Səmimiyyəti ilə ürəklərə
yol tapan şair
Qələndər Xaçınçaylının
çox zəngin yaradıcılıq dünyası var
Zaman hər an, hər dəqiqə
istedadlar yetirmir. Əvvəl onun
üçün mühit yaranır, daha sonra istedad yetişir.
Bəzi istedadlar var ki, çox qısa zaman ərzində yaranır,
yetişir və zirvələri fəth edir. Zirvə
deyəndə bəzilərimiz ancaq vəzifəni nəzərdə
tutur. Lakin çoxlu sayda vəzifə qazanan belə, mənim
söz açdığım zirvəni fəth edə bilməz.
Çünki bu zirvəyə yüksəlmək
üçün gərəkdir insanın ürəyini fəth
edəsən. Bəli, Qələndər
Xaçınçaylı zirvəsi insanın ürəyinin
ən ali yerindədir. Adını
çox duyub, şerlərini çox oxusam da, onunla ilk dəfə
"Azərbaycan" nəşriyyatında
çalışdığım vaxtlarda
qarşılaşmışam. Mənim fikrimcə, bir
insanı tanımaq üçün o qədər də uzun
zaman gərək deyil. Ən əsası odur ki
onu tanımaq istəyəsən. "Həftə
içi" qəzetində də işə
başlamağımın səbəbkarı o olub.
Xoş, mülayim, ürəyəyatımlı sözləri
ilə insanların qəlbinə yol tapmağı bacaran Qələndər
Xaçınçaylı ömrü bir çox insana
örnək olmalıdır.
Nə qədər ki özümüzdən
razıyıq,
Nə qədər ki sözümüzdən
razıyıq,
Yolumuzdan, izimizdən razıyıq,
Bu yol bizi apararmı sabaha?!
(Qələndər Xaçınçaylı)
Bu həyatda
çox insan görmüşəm, çox insanla
yoldaşlıq etmişəm. Lakin Qələndər
Xaçınçaylı qədər ətrafında olan kəslərə
qarşı sadə və səmimi şəxsə rast gəlmək
şərəfi mənə az-az nəsib olub.
Hörmət
qazanmaq asandır, lakin onu qoruyub-saxlamaq çox çətindir. Qələndər
müəllim o hörməti qoruyub-saxlamağı
bacaranlardandır. Sadaladığım bu xüsusiyyətlər
ki var, bu hər kəsə nəsib ola bilən
bir xoşbəxtlik deyil. Bunun üçün gərəkdir
fədakar olasan, insanlara qiymət verməyi bacarasan və bu
hörmətin də qarşılığında heç bir
hörmət gözləməyəsən. Bax budur
qeyri-adilik, budur insanlıq, budur alilik!
Bir
Qarabağlı vüqarı, Qarabağlı dəyanəti
var onda. Onu digər insanlardan fərqləndirən cəhətləri
yazsam, bəlkə də bir kitab alınar. Lakin konkret demək istərdim ki, Qələndər
Xaçınçaylı dünyası zəngin və əzəmətlidir.
Əzəmətli ömrün dəqiqələrini,
saniyələrini vərəqələrə
köçürmək çox çətindir. Bir qədər qısalıqla onun keçdiyi
ömür yoluna nəzər salmaq istərdim.
Qələndər
İslam oğlu Əhmədov (Xaçınçaylı)
1958-ci ildə Ağdam rayonunun Qalayçılar kəndində
dünyaya gəlib. Bakı Dövlət Universitetini bitirib.
1979-cu ildə M.F.Axundov adına sovxozda fəhlə
işləyib. 1979 - 1983-cü illərdə "Neft
daşları"nda çalışıb. Hələ
orta məktəbdə oxuyarkən yazdığı şeir və
məqalələri ilə Ağdamın "Lenin yolu" qəzetində
çıxış edib.
1989-cu ildən
mətbuatda çalışır. "Fəryad", "Cümhuriyyət",
"Meydan", "İcmal" qəzetlərində məsul
katib, "Ədalət" qəzetində uzun müddət
şöbə müdiri vəzifələrini icra edib. Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvüdür.
Respublika mətbuatında
müntəzəm olaraq 1981-ci ildən şeir və məqalələrlə
çıxış edir. Şerləri "Ədəbiyyat və
incəsənət", "Kommunist", "Bakı",
"Savalan", "Azərbaycan pioneri", "Fəryad",
"Meydan", "Səs", "Gələcək
gün" qəzetlərində, "Müxbir", "Kənd
həyatı", "Göyərçin",
"Pioner" jurnallarında ardıcıl olaraq çap
edilib. Həmçinin "Gənclik" nəşriyyatının
"almanax"larında əsərləri oxuculara təqdim
olunub.
