Ədəbiyyat körpüsünün
memarı
Əhməd Şahidov: "Kamal Abdulla öz qələmiylə
təkcə bədii əsər yazmır, dövlət əhəmiyyətli
bir diaspor fəaliyyəti aparır"
Yazıçı-dramaturq Kamal Abdullanın
"Sehrbazlar dərəsi" kitabı Rusiyada çap olundu
Bu günlərdə
görkəmli yazıçı Kamal Abdullanın Azərbaycan
oxucusuna yaxşı tanış olan "Sehrbazlar dərəsi"
romanı Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda
işıq üzü görmüşdür.
"Zlotoust" nəşriyyatında çap olunan bu əsər
müəllifin çoxsaylı əsərlərindən, sadəcə,
biridir. Rus oxucusunun diqqətinə təqdim olunan "Sehrbazlar
dərəsi" romanında müəllif - həminki qəribdir.
O, sanki varlıq və
yoxluğun hüdudunda dayanaraq zaman fenomeninin və insan
taleyinin idrak üfüqlərinə doğru daha da irəliləyir.
Yazıçının yenicə çapdan
çıxmış əsəri ilə bağlı söhbətimizi
onun sevimli tələbələrindən olan gənc alim, fəlsəfə
doktoru Əhməd Şahidovla davam etdirdik.
Əhməd Şahidovun
sözlərinə görə, Borxesin "ayrılan
cığırlar bağı" təyinini haqlı olaraq
mükəmməl daxili kompozisiyaya malik olan bu romana şamil
etmək olar. Əsər dünya ehtiraslarının
puçluğu, insan təbiətinin və qanunlarının
natamamlığına görə qaçılmaz cəzanı
aşmağa çalışan borc və sevgi hissi
haqqında pritçadır, amma eyni zamanda bu, faciəvi
sonluğa baxmayaraq, son dərəcə maraqlı, Şərq
koloriti ilə süslənmiş təsirli və
işıqlı nağıldır.
Kitabın ön söz
müəllifi olan Lyudmila Lavrovanın təbirincə desək,
romanda parlaq epizodlar və kolliziyalar çoxdur, onlar Ömər
Xəyyamın poeziyası kimi bilavasitə hissiyyatla
qavranıla bilər, lakin onların hər birinin, eləcə
də bütün hekayətin arxasında sufi
simvolikasının karvan yerişinə bənzəyən
qatları sayrışır, diqqətli oxucunun fikrini
özünə yönəldir. Burada şah və cəllad, əzab
çəkən karvanbaşı, öz sevgisini gizlədən
xədim, qovulmuş müdrik və onun şəyirdləri,
zamanı idarə etməyə və məkanla manipulyasiyalara
məruz qoymağı bacaran, möcüzəvi dərədə
yaşayan sehrbazlar, görükməz təpə, insan
dünyasını ağ vərəqə çevirən
(sanki dünyanı yeni əlyazmalara hazırlayan), qar
yağışı, ümumiyyətlə, kitabın istənilən
personajı və obrazı - göründüyü kimi deyil,
illüziyadır, ancaq kimin illüziyasıdır?
Atasının qatilini arayan karvanbaşının və onun
sadiq xidmətçisinin arxasınca düşməyə bizi
nə sövq edir? Cəlladın və onun ehtiraslı məhəbbətinin
tarixçəsini danışan kimdir? Nəhayət,
ölmüş cəlladın ruhu ilə təmasa girərkən
qəhrəmanlardan başqa orada kimlər olub? Ölülərin
canlılar üçün əlçatmaz olan bilgilərinə
işarə edən, insanı sarsıdan bu dəhşətli
səhnə yaddaşlarda həkk olunur. Bu "kim"in müəllifin
özü və ya sirləri qorumağı bacaran sehrbaz-medium
olduğunu iddia etmək (digərləri bunu edə bilməzdilər,
çünki hələ tarixdən əvvəl
dünyanı tərk etmişdilər və tarixdə öz
iştiraklarının anlamı haqqında heç bir bilgiyə
sahib deyildilər - uşağın qəlbinə qisas
toxumları səpmiş qeyzli qarı kimi) sadəlövhlük
olardıg Ancaq hələ ki şahın cəza dəstəsi
şiddətlə darvazanı yumruqlayır, şamın nazik
işığı tüstüləyərək öləziyir,
hələ ki ruh məhkum olunmuş karvanbaşının məskənini
tərk etməyib, son sualları vermək gec deyil. Lakin
artıq bu suallara cavab ala bilməyəcəksən, maddi
müstəvidə əlaqələr qırılıb,
baxmayaraq ki bəlkə bu vacib də deyil, başlıcası
odur ki əbədi susqunluqdan öncə bu sualları səsləndirməyə
macal tapmısang Düşünürəm ki,
yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi
görünən bir şeyi gerçəkləşdirib: o,
yaradıcı təxəyyülünün üfüqlərini
reallığın hüdudlarına kimi genişləndirib,
onlara sözlərin nəfəsini verərək elə vəziyyətə
çatıb ki, bu zaman özün illüziyaya,
başqalarının bəlkə də əski zamanlarda
gördüyü röyaya çevrilirsən və bu
röyalar haqqında roman yazırsan.
