"Özümü hər zaman gənc
hesab edirəm"
Zemfira Verdiyeva: "Cəmiyyət üçün
maraqsız insanın həyatı da sönük olur"
"Bütün ömrünü elmə həsr edən
bir xanımın həyat yoldaşı olmaq çox çətindir"
Artıq uzun illərdir həftənin məhz cümə
günləri qadınları bir araya toplayaraq görülən
işlərin hesabatını aparır, görüləcəklərin
isə müzakirəsini edir. Bəs niyə
cümə günü? Çünki ilk dəfə
məhz cümə günündə bir yerə
yığılaraq 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan
həqiqətlərini dünyaya çatdırmağa
çalışıblar. Elə bizim
üçün də həmin gündə vaxt ayırdı.
Vədələşdiyimiz ünvana iclasın
qızğın yerində gəlib çatdıq.
Geyimindən fikirlərinə, davranışına, insanlarla
münasibətinədək bütün hərəkətlərindən
səliqə-sahman yağan bu xanımın özünəməxsusluğuna
heyran qalmamaq sadəcə mümkün deyil. Bu
yerdə XIV Lüdovigin nə vaxtsa oxuduğum "mənim
üçün Avropa ölkələrini
barışdırmaq bir neçə qadını bir araya gətirməkdən
asandır" fikri yada düşür. Amma bu çətinliyi
özünəməxsus diplomatiyası ilə hər həftə
ram edən Zemfira xanım çətin işin öhdəsindən
asanlıqla gəldiyini sübut edir. Arvadlarla deyil,
xanımlarla işlədiyini tez-tez vurğulayan Zemfira Verdiyeva
ilə rəhbəri olduğu Respublika Qadınlar Cəmiyyətinin
yaranmasının 90 illiyi ərəfəsində
görüşdük.
Azərbaycanın elmi-ictimai
həyatında özünəməxsus yer tutan, xarici dillər
üzrə ilk qadın elmlər doktoru, professor, Milli Elmlər
Akademiyasının müxbir üzvü, İngiltərə
Bioqrafiya Mərkəzinin 1998 - 2003-cü illərdə
"İlin qadını", 2000-ci ildə isə "Əsrin
qadını" adlarına layiq gördüyü həmsöhbətimizlə
nümunəvi həyat yolunun bəzi məqamlarını
paylaşdıq.
- Zemfira xanım, cəmiyyətə rəhbərlik etməyiniz
təsadüf olub, yoxsa hansısa gözləntinizin nəticəsi?
- Cəmiyyətə məndən
əvvəl o qədər gözəl, təcrübəli
xanımlar rəhbərlik ediblər ki. Ayna Sultanova, Hökumə
Sultanova, Səidə İmanzadə, Əzizə Cəfərzadə
kimi xanımların başçılığı sayəsində
bu qurum daha da genişlənib. Ümumiyyətlə,
məni qadın hərəkatına 1970-ci ildə Hökumə
xanım Sultanova dəvət edib. 1989-cu ildə isə Əzizə
xanım dedi ki, mən yaradıcılığımla məşğulam
və sən gəl bu vəzifəni öhdənə
götür. Həmin dövrdə mən Xarici
Dillər Universitetinə rəhbərlik edirdim və mənə
cəmiyyətə sədrlik üçün təklifin bir məqamı
da məhz 10 min nəfərlik böyük bir kollektivə uzun
illər rəhbərlik etməyimlə bağlı idi. Bu da öz növbəsində o qədər
insanın yeni başladığım işdə mənə
yardımçı olması demək idi. Mən
çox ağır illərdə bu cəmiyyətə rəhbərlik
etməyə başladım. O vaxtdan başlayaraq 1
milyondan artıq məcburi köçkünün, şəhid
ailələri və əlillərin problemlərinə biz də
biganə qalmamışıq.
- Hazırda qurum hansı xeyriyyəçiliklərlə
məşğuldur?
- Hazırda cəmiyyət 3
qocalar evi, 4 uşaq evi və 16 internat məktəbi ilə
işləyir, onların qayğıları ilə
yaşayır.