Qələndər
Xaçınçaylı 8 kitabın müəllifidir. "Qarabağın
ağlar gözü" isə ilk şeirlər
kitabıdır. Müsahibimlə söhbətə onun
keçdiyi ömür yolu və xatirələrindən
körpü saldım:
- Uzun müddətdir mətbuatımızın ədəbiyyat
səhifələrini şeirlərinizlə bəzəyirsiniz.
Hər bir şairin ilk yazdığı
şeiri onun yaradıcılığının ilk mərhələsi
və unudulmayan səhifəsidir. Sizin yaddaqalan ilk
şeiriniz hansı olub?
- 4-cü sinifdə oxuyarkən
yazdığım "Sadəlik" şeirim oldu. Həmin şeirim "Lenin yolu" qəzetində
işıq üzü gördü.
- 8 kitabın müəllifi olan Qələndər müəllim
üçün kitabları hansı anlamı
daşıyır?
- Kitablarım mənim
üçün həyatdır. Mənim
övladlarımdır. Həm sevincli, həm
kədərli günümdə mənə dəstək
olurlar.
- Hər zaman qəmgin notlar üzərində
yazırsınız. Hər şeirinizdə sanki bir
ağrı, bir ürək yanğısı var.
Kitablarınızın birində ahıllar evində
yaşayan qocalarla bağlı bir şeir də oxudum. Belə problemlərə qarşı bu cür
yanaşmanız nədən irəli gəlir?
- Bir dəfə ailələr
və talelər verilişinə baxırdım. Mən orada olan və valideynləri tərəfindən
atılmış bir uşağa şeir də yazdım.
Bu da bir örnəkdir. Bizim
xalqda xüsusi bir xoşrəftarlıq, səmimiyyət,
qayğıkeşlik var ki, heç bir xalqda bu qədər incəliklər,
demək olar ki, yoxdur. Mənim
üçün ən dəhşətli olan amillərdən
biri də uşaqların, qocaların atılmasıdır ki,
bunu öz millətimə yaraşdırmıram. Mən öz övladalarımı, yaxın
qohumlarım arasında olan qocaları görəndə kimsəsiz
qalan ahıllar və atılmış uşaqları
düşünürəm. Çox təəssüf
hissi keçirirəm.
- Qələndər müəllim, siz jurnalistikaya hələ
sovet dövründə gəlmisiniz. O dövrdə
jurnalistikanın işgüzar vaxtı idi - qəzetlər az, oxucular isə çox. Bu
gün isə Azərbaycanda 3000-dən artıq qəzet fəaliyyət
göstərir və qəzetlərdə oxucu kütləsinə
ehtiyac var. Çünki ədəbi yazılar da, demək olar
ki, yoxdur. Şeiriyyət, poeziya və qəzetlərdə
ədəbi bölmələr də azdır. Belə
zamanda Qələndər müəllim üçün yazmaq,
yaratmaq, jurnalistika sahəsində çalışmaq çətin
deyil ki?
- Düzdür, bu gün bu
sahədə çalışmaq bir qədər çətindir.
O zamanlar biz hər hansısa bir şeirimizi aparıb qəzet,
yaxud jurnala təqdim edəndə bir qədər çəkinirdik.
İnanın ki, mən hər dəfə
şeirimi aparanda, otaqdan tər-su içində
çıxırdım ki, görəsən, mənim
şeirlərimdə hansı çatışmazlıq meydana
çıxacaq. Onda abır-həya,
böyük-kiçik var idi. O vaxt şeirlərimi "Ədəbiyyat
və incəsənət" qəzetinə təqdim edəndə
onlara rəhmətlik Cabir Novruz baxdı. Haradasa
10 şeirimdən 5-ni çap etmişdi. Onda
istedada qiymət vermək də var idi. İndi belə məsələlər
çox uzaqlarda qalıb...
- İndi istedadı olan bir sıra gənc
başqalarının himayəsi, belə desək, kölgəsi
altında qalmaq məcburiyyətindədir. İnsana istedadla bərabər daha nə lazımdır
ki, onun irəliyə getməsinə şərait yaratsın?
