15 İyun - Azərbaycan
xalqının Milli Qurtuluş günüdür
Azərbaycanın
yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng
dövlət xadimi Heydər Əliyevin adı ilə
bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri
isə şəxsi hünər rəmzinə çevrilib, həyat
və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət
və sədaqət meyarı olub.
Azərbaycanda möhkəm
dövlətçilik ənənələrinin və
demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin
rolu böyükdür. Bir sistem kimi yanaşsaq, cəmiyyətin
digəri ilə əvəzlənməsi prosesi mürəkkəb
və ziddiyyətli tərəfləri ilə seçilən
sosial hadisədir. Elmi-metodoloji istiqamətlərdən baxsaq,
aydın olur ki, bir cəmiyyətin digəri ilə əvəzlənməsi
prosesində təkamül edən, formalaşan və bərqərar
olan formasiya həmin proses zamanı daxildən irəli gələn
dinamik qüvvənin hesabına reallaşmaqla yanaşı,
formalaşacaq cəmiyyətin təkamülü prosesinə
şəxsiyyətin timsalında təsir edən həlledici
qüvvə mühüm rol oynayır.
Əslində, bu
görkəmli şəxsiyyət Azərbaycanda müstəqil
dövlət və demokratik cəmiyyət formalaşdırmaq
kimi tarixi vəzifəni böyük çətinlikləri dəf
edərək yerinə yetirib. Heydər Əliyev
xalqımızın ümummilli lideri kimi siyasi hakimiyyətə
gələrkən ölkədə mövcud olan vətəndaş
müharibəsini, hakimiyyət böhranını, etnik
separatizm meyillərinin qarşısını almaqla və
müxtəlif dövlətlərin ölkəmizə yönələn
geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda
demokratik cəmiyyətin inkişafına təminat yaratdı.
Azərbaycanın ən
yeni siyasi tarixi göstərdi ki, xalqımızın
bütün ümummilli məsələlərdə olduğu
kimi, konkret olaraq demokratik cəmiyyətin formalaşmasında
da şəxsiyyət fenomeni böyük rol oynayır. Aydın
olur ki, ümummilli lider Heydər Əliyev özünün
böyük həyat təcrübəsi, nüfuzu, iradəsi
və ən mürəkkəb situasiyalarda dəqiq qərarlar
çıxarmaq bacarığına görə demokratik cəmiyyətə
keçid mexanizmini müəyyənləşdirərək
bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata
keçirib. Əslində, bu görkəmli şəxsiyyət
Azərbaycanda müstəqil dövlət və demokratik cəmiyyət
formalaşdırmaq kimi tarixi vəzifəni böyük
çətinlikləri dəf edərək yerinə yetirib. Heydər
Əliyev xalqımızın ümummilli lideri kimi siyasi
hakimiyyətə gələrkən ölkədə mövcud
olan vətəndaş müharibəsini, hakimiyyət
böhranını, etnik separatizm meyillərinin
qarşısını almaqla və müxtəlif dövlətlərin
ölkəmizə yönələn geostrateji
maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin
inkişafına təminat yaratdı. Bir sözlə,
xalqının tarixinin ən mürəkkəb və
ağır dövrlərində böyük öndər
Mustafa Kamal Atatürkün Türkiyədə, Mahatma Qandinin
Hindistanda, Adenauerin Almaniyada yerinə yetirdikləri tarixi
missiyanı Heydər Əliyev Azərbaycanda
reallaşdırdı və bu gün də öz
ideyalarının müdrikliyi ilə ümummilli lider kimi
xalqımız qarşısında üzərinə
düşən vəzifələri şərəf və ləyaqətlə
yerinə yetirərək zəngin və qüdrətli Azərbaycana
gedən yola işıq salır. Əslində, bu danılmaz
həqiqət kiminsə istəyib-istəməməsindən
və yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan
reallıqlarında gedən proseslərin məntiqindən irəli
gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər
salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti
ilə sıx şəkildə bağlıdır.
