Qız qalasının açılmayan sirləri
(Əvvəli ötən saylarımızda)
Bəzin qesse çon baz-pərdaxtəm,
Soye "Həft peykər" fərəs taxtəm.
Bu dastanı ("Leyli və
Məcnun nəzərdə tutulur) bitirdikdən sonra "Həft
Peykər"ə tərəf atımı çapdım. Bu
beytdən aydın görünür ki, şair atını
yeddi gözələ tərəf deyil, səmalarda yerləşmiş
yeddi səyyarəyə tərəf çapmışdır.
Təsadüfi deyil ki, Nizaminin xələfləri də peykər
sözünü səyyarə, planet mənasında işlətmişlər.
Böyük özbək şairi Ə.Nəvai "Həft
peykər"ə cavabən yazdığı əsərin
adını "Yeddi səyyarə" qoymuşdur.
Peykər çoxmənalı
sözdür ki, bu mənalardan biri də cism deməkdir. N.Gəncəvi
əsərin özündə heç bir yerdə onun
adını "Həft peykər" ("Yeddi gözəl")
qoyduğuna işarə etmir". Əlyazmaların əksəriyyətində,
daş basmalarda əsərin adı "Bəhramnamə"
getmişdir. "Həft peykər" adını yalnız
bircə dəfə "İsgəndərnamə"də
işlətmişdir.
Bəhrama gəldikdə
- Bəhram bax Mərrix. Bax. ə.f.lüğ. səh.58. Mərrix
- Mars planeti, qan kimi qırmızı görünən Mərrix
(Mars). Qədim zamanlarda müharibə ilahəsi" mənasında
işlədilmişdir. Bax.ə.f. lüğ. səh.58.
Məhz bu baxımdan
"Qız qalası" Mars planetinin rəmzi kimi
qırmızı kərpiclərdən hörülmüş
və həmin planetin rəmzlərindən biri kimi əks
olunur.
Beləliklə, əsərin
əsl adı "Bəhramnamə", ləqəbi isə
"Yeddi səyyarə"dir. Bununla bərabər, "Yeddi
gözəl" vətəndaşlıq hüququ
qazandığı üçün həmin adı
saxlamağı üstün biliblər. Təbii ki, "Yeddi
gözəl"in qayəsi isə Allahın yer və göy
məkanlarını yaradıb bizə bəxş etməsinə
işarədir. Bax. "Yeddi gözəl" səh.312.
Ağıl sahibləri önündə hər an,
Surət bəzəməklə olursan əyan.
Sənin
varlığın görmək qabiliyyətinə malik
olanların qarşısında aydındır. Həmin bəsirət
sahibləri sənin surətini yaratdığın, məxluq
etdiyin varlığın vasitəsilə görürlər, dərk
edirlər.
Sənə baş əymədi kim qafil oldu,
Dərhal qapısına qıfıl vuruldu.
Dinə görə, bəşər
cinsinin banisi Adəm bütün mələklərdən
üstün yaradılmışdır. O, dünyaya gələrkən
bütün mələklər ona səcdə etmiş, lakin
iblis (şeytan) bu əməldən boyun
qaçırmışdır. Allah onu cəzalandıraraq
tövbə qapısını, yəni əfvedilmə
qapısını onun üzünə həmişəlik
bağlamışdır.
Sübhün çırağını yalnız sən
verdin,
Səhərə quş verdin, quşa dən verdin.
Səhərin quşu -
günəş, günəşin ruzisi - onun
işığı. Başqa sözlə, sən
gündüzə günəş bəxş edirsən,
günəşə isə işıq.
Bir yerdə ki ağıl ayaqdan düşə,
Xəyal nə iş görər, çox da əlləşə.
Yəni ağıl
Allahın zatını, vücudunun sirrini dərk etmək
qabiliyyətinə malik deyildir.
Biz yeddi fələkdən cüzük bu darda,
Yeddi bayırdan da qaldıq kənarda.
Yeddi fələk
ilahiyyatın xarici mühitini təşkil edir, insanlar isə
bu xarici mühitdən kənarlaşdırılır.
Əqli-küll əmrində yol tapdı sənə,
Cürəti olmadı baca üzünə.