- Qızım, bu kimi məsələlərə
münasibət bildirməkdə bir qədər çətinlik
çəkirəm. Allah rəhmət eləsin
Bəxtiyar Vahabzadəyə. Bir dəfə dedi ki,
oğul, istedadla yanaşı, ona təbliğat da
lazımdır. Belə ki, gərək
insanın istedadı ilə bərabər, onun
arxa-dayağı da olsun. Əgər bir
insanın istedadı varsa, lakin ona arxa-dayaq duran yoxdursa, o zaman
həmin insan ya həyatın burulğanında məhv olub gedəcək,
ya da ki, yıxıla-dura addımlamağa
çalışacaq. Lakin bu da onun istədiyinə nail
olmasına o qədər də şərait yaratmayacaq. İndi istedadsızların zəmanəsidir. İstedadsızlar istedadlıların önündə
at oynadır. Bu da ki, məlum məsələdir...
- Şeirlərinizin birində yazırsınız ki,
Ələn ki, ələkdən keçə biləsən,
Yaxşını yamandan seçə
biləsən.
Qələndər müəllim bu illər ərzində
ələnib ələkdən keçə,
yaxşını yamandan seçə bildimi?
- Bilirsiniz, bəzən elə
olur ki, yaxşılıq edirəm, lakin tamamilə tərsinə
alınır. Çox tanışlarım var.
Lakin dostlarım çox azdır. Məsələn: səni
tanıyandan, səninlə əməkdaşlıq edəndən
sonra sən mənə sanki doğmalaşdın və
övlada çevrildin. Bu da adi bir məsələ
deyil. Mən özüm zamanın ələyindən
keçə-keçə bura qədər gəlmişəm.
Lakin dostlarımı da ələkdən
keçirdirəm. Bununla yanaşı,
zaman da bu işdə mənə yardımçı olur.
- Şeirlərinizin birində
yazmısınız ki, "Özüm bir çeşməyəm,
axıtma suya məni". Bu
misralarda nəyə işarə etmisiniz? Ümumilikdə
çeşmənin suya axıdılması nə mənanı
kəsb edir?
- Çeşmənin
özü çox təmiz və şəffafdır. Onu suya axıdanda da onun suyu digər sulara
qarışır. Sanki bu çeşmənin
suyu bulanır. Burada böyük məna
var. Mən özümü bir çeşməyə bənzədirəm.
Ümumi cəmiyyətsə axar sudur. Cəmiyyətdə də yaxşı adamlar
olduğu kimi, pislər də var. Bəzən elə olurmu ki,
kimsə sizə deyir ki, sən də o biriləri kimisən.
Yəqin ki, olur. Bax
çeşmənin suya axıdılması da buna bənzəyir.
- Qələndər müəllim nədənsə
şeirlərində zamanı günahlandırır. Niyə?
- Bütün hadisələrdə
günahkar zamanı hesab etdiyimdən irəli gəlir.
- Şair var eşitdiklərini
yazır, şair var gördüklərini yazır, şair də
var şəklə baxır şeir yazır. Siz necə, bu üsulların hansından istifadə
edirsiniz?
- Şair həm
görməli, həm eşitməli, həm də
duyub-yazmalıdır. Yəni o duyğular, o hisslər onun ciyərlərinə
hopmalı, içindən gəlməlidir.
- Şeirlərinizin bir çoxunda
ithaflar var. Bu içinizdən gəlib yazmısınız,
yoxsa məcburiyyətdən yaranıb?
- Mən buna ithaf deməzdim.
Bəzən elə olur ki, üzümü klassiklərə
tutub dərdimi onlara açıram... Məsələn,
ölməz şairimiz Məmməd Araz vaxtilə gözəl
yazıb:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
1990-cı il
idi. 20 Yanvar hadisəsi baş verəndə bir
qrup vəzifəli şəxs ölməz şairimizin bu
sözlərini özlərinə şüar
seçmişdilər. Onda mən bu
sözləri rəhbər tutub, ona nəzirə yazdım.
Vətən sənə oğul dedi, ay dədə,
Mamır olub qayasında bit görüm...
Ələsgəri tək qoymusan Göyçədə,
Baş çəkməyə Göyçəmizə
get görüm,
Mamır olub qayasında bit görüm...
Gözəl-göyçək Qarabağım
talandı,
Xankəndidə yad ocaqlar qalandı.
Necə baxım, bağrım yandı, talandı.
Vətən sənə oğul dedi, ay dədə,
Mamır olub qayasında bit görüm...