Heydər Əliyevin ilk
dəfə 1969-cu ilin yayında Azərbaycana rəhbər
seçilməsi ərəfəsində cəmiyyətdə
bədbinlik, ətalət, laqeydlik əhvali-ruhiyyəsi
hökm sürürdü. Sosial-iqtisadi göstəricilərin
əksəriyyəti, o cümlədən əməkhaqqının
səviyyəsinə, mənzil təminatına, məktəblərin
və xəstəxanaların sayına, istehlak səviyyəsinə
görə respublika ölkədə axırıncı yerlərdən
birini tuturdu. Ərzağın xeyli hissəsi ittifaq fondundan
alınırdı. Ermənistanın respublikaya qarşı
növbəti ərazi iddiaları da həmin dövrə
aiddir. Əlbəttə, bu iddiaların hansı faciəli nəticələrə
gətirə biləcəyini əhalinin böyük hissəsi
dərk etmirdi. Lakin bu iddialar şəraiti xeyli kəskinləşdirir,
xalqın respublika rəhbərlərinə
inamsızlığını daha da artırırdı. Hər
yerdə söhbət gəzirdi ki, hansısa ərazilər
ermənilərə satılmış, yaxud tamah məqsədilə
hədiyyə edilib. Hamı başa düşürdü ki,
respublika rəhbərlərinin ittifaq orqanlarında nüfuzu
yoxdur, onlar respublikanı ağır vəziyyətdən
çıxarmağa qadir deyillər. Yalnız
yenicə respublika rəhbərliyinə gəlmiş Heydər
Əliyevin qətiyyətli mövgeyi, şəxsi nüfuzu həmin
dövrdə Azərbaycanın növbəti ərazi itkisi ilə
üzləşməsinin qarşısını aldı. Heydər
Əliyev inamsızlığın və sosial ətalətin
aradan qaldırılmasına dair yeni ideyalar tapdı və
bu ideyaları ilə Azərbaycan KP MK-nin avqust plenumunda
açıq çıxış etdi. Heydər Əliyevin həmin
plenumda dəlil - sübut baxımından kəskin məruzəsi
vəziyyətin həqiqi mahiyyətini açıb hamıya
göstərdi. O dövrdə təşəkkül
tapmış normalara, ideoloji tələblərə görə
belə çıxış gözlənilmirdi,
çünki mövcud dövlət quruluşunun tənqidi məsələləri
yol verilən hədd meyarı ilə dəqiq müəyyən
edilmişdir. Heydər Əliyevin açıq şəkildə
söylədiyi fikirlər Moskvada bəzilərin xoşuna gəlməsə
də, bu, bir reallıq idi.
Heydər Əliyev
özünün konkret fəaliyyətində həmişə
tarixi inkişafın obyektiv qanunauyğunluqlarına söykənən
dərin bilgisinə arxalanaraq xalqın potensial imkanlarına və
cəmiyyətin sağlam qüvvələrinə güvənib.
Məhz bunun nəticəsi idi ki, Azərbaycan xalqı gənc,
enerjili və dinamik siyasi liderinin məqsəd və niyyətlərini
qəbul etdi. O dövrdə Azərbaycan əhalisinin yaridan
çoxu kənd yerlərində yaşayırdı.
Onların bütün həyatı, rifah halı kənd təsərrüfatında
işlərin necə getməsindən asılı idi. İşlər isə pis gedirdi. İstehsal həcmi
ildən-ilə azalırdı. İqtisadiyyatın çox
vacib sahələri perspektivsiz sıralara aid edilmişdi.
Heydər Əliyev respublikanın rəhbəri
seçildikdən sonra onun görkəmli təşkilatçılıq
qabiliyyəti, xalqı səfərbər edib öz arxasınca
aparmaq istedadı sayəsində 1969-cu kənd təsərrüfatı
ili uğurla başa çatdırıldı. Uzun illər ərzində
ilk dəfə olaraq kənd təsərrüfatı məhsulları
istehsalında artım əldə edildi.
