Mir Cəlal haqqında monoqrafiya

 

Qocaman ədəbiyyatşünas, monoqrafik tədqiqatçılar ustası Yaqub İsmayılovun "Mir Cəlalın yaradıcılığı" adlı kitabı çapdan çıxmışdır. Monoqrafiyada yazıçı, alim, müəllim istedadını birləşdirən görkəmli ədəbi-tarixi şəxsiyyətin dövrü, mühiti, çoxcəhətli fəaliyyəti və zəngin irsi araşdırılmış, tarixi faktlara göz yumulmadan bugünlü dəyəri üzə çıxarılmışdır. Bu gün Mir Cəlal haqqında yazılan çoxsaylı əsərlər içərisində Yaqub İsmayılovun tədqiqatı akademizmi, tarixi konteksti, təfərrüat zənginliyi və təhlil səhihliyi ilə seçilir. "Yaradıcılıq axtarışları yolunda ilk addımlar", "Vətənpərvərlik və qəhramanlıq motivləri", "Yeni mərhələ, yeni mövzu və surətlər aləmi", "Tarixin bədii dərki", "Müasirliyin epik təsviri", "Sənətkar və irs problemi", "Elmi-nəzəri və ədəbi-tənqidi fəaliyyəti", "Müşahidələr, təəssüratlar, duyğu və düşüncələr işığında" adlandırılmış fəsillərdə XX əsr ədəbiyyatı klassikinin yaradıcılığının miqyası bütövlükdə işıqlandırılır, irsinin önəminə diqqət verilir.

Kitabın son fəsli canlı xatirələr işığında qələmə alınmışdır: "İllər ötdükcə daha sıx əlaqə və ünsiyyət saxladığım müəllimim Mir Cəlal Paşayev oldu... Mir Cəlal müəllim son dərəcə sakit və mülayim təbiətli idi, hərəkət və danışığında müəyyən qədər M.Arifə, H.Araslıya, M.Cəfərə yaxınlaşsa da, onlardan fərqlənirdi. Bir sözlə, özünəxas fərdi-daxili keyfiyyətlərə, sadəlik və mürəkkəblik çalarlarına malik maraqlı, müdrik insan idi. Dərin məzmunlu mülahizələri, tez qavranılan, anlaşılan izah    və açıqlamalarını dinləyicilərə sakit tonda, asta-asta, aramla çatdırardı...". Monoqrafiyanı Y.İsmayılov 1975- ci ildə çıxmış eyni adlı əsərini təkmilləşdirərək ortaya qoymuşdur. A.Şaiq, Əbülhəsən, İ.Əfəndiyev, İ.Şıxlı, Ə.Məmmədxanlı, İsi Məlikzadə yaradıcılığına həsr olunmuş əsərlərdən sonra bu, 83 yaşlı monoqrafiya ustasının 8-ci kitabıdır.

"Elm" nəşriyyatında çıxmış kitabın redaktoru Şirindil Alışanlıdır.

 

 

Elnarə

 

Həftə içi.- 2010.- 30 oktyabr – 1 noyabr/ 30 oktyabr – 5 noyabr.- S. 2.