"İlham pərisini gözləmək bir qədər peşəkarcasına olmaz"

 

Rəşad Mehdiyev, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Mədəniyyət və İncəsənət İnstitutunu (hazırda universitet) bitirib. 1991-ci ildə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinə qəbul olub. 1996-cı ildən etibarən Rəssamlıq Akademiyasında baş müəllim kimi pedaqoji fəaliyyət göstərir. Rəssamlar İttifaqının üzvüdür.

Rəşad Mehdiyevin rəsm əsərləri dünyanın bir çox ölkəsində - Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Avropa Asiyada fərdi yığma sərgilərdə nümayiş etdirilib. Rəssamın əsərləri təkcə məşhurların şəxsi kolleksiyalarında deyil, həmçinin Avropa Asiyanın bir sıra muzeyində saxlanılır.

2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi keçirilib. Xüsusilə vurğulanmalı məqamdır ki, BMT tarixində ilk hələlik son dəfə olaraq məhz azərbaycanlı rəssam - Rəşad Mehdiyevin sərgisi nümayişlənib. Rəssamın yaradıcılığının bu digər məqamları ilə "Həftə içi" qəzetinə müsahibəsində tanış olun.

- Rəşad, söhbətimizə istərdim elə BMT-dəki sərginizlə başlayaq. Dövlət əhəmiyyətli tədbir olsa da, nədənsə, geniş ictimaiyyətin diqqət mərkəzində olmadı. Səbəb sənin həddən artıq təvazökar olmağındadır, yoxsa...

- Bu sərgi Azərbaycan dövləti, konkret desəm, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təşkil olunmuşdu. Tədbirdə Avstriyanın dövlət məmurları ilə yanaşı, Prezident Aparatı mədəniyyət departamentinin rəhbəri cənab Ridl, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, eləcə də Avstriyanın ölkəmizdəki səfiri, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak edirdi. Sərginin böyük ajiotaj doğurmağına gəlincə, yerli mətbuatımızda bu barədə məlumatlar verildi və bu mənə görə kifayət idi. Çünki o tədbirdə ən önəmlisi Azərbaycanı bir ölkə olaraq diqqət mərkəzində saxlamaq, Azərbaycan incəsənətini təbliğ etmək idi. Buna da, düşünürəm, nail ola bildim.

- Yaradıcılığında hansı cərəyan xətti var?

- Rəssamlar, ümumiyyətlə, bu barədə danışmağı sevmirlər. Amma qısaca deyim ki, cərəyan başlanğıcı 3 faktordan ibarət olan fəlsəfi düşüncədir. Hər hansı bir düşüncəyə, konsepsiyaya kimliyindən, məşğuliyyət sahəsindən asılı olmayaraq istənilən şəxs müəlliflik edə bilər. Rəssam da həmçinin. O, bir düşüncə, söz duyumu təhlilinin vizual görüntüsünü yaradır. Öz təsəvvüründə canlandırdığını kətana köçürür. Rəsm əsərində təsvir olunanlardan bəstəkar da, yazıçı da, şair öz ilham mənbəyini tapa bilər. Rəssam vizual aləmi necə, hansı rakursda görürsə ya görmək istəyirsə, əsərlərini məhz bu tonallığa kökləməlidir. Təbii ki, professional estetik çərçivəni unutmamaq şərti ilə. Bir rəssam olaraq mənim yaradıcılığımdakı cərəyan xətti daxili aləmim məqsədlərimdir. Öz düşüncə tərzini, daxili aləmini öyrənib təhlil etmək sənin yaradıcılığını istənilən cərəyana istiqamətləndirə bilər. Bu barədə rəssamın bəyan etməyi də mütləq deyil. Onsuz da tamaşaçı sənin əsərində öz düşüncəsinə yaxın olanı görəcək. Çünki hər insanın vizual görüntüsü daxili aləmi ilə müəyyənləşir.

- Hər hansı bir əsəri yaratmağın ilham qaynağına bağlıdır, yoxsa artıq texnika, vərdiş işidir?

- Hər hansı bir əsəri yaradarkən ilham qaynağının olması, əlbəttə, çox vacibdir. Çünki rəssamın düşüncə tərzini inkişaf etdirən çox hallarda məhz ilham qaynağı olur. Ancaq işləmə texnikasını da unutmaq olmaz. İlham qaynağı və texnika həmahəng olmalıdır. İlham pərisinin sadəlövhcəsinə nə vaxt gələcəyini oturub gözləmək bir qədər peşəkarcasına olmaz. Rəssamın planlaşdırılmış rejimi də olmalıdır. Peşəkar rəssam üçün rəngləri palitrada qarışdırmaq belə ilham mənbəyi ola bilər.

- Əsərlərinin mövzusunu necə tapırsan?