Bu illərdə sənayenin
baza sahələrinin inkişafı üçün də
işlər görüldü. Məhz ulu öndərin gərgin
səyləri nəticəsində Azərbaycanda
iqtisadiyyatın diferensiallaşdırlmasına nail olundu,
qeyri-neft sahəsinin inkişafına yeni nəfəs gəldi
və ölkədə sürətlə yeni istehsal sahələri
yaradılmağa başlandı. Artıq bütün Sovetlər
İttifaqında Heydər Əliyevin istedadlı rəhbər
və dövlət xadimi olması fikri
formalaşmışdı. Beləliklə, bu görkəmli
şəxsiyyətin fəaliyyəti öz yüksək qiymətini
aldı və 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər
Soveti həmsədrinin 1-ci müavini təyin edildi. Bu yeni vəzifə
həll edilən məsələlərin mürəkkəbliyinə
və miqyasına görə Heydər Əliyevin əvvəlki
fəaliyyəti ilə heç bir müqayisəyə gəlməzdi.
O vaxtkı sistemin hər bir rəhbərin fəaliyyətini
simasızlaşdırmaq və bərabərləşdirmək
xüsusiyyəti nəzərə alınarsa, Moskvanın
hakimiyyət dəhlizlərində itməmək, böyük
siyasətin adi statistinə çevrilməmək olduqca
çətin idi. Lakin Heydər Əliyevin qüdrətli
istedadı, müstəsna təşkilatçılıq
qabiliyyəti, məlum problemlərin həllinə qeyri-standart
yanaşma tərzi, görkəmli natiqlik məharəti burada
da özünü göstərdi. SSRİ Nazirlər Sovetinin sədrinin
1-ci müavini vəzifəsində Heydər Əliyev ən
çox quruculuq işlərini həyata keçirmişdi.
İndiyədək
postsovet məkanında dövlət və ictimai xadimlər,
sadə insanlar Heydər Əliyevin gördüyü işlər
haqqında dərin minnətdarlıq hissi ilə söz
açırlar. Lakin Sovet dövlətinin
başçısı Mixail Qorbaçov bu qədər
nüfuzlu, istedadlı dövlət xadimini öz yanında
görmək istəmirdi. Belə ədalətsiz münasibətə
etiraz olaraq 1987-ci ildə Heydər Əliyev partiyada və
dövlətdə tutduğu bütün vəzifələrdən
istefa verdi. Bu dövrdə respublika rəhbərlərinin fəal
iştirakı ilə ittifaq rəhbərliyi Heydər Əliyevin
ləkələnməsi üçün görünməmiş
kampaniyaya başladı. Lakin bütün bu cəhdlər
iflasa məhkum idi. Çünki Heydər Əliyev əvvəlki
kimi xalq tərəfindən sevilirdi, respublikada çox
böyük nüfuza və təsirə malik idi. 1990-cı
ildə ittifaq və respublika rəhbərliyinin iradəsinə
zidd olaraq Heydər Əliyev Naxçıvana
köçdü və Naxçıvan Ali Sovetinin
deputatı, sonra isə sədri seçildi. Beləliklə,
Azərbaycanın bu kiçik hissəsi böyük siyasətin
obyektinə çevrildi, Naxçıvanda millətin gələcəyi
ilə bağlı ümumdövlət və regional məsələlər
həll edilməyə başlandı. Bununla birlikdə,
ölkədə vəziyyət günbəgün pisləşirdi.
