"Kökü
üstdə bitən"
sənətkar
Aydın Mehralıyev: "Müşayiətçilik
ağır sənətdir"
Qocaman ifaçı,
tanınmış tarzən Aydın Mehralıyev sənət
aləmində özünün yolu olan sənətçilərimizdəndir.
1946-cı ildə Ağdamda musiqiçilər ailəsində
doğulub. Babası Məşədi Bahadur Qarabağın
klassik xanəndələrindən biri olub. Respublikanın bir
çox məşhur sənətçiləri - Xan
Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova,
Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Yaqub
Məmmədov, Arif Babayev, Qədir Rüstəmov və
başqaları ondan dərs alıblar. Məşədi Nəriman
respublikamızın tanınmış tarzənlərindən
biri idi. Xalq artisti Ramiz Quliyev, gitaraçı Rəmiş,
kamançaçı Elman Bədəlov və onlarca sənətçi
ifaçılıq sənətini ondan öyrəndilər.
Aydın Mehralıyev öz sənət yolunu belə
xatırlayır. "Gözümü açandan evimizdən
həmişə musiqi səsi gəlib. Qarabağın, eləcə
də respublikanın adlı-sanlı musiqiçiləri bizə
gələrdilər. Saatlarla musiqimizdən söz
açardılar. Çalıb-oxuyardılar, muğamlar
üstündə mübahisələr edərdilər. Mən
nəinki bunları müşahidə edərdim, hətta
onların dediklərini beynimə yığardım. Məndə
tar sənətinə həvəs də atamdan gəlib.
Uşaq musiqi məktəbini və orta musiqi məktəbini
Ağdamda bitirmişəm.
O vaxtlar Ağdam musiqi
texnikumunda babam Məşədi Bahadur və atam Məşhədi
Nərimanla bərabər, Seyid Şuşinski, Musa
Şuşinski, Xosrov Fərəcov, Con Əliyev, Lentroş
Orucov və Cəlal Əliyev kimi sənətkarlar mənə
muğamın sirlərini öyrədiblər. 1973-cü ildə
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının tar-ifaçılıq fakültəsini
bitirmişəm. Adıçəkilən təhsil
ocağında böyük bəstəkarımız
Süleyman Ələkbərov, Ramiz Mirişli, Adil Gəray,
Ramiz Zöhrabov və Oqtay Quliyevdən dərs almışam.
Konservatoriyanı bitirib Ü.Hacıbəyov adına Ağdam
musiqi texnikumunda müəllimlik fəaliyyətinə
başlamışam. 1977-ci ildən 2010-cu ilin oktyabrına kimi
Qurban Primov adına Ağdam uşaq musiqi məktəbinin
direktoru işləmişəm. Hazırda Şuşa musiqi
texnikuımunda tar fənnini tədris edirəm".
- Aydın müəllim, fəaliyyətiniz
dövründə hansı sənətçilərlə
çiyin-çiyinə işləmisiniz? Bir sözlə,
kimləri tarda müşayiət etmisiniz?
- Müşayiətçilik
ağır sənətdir, sənətkarın yaxşı
oxuması tarın müşayiətindən
asılıdır. Tarzən gözəl müşayiət
etsə, hətta zəif xanəndəni də yaxşı
oxuda bilər. 43 il əmək fəaliyyəti dövründə
Seyid Şuşinski, Musa Şuşiniski, Məşədi
Bahadur, Əbülfət Əliyev, Yaqub Məmmədov, Arif
Babayev, Şahmalı Kürdoğlu, İldırım Həsənov,
Aydın Məmmədov, Qədir Rüstəmov, Elsevər
Rüstəmov, Eldar Rüstəmov, Hafiz Sədirzadə,
Aydın Niftalıoğlu, Tacir Şahmalıoğlu, Şahin
Babayev, Əlisəfa Məmmədov, Barat Fərhadov və Araz
Əliyev kimi ustad korifeyləri tarda müşayiət
etmişəm. Onlarla birgə dövlət tədbirlərinə,
rayonlar, kolxoz və sovxozlara gedib kənd zəhmətkeşləri
qarşısında maraqlı konsert proqramları ilə
çıxışlar edərdik. Hətta el şənliklərinə,
toylara da gedərdik.
- Səhv etmirəmsə, siz həm də Ağdam xalq
teatrında da çalışmısınız?
- Elədir, 1968 - 1975-ci
illərdə xalq teatrında Ü.Hacıbəyovun "Leyli
və Məcnun" operasında aparıcı tarzən və
orkestrin konsert-meystri olmuşam. Həmin opera rejissor Heydər
Şəmsizadə tərəfindən hazırlandığından
respublikada böyük marağa səbəb olub.
