Kəklikotu

 

SAGLAM OLUN!

 

Hacı Süleyman İrəvani yazırdı ki, kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyərlər üçün xeyirlidir. Kəklikotu çiçəyinin 9 q-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul edirlər. Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək edir, qusma və kolitə qarşı xeyirlidir. Kəklikotu və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yerin üzərinə qoyulur. Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər. Kəklik otunun şirəsi keşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xeyirlidir. Bal, sirkə, kəklikotu və innabın turş-şirin qarışığını qaynatdıqdan sonra ələş xəstəliyində içirlər. Kəklikotu təzə pendirlə yeyilsə insanı kökəldir. Göz qarasına ağ ləkə düşərsə oraya kəklikotu şirəsini damcılatmaq lazımdır. Kəklikotu yarpaqlarının bal ilə ovxalanmış məlhəmi bərk şişləri sovurur, oturaq sinirin iltihabında xeyirlidir. Dozası: 22,5 q qədərdir. Bunları Hacı Süleyman İrəvani (XVII əsr) qeyd edir. İbn Sina (980 - 1037) yazır ki, kəklikotunu çeynəmək dişağrısını yox edir və damaqları möhkəmlədir. Müasir Azərbacan xalq təbabətində hipertoniyanı müalicə etmək üçün təzə kəklikotu və bağayarpağından bir qarışıq hazırlayırlar. Kəklikotundan su cövhəri yuxusuzluqda qəbul olunur. Kəklikotu - spazmolitikdir, o mərkəzi əsəb sistemini sakitləşdirir, mülayimliklə qan təzyiqini aşağı salır. Kəklikotu aşağıdakı preparatların tərkibinə daxildir: pertussol, tusirol, fitodont, armazol, kolinton, bronxolind, timipin, pulomonon və sair. Kəklikotunun efir yağının tərkibinə daxil olan timol antiseptik və dezinfeksiyaedici keyfiyyətə malikdir.

 

Həftə içi.- 2010.- 2 noyabr.- S. 8.