1993-cü ilin əvvəllərində hakimiyyət tam iflic vəziyyətinə
düşmüşdü. Partiyalar, ictimai-siyasi hərəkatlar,
hətta ayrı -ayrı imkanlı şəxslər
silahlı qruplar və qanunsuz silahlı birləşmlər
yaradırdılar. Cəmiyyətdə
müdafiəsizlik və sivil birgəyaşayışın
mümkünsüzlüyü ovqatı kütləvi xarakter
almışdı. Ayrı-ayrı şəxslər, müxtəlif
partiyaların, ictimai hərəkatların, rayon və kəndlərin
nümayəndələri Naxçıvana gedir, Heydər Əliyevdən
Bakıya qayıtmaq və hakimiyyəti öz əlinə
almağı dönə-dönə xahiş edirdilər. Nəhayət,
xalqın müqəddəratında "həqiqət
anı" olacaq 1993-cü ilin yayı gəldi. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycanın
Ali Sovetinin sədri seçildi və Azərbaycan tarixində
Heydər Əliyev dövrünün ən dinamik, gərgin və
səmərəli illəri yenidən başladı. Beləliklə,
Heydər Əliyev növbəti dəfə xilaskarlıq
missiyasını üzərinə götürərək
doğma xalqının köməyinə gəldi. Əgər
1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş
və çiçəklənmə gətirdisə,
1993-cü ildə ikinci dəfə gəlişi isə Milli
Qurtuluş günü oldu.
Bu qayıdışla
ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında,
beynəlxalq əlaqələrində dönüş
yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun şəkildə müstəqil dövlət
quruculuğu prosesi başlandı. Amma bütün bunlara nail
olmaq üçün ilk növbədə ölkədə
ictimai-siyasi sabitliyi təmin etmək lazım idi. Bunsuz dağılmış
iqtisadiyyatın bərpasına, xarici sərmayələrin cəlb
olunmasına, dövlət quruculuğu ilə yüksək fəaliyyətə
nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyevin
qətiyyətli səyləri nəticəsində bu sahədə
ciddi tədbirlər görüldü. Ən əsası isə
Azərbaycan dövlətçiliyinin varlığına
böyük təhlükə olan 1994-cü ilin oktyabr və
1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin
qarşısı alındı, günahkarlar cəzalandırıldı.
Bununla da hakimiyyətə silah yoluyla gəlmə cəhdlərinə
birdəfəlik son qoyuldu, ölkədə möhkəm,
davamlı sabitlik təmin edildi, demokratiyanın inkişafı
üçün sağlam şərait yaradıldı. Heydər
Əliyevin hakimiyyətə qayıtdığı dövrdə
ən ümdə, vacib məsələlərindən biri qərb
qonşumuş, dəyişməz düşmən Ermənistanın
getdikcə genişlənən təcavüzünün
qarşısını almaqdı. Ulu öndərin həyata
keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində
bir tərəfdən Azərbaycanın milli maraqlarını
qorumağa qadir olan nizamlı silahlı qüvvələr
yaradıldı, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atıldı, digər tərəfdən atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik
vasitələr işə salındı. Bununla da güclü
əks zərbələr alan düşmən
danışıqlara getməyə məcbur oldu və
1994-cü il mayın 12-də atəşkəs haqqında
saziş imzaladı. "İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir!" prinsipinə əsaslanan
ulu öndərin fəaliyyətinin ən mühüm, strateji
əhəmiyyət daşıyan istiqamətlərindən
biri bazar münasibətlərinə keçidin tələblərinə
uyğun şəkildə iqtisadi siyasət hazırlayıb
reallaşdırmaq, ölkə iqtisadiyyatını
böhrandan qurtarıb, dirçəliş, ardından da
inkişaf yoluna çıxarmaq idi. Təsadüfi deyil ki, Azərbaycanın
yeni neft strategiyasının işlənib-hazırlanması bu
baxımdan atılmış ilk və həyati əhəmiyyətli
addım omuşdur. 1994-cü il sentyabrın 20-də
dünyanın aparıcı neft şirkətləri ilə
"Əsrin müqaviləsi"nin imzalanması nəticəsində
ümummilli lider Heydər Əliyev nəinki neft
strategiyasının təməlini qoydu, yeni neft əsrini
başlatdı, ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının inkişafının ana xəttini müəyyən
etmiş oldu. Beləliklə, müdrik siyasətçi Heydər
Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb
etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya
birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün
Azərbaycan iqtisadiyyatının əsas arteriyalarını təşkil
edən Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa neft, Bakı -
Tbilisi - Ərzurum qaz kəmərlərinin ideya əsasları
və sağlam bünövrəsi məhz o zaman qoyuldu. Azərbaycanda
demokratik dövlət quruculuğunun fundamental əsasları
da ulu öndər tərəfindən qoyulmuş və onun rəhbərliyi
altında ölkəmizin demokratik dəyərlərə əsaslanan
hüquqi sistemin formalaşmasına başlanmışdır.