Bu şeiri, demək
olar ki, bir çox qəzetlər çap etdilər. Buna ithaf,
boğazdan yuxarı şeir demək olarmı? Amma siz deyən kimi şeirlər də var. Məcbursan
ki, kitabı çap etdirmək üçün hansısa bir
himayədara şeir yazasan. Bu da hardasa
müəyyən qədər içdən gəlməlidir.
- Şeir var doğulur, şeir var
yaranır. Sizdə necədir, şeirlər
doğulurmu, yaranırmı?
- Şeirlərin
yaranması və doğulması başqa-başqa fikirlərdir. Bu mövzunu
açıqlamaq üçün çox böyük zamana
ehtiyac var ki, ona da bizim vaxtımız yetməz. Lakin bir
sözlə qeyd etmək istərdim ki, məndə şeirlərin
çoxu doğulur...
- Şeirlərində sözaltı
ifadələrə, fəlsəfi fikirlərə toxunan Qələndər
müəllim bununla oxucu kütləsi qazana bilibmi?
- Həyat özü fəlsəfədir.
Şeirlərin də gözəlliyi onun fəlsəfəsindədir.
Yəni şeiri oxuyarkən o səni
düşündürməlidir. Əgər
belədirsə, oxucunu da qazanmaq mümkündür. Əks halda, oxucu qazanmaq dünyada ən ağır
problemlərdən birincisidir.
- Şeir kitablarınızın birinin adı "Yaza tələsən
çiçək"dir. Bu sözlərdə mənaaltı
ifadələr var. Bu gün Qələndər
Xaçınçaylı özü də yaza tələsən
çiçəkdirmi, yoxsa?..
- Mən o hissləri sizdə
də görürəm. Sanki hər zaman harasa tələsirsiniz.
Mən də hər zaman belə olmuşam.
Vaxtından əvvəl nələrəsə tələsmişəm.
Bəlkə də bu bir tərəfdən yaxşı
xüsusiyyətdir...
- Şeirlərinizin birində yazırsınız:
Bir kövrək nəğmədir həyatım mənim,
Bir kövrək nəğməylə mən
doğulmuşam,
Açılır hər yana qanadım
mənim,
Həyatda bir kövrək nəğmə
olmuşam.
Bu kövrəklik nədən
yaranıb. Niyə
kövrəklik Qələndər Xaçınçaylı
ömrünün meyarına çevrilib?
- Elədir. Siz
düz buyurursunuz. Həyatda kövrəklik
mənim taleyim, qismətimdir. Mən
doğulandan belə kövrəyəm. İllər
sürətlə axıb getsə də, bu gün mən yenə
də kövrək həyat nəğmələrim ilə
baş-başayam.
- Bu illər ərzində şeirlər, misralar
könlünüzün əsirinə çevrildi. Bəs könlünüz kiminsə əsiri oldumu?
- Könlüm elə bir
insanın əsirinə çevrildi ki, bu gün də onun əsirliyindədir...
- Qağayını sahilsiz, ürəyi sirdaşsız
təsəvvür etmək mümkün deyil. Siz şeirlərinizin
birində yazmısınız ki, qağayılar uçub-
getdi sahildən. Bəs Qələndər müəllimin
ürəyindən ayrı düşən sirdaşı
olubmu?
- Bəli, var. Mən bunun
üçün çox təəssüf edirəm.
- 14 yerə parçalanmış Azərbaycan! Bu gün onun hansı bölgəsində olmaq istərdiniz?
- Qarabağda, Göyçədə,
Zəngəzurda, Təbrizdə və sair.
- Qarabağsız illər ötdü. Zaman
axdıqca biz də həmin illərdən uzaqlaşdıq.
Oradan uzaq düşən Qələndər
müəllim "Qarabağın ağlar gözü"
adlı şeir kitabını yazdı. Əgər
Qarabağa qayıtmaq bizə qismət olarsa, onda Qələndər
Xaçınçaylı imzası oxucularını hansı
kitabla sevindirəcək?
-
"Qarabağın gülən gözü".
Qələndər
müəllimə çox suallarım olsa da, onunla söhbətimi
burada yekunlaşdırdım. Tanrıdan bu ali
insana uzun ömür, cansağlığı, səadət,
xoşbəxtlik və yaradıcılıq uğurları arzu
edirəm. Qoy zehni açıq, qələmi iti
olsun.
Pərvin İsmayılova
Həftə içi.- 2010.- 19 oktyabr.- S. 7.