Konservatoriyanın müəllim kollektivi, bütün bəstəkarlar
həmin operaya baxmaq üçün Ağdama gələrdilər.
Bütün bunlar mənim musiqi
dünyagörüşümü daha da artırdı. Bir
çox ifalarım Azərbaycan Dövlət Televiziya və
Radio Komitəsinin qızıl fondunda saxlanılır.
- Aydın müəllim, siz həm də elmi işlərlə
məşğul olurdunuz, bəs işləriniz nə yerdə
qalıb?
- Azərbaycan musiqisinin
inkişafında "Qarabağ ifaçılıq məktəbinin
rolu" mövzusunda elmi iş götürmüşdüm. Məlum
Qarabağ hadisələri bu işimi yarımçıq
qoydu. Əgər ömür vəfa etsə,
yarımçıq qalmış elmi işimi başa
çatdıracağam.
- Sizi həm də bəstəkar kimi tanıyırlar,
bu barədə nə deyə bilərsiniz?
- Elmi işimi başa
çatdıra bilməsəm də, damarlarımda axan milli
musiqilər məni mahnılar bəstələməyə
sövq etdi. Belə ki, 1996-cı ildə "Azərbaycan
muğam rəngləri" adlı 32 nömrədən ibarət
məcmuə bəstələdim və onları kitab
halında çap etdirdim. Əlavə tədris vəsaiti kimi
həmin kitab musiqi təhsil ocaqlarında tədris olunur. Həmin
məcmuəyə bəstəkarlar Süleyman Ələsgərov,
Ramiz Mirişli, Elnarə Dadaşova, Ramiz Zöhrabov, Mədəniyyət
və Turizm Nazirliyinin elmi işçiləri Rəşid Əliyev
və Səid Hacıyev rəy veriblər. II məcmuəni
(mahnılar, rəqslər və rənglər) çapa verməyə
hazırlaşıram. Yeri gəlmişkən qeyd edim ki, son
vaxtlar yazdığım "Şuşa da bir qaladır"
mahnım xalq artisti Nəzakət Teymurova tərəfindən
ifa olunub. Bu mahnı bu gün də gündəmdədir.
- Aydın müəllim, yetirmələriniz varmı?
- Adlarını çəkmək
istəmirəm, onlarca yetirməm ali və orta musiqi təhsil
ocaqlarında çalışır.
- Aydın müəllim, nədənsə, ekranlarda
görünmür. Ekran Aydın müəllimdən, yoxsa
Aydın müəllim ekrandan uzaq düşüb?
- Mən belə deməzdim.
Uzun müddət vəzifədə
çalışdığıma görə tarda sənətkarları
müşayiət etməyə vaxtım olmurdu. Amma son vaxtlara
kimi Qədir Rüstəmovu ara-sıra müşayiət
etmişəm. O cümlədən Qədir Rüstəmov
haqqında çəkilən sənədli filmdə və
onun disk halında çıxan mahnı və
muğamlarını tarda müşayiət etmişəm.
- Sizə nə əcəb fəxri ad verilməyib?
- Fəxri
adla bağlı 2 ildən artıqdır sənədlərim Mədəniyyət
və Turizim Nazirliyinə verilib. O da nazirliyin nəzarətindədir.
- Son zamanlar bəstəkar
mahnıları yazılmır.
Sizcə, sifarişlər
yoxdur, yoxsa mahnı, yazmaq üçün söz tapılmır?
- Bəstəkar
mahnıları yazılır,
amma azdır. Milli ruhda yazılan mahnılar qalır.
- Buna səbəb nədir?
- Qarabağlıyıq.
O vaxtlar qayğılar
yox idi. İndi qayğılar çoxalıb.
Musiqi bəstələməyə isə
vaxt yoxdur. Əvvəllər Qarabağa baxıb
mahnı yazardıq.
İndi hara baxaq?! Kim Azərbaycan muğamlarını
yaşadırsa, Azərbaycan
mahnılarını bəstələyirsə,
sağ olsun.
- Aydın müəllim,
toylarımız "Qarabağ
şikəstəsi" ilə
başlayıb "Vağzalı"
ilə qutarardı. İndi belə deyil, bir sözlə,
milli rəqslərimizə,
oyun havalarına az yer verilir. Bu nədən
irəli gəlir?
- Milli rəqslərimiz və qədim oyun havalarımız bizə babalarımızdan qalıb.
Gərək biz də çalışaq
ki, gənclərimizi bu ruhda tərbiyə
edək. Toylarda çalınan
yüngül musiqilər
müvəqqətidir. Bir müddət sonra onlar sıradan çıxacaq. İndi
musiqi sahəsində istedadlı gənclər yetişir və
yetişməkdədir.
Qələndər, Pərvin
Həftə içi.- 2010.- 2 noyabr.- S. 7.