Əqli-küll - əşyanı,
təbiəti və varlığı dərk etmək qüdrətinə
malik olan ağıl.
Beytin mənası: əqli-küllə
səni dərk etmək qabiliyyəti bəxş etmisən: o,
səni arayıb-axtarır, lakin sənə yetişəndə
sənin əzəmətinin heybətindən
gözünü aça bilmir, o da səni dərk etməyə
acizdir.
Bu dünya, dünyanı hərlənən fələk,
Hay çəkər qapında hər zaman qultək.
Bütün göylər,
kainat, səyyarələr sənin dərgahının önündə
səcdə etmək üçün bir-birini itələyib
özlərinə yer axtarır.
İlk pərgar xəttinin mərkəz nöqtəsi,
Varlığın axırı, ən son töhfəsi.
Beytin mənası:
göylərdə saxlanan müqəddəs lövhədə
(lövhi-məhfuz) Allah öz pərgarı ilə yaratmaq istədiyi
varlığının cizgisini çəkərkən Məhəmməddən
başlamış və varlığın ən
axırıncı yaradılanı Adəm cinsi olduğu
üçün həmin cizgini Məhəmmədlə də
bitirmişdir.
Əhmədi-Mürsəldən başqası məgər,
Varmıdır, tanrıya ola peyğəmbər.
Əhmədi-Mürsəl
- Məhəmməd peyğəmbərin ləqəbi, titulu Əhməd
və Məhəmməd adları bir kökdən (Həmədə)
olub, hər ikisi şərəfli, şanlı deməkdir. Mürsəl isə göndərilmiş
elçi. Əhmədi-Mürsəl - şərəfli,
şanlı elçi.
Şərin beş təbilini hər an vurandır,
Bütün yer üzündə haşlıq
Qurandır.
Beş təbil (növbə)
orta əsrlərdə sultan və şahların
saraylarının qabağında xüsusi meydançada
gündə beş dəfə (növbə) nağara və
şeypur çalaraq, saray sahibinin əzəmətini faş
edərmiş.
Şərin (yəni
şəriətin) beş təbili - islam dininin beş
rukünün dayağı, sütunu (Tövhid, səlat, soun,
zəkat və həcc). İkinci misrada orijinalda belədir: "Yer vilayətinin
dörd balış qoyanı". Dörd balış - burada
taxt mənasında işlədilmişdir. Keçmiş
zamanlarda şah və sultanların taxtlarının
üstünə dörd balış qoyurlarmış. Burada
dörd cəhət (şimal, cənub, şərq, qərb) nəzərdə
tutulur və bununla da Məhəmməd peyğəmbərin
yer üzünün hakimi-mütləqi olduğu iddia edilir.
Kölgənin üzünü ağardan insan,
Günəşdir, kölgədən nə bəhs
açırsan.
Rəvayətə
görə, Məhəmmədin kölgəsi
olmamışdır. Onun üzü ağkölgəli
olmuş, belə də olmalı imiş, çünki günəş
(Məhəmməd) olan yerdə kölgə olmaz.
Gözlərin tutan "möhrü-məzağ"dır,
Bağlanıb durduğu sanma bu bağdır.
"Mə-zaqə"
- Quranın "ən Nəcm" (XXI) surəsinin 17-ci ayəsinə
işarədir, tərcüməsi "O yana baxmadı". Məhəmməd peyğəmbər
öz meracı zamanı göylərdəki gülüstandan
keçərkən Allahdan əmr gəldi: "Sən ətrafa
baxma ki, diqqətin dağılmasın". Məhəmməd
bu kəlamı gözləri üstünə qoydu və o kəlam
sürmə kimi onun gözlərinə dərman oldu.
2-ci sətirdə
bağ yer üzündəki dünyanın, gülüstan isə
göylərdə yerləşmiş müqəddəs sidr
ağacının rəmzi kimi işlənmişdir. Həmin sidr ağacı
Quranın "ən Nəcm" surəsində sidrət əl-müntəha
- ən axırıncı sidr adı ilə təsvir
olunmuşdur. Ərşin - Allah taxtının yanında yerləşmiş
ilahi ağac. Bu ağaca mələklər belə baxa bilmirlər.
Məhəmməd öz meracı zamanı sidri yaxından
müşahidə etmişdir.
