Şərur yallısı - Naxçıvanın tacı

 

Oğuz babalarımızın ilkin möhürü

 

Xalqımızın mənlik və qəhrəmanlıq dastanı olan "Kitabi-Dədə Qorqud"da adı "Şəruk" kimi xatırlanan bu diyar təkcə iqtisadi qüdrəti, təbii imkanları ilə öyünmür. O həm də qədim və şərəfli tarixə malikdir. Rayon ərazisi bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən biri sayılır. Tənənəm kəndi yaxınlığındakı "Qazma" mağarasında 60-70 min il bundan əvvəl, daş dövrünün insanları yaşayıblar. Aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünün mustye mədəniyyəti üçün səciyyəvi sayılan obsidandan hazırlanmış itiuclular, qaşovlar və sairə əldə olunub. Xələc, Ərəbyengicə, Maxta, Ovçular təpəsi, Şortəpə yaşayış məskənləri isə eramızdan əvvəl V-II minilliklərə aid olub. Bu yerlərdə isə neolit dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar olunub. Oğlanqala ilkin şəhər mədəniyyətindən soraq verir. O, qüdrətli qala-şəhərlərdən olub.

Şərurun qədim tarixə və mədəniyyətə malik olması təkcə onun daş abidələri, arxeoloji maddi-mədəniyyət nümunələri ölçülmür. O həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan folklor rəqsləri - yallıları ilə öyünür. Min illərin, əsrlərin daş süzgəcindən keçərək bu günümüzədək gəlib çatan bu rəqslər onun nə qədər mənəvi zənginliyə malik olduğunu da ortaya çıxarır. Bu mənada yallını Şərurun qədimlik rəmzi, Oğuz möhürü adlandıranlar da yanılmırlar. Akademik İsa Həbibbəyli də bu qənaətdədir ki, yallılar qədim Oğuz yurdunun möhürü olub: "Harada yallı olubsa, yaxud da indi yallı rəqsi geniş yayılıbsa, oralar qədim Oğuz türk yurdu olub".

 

Birlik ifadəsinin rəmzi – yallı

 

Tədqiqatçıların fikrincə, yallı rəqs növü 8-10 min il bundan əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranma tarixi əlifbanın, yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. İlkin yallı oyunları oda, atəşə pərəstiş dövründə formalaşıb. O, od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Sonralar isə əhalinin başlıca məşğuliyyət sahəsi olan ovçuluqla bağlı rəqs nümunələri yaranıb. Ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, fövqəltəbii qüvvələrə and vermək istəyənlər özlərinin bu münasibətlərini mərasimlərdə təqlid, təsvir yolu ilə ifadə etməyə çalışıblar. Yadelli, hiyləgər düşmən üzərində qabiliyyətli mübarizə, baharın gəlişi və digər həyati vacib məsələlər də rəqs nümunələrində dolğun əksini tapıb. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində də duymaq olur. Hər bir yallı həm də birlik ifadəsinin rəmzinə çevrilib. Əcdadlarımız yaxşı anlayıblar ki, süfrələrin zəngin olması, ovun uğurlu keçməsi, çətinliklərin həll olunması, düşmənin yerində oturdulması xeyli dərəcədə birgə əməkdən, birlikdən asılıdır.

Azərbaycanın tanınmış musiqiçisi, rəqslərimizin mahir ifaçı və tədqiqatçısı, xalq artisti Əminə Dilbazinin fikrincə, yallılar qədər ölkəmizi dünyaya tanıdan ikinci bir vasitə yoxdur: "Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir". O bu mənada Şərur yallılarını birinci sırada görür. Alimlərim fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı "Dədə Qorqud" dastanlarında sözlə-fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa-ədalətə və sülhə can atmasını özündə yaşadıb. Elə götürək yallının ən qədim növlərindən biri olan "Qaladan-qalaya" rəqsini. Şərur yallılarının mahir ifaçılarından biri olan əməkdar incəsənət xadimi Vasif Çörəkçinin dediyinə görə, bu yallıda insanların döyüş əhvali-ruhiyyəsini, cəsarətini və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki "döyüş meydanında düşmənlə üz-üzə gəliblər". Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, "Cəngi"nin sədaları döyüş məqamının çatdığını bildirir. Tərəflər üz-üzə dayanırlar. Dəstə başçıları öz güclərini göstərirlər. Oyunun digər hissəsində isə yenə də qılınca əl atılır. Məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşün qarşısını alır. "Uzundərə" havasında dəstələr sülh və barış arzusunda olduqlarını öz ifa tərzləri ilə də göstərirlər. Bu rəqs həm də qədimdən xalqımızın nə qədər sülhsevər olduğunu bir daha göstərir.

