırdı: "Bu zal 1965-ci
ildə yaradılıb. Oxucular üçün 66
nəfərlik yer nəzərdə tutulub. Bu
şöbədə 1994-cü ildən BMT-nin, YUNESKO-nun
ədəbiyyat nümunələri saxlanılır.
Beynəlxalq kitab mübadiləsi də aparmışıq.
Həmçinin xarici ədəbiyyat nümunələri burda
geniş təbliğ olunur. Bu fondda 40 dildə müxtəlif
xalqların dilində olan ədəbiyytatlar
qorunub-saxlanılır.
- Milli kitabxanamızın hansı beynəlxalq milli
kitabxanalarla əlaqəsi var?
- Hazırda 30-a yaxın
ölkənin milli kitabxanaları ilə kitab mübadiləsi
aparılır. Hazırda bizim fondumuzda 300.000 kitab
saxlanılır.
Zibeydə xanımla
söhbətdən sonra xarici ədəbiyyat zalına
keçdik. Burada kitablar, ədəbiyyatlar kifayət
qədər olsa da, oxucular üçün ayrılmış
zalın həddən artıq kiçikliyi diqqətimizdən
yayınmadı.
Not
nəşrləri zalının da maraqlı
cəhətləri və özəllikləri var. Musiqi
aləmimiz haqqında məlumat əldə etmək
üçün bölmə müdiri Məlahət xanıma
müraciət etdik. O, qısaca olaraq bu zalın
tarixçəsi barədə məlumatı bizə
çatdırdı: "1961-ci ildə kitabxananın
nəzdində müsiqi şöbəsi yaradılıb. Bizim
şöbədə 1981-ci ildən etibarən Azərbaycan
bəstəkarlarının əlyazmalarının
nümunələri saxlanılır. Hazırda bu
əlyazmaların sayı 2085 nüsxə təskil edir. Biz 3
formatda qramofon valları da almışıq. Hazırda bu
valların CD-lərə köçürülməsi prosesi
gedir".
Bu zalda olduğumuz zaman
maraqlı nümunələrdən biri də "Musiqi
dünyamız" adlı musiqi tariximizdən bəhs edən
nümunənin burada oxucuların istifadəsində olması
idi. Həmçinin bu zal yaradılan zaman buraya
gətirilən qədim milli musiqi alətlərimizdən tar,
kamança və pianino da qorunub-saxlanılır. Gün
ərzində oxucularımızın sayı isə
təxminən 10 - 15 nəfər təşkil edir.
"Tanınmış incəsənət
nümayəndələrindən sonuncu dəfə kimlər
sizə müraciət ediblər" sualına Məlahət
xanım belə cavab verdi: "Son zamanlar Aygün
Hümbətova, Gülüstan Əliyeva, Samir Cavadov bizə
müraciət ediblər".
Musiqi zalından xoş
təəssüratla ayrılandan sonra növbəti üz
tutduğumuz zal "Nadir kitablar" bölməsi oldu. Bu
bölmə öz füsunkarlığı ilə sanki
insanı qeyri-adi aləmə aparır. Bölmənin tarixi,
əhəmiyyəti haqqında məlumatları biz
bölmənin müdiri Məlahət Qulamovadan aldıq. Onun
məlumatına əsasən, bu bölmə 1962-ci ildən
fəaliyyət göstərir. Fondda 7000-ə yaxın nadir
kitab qorunub-saxlanır və oxucuların istifadəsinə
təqdim olunur. Burada 16 dildə kitablar mövcuddur.
- Nadir kitablar bölməsinin əsas vəzifəsi
nədən ibarətdir?
- Bölməmizin
əsas vəzifəsi elmi baxımdan, nəşr tarixi
baxımından qiymətli hesab olunan nəşrləri
toplamaq, mühafizə etmək və ictimaiyyətin
istifadəsinə verməkdən ibarətdir. Nadir
kitablar bölməsi əsasən elm, mədəniyyət
sahəsində çalışan işçilərə,
aspirantlara və başqa oxuculara xidmət göstərir. Bu
bölməyə orta hesabla ildə 2000 oxucu müraciət
edir.
- Bəs ən qədim nümunələr
hansılardır?
- Ən qədimi XVI
əsrdə alman dilində çap edilən
"Türklər haqqında 10 nəsihət"
kitabıdır. Digər ən qədim kitab isə
"Türkiyə tarixindən" adlanır.
Buradan da yollandıq
"Avtoreferatlar və dissertasiyalar" zalına. Şöbə
müdiri Gülər xanım şöbənın
işləri ilə bizi tanış etdi: "Bu
şöbə 2008-ci ildən müstəqil fəaliyyət
göstərir. Burada 1993-cü ildən bu günədək
respublikamızda müdafiə olunan dissertasiyalar (Azərbaycan
və rus dilllərində) və onların avtoreferatları
mühafizə edilir. Hazırda şöbənin fondunda 7956
dissertasiya saxlanılır. Bu yaxınlarda şöbəmizdə
mədəniyyət və turizm naziri Əbülfəz
Qarayevin iştirakı ilə dissertasiyaların elektron
versiyalarının açılışı oldu. Elektron
dissertasiyalardan oxuculara 2300 nüsxə istifadəyə verilib.
Gündəlik olaraq bu zaldan istifadə edənlərin sayı
35 - 45 nəfərarası təşkil edir. 1 gündə orta
hesabla 120 - 140 arası dissertasiyadan istifadə olunur".
Milli kitabxanamızın
ən əhəmiyyətli şöbələrindən biri
də "Azərbaycan ədəbiyyatının
arxivi"dir. Digərlərindən fərqli olaraq
zalı hər bir oxucu üçün açıq deyil.
Burada akademik, aspirant və elmi işçilər
fəaliyyət göstərir. Oxucular üçün 4 yer
nəzərdə tutulub. Milli kitabxanamızda elektron kataloqun
yaradılması və məsafədən kitab sifarişinin
tətbiqi diqqətəlayiq işlərdəndir. Sonda
gördüklərimizdən gəldiyimiz nəticə
belədir ki, ölkəmizdə mütaliə etmək
istəyən kəslər üçün kifayət
qədər şərait var. Dövlət dəstəyinin
də təhsilə, kitabxanalara qayğısı,
nəzarəti yetərincədir. Bütün
gənclərimizi də bu yaradılmış
şəraitdən istifadə etməyə
çağırıram.
Mircəlal Məcidli
Həftə içi .- 2010.- 2 iyun.- S. 4.