Beləliklə də müstəqil Azərbaycanın qurucusu
Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ilin 12
noyabrında ümümxalq səsverməsi yoluyla ilk
konstitusiyamız qəbul olundu və bu da öz növbəsində
demokratik qanunların qəbulunda, keçiriləcək
islahatların effektivliyində, Azərbaycanın gələcək
inkişafında təməl bünövrə rolunu
oynadı. Ümummilli lider Heydər Əliyevin qurucusu və
banisi olduğu Yeni Azərbaycan Partiyasının proqramında
təsbit etdiyi, həm də dövlətimizin təməl
prinsiplərindən biri varislikdir. Varislik Azərbaycan
xalqının əvvəlki tarixi dövrlərdə əldə
etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə
edilənləri gələcək nəsillərə
ötürməkdir. Bu gün Heydər Əliyev siyasi məktəbinin
varisi və layiqli davamçısı ölkə prezidenti cənab
İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyevin hələ
2003-cü ildə prezident kimi səlahiyyətlərinin
icrasına başladığı ilk gündən hakimiyyəti
xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də
təsadüfi deyil. Ölkə başçısının
ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək
səviyyədə davam və daha da inkişaf etdirməsi
müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini
şərtləndirən mühüm amil kimi
çıxış edir. Ənənəyə sadiq qalaraq
yeni iş yerləri açılır, əhalinin sosial
rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri
artırılır, Azərbaycan idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilir. Regionların
inkişafı və durmadan aparılan abadlıq və yenidənqurma
işləri, təhsil sistemindəki islahatlar və uğurlu
nəticələr, neft bazarındakı üstün mövqe,
səhiyyə sisteminin müasir standartlara cavab verməsi,
turizmin və idmanın inkişafı prezident İlham Əliyevi
Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə
Heydər Əliyevdən sonra gələn ikinci böyük
siyasi xadimə çevirdi. Xalqın öz liderinə belə
yüksək inam və etimadı dünya praktikasında da az
rast gəlinir. Xalqımızın cənab İlham Əliyevə
olan böyük inam və etimadının arxasında bu
görkəmli şəxsiyyətin uzun illərdən bəri
vətən və millət qarşısında göstərdiyi
tarixi xidmətlər, gərgin və şərəfli əmək
dayanır. Eyni zamanda bu parlaq qələbə, heç
şübhəsiz, ümummulli lider Heydər Əliyevin həmişəyaşar
və daim müasirliklə səsləşən
ideyalarının alternativsizliyinə olan ümumxalq
inamının təntənəsi idi. Məhz onun müəyyənləşdirdiyi
prinsiplərlə gündən-günə inkişaf edən zəngin
və qüdrətli Azərbaycanın fonunda tam məsuliyyətlə
demək mümkündür ki, müasir dövlətimizin
qurucusu, ümummilli lider Heydər Əliyev bu gün də
bizimlədir, daim onu sevən qədirbilən
xalqımızın qəlbindədir.
Həftə içi .- 2010.- 12-16 iyun.- S. 1-3.