 

Yallı rəqslərimizin beşiyi - Şərur

 

Şərur toylarını bu gün də yallısız təsəvvür etmək çətindir. Bu yallıları yaşlı adamlar da həvəslə oynayırlar. Hətta deyilənə görə, burada elə kəndlər var ki, onun sakinləri arasında yallı oynamağı bacarmayanlar barmaqla sayılası qədərdir. Bayram tədbirlərini, xalq şənliklərini, konsert proqramlarını da rəqslərsiz təsəvvürə gətirmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayırlar.

Böyük sənət adamları Şərur torpağını həm də yallıların beşiyi adlandırıblar. Bir vaxtlar burada yallının 100-dən artıq növü olub. Onlar toy mərasimlərində, el şənliklərində yaşadılıb. Ə. Dilbazi də bu barədə deyir: "Mən Şərurda qoca yallı gedənlərlə maraqlandım. Çərçiboğan kəndində mənə qoca ər-arvad göstərdilər. Onda gördüm ki, onlar necə yallı bilirlər".

Xoreoqrafiya məzmununa görə bu yallılar iki növə ayrılır: süjet və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. "Tənzərə", "El yallısı", "Gopu", "Qazı-qazı", "Köçəri", "Urfanı", "Qaladan-qalaya" belə yallı nümünələrindəndir. Nə gizlədək, milli-mənəvi sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz də çox olub. Bu da ondan ibarət olub ki, tariximizin müəyyən bir dövrlərində incəsənətin bu sahəsinə maraq xeyli azaldığından onun bir çox nümunələri unudulub. Ötən əsrin 70-ci illərindən isə milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində də əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu səbəbdən də unudulmaqda olan yallı növlərimizin bir çoxu yenidən həyata qaytarılıb. "Hoynərə", "Dönə" kimi yallıları buna misal göstərmək olar.

 

Dünyanı məftun edən yallılar

 

Onu da qeyd edək ki, Şərur yallılarının yaşadılmasında, qorunmasında və təbliğində "Şərur" xalq yallı ansamblının da böyük rolu olub. Ansamblın əsası 1924-cü ildə qoyulub. 30-cu illərinin ortalarından "Staxanov kolxozçularının rəqs ansamblı" adı ilə fəaliyyət göstərib. Elə o illərdə də onun fəaliyyətində canlanma yaranıb. Məhz bu dövrdən ansambl böyük səhnəyə qədəm qoyub. Kollektivin şöhrətlənməsində və öz repertuarını genişləndirməsində Azərbaycanın böyük musiqiçi və bəstəkarı Üzeyir Hacıbəyovun da böyük xidmətləri olub. 1937-cı ildə SSRİ Ali Sovetinə Şərur torpağından deputat seçilən dahi sənətkar bölgədə musiqinin inkişafına da qayğı və yardım göstərib. "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir" söyləyən dahi musiqiçi həyat yoldaşı ilə birlikdə bir neçə dəfə ansamblın çıxışlarını dinləyib. Onun xeyir-duası ilə ansambl 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə maraqlı proqramla iştirak edib, çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ansamblın fəaliyyətində əsl canlanma isə ötən əsrin 70-ci illərindən başlanıb. Ölkəmizdə mədəniyyətə, onun ayrılmaz qolu olan incəsənətə göstərilən qayğı və diqqətdən bu kollektivə də çoxlu pay düşüb. Məhz bu dövrdən "Şərur yallısı" el-el, oba-oba gəzib dolaşıb. Kollektiv dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edib, diplom və mükafatlara layiq görülüb.