Bizim cəmiyyət
"Ümid yeri" uşaqların sığınacaq və
reabilitasiya mərkəzi yaranandan bəri onlara dəstək
göstərir. Həmçinin Fəyyaz və Leyla
adlı valideyn himayəsindən məhrum olan gənclərin
bu günlərdə baş tutan toy mərasiminə də
biganə qala bilməzdik. Odur ki bir qrup
xanımla toyda iştirakçı olduq. Toydan sonra gəncləri
ofisimizə dəvət edərək cəmiyyət üzvlərimizin
doğmaları üçün hazırladığı
cehizləri onlara təqdim etdik
- Çətin deyil ki, insanları bir araya gətirmək,
xüsusilə də xanımları?
- Məsələnin 90 faiz həlli
onun təqdimatından asılıdır. Mən
burada kiməsə nəyisə məcbur etmirəm və əgər
burada nələrisə əmrlə, yaxud digər jestlərlə
desəm, heç nə alınmayacaq, heç nə əldə
edə bilməyəcəyəm. Mən
deyirəm ki, əziz xanımlar, mən sizə müraciət
edirəm, bu insanlara kömək etmək lazımdır.
Ürəyiniz hansı tərzdə istəyir,
buyurun, yardımınızı əsirgəməyin. Mənim bu cür davranışımın əsas səbəbi
müəllimə olmağımla bağlıdır. Müəllimə həm də diplomat
olmalıdır. Əgər müəllimə
diplomat deyilsə, onun qiyməti o qədər yüksək
deyil.
- Müəllimlik etdiyiniz illərdən ötrü
darıxmırsınız ki?..
- Mən doyunca müəllimlik
etmişəm. Mənim üçün ən əsası
lazım olduğum yerdə bacarıqlarımdan istifadə etməkdir.
O qədər elmli, bacarıqlı yerində olan müəllim
və pedaqoqlarımız, akademiklərimiz var ki, onların cərgəsində
olub-olmamağım mənim üçün o qədər də
böyük itki deyil. Amma qadın hərəkatında
pulsuz-parasız hər gün bir yıxılanın qolundan
tutmaq mənim üçün daha önəmlidir. Bundan ötrü həyat təcrübəsi ilə
yanaşı, diplomatiya, etika, təlim-tərbiyə, həyat
təcrübəsi və vaxtında qazanmış olduğum
peşəkarlığım da lazımdır. Mən burada oturmaqla böyük bir kütləyə
yardım etmiş oluram. Təbii ki, tək
heç kəs heç nə bacarmaz və bu qadınların
köməkliyi ilə mən işləyirəm. Amma işi aparmağın da özəllikləri
var. Gərək elə təmiz işləyəsən ki, sənə
inansınlar.
- Zemfira xanım, bu qədər işlər
görürsünüz, xeyirxah əməlləriniz var. Amma nədənsə,
mətbuatda, digər kütləvi informasiya vasitələrində
görünməkdən uzaqsınız...
- Bunlar nəyə
lazımdır ki? Bir kəsə kömək edəndə beş dəfə onun başına qaxınc
etmək olmaz. Yaxşılığı
insanlara onları alçaltmamaq şərti ilə etmək lazımdır.
Mənə nə radio, nə də televizor
lazımdır. Mən 2 dəfə həcc,
7 dəfə isə Kərbəla ziyarətində olmuşam.
Bundan başqa, Məşhəd və digər
müqəddəs yerləri ziyarət etmişəm. Dinimə, dilimə, Quranıma, Allahıma çox
inanıram. Tanrı var, hər şeyi
görür və lazımi qiymətini də verəcək.
Mənə tez-tez sual verirlər ki, ömrünün
çoxunu Avropada dərs deyən, mühazirə oxuyan bir
insanın islam dini ilə
bağlılığı hardan qaynaqlanır? Deyirəm
ki, mən dünyəvi biliklərlə yanaşı, hər
zaman nənələrimin oxuduğu Quranı öyrənməkdə
maraqlı olmuşam. Ola bilər ki, bəzən
mənim zahirən Avropasayağı
görünüşüm də insanları
çaşdıra bilər.
- "Lider qadın"
anlayışı sizin üçün nədir və onu
yetişdirən mühitdir, yoxsa genetik bağlılıq?
