Armud

 

SAGLAM OLUN!

 

Şirin armud susuzluğu yatırdır, həzm üçün əhəmiyyətlidir, qəbizlik vaxtı məsləhət edilir, ürək ritminin pozulmasında və sidik kisəsi iltihabında faydalıdır. Həmçinin armud bəzi göbələk zəhərlərinin təsirini zəiflədir. Turş armud isə əksinə, bağırsağı bərkidir, ödqovucudur, qızdırma zamanı xeyirlidir. 9 qram armud tumu bağırsaqda qurdları öldürür. Armud ağacının çiçəyi ürəyi möhkəmlədir, əhval-ruhiyyəni yaxşılaşdırır, qanaxma və ishalın qabağını alır. Armud ağacının güllərini sürtgəcdən keçirərək iltihablı göz şişində qoyurlar. Armud yarpaqları ishal zamanı istifadə edilir. Əgər onları dərinin üzərinə qoysalar, mövcud yaranı sağaldar. Armud ağacının gülündən tutiyə (qara göz boyası) hazırlayırlar. Armud ağacının qətranı güclü irinçıxardan vasitə kimi məlumdur. Cır armud ağacının tozu yaranı əla sağaldır. Xalq təbabətində armud mürəbbəsi və bişmiş armud güclü öskürəkdə, təngnəfəslikdə, ağ ciyər vərəmində xeyirlidir. Quru armud həlimi isə sidikqovucu və bərkidici vasitə kimi istifadə edilir. Həlimi hazırlamaq üçün 1 stəkan xardalanmış armud götürürlər, üzərinə 0,5 litr su tökürlər və 15 dəqiqə qaynadırlar. Bir qədər saxladıqdan sonra acqarına gündə 4 dəfə yarım stəkan içirlər. Yetişmiş armud çox sulu və şirin olduğu üçün böyrək və mədə-bağırsaq xəstəliklərində xeyirlidir. Xüsusilə orqanizmə şirə ilə daxil olan xeyirli maddələr daha tez mənimsənilir. Armudun tərkibində olan balanslaşdırılmış minerallar orqanizmin tərkibindəki ağır metal elementlərinin çıxarılmasına kömək edir. Armud qan və hüceyrə artıran, C vitamini ilə immun sistemini möhkəmlətməkdə vacib sayılan foli turşusu ilə zəngindir. Orta böyüklükdə olan 1 armudun tərkibində 100 kkal enerji mövcuddur. Armudun uşaq qidasının tərkibinə daxil olması məsləhətdir.

 

 

Həftə içi.- 2010.- 4 noyabr.- S. 8.