1970-ci ildə Bakı şəhərində keçirilən "Naxçıvan mədəniyyət günləri"ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Mərkəzi sarayda yekun tədbirində iştirak edən respublikanın başçısı Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbətində bu ansamblın çıxışından da razı qaldığını deyərək öz tövsiyə və tapşırıqlarını da verib. "Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir... Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır" - deyib. Elə o vaxtdan muxtar respublikada, bölgədə bu folklor sənətimizə qayğı, diqqət çoxalıb. Kənd mədəniyyət evləri, klublar nəzdində də yallı qrupları yaradılır. Yengicə, Çərçiboğan, Şəhriyar, Püsyan, Dizə kənd mədəniyyət evlərində fəaliyyət göstərən yallı ansambllarını bu dediklərimə misal göstərmək olar.

1972-ci ildə ADR-də keçirilən ümümdünya folklor festivalı ansamblın üzvləri üçün daha yaddaqalan olub. Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur rəqqasə, xalq artisti Əminə Dilbazi hazırlayıb. O öz xatirələrində yazır: "Məndən soruşdular: SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır... Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi..." Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur, kollektivə xalq yallı ansamblı statusu verilir. 1977-ci ildə Moskva şəhərində keçirilən kənd əməkçilərinin birinci Ümümittifaq xalq yaradıcılığı festivalı da onlar üçün əlamətdar olur. 1980-ci ildə ansambl Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edib. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində keçirilən beynəlxalq folklor festivalının laureatı da bu kollektiv olub. Kollektivin bu uğurlu çıxışı da mərkəzi televiziya ilə geniş göstərilir. Məhz o dövrdə ümümittifaq televiziyası ilə "Şərur yallısı" sənədli filmi çəkilir. Onu da qeyd edək ki, kollektivin bu uğurlarında Azərbaycanın tanınmış musiqiçi və rəqs ustalarından olan Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi sənət adamlarının da böyük zəhmət və xidmətləri olub. Təcrübəli baletmeysterlər bölgədə yallı rəqslərinin milliliyini, özəlliyini qoruyub-saxlamaqla yanaşı, rəqqasların ustalığının, ifaçılıq texnikasının artırılmasına və səhnə mədəniyyətinə yiyələnmələrində də öz köməklərini əsirgəməyiblər.

 

Ənənələr bu gün də yaşadılır

 

Müstəqillik dövrümüzdə isə ansamblın fəaliyyətində canlanma 90-cı illərin ikinci yarısından başlanıb. Muxtar respublikada böyük istək və zövqlə həyata keçirilən yeni həyat quruculuğu xətti mədəniyyət sahələrini də öz ağuşuna alır. Tarixi-memarlıq abidələrinin bərpasına başlanılır, incəsənət kollektivlərinin fəaliyyəti gücləndirilir. Bu qayğının sayəsində də "Şərur" yallısı 1997-ci ildə Türkiyənin İsgəndərun şəhərində folklor bayramında uğurla çıxış edir. 1998-ci ildə Bayburt şəhərində keçirilən "Dədə Qorqud" festivalında da onlar yüksək mükafata layiq görülüblər. 2001-ci ildə Misirin paytaxt şəhəri olan Qahirədə keçirilən on ikinci beynəlxalq folklor festivalı da onlar üçün daha yaddaqalan olur.

