Qız qalasının açılmayan sirləri

 

(Əvvəli ötən saylarımızda)

 

Bəhram Mars planetinin qədim adıdır. Mars isə müharibə ilahəsi sayılır.

Qorxudan ödünü zöhrə qusurdu.

Zöhrə - (planet) və zöhrə (öd). Yəni Bəhram o qədər qan tökdü ki, zöhrənin qorxusundan bağrı yarıldı və öd qusdu.

 

Arasında o tac qara şirlərin,

Bir aydı ağzında iki əjdərin.

 

Qədim təsəvvürə görə, ay tutulanda guya onu əjdaha udurmuş, odur ki əjdahanı qorxudub ayı onun ağzından çıxarmaq üçün mis teşti - ləyəni döyərək səs-küy salarmış.

 

Əsəddə qurmuşdu taleyi taxtı,

Sabitdi, möhkəmdi olduqca baxtı.

 

Yəni Bəhramın taleyi öz taxtını əsəd-şir bürcündə qurmuşdu, bu isə qüdrət rəmzidir.

 

Ütarid ülkəri ona bir eşdi.

 

Ütarid (Merkuri) planeti günəşə yaxınlaşmışdı, bu isə qədim astroloqların nəzəriyyəsinə görə, səadətə dəlalət edir.

 

Zöhrə Surə keçdi, Müştəri qövsə,

Bu ev zinətlənib döndü firdovsə.

 

Zöhrə (Venera) planeti sur (öküz bürcü), Mütşəri (Yupiter) isə qövs bürcünə yaxınlaşmağı şənlik, çalıb-oynamaq, nemət bolluğu, rifah əlamətidir. Firdovs behişt, cənnət deməkdir.

 

Hilal onda idi, altıda Bəhram.

 

Hilalın - təzə ayın onuncu bürcdə, Bəhramın (Marsın) altıncı bürcdə olması həm ziyafət, şənlik, xoş güzəran, həm də müharibə əlamətidir.

 

Uzadıb əlini zühal mizana,

Toplanmışdı xəzinə yerdən keyvana.

 

Zühal (Saturun) palnetinin mizan bürcündə olması varlıq əlamətidir. Odur ki Bəhramın var-dövləti sanki yerdən Keyvana (Saturna; Zühəl ərəbcə, keyvan isə qədim Fars dilində (Fars yox) Saturn deməkdir) qədər ucalırdı.

 

Günlərin birində böyük sənətkar,

Bəhramın əlindən aldı şirin nar.

 

Bəhram - Mars planeti, yəni həm Bəhram -surun, həm də onun hamisi şəmsi (günəş) təqvimində hər ayın iyirmisində aydın və parlaq görünən Bəhramın (Marsın) əlindən şirin bar-xeyir dua alıb işə başladı.

 

Dedi: "Tədris idi zöhrəyə məkan,

Evdə oturmuşdu Bilqeys Süleyman".

 

Tədris - altı bucaq. Zöhrə təsdisdə - yəni altı planetin ortasında oturması, məhəbbət və xoşbəxtlik rəmzidir.

 

II Hissə

 

Bu yeddiörtüklü, altıbarmaqlı,

Birgözlü, dördəlli, doqquzayaqlı.

 

Bu beytdə kainatın təsviri verilir - yeddi fələk, altıbarmaq - altı tərəf, şərq, qərb, şimal, cənub, aşağı və yuxarı, birgöz - günəş, dördəl - dörd ünsür: od, su torpaq və hava, doqquzayaq - doqquz göy (ərşi fələk) verilmişdir.

 

Müjdəylə qanadlandı şadlıq quşu ülkərə,

Yeddi lələk saldırdı bu uçuşu ülkərə.

 

Şadlıq quşu göylərə ucalıb sürəyyanın yeddi lələyini sındırıb ondan da yüksəklərə qalxdı. Sürəyya yeddi xırda ulduz pleyedasıdır. Yeddi lələk həmin ulduzlara işarədir. Sur zöhrənin mənzilidir. Zöhrə isə şadlıq, sevinc və musiqi ilahəsi sayılır.

 

Sən ey yerdə fələyin fələyini heyrətdə qoyan insan,

Yer də, göy də nazınla daim oynayan insan.

