Əminə Dilbazi vəfat edib

 

"İstiqlal" ordenli əfsanəvi rəqqasə 91 yaşında dünyasını dəyişib

 

Dünən Azərbaycanın əfsanəvi rəqqasəsi Əminə Dilbazi dünyasını dəyişib. "Milli.az"ın məlumatına görə, xalq artisti, "İstiqlal" ordenli rəqqasə 91 yaşında vəfat edib.

Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxan xanım Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyasının mahnı və dövlət rəqs ansamblının solisti (1936 - 39), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoyi fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. Əminə Dilbazi bir çox filmdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı-Mirzeyi", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın mal alan" və "O olmasın, bu olsun" komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib.

Əminə Dilbazi ilə vida mərasimi bu gün keçiriləcək. Rəqqasənin oğlu Mikayıl bəyin bildirdiyinə görə, Əminə xanım 40 gün əvvəl 2-ci insult keçiribmiş və son günlər özünü çox pis hiss edirmiş: "Yeməkdən kəsilmişdi, sərbəst danışa bilmirdi. Həkim nəzarətində idi. Anam 3 il əvvəl daha bir insult keçirmişdi. Amma o vaxt bu xəstəlikdən qalxa bildi. Budəfəki xəstəlik onu yıxdı. Nə qədər çalışsaq da, onu həyata qaytara bilmədik". Qeyd edək ki, mərhum sənətkarla vida mərasimi günorta saatlarında Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Vida mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, dövlət və incəsənət xadimləri iştirak edəcəklər. Daha sonra Əminə Dilbazi Fəxri xiyabanda torpağa tapşırılacaq ("ANS-press").

 

 

Allah rəhmət eləsin!

 

Həftə içi.- 2010.- 1-3 may.- S. 7.