Vasif Babayev - 70
Bəzən elə xoş anlar olur ki, onları
yaşayırsan, amma qarşıdakı anların
həsrəti ilə sanki yaşadığın
saniyələri qarşına
qatıb qovursan. Onlarla vida anı
gələndə isə
dönüb arxaya baxırsan, "kaş ki..." kəlməsi beynindən keçir, amma dilinə gətirə bilmirsən. Çünki artıq gecdir, yaşadığın
saniyələrdən qalan
bircə xatirələrdir...
Mən İncəsənət
Universitetini bitirmişəm və bu ali təhsil
ocağında çox istedadlı sənət müəllimlərim
olub, mənə əməyi keçənlərin
qarşısında baş əyirəm. Amma
qarşısında baş əydiyim bir insan da var: Azərbaycan
kino və televiziya sənətində, o cümlədən mənim
də ara-sıra incəsənətlə məşğul
olmağımda müstəsna xidmətləri olmuş Vasif
Babayev. Çox erkən yaşlarından o zamanlar yeganə
olan televiziyamızın baş rejissoru kimi bu ağır məsuliyyətli
və şərəfli işi ləyaqətlə çiynində
daşımış, Azərbaycanımızın dünənini
araşdırmış, bu gününü
alqışlamış və gələcəyinə
uzaqgörənliklə yanaşmış neçə-neçə
ekran əsəri, televiziya verilişləri ilə nəinki
ölkəmizdə, həmçinin sorağı
hüdudlarımızdan kənarda da eşidilən, tariximizin
daş yaddaşı olan İçərişəhərdən
qopan hər bir qırıntı üçün
qardaşı, mərhum kinorejissor Arif Babayev kimi bəyaz
ekranda için-için ağlamış,
xalqımızın qan yaddaşında isə bu qanın bir
damlası kimi amansız sovet maşınının üzərinə
öz nifrəti ilə tökülən bu tanınmış
VƏTƏN DAŞIMIZ!
Bu ilin yaz ayları idi. Vasif müəllimlə birlikdə sentyabr ayı ilə bağlı dostları, yaxınlarının yazdığı sətirləri oxuyurduq. Bu zaman Vasif müəllimə belə bir təşəbbüs verdim. Belə yazılardan birinin, Azərbaycan televiziya və radiosunun tanınmış simalarından biri, qələmi ilə müşkül mətləbləri belə açmaq iqtidarına malik olan əməkdar jurnalist Mailə Muradxanlının yazması ehtimalından da danışdım. Axı Vasif müəllim Mailə xanımla uzun illər bir yerdə çalışmışdı. Vasif müəllim razılıq verdi və Mailə xanımla danışmağı mən öz üzərimə götürdüm. Çünki Mailə Muradxanlı "Bakıfilm" kinostudiyasının baş redaktoru idi və vaxtilə məhz elə onun xeyir-duası ilə bu kino qurumuna ssenarist kimi gələn və bu nəcib insanın dəstəyini hər addımbaşı hiss edən gənclərdən biri də mən idim, bu sətirlərin müəllifi. Mailə xanım bu təşəbbüsümə qulaq asıb dedi: "Vasifin xətri mənim üçün əzizdir, yazaram!". Həmin ərəfədə Mailə xanım "ANS" televiziyası ilə yayımlanan "Zərif çərşənbə" verilişinin aparıcılarından biri idi və yaradıcı qrupu Türkiyədə çəkilişlər gözləyirdi. Səfər bitdi, Mailə xanım Bakıya dönəndən bir neçə gün sonra mənə Vasif Babayev haqqında yazdığı məqaləni verdi. Məqalənin adı və sonluğu çox müdrik və nikbin idi: "Hər şey irəlidədir, Vasif". Mailə xanım sonluğu özünəməxsus tərzdə Türkiyə səfəri zamanı bir hadisə ilə bağlamışdı. Bəli, özünəməxsus tərzdə, axı bu, Mailə Muradxanlı idi. Bu il iyunun 12-də səhər saatlarında aldığımız xəbər isə hər birimizi sarsıtdı. Mailə xanım qəfildən, bizi qoyub, Allahın əmri ilə haqq dünyasına qovuşmuşdu. O zaman Vasif müəllim mənə zəng vuraraq bir kəlmə söylədi: "Onun axırıncı yazısı, deyəsən, mənim barəmdə oldu". Mən onun barəsində bundan əvvəlki sətirlərdə adının önündə mərhum ifadəsini işlətmədim, o xoş anların davam etdiyini bir anlıq da olsa gözlərim önündə canlandırmaq üçün. Odur ki Mailə xanımın öz həmkarı barəsində yazdığı sətirləri rəfdə, bir arxiv sənədi olaraq saxlamaq istəmədik və onun SON yazısını olduğu kimi diqqətinizə təqdim etməyi özümüzə borc bilirik. Ruhun şad olsun!
Kamran Qasımov
Həftə içi.- 2010.- 14 sentyabr.- S. 7.