Ansamblın bədii rəhbəri, Şərur yallılarının mahir ifaçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Səttar Əhmədovun dediklərindən: "Dünyanın Avropadan Asiyaya və Afrikaya uzanan bir çox ölkəsini gəzmişik. Həmişə bizim yallılara böyük maraq duymuşuq. Elə bir səfər olmayıb ki, hansısa festivaldan, yarışmadan əliboş qayıdaq. Misirdə keçirilən folklor festivalında da Şərur yallısı bütün salonu məftun etdi. 40-dan çox ölkənin folklor rəqs ansamblının dəvət olunduğu həmin tədbirdə "Qızıl açar"a layiq görüldük". Kollektivin üzvləri 2002-ci ilin iyun ayında İstanbulun iri bölgələrindən biri olan Pendikdə keçirilən mədəniyyət və incəsənət bayramında da öz ustalıqlarını bir daha təkrarlayıblar. Onlar bu ilin iyul ayının əvvəllərində Ərdahan vilayətində "Atatürkün izində, kölgəsində Damal şənlikləri" festivalında da müvəffəqiyyətlə iştirak ediblər. Bunlarla bərabər, muxtar respublika və rayon miqyasında keçirilən xalq şənliklərində, bayram tədbirlərində də kollektiv öz gücünü göstərib. 2005-ci ildə isə "Şərur yallısı" sənədli filmi ekranlarda yayımlanıb. Filmin quruluşçu rejissoru beynəlxalq kino festivalının mükafatçısı Tahir Əliyevdir. Filmdə rəqs canlı, ritorik, emosional təsir bağışlayırsa, musiqidə şüur əlvanlığı, insan mənəviyyatının gözəlliyi ön plana çəkilir. Bu səbəbdəndir ki, hər dəfə film nümayiş olunduqca tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanır. Məmləkətimizin hər bir sakini də bu mədəniyyətə sahib, yiyə olması ilə qürurlanır.

Ansamblın bədii rəhbəri S.Əhmədovun sözlərinə görə, xalq əmanətini yaşatmaq məqsədi ilə kollektiv yaradıcılıq axtarışlarını bu gün də uğurla davam etdirir: "Kəndbəkənd, oba-aba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin qocalıq çağını yaşayan insanlarda bunlarla bağlı xeyli bilgilər var. Onların köməkliyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs vardır". Ansamblın 50-yə yaxın üzvü vardır. Onların bir çoxu öz istedad və qabiliyyətləri ilə ölkə miqyasında yaxşı tanınıblar. Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun inkişafında göstərdiyi xidmətlərə görə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ansamblın bədii rəhbəri Səttar Əhmədovla yanaşı, müğənni Kimya Babayeva və tütəkçalan Kamal Babayevə də Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Bu mükafatlar kollektiv üzvlərini daha da fərəhləndirib.

 

"Nurani" - yaşlı adamların yallı ansamblı

 

Yallının beşiyi sayılan Şərurda indi 3 yallı ansamblı fəaliyyət göstərir. Maraqlıdır ki, bu ansamblların üzvləri yaş fərqinə görə seçilib: "Şərur qönçələri" uşaq yallısı, gənclərə və orta nəslə mənsub olan "Şərur" xalq yallı ansamblı və qocalardan ibarət "Nurani" yallısı. Başlıca məqsəd də qədim folklor rəqslərini yaşatmaqdır. Rayonda tanınmış digər bir yallı kollektivi isə "Nurani" xalq yalılı ansamblıdır. Kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bu ansambl öz ətrafında 60-70 yaşında ifaçıları toplayıb. Onları bir yerə toplayan qüvvə el sənətimizə olan sonsuz hörmət və ehtiramdır. İfaçılar unudulmaqda olan yallılarımızın həyata qaytarılmasında öz köməkliklərini əsirgəmirlər. Onların arasında təcrübəli ifaçılar da var. Onlardan biri də 81 yaşlı Bahəddin Əsgərovdur. O, 50-ci illərdə Şərur yallılarının təbliği ilə məşğul olub. Son illərə qədər mədəniyyət sistemində çalışıb. Abbasqulu Cabbarov, Zalı Zamanov, Ələsgər Məmmədov, Sabir Cabbarov da kollektivin fəal üzvləridir. Hər birinin də 70-dən artıq yaşı var. "Hoynərə", "Dönə" kimi yallılar da bu cür xeyirxah insanların səyi nəticəsində yenidən sənətə qaytarılıb. Ansamblın bədii rəhbəri Bəxtiyar Mehdiyev deyir ki, bu kollektivin yaradılmasında Azərbaycanın xalq artisti Əminə Dilbazinin böyük xidmətləri olub. Onun xeyir-duası ilə bu kollektiv ötən əsrin 80-ci illərinin ortalarında, kənd mədəniyyət evinin nəzdində fəaliyyətə başlayıb. Ötən müddətdə onun qazandığı uğurlar da çox olub. 1988-ci ildə Moskva şəhərində Ümümittifaq Bəstəkarlar Evində müttəfiq respublikaların musiqi folkloru silsiləsində keçirilən festivalda respublikamızı bu kollektiv təmsil edib. Kollektivin uğurlu çıxışı mərkəzi televiziya tərəfindən lentə alınaraq dəfələrlə mavi ekranlarda göstərilib. 1998-ci ildə isə o da "Şərur" xalq yallı ansamblı ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən folklor festivalının iştirakçısı olub. Son illər onlar Bakı, Naxçıvan şəhərlərində keçirilən mərasimlərdə də öz ustalıqlarını nümayiş etdiriblər.