Yeddi min il sonra gəldi cahana
Dini rəvayətə
görə, dünyanın yarandığı gündən
qiyamət gününə qədər yetmiş min il
keçəcək. Məhəmməd isə dünya yaranandan yeddi min il
sonra anadan olmuşdur. Qeyd etmək istəyirəm ki, orta əsrlər
dövrünün şairləri bütün əsərlərində
dini əlamətlərə xüsusi yer vermiş, hər bir
hadisəni dini ideologiya üstündə
işıqlandırmağa çalışmışlar.
Bununla yanaşı, maddi və mənəvi bütün abidələrin
hamısında bu məsələ xüsusi yer tutmuş,
bütün mənəvi dəyərlər göy cisimləri
ilə vəhdətdə götürülmüşdür.
Çəkidiyimiz misallar isə bunların bariz nümunəsidir.
Bəli, bu bədii gəzintidən
sonra astronomiya və ondan doğulan astrologiya aləminə
baş vurmağımız sanki bir zərurət doğurur.
Astronomiya ulduzları öyrənən elm, astrologiya isə
onların insanlara təsirini və ya insanların ulduzlarla
görünməyən bağlılığını
öyrənən elmdir.
Fələkə üstürlab ənkəbutunun,
Telindən tor hörmüş nəzəri onun.
Üstürlab - astrologiya. Qədimdə
ulduzların yerləşdiyi yüksəklikləri bu alət
vasitəsilə ölçərdilər. Beləliklə,
açaq ulduzların sirli-sehirli dünyasını müqəddəs
Qız qalasının sirli qapısını açmaq
üçün.
Şahdır səxavətin yeddi qardaşı,
Qadını varlıqda analar başı.
Yeddi qardaş - yeddi
planet, vücudun anaları - dörd ünsür (su, od, torpaq,
yel çərşənbələri).
Geniş qüdrətinə göyün yaxşı
bax,
İkicə çörəkdir var-yoxu ancaq.
Göyün süfrəsinin
ikicə çörəyi - ay və günəş. Ulduzlar
isə sanki bu iki müqəddəs varlığın kəməridir
ki, bunların vəhdət dövriyyəsindən insan hərəkət,
həyat tərzini bəhrələndirir. Açaq göstərək
oxuculara bu həyat dövriyyəsinin sirlərini.
Sur bəxti tapmışdı onda zamana,
Zöhrə sahib idi onda dövrana.
Zöhrə -
çalğı, rəqs və şənliyin hamisidir. O, sur
(öküz) bürcündə qərar tutanda yer üzündə
həm sabitlik, firavanlıq, həm də çalıb-oynamaq,
şənlik, ziyafət məclisləri, eyş-işrət bərqərar
olur.
Qövsdə yerləşir parlaq müştəri,
Müştəridir onun qövsünün yeri.
Qövs həm
bürcün adı, həm də kaman deməkdir. Müştəri
planetinə xoşbəxtlik gətirən qövs
bürcüdür. Yəni müştəri kimi əzəmətli
olan Bəhram öz kamanının (qövsünün) oxunu
müştəri planetinə tərəf atdı ki, qövslə
müştəri yaxınlaşıb ona səadət gətirsin.
Günəş Surda olar bahar zamanı,
Suru dolandıran ay varmı, hanı?
Bahar fəslində
günəş öküz və buzov bürclərində mənzil
salır, məcazi mənada. Günəş buzovu öz
çiynində aparır. Şair çox obraz yaradıb,
dolayı yolla Fitnəni ayla, divanı isə öküz
bürcüylə müqayisə edir. Beytin mənası bahar
fəslində çiynində buzov gəzdirən "günəş"
görmüşdük, amma buzov gəzdirən "ay"
görməmişdik, eləsi varmı?
Balıqdan başlayıb yetişdi aya.
Mahi-balıq, mah-ay. Bu
sinonimdə məna - balıqdan aya qədər, yəni yerdən
göyə qədər (yeri öz üzərində saxlayan əfsanəvi
balıq nəzərdə tutulur).
Xaqanla bəhratək
vuruşdu Bəhram.
(ardı var)
Şakir Qabıssanlı
Həftə içi.- 2010.- 23 noyabr.- S. 7.