- Lider qadın anadan olmur və
lider qadının məktəbi yoxdur. O zirvəyə
çatmağın yollarını nə məktəbdə,
nə akademiyada, nə də hər hansı kursda öyrənmək
mümkün deyil. Cəmiyyət yetişdirir
lider qadınları. Lider qadın gərək
ictimai işlərdə iştirak etsin. Rəhbərlik
etdiyim bu cəmiyyət 1920-ci ildə yaradılıb və bu
ilin sonunda cəmiyətin 90 iliyini qeyd edəcəyik. Dünyanın 65 qadın təşkilatı ilə əməkdaşlıq
edirik, hazırda isə cəmiyyət öz sıralarında
75 mindən artıq qadını birləşdirir. Burada yetişməyib də bəs harda yetişəcək
lider qadın?
- Bəs uğurlarınızın formulu nədir?
- Görün mən
neçə ölkənin yetirməsiyəm, neçə
paytaxtdan qidalanmışam. Anadan olduğum
- Bəzən çoxlarından üstünlüyün
də öz problemləri olur. Deyilmi?
- Nümunəvi qadın
olmaq çox çətindir. Başdan-ayağa
insanı süzürlər. Daxilindən
xaricinədək diqqət mərkəzində olursan. Vay
o gündən ki, ayaqqabın çirkli, əynində
paltarında hər hansı qüsur olsun...
- Kompleksli qadınsınız?
- Ümumiyyətlə,
götürəndə komplekssiz olmaq istəmirəm. Əsas komplekslərim isə bütün sahələrdə
səliqə-sahmanın olmasındadır. Evin təmizliyindən özümün
baxımlılığıma və insanlarla münasibətimə
qədər səliqəli olmağa çalışıram.
- İlk baxışdan
özünüzə həddən artıq diqqətli
olmağınız nəzərə çarpır. Bu qədər təravətli və
baxımlı olmağınızın sirrini aça bilərsinizmi?
(Gülür) Başqa
cür olmağa ixtiyarım da yoxdur. Hər
gün özüm özümə qulluq edirəm. Üzümə qoyduğum maskaların
siyahısından ibarət 36 səhifəlik dəftərim
var. İstəsəniz, sizə də bağışlaya bilərəm.
- Bu qədər işlərin müqabilində necə
çatdırırsınız?
- Ola bilərmi ki, hansısa
qadın desin ki, dişlərimi fırçalamağa
vaxtım yoxdur. Qadın baxımsız halda evdən
bayıra çıxmamalıdır və mənə deyəndə
ki vaxtım yoxdur özümə baxmağa, ürəyimdə
həmin adama "sən qadın deyilsən" deyirəm.
Qadın hətta mətbəxdə işləyəndə
də görünüşü qaydasında olmalıdır.
"Yemək bişirirəm" deyib də
özünü bəzəməyi unutmamalıdır.
- Mətbəx demişkən, biş-düşlə
aranız necədir?
- Bu barədə heç
danışmaq istəmirəm. (Bu arada
qadınlardan biri Zemfira xanımın yaxşı plov
bişirdiyini söyləyir). Ev işləri
ilə məşğul olmağa vaxtım çatmayıb.
Həmişə səliqə-sahmanım, yemək-içməyim
yerində olub, amma köməkçilərimin sayəsində.
Şəxsən özüm
çatdırmamışam. Dissertasiyalarımı
yazanda mən öz iş otağımda
çalışmışam, onlar isə mətbəxdə
öz işlərini görüblər. Qanun-qayda
mənim öz evimdən işimə qədər hər yerdə
birinci dərəcəli olub.
- Seçdiyiniz elm yolunu ailədə hər kişi məqbul hesab etmir. Bəs sizin
seçiminiz ailənizdə problemlər yaratmayıb ki?..
- Yaradıb. Mənim
kimi bütün ömrünü elmə həsr edən bir
xanımın həyat yoldaşı olmaq çox çətindir.