 

İnsanın şərəfli olub nazlanması onun Allah tərəfindən kamil yaradılmasıdır. Quran "ət Fin" surəsi 4-cü ayə: "Biz insanı ən gözəl şəkildə yaratdıq". Buna görə də fələklə günəş, ay, ulduzlar və bütün təbiət ona qulluq etmək üçün yaranmışdır. Bunun müqabilində insanın bütün qayəsi yaxşılıq, xeyirxahlıq, insanpərvərlik olmalıdır, özündən aşağı pillədə duran həmcinslərini - heyvanları belə incitməməlidir. Bəşəriyyət özünə tam səadət yaratmaq istəyirsə, o təbiəti kor-koranə, bir anlıq mənfəət naminə korlamamalıdır. Onu mühafizə edib qorumalıdır.

Rəsəd - ulduzlar aləminin tədqiqi deməkdir. Buna görə də rəsədxana müasir dildə observotoriya adlanır.

 

Öküz bürcünə bax sən diqqətlə,

Yükünü yer kimi öküzə yüklə.

Mənzilin öküzdür, olsan da zöhrə,

Öküz üstündəsən getsən hər yerə.

 

Bu beytlərdə işlədilən öküz sözü üç məfhumu ifadə edir: 1) öküz bürcü (ərəbcə lovr) 12 bürcdən ikincisi, 2) dinə görə, küreyi-ərz öküz üzərində qərar tutmuşdur; 3) zöhrə (Venera) ulduzu kimi nə qədər gözəl olsan da, məkanın öküz üzərindədir. Zöhrə ulduzu öz hərəkəti zamanı səmada həmişə öküz bürcünə daxil olur.

Beytə görə, məna belədir: sən nə qədər çalışsan da, yenə dünyada çətinlikdən yaxa qurtara bilməyəcəksən.

 

O, yeddi tayfada gözəl, uludur,

Aydan baliğatək onun quludur.

 

Dini əfsanəyə görə, küreyi-ərzin öküz üzərində, öküzün isə (nəhəng) üzərində durduğuna işarədir. "Balıqdan aya və ya aydan balığatək" ifadəsi klassik poeziyada həmişə bütün dünya məfhumunu əvəz etmişdir.

 

Günəşi göylərdə dolanan zaman,

Sancıb saraltmadı əqrəbtək əzan.

Tüstülənən bir teşt vardı əlində,

Gəzib od saçırdı o, Zəndə, Çində.

Yırtırdı aslantək iti caynağı

Gah öküz sağrısı, gah gur dırnağı.

 

Əqrəb sözü burada əqrəb bürcü mənasındadır. Astrologiyaya görə, günəş əqrəb bürcünə girəndə havalar soyumağa, qış yaxınlaşmağa başlayır. Aslan sözü də aslan (şir) bürcünü bildirir. Günəş bu bürcə girəndə havalar çox isti olur. Zənd və Çin sözləri burada ekvatora yaxın isti ölkələri bildirir. Sancıb saraltmadı əqrəbtək xəzan - yəni hələ payız girməmişdi.

Parçanın mənası: yay fəsli idi, hər çıxanda günəş çox yandırıcı idi.

Beləliklə, əziz oxucular, bu yazıda biz Nizami Gəncəvinin astreoloji fikirləri ilə tanış olduq. Onun təfəkkürü ilə bağlı göy cisimləri ilə tanış olduq. Bu tanışlıq bizə andırdı ki, klassik peziyanın bəzəklərindən ən vacibi məhz göy cisimləri olmuşdur. Həmçinin bu fikirlərdən aydın olur ki, orta əsrlər dövründə astronomiya dövrünə görə, lazımi şəkildə inkişaf etmişdir. Əgər Şərqin belə zəngin səma cisimlərinin öyrənilməsi olmasaydı, bəlkə də Qərbin indiki sivil astronomiyası bu şəkildə inkişaf etməzdi. Bu dövrlərdə rəsədxana təkcə Marağada yox, həmçinin Şirvanşahlar dövlətinin elmi qollarından biri olmuşdur. Ümumiyyətlə, şərqin bir sıra ölkələrində, Şirvanşahlar dövlətinin bir sıra ərazilərində göy cisimlərini öyrənən illərdə hündür yerlərdə qalalar tikilmiş, "Qız qalası" adı altında fəaliyyət göstərmişdir. Sual olunur nə üçün bu qalalar məhz qız qalası kimi adlandırılmışdır. Qız dedikdə həqiqətənmi hansısa nüfuzlu bir şəxsin qızı üçün və ya onun xanımı üçün tikilmişdir. Ümumiyyətlə, Qız qalası fərdi şəxsə görə tikilib, yoxsa bəşəri bir varlıq üçün tikilib.

