"İrəvan xanlığı" kitabı təqdim olundu

 

Prezident Kitabxanasında Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "İrəvan xanlığı. Rusiya işğalı ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

"SİA"nın məlumatına görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, belə bir tarixi kitabın işıq üzü görməsi sevindirici haldır. Onun sözlərinə görə, bu kitabın çıxması Azərbaycan tarix elmində mühüm, diqqətəlayiq bir hadisədir: "Monoqrafiyada XIX əsrin əvvəllərində baş verən Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması təkzibolunmaz mənbələr əsasında sübuta yetirilib. Erməni müəlliflərin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunur".

Daha sonra AMEA-nın prezidenti, akademik Mahmud Kərimov "İrəvan xanlığı" kitabının Azərbaycan, rus və ingilis dillərində çap edilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabda ən mühüm məsələlərdən biri XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən qanlı müharibələr nəticəsində ələ keçirilən İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi çoxsaylı arxiv materialları, xüsusilə köçürülmə prosesini tənzimləyən rəsmi dövlət sənədləri - təlimatlar vasitəsilə əks olunub.

Tədbirin davamında çıxış edən kitabın müəllifi Yaqub Mahmudov vurğulayıb ki, bu kitabda XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gələn, Cənubi Qafqazın tarixində əhəmiyyətli rol oynayan, XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından (1747 - 1828-ci illər) bəhs olunur.

"Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. Kitabda 1443-cü ildən XVIII əsrin ortalarına kimi erməni katolikoslarının müxtəlif vasitələrlə Azərbaycan türklərindən aldıqları kəndlərin digər mülklərin siyahısı erməni mənbəsi əsasında tərtib olunan xüsusi cədvəldə öz əksini tapıb. Bu kitab bir daha sübut edir ki, bu gün Ermənistan Respublikası adlanan dövlətin yerləşdiyi ərazi yaxın keçmişə qədərə, bütün tarix boyu həmişə Azərbaycan torpağı olub. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur", - deyə Yaqub Mahmudov əlavə edib.

Məlumat üçün bildirək ki, kitab Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında işıq üzü görüb. "İrəvan xanlığı. Rusiya işğalı ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" monoqrafiyası Azərbaycan, ingilis rus dillərində çapdan çıxıb.

 

 

Həftə içi.- 2010.- 8 oktyabr.- S. 7.