Hansı azərbaycanlı kişinin xoşuna gələrdi
ki, həyat yoldaşı hər ay xarici ölkələrdə
olsun, karyera üçün yaşasın. Ona da bu barədə deyirdilər ki, arvad evdə
oturar. Amma mənim həyat yoldaşım
çəkdiyim əziyyətlərimin nəticəsini
görürdü. Əlbəttə, bu nəticələri
görənə qədər söz-söhbətlər olurdu.
Təkcə elmlər namizədi dissertasiyamı yazmaq
üçün 2 il Moskvada olmuşam və
buna görə də yoldaşım hər dəfə deyirdi
ki, niyə burada yazmırsan, Moskvaya gedirsən. Burada
mümkün deyildi, çünki mən xarici dillər
üzrə ilk və yeganə elmlər doktoruyam və
lazımi materialları əldə etmək üçün
mütləq xaricə getməliydim.
- Övladlarınızdan yolunuzu seçəni oldumu?
- İki
qızım var. Böyük qızım elmlər doktoru,
professordur. İkinci qızım isə
hüquqşünasdır. Şəhər
prokurorluğunda prokuror vəzifəsində
çalışır. Ana kimi hər
ikisindən razıyam. Çünki
uşaqlıqdan mən onlara savad verməyə başlayandan
bu günə kimi onlara nə demişəmsə,
hamısını yerinə yetiriblər və indi də bəhrəsini
görürlər. Valideyn kimi bu mənim
xoşbəxtliyimdir.
- Qadınlarımızın aktivliyi sizi qane edirmi?
- Məndən soruşanda ki
Azərbaycan qadını necə qadındır, deyirəm ki,
çox aktivdir. Azərbaycan qadınının
həyat yoldaşı başından milyonları töksə
də o, işləmək istəyir. O, istəyir ki, onun
özü inkişaf etsin, özünün həyatı olsun.
Bu çox gözəldir. Təkcə
mənim rəhbəri olduğum cəmiyyətin 75 min
üzvü var və hər həftə də bu
qadınların sayı artır. Mən
necə deyə bilərəm ki, qadınlarımız aktiv
deyil?
- Əksər böyüklərin
narazılıq etdiyi müasir gəncliyə Zemfira
xanımın münasibəti necədir?
- Mən gənclərlə
daha tez dil tapa bilirəm, nəinki öz yaşıma uyğun
xanımlarla. Müəllimlik sənətim də
mənə imkan verir ki, bütün yaş kateqoriyalarından
olan insanlarla dil tapa bilim. SSRİ
dağılandan o adamlar ki zəmanə ilə uyğunlaşa
bilmədi, onlar bu gün də keçmişlə yaşayırlar.
Mən də bu günlə
ayaqlaşmağı bacarmasaydım, gənclik ruhumu itirəcəkdim.
Çünki mən daxilən özümü
hər zaman gənc hesab edirəm.
- Modaya münasibətiniz necədir və bildiyimizə
görə, sizin zəngin baş geyimləri kolleksiyanız
var...
- Çox gözəl. 50-dən artıq şlyapam var və hansı ölkəyə
getmişəmsə, oradan 1 - 2 dənə baş geyimləri
alıram. Onlar artıq mənim gündəlik
aksessuarlarıma çevrilib. Bundan əlavə,
geyimlərimin gərək hamısı bir-birini tamamlasın.
Şlyapa, ayaqqabı, çanta və digər
geyimlərimdə çalışıram ki, müxtəlif
olsalar da, hər hansı bir elementi birləşdirim.
- Musiqi zövqünüz necədir və daha çox
hansı musiqilərə və kimin ifasında qulaq
asırsınız?
- Mən özüm həm də
musiqi məktəbini bitirmişəm. Ziyalılar
həmişə deyir ki, mən simfonik əsərlərə
qulaq asıram. Mən də simfonik əsərləri
xoşlayıram, amma hamısını yox. Mənim sevimli bəstəkarlarım və sevə-sevə
dinlədiyim əsərlər var, hansı ki o musiqiləri qəbul
edirəm. Mənə rahatlıq verən
Qara Qarayev, Müslüm Maqomayev, Çaykovski və digərlərinin
əsərləridir. Klassik musiqidən də
özümə xoş gələnini dinləyirəm. Estradaya gəlincə isə İlqar Muradov, Cavan
Zeynallı və Teymur Əmraha qulaq asıram. Onlar oxuyanda adama elə gəlir ki, səninlə
musiqili söhbət edirlər və göstərməyə
çalışmırlar ki, mənim belə səsim var.
