İrəvan qalasında Azərbaycan faciəsi

 

Ramazan Hüseynov və Azad Qaradərəlinin "İrəvan qalası" əsəri (Şirvannəşr,    2009) tarixi faciə janrında qələmə alınsa da, yalnız səhnədə göstərilmək üçün deyil. Bir tarixçi və bir yazıçının bir araya gəlib, oxucunu Azərbaycan tarixinin gizli, az işıqlandırılmış qanlı səhifələrindən biri üzərində düşündürməyə çalışması daha geniş miqyasda ibrət götürməkdən ötrüdür. "Belə ki, İrəvan faciəsi sonrakı bütün faciələrimizin başlanğıc nöqtəsi olduğundan müəlliflər onu elə tarixdə olduğu, kimi bəzəksiz-düzəksiz təsvir eləməyə çalışıblar". Bir-iki obrazı çıxmaqla əsərdə surətlərin əksəriyyəti tarixi şəxsiyyətlərdir.

Söhbət XIX əsrin əvvəllərində qüdrətli  Azərbaycan xanlıqlarından olan İrəvan xanlığının Rus imperiyası tərəfindən işğal edilməsi, başda xanlar olmaqla xalqın bu zorakılıq aktına qarşı müqaviməti, silaha sarılaraq çarpışması tarixindən gedir. Hüseyn xan, Həsən xan, İran şahzadəsi Abbas Mirzə, Mirzəqulu xan, Mirzə Məhəmməd İrəvani kimi tarixi şəxsiyyətlər bir tərəfdə, Feldmarşal qraf Qudoviç, general Paskeviç, Qriboyedov, Mirzə Adıgözəl bəy, ser Qor Ozli, general Kotlyarevski, erməni keşişi Patrik David kimi düşmən cəbhənin nümayəndələri digər tərəfdə olmaqla Azarbaycanın ikiyə bölünməsi ilə nəticələnən Gülüstan və Türkmənçay müqavilələri ərəfəsi və aralığında baş verən dramatik hadisələr pyesdə əyaniliyi ilə təcəssüm tapır. Azərbaycanın əksər xanların razılığı ilə Rusiyaya guya könüllü ilhaq edilməsi haqqında sovet dönəmində yaradılmış mifi ifşa edən daha bir tarix çağdaş səhnəyə çıxır.

Nasir kimi tanınan Azad Qaradərəlinin bu dəfə pyes müəllifi kimi dramaturji məharəti əsərin birnəfəsə oxunmasına səbəb olur. Bədii-tarixi fantaziya, hadisələrin ardıcıllığı ilə yanaşı, Fətəli şah, Sultan Səlim, Napaleon Bonapart, İngiltərə Kralı və baş nazir Vilyam Pif, çar Aleksandr, erməni əsilli general Mədətov və s. kimi tarixi fiqurların "qiyabi olaraq" münaqişəyə müdaxiləsi mövzunun daha dərindən dərkinə xidmət edir. Pyesdə Hüseyn xan, Abbas Mirzə, Sofu kimi bütöv xarakterlər var. Kütləvi səhnələr illüstrativ səciyyədədir, xeyli qədər təfərrüatlar oxucunu maarifləndirməyə yönəlmişdir.                                                   

Oxu üçün nəzərdə tutulmuş pyesin səhnə təcəssümü də faydalı olardı. Belə ki, müəllifin vurğuladığı tək: "Daha bəsdir! Vərəqi çevirib faciələrimizi oxumaq zamanıdır"; babalarımızın buraxdığı səhvlərə bir daha yol verməyək deyə.

 

Elnarə

 

Həftə içi.- 2010.- 2-4/2-8 oktyabr.- S. 2.