Təbiətin məhəbbəti
Bu gün Xəzər
qolboyundur səma ilə.
Üfüq itib sanki
özü bilə-bilə.
İki aşiq
qovuşmağı düşub dilə,
Qoy daima çöhrələri
xoş rəng ola,
Hökm eləyən ahəstə
bir ahəng ola.
Parıl-parıl don
biçibdir günəş ona,
Yatıb səma
qucağında nazlı sona.
Ləpələrə nə
yel dəyə, nə quş qona,
Dəniz-səma məhəbbətin
seyrə dalaq,
Bu ayrılmaz aşiqlərdən
ibrət alaq.
Bu gün coşmur, Xəzri
yatıb ipə-sapa,
Abşerondan kəhər
atın çapa-çapa,
Bəlkə o da bir
eşq uma, sevda tapa,
Sakit əsib,yarpaqlarla
pıçıldasa,
Təbiətin məhəbbəti
aşa-daşa.
Bu sevgidən Bakıya
da bir pay düşüb,
Harasa qış, bura
isti bir yay düşüb,
İnsanlara dəniz
adlı haray düşub,
Çevriliblər min məbəbbət,
eşq dilinə,
Səpələnib
göy Xəzərin sahilinə...
Mahcamal
Həftə içi.- 2010.- 2-4/2-8 oktyabr.- S. 7.