Məhz bu prizmadan məsələyə varsaq, onda məqsədə, demək olar ki, yaxınlaşmış olarıq. Deməli, "qız" məfhumunun mahiyyəti mənası ortaya qoyulmuşdur. Bu sualın cavabını isə mənim mülahizəmə görə, yalnız folklorda axtarmağa dəyər. Tarixin ən qiymətli inciləri sayılan folklorumuzda bu məsələyə çox yer verilmişdir. Böyük şairin dediyi kimi, atımızı sürək folklor dünyasına onda taparıq istək dünyamızı. Buna keçməzdən əvvəl "Qız qalası" haqqında deyilənlərə bir az nəzər salaq.

Bəzi məlumatlara görə, "Qız qalası" hansısa şah tərəfindən qızına hədiyyə kimi tikdirilmişdir. Başqa bir məlumata görə, şah gənc bir qızla evlənmək istəyir. Qız buna razılıq vermir. Uzun bir vaxt əldə etmək üçün bu qalanı ona hədiyyə vermək üçün tikdirməyi təklif edir. Yaxud şah öz qızına aşiq olur, (bu məlumat 90-cı illərdə Azərbaycanı gözdən salmaq üçün rus mətbuatında da dərc edilmişdir) qız ondan canını qurtarmaq üçün bu qalanı tikdirməyi ondan tələb edir. Qala inşası başa çatanda qız özünü qaladan atıb öldürür. Onun xatirəsinə görə də bu qala "Qız qalası" adlanır. Bu haqda şair Eldar Nəsibli kəskin şəkildə əks cavab yazır:

 

Ehey, yalan-yanlış əfsanə yayan,

Böhtanlar yağdıran Qız Qalasına.

Şah olsun, qul olsun, ata atadır,

Ata tamah salmaz öz balasına.

 

Əlbəttə, bu əfsanə ya naşılıqdan, ya da məsuliyyətsizlikdən doğulan bir əfsanədir. Düşmənlər də bundan asanlıqla və məharətlə istifadə edir.

Digər bir məlumata görə, "Qız qalası" qız kimi toxunulmaz, müqəddəs, qala kimi qiymətləndirilmişdir. Onu da qeyd edim ki, belə adda bir qala da Kislovodskda da var. Guya orada qaraçı bir qız özünü atasının hücumundan xilas etmək üçün qaladan atıb. Guya onun şərəfinə bu qala tikilib. Əksinə, Türk dünyasının hər yerində bu adda qala var ki, bu da ulduzların şahı olan günəşin rəmzi qalasıdır.

Əlbəttə, bütün bunlar heç bir məntiqə, yəni elmi-tarixi məntiqə söykənməyən fikirlərdir ki, məlumatsızlıqdan, qeyri-tədqiqatdan kənar fikirlər kimi ortaya atılmışdır. Ümumiyyətlə, hər hansı bir maddi varlığa münasibət iki prizmadan irəli sürülür. 1-ci gözlə baxıb, gözlə təfəkkürün əlaqəsindən yaranan fikir, 2-ci isə təfəkkürlə görüb, təhlil edib gözün vəhdəti ilə bağlanan fikir. Yəni varlıq təfəkkürdə yoğrulub görmə ilə tamamlanır. Bu baxımdan "Qız qalası" qalanın özü ilə yox, qalanın adı ilə qiymətləndirilməlidir. "Qız qalası"nın mahiyyəti onun özündən çox məhz adındadır. Yenə də bunun həlli folklora bağlanmağa gətirib çıxarıb. Yazının əvvəllində N.Gəncəviyə istinadən irəli sürdük ki, hər bir abidə rənginə görə ulduzlarla əlaqələndirilmişdir.

 

 

(ardı var)

 

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2010.- 24 noyabr.- S. 7.