Ümumiyyətlə,
Kamal Abdullanın bütün əsərləri nəinki Azərbaycanda,
hətta dünyanın bir çox ölkəsində də
xüsusi diqqət və maraqla oxunur, əcnəbi dillərə
tərcümə olunub dünya ədəbiyyat inciləri
sırasına daxil edilir. İndiyə kimi Rusiyada, Fransada,
Polşada, Braziliyada, Türkiyədə və digər ölkələrdə
əsərləri dərc olunan ədibin məxsusi bir
auditoriyası da var. Əsasən akademik və aristokratik təbəqəni
təmsil edən bu zümrə sanki Kamal Abdullanın əsərlərində
əks olunan həyat reallıqlarında özlərini
tapırlar.
Kamal Abdullanın məşhur
əsərlərindən olan "Yarımçıq əlyazma"
romanı eyni vaxtda Fransada, Türkiyədə, Polşada və
Braziliyada nəşr edildi. Sərbəst kompozisiyası və
nəsrlə yazılmış özünəməxsus
poemanı xatırladan intonasiyaları ilə seçilən
bu romanda müəllif öz istedadının yeni cəhətlərini
aşkarlayır, baxmayaraq ki burada da onun əsas keyfıyyəti
- müasir olanla əbədi olanı, günümüzün
ahəngsizliyini və uzaq tarixin dolanbaclarını gözlənilməz
şəkildə, üzvi olaraq uzlaşdırma
bacarığı dəyişməz qalır. Kamal
Abdullanın yazıçı individuallığının
sirri də bu uzlaşmadadır.
Kamal Abdullanın
yaradıcılığından böyük həvəslə
danışan Əhməd Şahidov öz müəllimini təkcə
yazıçı kimi qəbul etmir: "Kamal Abdulla öz qələmiylə
təkcə bədii əsər yazmır, dövlət əhəmiyyətli
bir diaspor fəaliyyəti aparır. Çünki onun əsərləri
dünyanın bir çox ölkəsində çap olunur, həmin
ölkələrin vətəndaşları məhz Kamal
müəllimin əsərlərini öz doğma dillərində
oxumaqla sanki özləri üçün Azərbaycanı kəşf
etmiş olurlar. Onlar müasir Azərbaycan ədəbiyyatının
ən parlaq nümunələrini məhz bu kitablarda
tapmış olurlar. Odur ki Kamal Abdulla öz əsərləriylə
oxucularına təkcə mənəviyyat deyil, eyni zamanda Azərbaycan
boyda bir həqiqət aşılayır".
Kamal Abdullanın
şeirlərini sevə-sevə oxuduğunu qeyd edən Əhməd
bəy müəlliminin ən çox bu misralarını bəyənir:
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.
"Mən də
haradasa özümü ədəbiyyatla bağlı bir insan
hesab edə bilərəm. Çünki məhz Kamal
Abdullanın külliyyatı içində qurdalana-qurdalana
özüm də ədəbiyyatçı olmuşam,
şeirlər yazmağa başlamışam. Yol barədə
yazdığım bir şeirlə müəllimimə dəstək
olmaq istədim və həmin şerimin son iki sətri məni
çox uzaqlara apardı":
Yol bizi özümüzdən,
başlanğıcdan qoparır,
Aparır sona bizi,
ölümə pay aparır.
İlkin Ağayev
Həftə içi.- 2010.- 3 noyabr.- S. 7.