Xanımlara gəlincə isə Flora Kərimova və
İlhamə Quliyeva məmnuniyyətlə qulaq
asdığım müğənnilərdir. Onlar estradanı oxuyurlar ona görə ki, səsləri
var və tək səs heç nəyi həll etmir. Əgər o səsə ürək
qoşulmayıbsa, nə o səs, nə o mahnının
sözləri, nə də musiqisi insana təsir edə bilməz.
- Deyəsən, zinət əşyalarına çox
meyillisiniz?
- Bəli, meyilliyəm. Zinət əşyaları, qızıllar, brilyantlar
qadın üçün yaranıb.
- Amma indi kişilər də bər-bəzəkdən
istifadə edirlər. Buna münasibətiniz necədir?
- Heç xoşum gəlmir.
Bu bizim üçün yaranıb, yəni
qadınlar üçün. Amma biz də
kişilərdən nəyisə götürmüşük.
Məsələn: şalvar geyinməyi, amma qadınlar nəyisə
götürə bilər. Nəbadə,
qadınlar kişidən kobudluğu götürsün,
kişiləşsin. Qadın incə məxluqdur
və o gərək kişiyə arxalansın. Tez-tez işlədilən "kişi kimi
qadın" sözünü də heç sevmirəm.
Qadın deyil o, mən həmin adama
"soldat" deyirəm. Qadın
qadınlığını saxlamalıdır. Səliqəsiz, baxımsız qadından xoşum gəlmir.
Qadın və ümumiyyətlə, hər bir
insan fərd olaraq cəmiyyət üçün maraq kəsb
etməlidir. Cəmiyyət
üçün maraqsız insanın həyatı
sönük olur.
- Adətən gəlinlərin qayınanadan narazı
olduğu deyilir, amma qayınanasından narazı kürəkənlər
də az deyil. Bu baxımdan
sizdə vəziyyət necədir?
- Bütün bu problemlərdə
mən ailədə böyük kimdirsə, onu təqsirləndirirəm.
Əvvəla, böyüyün həyat təcrübəsi
çoxdur və o daha müdrikdir. Əgər
ortayaşlı bir insan bir gənclə söz davasına
çıxırsa, burada günahkar kimdir? Tutaq ki, təqsir cavan gəlində, yaxud kürəkəndədir,
axı böyüklərin keçdiyi ömür yolu imkan
verir ki, onlar münaqişəni istənilən üsulla
yoluna qoya bilsinlər. Mən hətta
müəllim-tələbə konfliktində də hər
zaman təcrübə və yaşca böyük olanı
günahkar saymışam. Ailə
münasibətində də həmçinin belə olub.
Kiçik hələ suya gedir, böyük isə
- Necə dolanırsınız?
- Elmi dərəcələrimə
görə ayda 1000 manat məvacib, üstəgəl, pensiya da
alıram. Təxminən 1 aylıq gəlirim
1200 manat edir. Bu qədər pul mənə
kifayət edir, hələ qalır da. Ev
almıram, maşın almıram, zinət əşyası
almıram, dükan-bazara getmirəm, bazarlıq etmirəm.
Qızlarım qoymurlar, bazarlığın
hamısını özləri edirlər.
- Adətən evdə nahar etməyə
üstünlük verirsiniz, yoxsa bayırda?
- Əlbəttə, ev yeməyini üstün tuturam və hər məclisə
də getmirəm. İnsan gərək öz
tay-tuşu ilə oturub-dursun. Restorana da gedəndə
bəzi xanımlar kimi "onu yemirəm, bunu yemirəm,
kökələrəm" kimi komplekslərim yoxdur. Az yemək ən gözəl dietadır. Amma pəhriz saxlamıram, hər şey yeyirəm,
heç nədən imtina etmirəm. Hər
şeyin qədəri var və qaydasında olan hər şey
gözəldir.
Naibə Qurbanova;
Sevinc Osmanova
Həftə içi.- 2010.- 14 may.- S. 5.