- Mövzu tapmaq üçün ətraf mühitə nəzər yetirmək kifayətdir. Ən əsası və çətini onu görə bilmək və lazımi səviyyədə çatdırmaqdır. Mövzunun inkişafı bir çox amillə bağlıdır. Birincisi, bilik amilidir. Rəssamın yaratdığı əsərin daha dərin, düşüncəli və rəngarəng prinsiplərə uyğunlaşması məhz biliyə əsaslanır. Rəssamlıq texnologiyası da, şübhəsiz, rol oynayır. Əgər sən hər hansı bir fikrin heç olmasa müəyyən qismini çatdıra bilirsənsə, demək, heç bir problem olmayacaq. Digər tərəfdən mövzudan mövzu yaranır. Dərinə vardıqca qarşında böyük bir aləm açılır, bu aləmin içində yaşayıb-yaratmağa başlayırsan və fırça, kətan üzərində özü səni aparır. Xətt, forma, rəng, gündəlik həyat tərzi - bunlar hamısı rəssamın yaradıcılığı üçün bir vasitə olmalıdır.

- Rəsm əsərlərindəki obrazların niyə hamısı bir-birinə bənzəyir?

- Çox çətin sual oldu. Obrazlar arasındakı bənzərlik, güman ki, rəssamın süuraltı istiqamətinə bağlıdır. Ümumiyyətlə, rəssamlar çox həssas olur. Onların bəzən olmayan prosesləri belə canlandırmaları təsəvvürlərinin aktiv inkişafından irəli gəlir. Sanki bir aləm yaranır və bu aləmdə rəssam dünyanı görmək üçün öz prizmasını yaradır, dünyaya o prizmadan baxmaq istəyir. Hətta deyərdim ki, real həyatla çox vaxt qarşılaşmaq istəmir. Çünki reallıq, rəssamları öz yaratdıqları dünyadan uzaqlaşdırmağa məcbur edir. Bu proses isə bəzən narahat etdiyindən istər-istəməz sənət duyumundan uzaqlaşmağa başlayır rəssam. Obrazların oxşarlığı da düşünürəm ki, bu prosesin nəticəsidir.

- Əsərlərində çox nadir hallarda kişi obrazlarına rast gəlmək olar...

- Yəqin ki, qarşı cinsə qarşı duyulan marağın genetik göstəricisindən irəli gəlir. Allah insanı bu duyğu ilə yaratdığından qadın obrazlarına aşırı maraq normal haldır, məncə. Qadınsız bu dünyada yaşamaq, ümumiyyətlə, çətindir. Hər bir qadının özünəməxsus gözəlliyi, plastikası, zərifliyi, duyğusu var. Qadının hiss etdiyini kişi, sözsüz ki, hiss edə bilməz.

- Müasir zamanda bir rəssam öz işləri ilə dolanışığını təmin edə bilərmi, sizcə?

- İnkişaf etmiş bütün ölkələrdə incəsənət hər zaman dəbdəbəli amillərdən biri olub. Rəsm əsərləri hər zaman qiymətləndirilib. Azərbaycan da bu gün inkişaf etmiş ölkələr sırasındadır. Belə olan halda sənətimizin də yüksək zirvələrə çıxması labüddür. Rəssamlarımız zəngin potensial imkanlara malikdirlər. Üstəlik, dövlət tərəfindən də incəsənətimiz dəstəklənir, sənət xadimləri üçün lazımi şərait yaradılır. Sıravi vətəndaşlar arasında alıcılıq qabiliyyəti də aşağı deyil. Yəni sənət əsərləri kolleksiyalara dəb xatirinə yox, dərk edilərək, düşünülərək daxil edilir. Bundan başqa, dünyanın heç bir yerində sənət şəhərciyinin tikilməsini, emalatxanaların təmənnasız olaraq rəssamların istifadəsinə verilməsini nə eşitmişəm, nə də görmüşəm. Ancaq Azərbaycanda bu var. Rəssamlarımız da öz növbələrində Azərbaycan mədəniyyəti və incəsənətini yaradıcılıqları vasitəsilə layiqincə tanıtmalıdırlar.

- Rəşad, ən bahalı rəsm əsəriniz hansı məbləğə satın alınıb?

- 25 min avroya. "Göz" adlı rəsm əsərimi Amerikada yaşayan həmyerlimiz alıb.

- Atanız rəssam Rafiq Mehdiyevin sizin yaradıcılığınızda kimi rolu olub?

- Mənim bir rəssam ən əsası da bir insan kimi yetişməyimdə atam, eyni zamanda xalq rəssamı, professor Rafiq Mehdiyevin böyük rolu olub. O mənə vizual sənətin incilərini, rəssamlıqda peşəkar düşüncə formalarını, incəsənət tarixinin faktorları təhlilini aşılayıb. Uşaqlığımda dediyi sözləri hələ xatırlayıram: "Sənət çox zərifdir, satqınlıq etsən, yəni çalışmasan, yaratmasan, o səni bağışlamayacaq. Bağışlasa da, ürəyində ləkə qalacaq. Ləkəni isə pərdələmək üçün illər lazım olacaq. Bunu bil". Onun ölümü məni çox sarsıtdı. Mən təkcə atamı yox, həm yaxın dostumu itirmiş oldum. Allah ona rəhmət eləsin!

 

 

Sevda Babayeva

 

Həftə içi.- 2010.- 12 oktyabr.- S. 7.