 

"Şərur qönçələri" ümüdləri doğruldur

 

Bir qədər də "Şərur qönçələri" uşaq yallı ansamblı haqqında danışmaq istəyirəm. Bu ansambl düz 10 il bundan əvvəl yaradılıb. O, rayon mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir. Ansamblın 34 üzvü var. Onlar iki yaş qrupunda (9-12 və 13-16 yaşlar) cəmləniblər. Ötən müddət ərzində kollektivin fəaliyyəti razılıq doğurur. 2000-ci ildə ansambl Türkiyənin Ankara şəhərində uşaq bayramında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. Mükafatları kollektivin üzvlərinə Türkiyə Cümhuriyyətinin prezidenti sayın Süleyman Dəmirəl təqdim edib. 2007-ci ildə Qars şəhərində uşaq bayramında da onlar birinci mükafata sahib çıxıblar. Ötən il də məktəbli rəqqaslar üçün uğurlu olub. Onlar ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi şərəfinə Bakı şəhərində keçirilən uşaq rəqs kollektivlərinin birinci respublika festivalının qalibləri cərgəsində olublar, müvəffəqiyyətli çıxışlarına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomuna və pul mükafatına layiq görülüblər.

Naxçıvan Muxtar Respublikasında keçirilən xalq yaradıcılığı günləri baxış-müsabiqəsinin qalibləri sırasında bu kollektiv də olub. Bu ilin avqust ayında türkdilli xalqların mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı TÜRKSOY-un dəstəyi və Türkiyənin Ağrı şəhər valiliyinin təşkilatçılığı ilə keçirilən türk ölkələri Ağrı dağı mədəniyyət və sənət günləri tədbirindən də mükafatla qayıdıblar. Gənc istedadlar üçün ən əlamətdar və yaddaqalan hadisə isə türkdilli dövlət başçılarının Naxçıvan şəhərində keçirilən 9-cu zirvə toplantısı şərəfinə Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramında onların iştirakları olub. Balaca rəqqaslar bu dəfə də öz ustalıqlarını ortaya qoymağı bacarıblar. Onların çıxışı dövlət başçıları tərəfindən də hərarətlə qarşılanıb.

 

Naxçıvanın mənəvi emblemləri yaşadılır

 

Bir sözlə, yallı təkcə musiqi və rəqs növü deyil. O qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə düşmənlərimizə də kimliyimizi, varlığımızı göstərə bilirik. Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. NMR Ali Məclisi sədrinin sərəncamı ilə xalq yaradıcılığı nümunələrinin yaşadılmasına, tədqiqinə və təbliğinə da xüsusi qayğı göstərilir. Şərurda yallı ansambllarının qazandıqları uğurlar da ilk növbədə bu sahəyə göstərilən yüksək dövlət qayğı və dəstəyi ilə bağlıdır. Bir vaxtlar dahi bəstəkar, böyük musiqiçi və ictimai xadim Üzeyir Hacıbəyov Şəruru Azərbaycan folklor mədəniyyətinin beşiyi, xalqımızın ümummilli lideri Heydər Əliyev yallını Naxçıvanın tacı adlandırıb. Milli öndərimizin belə bir kəlamı da var: "Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz". NMR Ali Məclisinin sədri Vasif Talıbov isə deyir ki, Şərur yallısı həm də Naxçıvanın mənəvi emblemidir. Başlıcası isə bu folklor rəqsləri qədim torpağın azərbaycançılıq möhürüdür.

 

 

Məmməd MƏMMƏDOV

 

Həftə içi.- 2010.- 26-29 iyun.- S. 5.