Mahcamalın sevgi çələngi
Mahcamal qadın şairələrimizdəndir.
Klassik poeziya ənənələrini yaşatmağa
çalışır - həm məzmunda- mündəricədə,
həm formada, ifadə tərzində. Yeni çapdan
çıxmış "Bizim bağın çəpəri
yox" poetik toplusunun ("Səda", 2010) mövzu dairəsini
Vətən, vətəndaşlıq, milli-mənəvi dəyərlərin
tərənnümü, adət-ənənə, milli əxlaq,
davranış, qeyrət hissinin təbliği təşkil
edir. Toxunduğu hər predmetə
sevgiylə yanaşan şairə bir çox şeirlərində Sevginin özünü tərənnüm
və yaşam predmeti seçir.
Kitab iki bölümdədir:
"Tale oyunu", "Qəmi tərk eyləyirəm".
Müasir deyim tərzində heca və əruzun müxtəlif
qəliblərini təzələməyə
çalışan müəllif, ayrıca bölmədə
məsnəvi, mürəbbe, təxmis, müxəmməs və
qəzəllərini toplamışdır. Mahcamalın əruzu
uğurludur, sınıq deyil, eyni zamanda çağdaş
olub, oxucunu konkret mövzular ətrafında təsirləndirə
bilir. Təsadüfi deyil ki, redaktoru İntiqam Qasımzadə
olan toplu, müasir qəzəl ustası İlqar Fəhminin məsləhətçiliyi
ilə işıq üzü görmüşdür.
Həftə içi.- 2010.- 2-4/2-8 oktyabr.- S. 7.